• şənbə, 27 Aprel, 05:01
  • Baku Bakı 14°C

“Sınaq qiymətləndirmə bir növ tədqiqatdır”

20.05.14 13:27 2438
“Sınaq qiymətləndirmə bir növ tədqiqatdır”
Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılması – Sınaq qiymətləndirilmənin həyata keçirilməsi istiqamətində Təhsil Nazirliyi ilə Bakı Şəhər Təhsil İdarəsi artıq ilk addım atıb. Hələlik paytaxt məktəbləri arasında keçirilməsi nəzərdə tutulan Sınaq qiymətləndirmə müəllimlər arasında müxtəlif suallar yaradıb.
Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli məktəbin direktoru Yuliya Kərimova «Kaspi»yə müsahibəsində Sınaq qiymətləndirmənin əhəmiyyətindən danışıb.
- Gələn aydan müəllimlərin Sınaq qiymətləndirilməsinə başlanılacaq. Sizcə bu sistem müəllimlərin peşəkarlığına hansı təsir göstərəcək?

- Sınaq qiymətləndirmənin birbaşa məqsədi müəllimin hazırkı vəziyyətini öyrənməkdir. Yəni onlar nəyi bilir, nəyi bacarırlar. Sınaq qiymətləndirmə müəllimlərin peşəkarlığını daha da təkmilləşdirmək, onların ehtiyaclarını öyrənmək məqsədilə keçirilir. Amerikada da «Ehtiyacların öyrənilməsi» istiqamətində tədqiqatlar aparılır və həyata keçirilir. Belə ki, məlumat toplanılır və daha sonra qərara gəlinir ki, maliyyə nəyə yönəldilsin və ya daha ehtiyaclı sahələr hansılardır. Bu perspektivdən yanaşsaq, Sınaq qiymətləndirmənin təsiri çox və pozitiv olmalıdır. Biz sistem olaraq müəllimlərin bilik səviyyəsini ortaya çıxaracağıq. Həmçinin “biz nə etməliyik ki, onlar peşəkarlar kimi inkişaf etsinlər” istiqamətində tədbirlər həyata keçiriləcək.
- Sınaq qiymətləndirməni uğursuz keçən müəllimlər üçün hansı tədbirlər həyata keçiriləcək?

- Bu Sınaq qiymətləndirmə olduğu üçün, əslində heç bir tədbirin görülməsi nəzərdə tutulmur. Uzunmüddətli tədbirə gəldikdə, onlar üçün təlimlər keçiriləcək, ixtisasartırma kurslarından keçəcəklər. Biz növbəti sınaqda onlardan daha yaxşı nəticə gözləməli olacağıq. Müəllim də başa düşməlidir ki, onun peşəkar kimi ehtiyacları bu sahədədir və o, öz üzərində işləməlidir ki, daha da yaxşı işçi olsun. Bunun tədris yükünə heç bir təsiri olmamalıdır. Bu sınaqdır, hələ heç attestasiya da deyil. Sınaq qiymətləndirmə bir növ tədqiqatdır.
- Ümumiyyətlə, sizcə hazırkı müəllimlər bugünkü tədris metodlarının tələblərinə nə qədər cavab verirlər?

- Mənə elə gəlir ki, təcrübəli müəllimlərdə elə də problem olmamalıdır. Ola bilsin ki, metodikaya, psixometriyaya aid blokda hansısa problemlər üzə çıxa biləcək. Onlar da yenidir, yəni müəllimlərimiz buna tam hazır deyil. Bəzən bir az təşvişə düşürlər ki, psixometriya nədir – fəndirmi, sahədirmi və ya hansısa qabiliyyətdirmi? Biz hazırda materialları toplayır, müəllimlərlə bölüşüb müzakirə edirik. Nə qədər ki, insan nəyisə bilmir, onun üçün nəsə sual altında qalır və o məsələ təşviş yarada bilir. Ancaq onu həmkarları ilə müzakirə edəndə, müəyyən hazırlıq görəndə artıq normal bir hala çevrilir. Müəllim bir peşəkar kimi öz inkişaf məqsədlərini müəyyən etməyi bacarmalıdır. Region üzrə tədqiqatlar göstərir ki, bu, təkcə bizim ölkənin müəllimlərinin problemi deyil, ümumi problemdir: müəllim özünün peşəkar inkişaf məqsədini müəyyən edə bilmir. Müəllimdən «Sənin daha yaxşı olmaq üçün hansı ehtiyacların var?» - deyə soruşanda bəzən bu suala cavab verə bilmir. İndi informasiya və texnologiyaların tətbiqi ilə bağlı müəllimlərdə «Bilirəm ki, mən bu proqramdan istifadə edə bilmirəm, bunun üçün çalışmalıyam, kurikulum öyrənməliyəm»- tendensiyası da yaranır. Sınaq qiymətləndirmə bu tendensiyanı daha da qüvvətləndirəcək. O insan ki, özünün peşəkarlığını və məqsədlərini müəyyən edə bilir, demək, o, doğurdan da peşəkardır. Sınaq qiymətləndirmənin qısa müddətli effektlərindən biri də o olacaq ki, müəllim daha yaxşı olması üçün «mən nəyi bacarıram və nə etməliyəm» sualına cavab verə biləcək.
- Sınaq qiymətləndirmənin attestasiyaya hazırlıq kimi dəyərləndirilməsi fikri nə qədər həqiqətdir?

- Mexanizm baxımından və texniki tərəfdən yanaşsaq, ola bilər. Artıq bir dəfə bu prosesdən keçən müəllim, ikinci dəfə attestasiyadan keçəndə müəyyən qədər özünə güvənmiş olacaq. Bu, məsələnin psixoloji tərəfidir. Müəllim diaqnostik qiymətləndirmədən sonra nəyi daha yaxşı öyrənməli olduğunu biləcək. O, öz üzərində işləyəcək və attestasiya üçün müəyyən hazırlığı əldə etmiş olacaq.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər