AZE | RUS | ENG |

Sığortaya maraq niyə azdır?

Sığortaya maraq niyə azdır?
Mütəxəssislər bildirir ki, sığorta şirkətləri işlərini düzgün qursa, əhali bu sahədə tam maarifləndirilsə, inam getdikcə artar

Bir çox sahələr üzrə sığortaya dünyada günü-gündən maraq daha da artır. Azərbaycanda da bu sahədə müəyyən irəliləyişlər var, amma istənilən səviyyədə deyil. Bunun əsas səbəbi vətəndaşların sığorta sisteminə imanının hələ tam formalaşmamasıdır. Bu inamı isə təbii ki, şirkətlər yaratmalıdır. Sığorta şirkətləri arasında öhdəliklərini lazımınca yerinə yetirməyənlər digər şirkətlərin də bazarda inkişaf etməsinə mane olur.

Maliyyə nazirinin müavini Azər Bayramov Bakıda keçirilən ənənəvi Azərbaycan Beynəlxalq Sığorta forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda maliyyə sisteminin qiymətləndirilməsi ilə bağlı monitorinqlər aparır və müxtəlif sektorların inkişafına dair röz rəylərini bildirirlər. Onun sözlərinə görə, monitorinqin nəticələri sığorta sektorunun ən dinamik inkişaf edən sektor olduğunu göstərib, sığorta sektoru ilbəil ümumi daxili məhsulda payını artırır.

Son vaxtlar sığorta ödənişləri ilə bağlı qanun pozuntularının baş verməsi barədə şikayətlərin çoxaldığını deyən nazir müavini, bəzi sığorta şirkətlərinə bununla bağlı xəbərdarlıq edib. Bildirib ki, artıq bu məsələlər ciddi nəzarətə alınıb. Bəzi şirkətlər devalvasiyanı və digər maliyyə vəziyyətlərini bəhanə edərək, ödənişləri azaltmaqla qanunu pozmasınlar.

Ödəniş yox, xərclər azaldılmalıdır

İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, son illər sığorta sahəsində ölkəmizdə müəyyən irəliləyişlər olsa da, sığorta bazarı hələ ki Azərbaycanın mövcud iqtisadi inkişaf tempinə uyğunlaşmayıb. Sığorta bazarı ölkə iqtisadiyyatının inkişaf tempindən geridə qalıb: “Bunun əsas səbəblərindən biri bazarda olan sığorta şirkətlərinin böyük qisminin sığorta bazarında yeni innovativ metodlardan, çevik idarəetmədən istifadə etməməsidir. Problemlərdən biri sığorta şirkətlərinə inam məsələsidir. Bəzi sığorta şirkətlərinin öz öhdəliklərini yerinə yetirməməsi bütövlükdə sığorta bazarına inamı azaldır. Son sığorta forumunda da qeyd olunduğu kimi, şirkətlərin sığorta ödənişlərini deyil, öz xərclərini azaltması vacibdir. Sığorta şirkətləri bu və ya digər formada ödənişləri azaltmağa çalışırlar. Hətta bu, əsaslandırılmamış şəkildə sığorta ödənişlərinin tam və ya qismən ödənilməməsi fonunda özünü göstərir. Sığorta şirkətlərinin illik ödəniş haqlarını aşağı salması da ödənişlərin məbləğinin azaldılmasına cəhd kimi qiymətləndirilməlidir. Ödənişlərin azaldılması arzuolunan deyil. Təəssüf ki, sığorta şirkətləri hazırda məhz bu metoddan istifadə edirlər”.

İqtisadçı deyir ki, sığorta bazarında inkişaf üçün inamın formalaşdırılması və artırılmasına ehtiyac var. Eyni zamanda sığorta öhdəliklərini yerinə yetirməyən şirkətlərlə bağlı cəzalar ağırlaşdırılmalıdır. Bu, sığorta şirkətlərini öz işlərinə daha ciddi yanaşmağa məcbur edəcək: “İnamın formalaşması üçün psixoloji təbliğat xarakterli müxtəlif vasitələr faydalı ola bilər. Eyni zamanda sığorta şirkətləri üçün minimum kapitalın artırılması vacibdir. Bu, sığorta şirkətləri arasında rəqabəti gücləndirilməsi baxımından əhəmiyyətli olar. Bazarın liberallaşdırılması, sığorta bazarına xarici şirkətlərin də çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Könüllü sığortanın inkişafı sahəsində addımlar atılmalıdır. Sığorta şirkətlərinin kampaniyalardan istifadə etməklə vətəndaşların könüllü sığortadan bəhrələnmək imkanlarının genişləndirilməsinə nail olmasına ehtiyac var. Amma ümumi qiymətləndirsək, son illərin tendensiyası müsbətdir”.

İqtisadçı deyir ki, devalvasiya sığorta bazarına təsir etməməlidir: “Dollarla borclanan sığorta şirkətləri ola bilər. Onların sayı isə azdır. Sığorta şirkətlərinin öhdəlikləri manatladır. Devalvasiya sığorta şirkətlərinin fəaliyyətinin zəifləməsi və ödənişlərin həyata keçirilməsində müəyyən çətinliklərin yaranmasında faktor və səbəb ola bilməz. Sığorta şirkətləri devalvasiyanı önə çəkirlərsə, bu həmin faktordan istifadə etmək məqsədi daşıyır”.

Sığorta şirkətləri təbliğat işlərini düzgün qura bilmirlər

Millət vəkili Vahid Əhmədov bildirir ki, sığorta fəaliyyəti ilə əlaqədar Azərbaycanda ciddi problemlər əvvəl də olub, indi də var: “4-5 il bundan əvvəl adambaşına sığortanın məbləği cəmi 16 dollar idisə, indi 35-36 dollardır. Daşınmaz Əmlakın İcbari Sığortası haqqında qanun qəbul edildikdən sonra müəyyən qədər sığorta bazarında canlanma baş verdi. Amma ümumi göstəricilər yenə aşağı səviyyədədir. Sığorta şirkətləri təbliğat aparmağı bacarmırlar, mətbuatda, televiziyada öz işlərini düzgün qura bilmirlər. Buna görə də əhalini sığortaya cəlb edə bilmirlər. İnkişaf etmiş ölkələrdə sığorta şirkətləri qazandıqlarının 25-30 faizini reklama verirlər”.

V.Əhmədov deyir ki, Maliyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən tədbirlər həyata keçirilir. Amma sığorta sahəsi ilə geniş məşğul olmaq lazımdır. Ən əsası isə, əhali arasında sığortaya inamın formalaşdırılmasına ehtiyac var. V.Əhmədov qeyd edir ki, devalvasiya bütün əmlak, maliyyə bazarına təsir göstərib. Sığorta da maliyyə bazarının bir hissəsi olduğu üçün bu sahəyə də təsirsiz qalmayıb: “Amma devalvasiyadan süni istifadə edənlər də var. Bu sui-istifadənin qarşısını almaq üçün nəzarət mexanizmi daha güclü olmalıdır. Sığorta Nəzarəti Xidmətində yaxşı mütəxəssislər çalışır. Dövlət, özəl olmasından asılı olmayaraq, sığorta şirkətlərinin özlərində məsuliyyət hiss etmələri üçün indiki vəziyyətdə mütləq nəzarət mexanizmini gücləndirmək lazımdır”.

Sığortalılar öz hüquq və vəzifələri haqda məlumatlıdırlar

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov bildirdi ki, “İcbari sığortalar haqqında” qanun qüvvəyə mindikdən sonra bu sahədə əhəmiyyətli dərəcədə artım olub: “Sığorta hadisələri və sığorta şirkətlərindən şikayətlərin sayı əvvəlki illərlə müqayisədə artdı. Bu gözlənilən idi. Lakin əsas məsələ şikayətlərin verilməsi səbəblərinin müəyyən edilməsidir. Belə ki, bir çox hallarda sığorta şirkətlərinin işçilərinin ödənişdən imtina ilə bağlı sığortalılara lazımi izahat verməməsi şikayətlərin artmasında rol oynayır və bəzən vətəndaşların eyni şikayəti 5 və daha çox dövlət qurumuna ünvanlamasına səbəb olur”.

N.Xəlilov deyir ki, istər DSNX, istər Azərbaycan Sığortaçılar Assosiasiyası, istərsə də sığorta şirkətləri tərəfindən aparılan təbliğat və təşviqat işlərinin nəticəsini vətəndaşların sığorta sahəsində daha informasiyalı olduqlarından görmək olar: “Sığorta müqavilələrinin sayının günbəgün artdığı bir zamanda sığortalılar öz hüquq və vəzifələri, sığortanın başlıca mahiyyəti barədə məlumatlıdırlar. Bu məlumatlılıq və sığorta bazarına nəzarətin güclü olması bazarda sığorta ödənişindən haqsız imtina hallarını minimuma endirib. Bu da insanlarda sığortaya inamın artmasına və müqavilələrin sayının yüksəlməsinə gətirib çıxarıb”.

Sığortadan qanunsuz faydalanmaq istəyənlər də var

N.Xəlilov bildirdi ki, DSNX-yə daxil olmuş şikayətlərin sayı 2013-cü ildə 739, 2014-cü ildə isə 1024 olub. 1024 şikayətdən cəmi 158-nin əsaslı olduğu müəyyən olunub: “Bütün şikayətlər araşdırılıb, onların böyük hissəsi avtomobillərin icbari və könüllü sığortası ilə bağlıdır. Bu kateqoriyadan olan şikayətlərin araşdırılması zamanı sığorta ödənişi verməkdən imtinanın əksər hallarda qəza barəsində sığorta şirkətinə dərhal məlumat verilməməsi, avtomobil satılarkən sığortaçının bu barədə məlumatlandırılmaması, yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü ilə bağlı yanlış məlumat verilməsi, avtomobili sığorta müqaviləsində adı göstərilməyən şəxsin idarə etməsi ilə əlaqədar olduğu müəyyən olunur. Qeyd olunan hallarda sığorta ödənişi verməkdən imtinalar əsaslıdır. Çünki sığorta müqaviləsində qanunvericiliyə uyğun olaraq tərəflərin hüquq və vəzifələri müəyyən olunur. Sığortalının müqavilə şərtlərinə əməl etməməsi sığortaçının ödənişi verməkdən imtina etməsi ilə nəticələnir”.

Xidmət rəisinin sözlərinə görə, əsaslı imtina hallarına yalnız avtomobillə bağlı deyil, daşınmaz əmlak, səyahət, fərdi qəza, xəstəlik, həyat sığortalarında da rast gəlinir: “Son dövrlər daşınmaz əmlakın icbari sığortası ilə bağlı şikayətlər daxil olur. DSNX belə şikayətlərin 90%-nin əsassız olduğunu müəyyən edib. Şikayətdə göstərilən hallar heç bir hüquqi sənədlə təsdiqini tapmırsa, uyğun tələblər üzrə sığorta ödənişi verilə bilməz. Bəzən qəzalı vəziyyətdə olan evini təmir etdirməyə pulu olmayan vətəndaş evi sığorta etdirib, sığorta ödənişi hesabına onu təmir etdirmək istəyir. Lakin qəzalı vəziyyətdə olan evin sığortalanması həm qanunvericiliyə, həm də məntiqə ziddir. Bundan əlavə, DSNX-yə “külək əsdi, yağış yağdı, nəticədə evim titrədi”, “yağış suları evin özülünü zədələdi” kimi absurd ifadələr qeyd olunan şikayət də daxil olub. Bu da onu göstərir ki, müəyyən qisim insanlar sığortadan qanunsuz faydalanmağa çalışırlar”.

Maarifləndirilmiş sığortalı çox olsa, problem az olar

Xidmətin rəisi deyir ki, bir qisim şikayətlər isə zərər məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlıdır: Məsələn, yeni alınmış avtomobil qəzaya uğrayarkən müştəri sığorta şirkətindən tələb edir ki, avtomobilin zəmanətinin pozulmaması üçün avtomobil uyğun servisdə, məsələn KİA, HONDA və s. avtomobil şirkətlərinin rəsmi dilerlərində təmir edilsin. Sığortaçının öhdəliyi isə dəymiş zərərin aradan qaldırılmasını təmin etməkdən ibarətdir. Zərərin real bazar qiymətləri əsasında qiymətləndirilməsi və pul şəklində ödənilməsi, yaxud avtomobilin təmir etdirilməsi sığortaçının seçimindədir. Rəsmi servislərdə ehtiyat hissələrinin, usta xərclərinin qiyməti digərlərinə nisbətən yüksək olduğuna görə, sığorta şirkətləri avtomobilin təmirini real bazar qiymətlərinə uyğun gələn servislərdə həyata keçirirlər. Zərər məbləğinin qiymətləndirilməsindəki problemləri aradan qaldırmaq məqsədilə yaxınlarda “Audatex Azərbaycan” şirkəti fəaliyyətə başlayacaq. Şirkətin fəaliyyəti həm sığortaçılara sərf edəcək ki, şişirdilmiş qiymətlərlə zərərə uğramayacaqlar, həm də sığortalıların mənafeyinə xidmət edəcək ki, zərərləri tam təmin olunacaq”.

N.Xəlilovun sözlərinə görə, əsas problemlərdən biri də insanların sığorta müqaviləsinin şərtləri ilə tanış olmamalarından irəli gəlir: “Sığortalılar hər zaman haqlı olduqlarını düşünürlər. Yəni sığorta müqaviləsi varsa, deməli hər bir halda sığorta ödənişi almalıdırlar. Bu sıradan olan müxtəlif hallar insanların məlumatlandırılması və maarifləndirilməsi vəzifəsini ön plana çəkir. Hər bir sığorta növü üzrə yaddaş vərəqələri və ya məlumat kitabçaları hazırlanıb vətəndaşlara paylanmalıdır. Artıq tərəfimizdən bu layihəyə start verilib. Maarifləndirilmiş sığortalı nə qədər çox olsa, bir o qədər sığorta bazarının problemləri azalar”.

Aygün Asimqızı

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873