• cümə, 26 Aprel, 13:17
  • Baku Bakı 23°C

Siyasi partiyanın adı dəyişdirildi

07.01.14 08:47 1215
Siyasi partiyanın adı dəyişdirildi
Növbəti qurultayda ACP-nin adı dəyişdirilərək Azad Demokratlar Partiyası rəsmən elan ediləcək.
Yanvarın 5-də Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin toplantısı keçirilib. İclasda qurultaya hazırlıq məsələləri müzakirə edilib. İclasda yeni təsis olunacaq partiyanın adının Azad Demokratlar Partiyası olması haqqında qərar qəbul edilib. Qurultaya 5 nəfərdən bir olmaqla nümayəndəlik norması qəbul edilib, rayon, şəhər təşkilatlarının təsis konfranslarının keçirilməsinə başlamaq haqqında qərar verilib. Bundan başqa, təşkilat komitəsi üzvləri arasında iş bölgüsü aparılıb, regionlarla da qurultaya hazırlıq üzrə işin aparılması üçün konkret məsuliyyət daşıyan şəxslər müəyyən olunub.
Toplantıda partiyanın nizamnamə layihəsi haqqında məlumat verilib, siyasi-ideoloji xətti barədə ilkin müzakirələr aparılıb. Qeyd edək ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Sülhəddin Əkbərdir.
Məlumdur ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş Azərbaycan Demokrat Partiyası var. Bu partiyanın qısaldılmış-abreviatura variantında adı ADP-dir. Azad Demokratlar Partiyasının da abreviatura variantında adının ADP olduğunu nəzərə alsaq, Azərbaycan Demokrat Partiyasının məsələyə münasibətinin necə olacağı sualı ortaya çıxır. ADP sədri Sərdar Cəlaloğlu ilə bu barədə söhbətimizdə məlum oldu ki, yeni ADP-nin yaranmasından narahat deyil: “Azərbaycanda ”Siyasi partiyalar haqqında" Qanun var. Həmin qanun Azərbaycanda eyni adla, eyni abreviatura ilə iki partiyanın olmasını qadağan edir. Ona görə də Ədliyyə Nazirliyi yəqin ki, ona baxacaq. Əgər Azad Demokratlar Partiyasının abreviatura olunmuş adı ADP olacaqsa, hər halda, qeydə almayacaq".
S.Cəlaloğlu məsələ ilə bağlı Sülhəddin Əkbərlə danışmağa ehtiyac duymadığını dedi: “Mən Sülhəddin Əkbərin hansısa adla yeni partiya yaratmasından narahat deyiləm. Ona görə də heç maraqlanmıram ki, o nə yaradır, niyə yaradır, hansı adla yaradır. Mənim nəyimə lazımdır. Lap adını Azərbaycan Demokrat Partiyası qoysunlar, nə olacaq onda. ACP-nin adını niyə dəyişirlər? Siyasətdə belə qeyri-ciddi davranış olmaz. Əvvəlcədən fikirləşmək lazımdır ki, ad necə olsun. İndi ad dəyişməklə təzə partiya meydana çıxacaq?”
“ACP-ni Rəsul Quliyev yaratmışdı. Bəlkə Sülhəddin Əkbər partiyanın adını Rəsul Quliyevlə artıq bir bağlılığın qalmadığını göstərmək üçün dəyişir” sualına isə ADP sədri belə cavab verdi: “Bunlar qeyri-ciddi məsələlərdir. Ona görə də şərh vermək fikrim yoxdur. Bunlar hamısı boş-boş şeylərdir”.
Sülhəddin Əkbər isə bildirdi ki, Azad Demokratlar Partiyasının Azərbaycan Demokrat Partiyası ilə heç bir yaxınlığı yoxdur: “Qısaldılmış adına gəldikdə isə iki variant nəzərdə tutulur. Ya Müsavat Partiyası kimi nizamnaməsində yazıla bilər ki, qısaldılmış formada adı yoxdur, yaxud da qısaldılmış variantda AzDP adlandırıla bilər”.
S.Əkbər partiyanın qurultaya hazırlıqla bağlı təşkilat komitəsinə üç aylıq müddət verildiyini bildirdi: “Üç aydan sonra biz qurultayın vaxtını və keçirilmə yerini müyyən etməyi nəzərdə tuturuq. Bu da təxminən martın 22-dən sonra dəqiqləşəcək”. /musavat.com/
banner

Oxşar Xəbərlər