Şirniyyatın içində böyüyən oğlan - Fotolar
Şirniyyat xalqımızın vazgeçilməz qida növüdür. Azərbaycan
şirniyyatlarının özünəməxsus gözəlliyi var. Bu ənənəni qoruyub saxlayan
şirniyyatçılarımız da az deyil. Onlardan biri də Allahqulu Bağırovdur.
Allahqulu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasında dünyaya gəlib və orta təhsilini
də orada alıb.
Atası Ələkbər Bağırov 1982-ci ildən
şirniyyatçılıqla məşğuldur. Müsahibim də gözünü açandan elə şirniyyat aləminin
içində böyüyüb. Beynəlxalq treninqlərdə iştirak edərək müasir dövrün tələblərinə
cavab verən şirniyyatlar hazırlayır. Onun əl işlərinin şöhrəti sərhədləri çoxdan
aşıb. Hətta xarici ölkələrdə yaşayan azərbaycanlıların bir çoxu toylarında
şirniyyatları və tortu məhz Allahqulu bəyə həvalə edir.
- Allahqulu
bəy, necə oldu ki, siz məhz şirniyyatçı olmaq qərarına gəldiniz?
- Mən gözümü açandan şirniyyatın içində olmuşam.
Atamın şirniyyat sexində böyümüşəm. Yay tətillərində, istirahət vaxtlarımda
atama kömək edirdim. Naxçıvanda kimdən soruşsanız, hamı şirniyyatçı kimi atamı
yaxşı tanıyır. Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin idarə
olunması” ixtisasını bitirmişəm. Tələbə ikən ailə həyatı qurdum. Universiteti
bitirdikdən sonra əsgərliyə getdim. Əsgərlikdən gələndən sonra istədim ki,
bizneslə məşğul olum, gördüm alınmır. Mənim əsas işim ata yadigarı olan
şirniyyatçılıqdır. Qollarımı çırmalayıb hər şeyi sıfırdan başladım. 6 il bundan
qabaq dədə-baba sənətini davam etdirmək qərarına gəldim. İstəmədim ki, başqa
yerdə işləyim. Çalışdım ki, az da olsa
özümünkü olsun. Bu səviyyəyə gəlib çatmaq üçün çox çalışmışıq. Elə olub ki, müştərinin sifarişini çatdırmaq
üçün yoldaşımla bərabər səhərə qədər işləmişik. Çox keşməkeşli yollardan
keçmişik. Ondan sonra özümüzü təkmilləşdirdik, işçiləri cəlb etdik.
- Bildiyimiz
qədəri ilə, beynəlxalq seminarlarda da iştirak etmisiniz.
- Elədir. Rusiyada bir neçə seminarda iştirak etmişəm.
Türkiyədən seminarlarda iştirak etmək üçün dəvətlər almışam. İtaliyada
şirniyyatçılar üçün keçirilən seminarda iştirak etdim. Həmin seminarların da mənə
çox xeyri oldu. Belə ki, hazırda daha çox müraciət edilən tortlardan olan şəkər
xəmiri ilə işləməyi öyrəndim. Düzdür, potensialım var idi. Sadəcə olaraq, uzun
müddət idi ki, bu işlə məşğul olmurdum. Bundan əlavə, tortların tərkibini,
retro tortların hazırlanmasını öyrəndik. Bakıya qayıtdıqdan sonra bir neçə nəfərlə
işlədim. Bəzi tortların hazırlanması prosesini öyrəndim. Xarici seminarlarda
bizə şokoladla işləməyi öyrədirdilər. Şokoladların üzərində çalışmaq, ondan
tort hazırlamaq, şokoladdan heykəllərin hazırlanması proseslərini yaxşı mənimsədim.
Çox istəyirəm ki, onu Azərbaycan şirniyyat bazarına gətirim.
- Bunun üçün
aparatlar hazırlanmalıdır?
- Xeyr. Həmin şokoladlar müəyyən temperaturda
hazırlanır, elastikləşir. Qısa müddət ərzində
şokoladı istənilən fiqura salmaq olur. Sonra onların üzərinin parıltılı olması
üçün lazım olan maddədən istifadə edilir. İstəyirəm ki, onları düzəldim.
- Yenilikdən
söz düşmüşkən, gələcəyə dair nələr etmək istəyirsiniz?
- Həyata keçirmək istədiyim bir çox layihələrim
var. Onlardan biri "Alo tort” layihəsidir. Misal üçün, kiminsə qonağı gələcək və
normal qiymətə bir kiloluq tort sifariş etmək istəyirsə, cəmi 15 manat ödəməklə
həmin tort sifarişçinin ünvanına çatdırılacaq. Müştərilər saytımıza girib tort
istəyəcəklər. Yolpulu ilə bir yerdə o qiymətə olacaq. Bu layihəni xaricdə
görmüşəm.
- Siz həm də
iqtisadçısınız. Bəs ikinci ixtisasınızla məşğul olmursunuzmu?
- Mən hər iki sənətimlə məşğul oluram. Şirniyyat
işi çox həssas bir işdir. Əgər sifarişi vaxtında çatdıra bilməsən, müştəri
narazı qalır. Müştəri ən xoş gününü bizə etibar edirsə, üzərimizə böyük yük
düşür. Bizim hazırladığımız həmin tortu da 500-600 nəfər adam dadır.
- Şirniyyatları
atanızın reseptləri ilə hazırlayırsınız, yoxsa sizin öz reseptləriniz var?
- Atam şirniyyatçı kimi Naxçıvanda fəaliyyət göstərir.
Atam şərq şirniyyatları üzrə mütəxəssisdir. Biz uşaq olanda atam öz vəsaiti
hesabına xaricdən şirniyyatçılar gətizdirirdi. Onlarla birlikdə şirniyyat
bişirirdi və bişirdikcə də müxtəlif ölkələrin şirniyyatlarının bişirilmə
prosesini mənimsəyirdi. Şərq şirniyyatlarından olan qat-qat xəmirləri, qaymaqlı
tortları mən ilk dəfə onlarda gördüm. Mən də bu prosesləri izlədim və öyrəndim.
Bakıya gəldikdən sonra isə Avropa tortlarının hazırlanması prosesini öyrənməyə
başladım. Şərq dizaynları avro dizaynlardan tamamilə fərqlidir. Yeni tortların
reseptlərindən tamamilə xəbərsiz idim. Xarici ölkəyə getməklə onları öyrəndim.
İşimizi sevərək görürəm. İnsanlar bizim işimizi qiymətləndirirlər və bu da
insana stimul verir. Misal üçün, mart ayında komandamızla Ukraynaya gedəcəyik.
Orada yaşayan azərbaycanlı bir ailə öz övladının toyunun şirniyyatlarını bizə həvalə
edib.
-
Şirniyyatçılıq sənəti pul gətirən sahədirmi?
- Həyatda hər şey pul deyil. İşinin nəticəsində
müştəri sizdən razı qalanda, onun yerini heç nə vermir. Müştərilər
şirniyyatları qonaqlarına təqdim etdikdən sonra bizə təşəkkür mesajları
yazırlar. Onların yazdıqları sözləri heç bir pulla almaq mümkün deyil.
- Sizin əl
işlərinizi mütəmadi olaraq izləyir və onu sənət əsəri kimi qiymətləndiririk. Düşünürük
ki, tortların üzərinin bəzədilməsi həm də insandan rəssamlıq, dizaynerlik tələb
edir.
- Tortun içi ilə bərabər, çölü də gözəl olmalıdır.
Seximizdə iki baş usta var - Elçin və Əzizə xanım. Elçin usta rəssamlığa, Əzizə
xanım isə fiqurların və tortların yığılması işinə baxır. Digər işçilərimiz
biskvitin və kremin hazırlanması işi ilə məşğuldurlar. Adətən müştərilərə heç
vaxt hazırlanmamış yeni tort modelləri göstəririk. Təkrarlanan tortlar bişirməkdən
imtina edirik. Xarici saytlara baxırıq, davamlı olaraq öyrənirik. Dizaynerlik
çox vaxt aparır.
- Siz həm də
digər şirniyyatçılardan fərqli olaraq daha böyük tortların bişirilməsi ilə
seçilirsiniz. Otellərdə, restoranlarda gördüyümüz hündürmərtəbəli tortların
hazırlanması çətin deyilmi?
- Hündürmərtəbəli tortların hər tərəfini tortdan hazırlamırıq.
Onun digər hissəsi maketdən hazırlanır. Əgər böyük tortların hər tərəfi tort
olarsa, onu normal şəkildə dilimləyib qonaqlara paylamaq səliqəli alınmayacaq.
Həm də o tort 500 nəfərə çox olacaq. Həmin tortu doğrayana qədər toy qurtaracaq
(gülürük).
- Şirniyyat
sexinizi şirkətə çevirməyi necə, düşünürsünüzmü?
- O haqda düşünürəm. Biz çalışırıq ki, insanlara
keyfiyyətli məhsul verək. Bilirsiniz ki, son dönəmlər hər şeyin qiyməti qalxdı.
Tortların hazırlanmasında istifadə olunan xammalın da qiyməti qalxdı. Təsəvvür
edin ki, xammalların yarıdan çoxu xaricdən gəlir. Belə olan halda, biz
tortların qiymətlərini qaldırmadıq. Ancaq keyfiyyəti azaltmadıq. Çalışdıq elə
qiymət deyək ki, insanlar ala bilsinlər. Hazırda şirniyyat sexləri var ki, onun
başında duran insanların şirniyyatın hazırlanma prosesindən anlayışı yoxdur.
Çox istəyirəm ki, brend yaradıb onu xaricə çıxarım. Yerli marketlərimizə girəndə
qısqanclıq hissi məni boğur. "Kinder” Azərbaycan üçün şokolad istehsal edir.
Türkiyədən paketlərdə şirniyyatlar gətirilir. Bunu biz nə üçün xarici bazardan
almalıyıq? İstehsal etdiyimiz şirniyyatları heç olmasa qonşu ölkələrə niyə göndərə
bilmirik? Biz brendləşməyi hələ bacarmamışıq. Adlarını sadalamaq istəmədiyim
böyük şirkətlər şirniyyat bişirmək üçün ən böyük aparatları gətizdiriblər.
Onların bir milyondan çox qiyməti var. Amm keyfiyyətə önəm vermədikləri üçün həmin
məhsul yerli bazarımızdaca qalıb. Biz həmin aparatlarla keyfiyyətli məhsul
istehsal edib xaricə göndərə bilərik. Bunu etmək üçün dəstəyə ehtiyac var. Bura
qədər öz gücümüzə gəlib çatmışıq. Qarşımıza böyük məqsədlər qoymuşuq. Ancaq
reallıq da var. Tanınmaq üçün mütləq brend olmaq lazımdır. Düzdür, Azərbaycanda
tanınmış brendlərimiz var. Ancaq onlar sadəcə Azərbaycan bazarında fəaliyyət
göstərirlər. Onlar dünyaya açıla bilmirlər. Bilirsiniz nə üçün? Özlərinə əziyyət
vermək istəmirlər, keyfiyyətli məhsul ortaya qoymurlar. Düşünürlər ki, əgər az da olsa pul qazanıramsa, bəsimdir.
- Son dövrlər
ən çox hansı tortlara üstünlük verilir?
- Son illər üzəri şəkər xəmiri (Malçipan) ilə
örtülmüş tortlara üstünlük verirlər. Şəkər xəmiri İLƏ hazırlanan, dizayn
tortlarına maraq çoxdur. Həmin şəkər xəmiri bizə xaricdən gəlir. Onu burada
hazırlamırıq. Əgər onu istehsal etsək, istədiyimiz keyfiyyətdə edə bilmərik.
Onun xüsusi aparatlarI var, müəyyən qaydada hazırlanmalıdır ki, effektli
alınsın, elastikliyi olsun.
- Şəkər xəmiri
zərərlidirmi?
- Şəkər xəmiri zərərli deyil. Şəkər xəmirinin
dadı-duzu olmasa da, o, yeməlidir. Tortun üzərinə vurulan bəzi maddələr var ki,
qızılı, gümüşü aksesuarların gigiyenik olanı və olmayanı var. Bir çox səhifələrdə
görmüşəm ki, gigiyenik olmayanlardan istifadə edirlər. Bilmirəm onlar deyirlər
ki, bunlar yeməlidir, yoxsa yox? Ancaq onlar insanların zəhərlənməsinə gətirib
çıxarır.
- Bəs o şəkərli
xəmirdən hazırlanan tortlardan uşaqlara vermək olarmı?
- Onun heç bir ziyanı yoxdur, ancaq xeyri də
yoxdur. İnsan onu yeyib ləzzət almır, ondan daha çox tortun dizaynında istifadə
edirlər. İstəyirəm ki, şəkərli xəmirdən bir qədər yayınaq. Sadəcə fiqurların
yığılmasında ondan istifadə edək. Yeni bir aparat sifariş vermişik. Tortların
üzərini məxməri etmək istəyirik. Kremini özümüz hazırlayacağıq. Azərbaycanda
bunu ilk dəfə özümüz edəcəyik. Moskvada ən çox bundan istifadə edirlər.
- Bu nailiyyətlərinizi
görəndə atanız onun sənətini davam etdirdiyiniz üçün sizinlə fəxr edirmi?
- ...Eşitdiyimə görə atam mənimlə fəxr edir. Deyir
ki, mən bacara bilmədiyimi o Bakıda etdi.
- İstəyirsinizmi,
dədə-baba sənətinizi övladlarınız da davam etdirsin?
- Mən uşaq vaxtı futbolçu olmaq istəmişəm. Ancaq
atam qoymadı. O zaman futbol komandasından təklif alsam da, atam razılıq vermədi.
Övladlarım nəyi oxumaq istəsələr mən onlara kömək edəcəyəm. Hərdən böyük oğlum
deyir ki, gələcəkdə şirniyyatçı olacam. Onun həddi-buluğa çatandan sonra da
bunu istəyəcəyini bilmirəm. Əgər istəsə, niyə də olmasın? Mən övladlarıma
ömrümün sonuna qədər dəstək olacağam. Oğluma demişəm ki, yaxşı şirniyyatçı
olmaq üçün ingilis, rus dilini yaxşı bilməlisən. Əgər yolumuzu davam etdirsə, gərək
beynəlxalq dili mənimsəyib xaricdə bizi təmsil etsin.
Xəyalə Rəis