Silahlı Qüvvələrimizin gücü hər bir vətəndaş üçün qürur mənbəyidir - Fotolar
Prezident İlham
Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfəri çərçivəsində
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak
edib. Açılışdan sonra rayon
ictimaiyyəti qarşısında çıxış edən dövlət başçısı ölkəmizdə yol-nəqliyyat
infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi
istiqamətində görülən işlərdən, sosial-iqtisadi inkişafdan geniş söhbət açıb.
Azərbaycanda ordu quruculuğu ilə bağlı məsələlərin öz həllini tapmasına diqqət
çəkən Prezident İlham Əliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın
50 ən güclü ordusu sırasında olduğunu vurğulayıb.
O, iyun ayında
Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının
işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradların ölkəmizin gücünü,
qüdrətini göstərdiyini dilə gətirib. Bildirib ki, ordumuzun bu səviyyədə olması
hər bir vətəndaş üçün qürur mənbəyidir. Dövlət başçısı onu dinləyən insanlar
arasında Milli Qəhrəman Mübariz İbrahimovun atasının da iştirak etdiyini
xatırladıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyev Milli Qəhrəman atasına xüsusi minnətdarlığını bildirib: "Ağakərim
İbrahimova xüsusi minnətdarlıq edirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim
unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda
döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv
edərək şəhidlik zirvəsinə ucalıb. O bilirdi ki, ölümə gedir, bilirdi ki, o
döyüşdən sağ-salamat çıxmayacaq. Buna
baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə
malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl
övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək
səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı ilə
əlaqədardır”.
Prezident İlham
Əliyevin bu davranışı Azərbaycan dövlətinin, ölkə rəhbərinin Milli
Qəhrəmanlarımıza, şəhidlərimizə, həmçinin onların ailələrinə göstərilən diqqət
və qayğının, hörmətin daha bir sübutudur. O, Milli Qəhrəman Mübariz İbrahimovun
atası Ağakərim İbrahimova xüsusi minnətdarlıq edərək, tədbirdən sonra da onunla
söhbətləşərək, Vətən yolunda canını fəda edənlərə, Vətən sevgisi ilə
yaşayanlara rəğbətini nümayiş etdirib. Bununla da dövlət başçısı öz şəxsində
şəhid ailəsinə necə münasibət göstərilməsini hər kəsə, o cümlədən məmurlara
göstərib.
Azərbaycan xalqına və dövlətinə, Vətəninə sonsuz hisslərlə bağlı
olan, sədaqətlə xidmət edən, dəfələrlə qeyd etdiyi kimi, özünü xalqının bir
nömrəli qulluqçusu hesab edən Prezident İlham Əliyev bu davranışı ilə növbəti
dəfə şəxsi kimliyini, xarakterini büruzə verib. Şəhid atasına, Milli Qəhrəman
valideyninə rəğbətlə yanaşan, doğma övladı Heydər Əliyevi Vətənə borcunu vermək
üçün hərbi xidmətə yola salan Prezident İlham Əliyev bu kimi çoxsaylı
nümunələrlə xalqının əbədi sevgisini qazanıb.
Mövzu ilə bağlı
fikirlərini "Kaspi”yə bölüşən Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədovdeyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olanların
ailə üzvlərinə, qəhrəmanlara, müharibə əlillərinə olan diqqət və qayğının
bünövrəsi ümummilli lider Heydər Əliyevin zamanında qoyulub. Millət vəkilinin
sözlərinə görə, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla
davam etdirilir: "Cənab Prezident yalnız Milli Qəhrəman Mübariz İbrahimovun
deyil, bütün qəhrəmanların, döyüşçülərin ailə üzvlərinə, şəhid ailələrinə hər
zaman diqqət və qayğı ilə yanaşıb, onlar barəsində şərəfli, yüksək fikirlər
söyləyib. Bu, Azərbaycanda vətənpərvərliyin, Vətənə, xalqa, millətə olan
sevginin daha da artmasına səbəb olur. Belə hərəkətləri ilə Prezident İlham
Əliyev bütün Azərbaycan xalqına bildirir ki, torpaqlarımız uğrunda döyüşənlər,
əlillik dərəcəsi alanlar, bu yolda həlak olanlar, şəhidlik zirvəsinə ucalanlar
bizim üçün daim əzizdir. Dövlətimiz hər zaman bu kateqoriyadan olan insanların
yanındadır, onların qayğısına qalır. Bu, xalqımızda, o cümlədən ordumuzda,
hərbçilərimiz arasında mənəvi-psixoloji vəziyyəti bir qədər də yaxşılaşdırır,
döyüş ruhunu artırır”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə də
qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanda xüsusi təbəqə hesab edilən şəhid
ailələrinin problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi daim
dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edib. Millət
vəkilinin fikrincə, dövlət başçısı İlham Əliyev tərəfindən
imzalanan fərman və sərəncamlar təkcə bu kateqoriyadan
olan insanların sosial problemlərinin həlli ilə bağlı deyil, eyni zamanda,
ölkəmizdə vətənpərvərliyin, mənəvi dəyərlərin yüksəlməsi, həmçinin hazırda
sərhədlərimizi müdafiə edən əsgərlərimiz və onların yaxınlarının
əhval-ruhiyyəsinin artırılması baxımından da olduqca əhəmiyyətlidir: "Ölkəmizdə
Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin
müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan dövlət siyasətinin əsas
istiqamətlərindən birini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin
sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə
nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Prezident İlham
Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar çoxsaylı ailələrə böyük
sevinc bəxş etməklə yanaşı, daim xalq, cəmiyyət tərəfindən razılıqla
qarşılanıb. Hazırda da Prezident İlham Əliyev
tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı göz qabağındadır. Qısa
bir zamanda onların mənzil-məişət, məşğulluq problemlərinin həlli ilə bağlı
atılan addımlar xalqımız tərəfindən yüksək dəyərləndirilib.
Ölkə başçısı İlham Əliyevin Biləsuvar rayonuna səfəri zamanı Milli Qəhrəman
Mübariz İbrahimovun atası ilə görüşdə söylədiyi fikirlər isə dövlət
tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının
daha bir nümunəsidir. "Hər bir şəhid bizim övladımızdır” - deyən
Prezident İlham Əliyevin şəhidlərə və onların ailələrinə, Qarabağ veteranlarına
olan münasibəti cəmiyyətimizdə vətənpərvərlik ruhunun daha da yüksəlməsində
mühüm rol oynayır”.
Rufik İSMAYILOV