• cümə, 26 Aprel, 14:11
  • Baku Bakı 23°C

Siyasətdən uzaq Paşinyanın Qarabağ haqda sərsəmləməsi

10.09.18 19:44 865
Siyasətdən uzaq Paşinyanın Qarabağ haqda sərsəmləməsi
Bu günlərdə Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan yenə də siyasətdən kənar sərsəm bəyanatları ilə yadda qalıb. Ziddiyyətli çıxışları ilə hər zaman gülüş obyektinə çevrilən Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Moskvada erməni əsilli iş adamları ilə görüşdə səsləndirdiyi fikirlər də diqqətdən kənarda qalmadı. O, çıxışı zamanı "mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir” fikrini səsləndirib: "Qarşılqlı güzəşlətlər barədə danışmaq Ermənistan tərəfindən zəiflik göstərmək kimi qəbul oluna bilər, çünki Azərbaycan hələ də Ermənistanı təhdid etməkdədir”.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi sərt mövqe bildirib. XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, Ermənistanın baş nazirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın bir hissəsi kimi təsəvvür etdiyini söyləməsi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir: "Bununla, baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir. Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində verir. Həmçinin bu açıqlama ATƏT-in Baş katibinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir”.
H.Hacıyev qeyd edib ki, yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq: "Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə danışan Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədovun sözlərinə görə, sentyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı verdiyi açıqlamalar bir daha onu göstərdi ki, Paşinyan natamam siyasətçidir və hələ də ciddi siyasətçi olmaqdan uzaqdır: "Onun Rusiyaya səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bu ölkənin dəstəyinə nail olmaq, eyni zamanda, Ermənistan iqtisadiyyatının mümkün dirçəliş yollarını Rusiya prezidenti ilə müzakirə etmək idi. Digər tərəfdən, Azərbaycanın KTMT-yə mümkün üzvlük məsələsinin Ermənistanı narahat etməsi də Paşinyanın Rusiya səfəri zamanı müzakirə etmək istədiyi məsələlər sırasında yer alırdı. Başqa bir məqsəd Ermənistanın atom elektrik stansiyasının mümkün uzunmüddətli istismar yollarının Rusiya ilə müzakirə edilməsi və bu məsələdə Rusiyadan təminat alınması ilə bağlı idi. Amma görüşdən sonra səsləndirilən fikirlər onu göstərdi ki, Paşinyan məqsədlərinin heç birinə çata bilməyib. Xüsusilə də özü üçün daha əhəmiyyətli olan, yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın dəstəyini qazanmaq məqsədinə nail ola bilməyib. Paşinyan bütün bu uğursuzluqları ört-basdır etmək üçün yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini siyasi manipulyasiya predmetinə çevirərək daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verdi. O, bu açıqlamalarında da qeyri-ciddi idi, çünki Paşinyan baş nazirdən daha çox adi vətəndaş kimi danışırdı. O qeyd etdi ki, "mənim təsəvvürümə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır”. Əlbəttə, bu cür fikirlər baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki, xüsusilə də başqa bir ölkədə səfərdə olan baş nazir bəyanatlarını dövlət adından verməlidir”.
H.Məmmədov qeyd etdi ki, göründüyü kimi, Paşinyan burada öz adından çıxış etməklə bir daha siyasi diletant olduğunu nümayiş etdirdi: "O, Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə gətirmək onun Ermənistanın rəsmi siyasətinin keçmişindən xəbərdar olmamasının və gələcək siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir. Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəldikdə isə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etmək iqtidarında olduğunu da sübuta yetirib. Ona görə də Paşinyanın öz bəyanatlarında bu problemin həlli istiqamətində güc tətbiqetmənin doğru yol olmadığını, məsələnin sülh yolu ilə həllinin vacib olduğunu, Ermənistanın kompromisə hazır olduğunu, bununla bərabər Azərbaycanın da kompromisə hazır olmasının zəruriliyini qeyd etməsi onun Aprel döyüşlərində Ermənistan ordusunun təxribatçı hərəkətlərinin qarşısını layiqincə alan Azərbaycanın hərbi qüdrətindən ehtiyat etməsi deməkdir. Bütün bunlar onu göstərir ki, Ermənistanın baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir, Rusiya səfəri də nəticəsiz və uğursuz səfər kimi onun siyasi karyerasına yazıldı”.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra düşmən ölkə tərəfindən Dağlıq Qarabağla bağlı səslənən fikirləri ciddi hesab etmədiyini bildirdi: "Çünki Paşinyan üçün ailə məsələsi dövlət məsələsindən daha irəlidədir. Paşinyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi kimi görməsi ilə əlaqədar söylədiyi bəyanat bir daha təsdiq edir ki, o, siyasəti anlamır. Ümumiyyətlə, Paşinyan siyasət, davranış nədir - bilmir. O hələ uzun müddət də dövlət şüurunun nə olduğunu anlamayacaq. Bildiyiniz kimi, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mübahisə yaratdı ki, indiyədək hələ də Rusiya onun əvəzini çıxır. Rusiya artıq Ermənistanın bir sıra vacib subyektlərini də əlindən alıb”.
M.Əhmədoğlu vurğuladı ki, Nikol Paşinyanın Moksvadakı görüşdən sonra səsləndirdiyi sərsəm bəyanat Avrasiya İqtisadi Birliyinin nizamnaməsini pozması deməkdir: "Çünki Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Dağlıq Qarabağı özünün tərkib hissəsi kimi tanımayacağı ilə bağlı rəsmən üzərinə öhdəlik götürüb. Sarkisyan birliyin iclasında bu öhdəliyi götürdü və sonradan İrəvana qayıtdıqdan sonra düşmən ölkənin xarici işlər naziri də bununla bağlı nota təqdim edərək bir daha təsdiq etmiş oldu. Buradan belə bir nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda Rusiya tərəfindən ciddi xəbərdarlığın ediləcəyi gözləniləndir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər