“Sifarişlə” yazdığım köşə
Təşəkkür etməyin özü də bir
mədəniyyətdir. Kurs rəhbərim Məryəm Əlizadə hər dərsdə deyirdi ki, "mədəniyyət insanın bütün həyatını tənzimləyənbirmexanizmdir.
Çalışın, bu mexanizmin əsas göstəricisi olan təşəkkür etməyi unutmayın”. Bu
mədəniyyətə hər kəsin sahib olması o qədər də çətin deyil. Bir az vicdan, dünyagörüşü
və bir az da təhsil məsələsidir. Hər insanda olması vacib sayılır. Səhnə
mədəniyyəti, danışıq mədəniyyəti də onun kimi.
Bir də tənqid
mədəniyyəti var. Yetər ki, tənqidlə təhqiri səhv salmayasınız. Bəzən kimisə
tənqid etmək məqsədilə klaviaturanın arxasına keçib, birbaşa olaraq təhqirə
keçən yazarlarla da az rastlaşmırıq. Tutarlı səbəblərin varsa, nəyi, niyə
bəyənmədiyini əsaslı səbəblərlə qeyd edirsənsə, niyə də tənqid olmasın? Xüsusən
də teatrı tənqiddən söhbət gedirsə. Teatr canlı sənətdir. Burada hər şey
aşkardır, göz önündədir, etdiyin də, edə bilmədiyin də. Əgər saatyarım vaxtda tamaşaçını
öz obrazına, göstərdiyin nağıla inandırmağı bacarmadınsa, diqqəti özünə çəkə
bilmədinsə, demək ki, bu sizdə alınmayıb. Başqa sözlə, tamaşaçı zalda əlində
telefon oturubsa, demək ki, bu tamaşa rəflikdir...
9 ildir ki, "Kaspi”nin
"Teatr” əlavəsində teatrlarımıza güzgü tuturuq. Paytaxt və bölgə teatrlarımızda
yaşanan yaradıcı prosesdən xəbər verir, müsahibələr, reportajlar, portretlər,
resenziyalar, araşdırmalar dərc edirik. Bu 9 ildə haqqında yazdığım
tamaşalardan yaxşısı da olub, pisi də, yazmaq xətrinə yazdıqlarım da, izlədiyim
tamaşadan təsirlənib, içimdən gəldiyi kimi yazdıqlarım da. Giley edənlər,
müəllifin fikirləri ilə razılaşmayanlar, tənqid edənlər, ürəyincə olanlar - bir
çox reaksiyalarla rastlaşmışıq. Ancaq son bir neçə ildə sənət adamlarının,
xüsusən də teatr aktyorlarının və rejissorlarının tənqidlə bağlı ciddi
problemləri ilə üzləşirik. Nə rejissorlarımız, nə də aktyorlarımız sağlam tənqidi
qəbul edə bilir. Ümumiyyətlə, tənqidə davamlı deyillər. Dərhal bunun arxasında
bir məna axtarmağa başlayırlar. Elə "məni təriflə” deyərək, qabında bir şeyin
də olmadığını bilə-bilə, özünü aldadaraq "sənətkar” dedirtmək istəyi hökm
sürür. Xırda bir tənqid olan kimi, aktyor "qılıncını sıyırır” və müəllifin
üzərinə hücuma keçir. Təzə söz də öyrəniblər: "Sifarişlə yazmısınız”. "Sifariş”in
də əsası budu ki, eyni tamaşada rolunun öhdəsindən peşəkarlıqla gələn aktyorun
uğurunu qısqanır, ya da onun adının, şəklinin niyə ondan daha çox yayımlanmasına
etiraz edirlər. Yəni ki, "sifarişçimiz” obrazının öhdəsindən gələn
aktyorlardır. Eyni kollektivin içərisində bir-birlərinə "can” deyən aktyorlar,
bir bilsəniz, iş yoldaşının adı ondan daha çox hallananda necə reaksiya
göstərirlər... Sifariş verdiyini güman etdiyi aktrisa ilə bir neçə dəqiqə
bundan öncə rəsmini paylaşıb, "Həyatdakı tək dostum” deyərək necə içdən şərh
yazırlarsa, həyatda da səhnədəki kimi oynayıb-oynamadığını düşünməyə bilmirsən...
Əslində, bu narazıları
da günahlandırmıram. Çünki özümüzü tanıyalı, qələmimiz ancaq onların "uğurlarından”
yazıb, bir dəfə birimiz çıxıb deməmişik ki, əslində sən səhnədə cılızlığınla, etdiyin
yanlışlarınla insanlarda ikrah hissi oyadırsan. İndi deyəcəksiniz ki, "jurnalist
deyilsiniz, hər şeyi olduğu kimi - yanlışları, əyriləri ilə yazardınız. Niyə
zamanında yazmadınız ki, indi də yalançı
təriflərlə göyə qaldırdığınız o şəxslər sizi sifarişli yazı yazmaqla
günahlandırır?” Əslində, haqlısınız. Ancaq bunu bilməyinizi istəyirəm ki, bir
tamaşanın ərsəyə gəlməsi üçün yaradıcı heyət nə qədər əziyyət çəkir. Bizim 1
saat, saatyarım izlədiyiniz tamaşa ən tez halda bir komandanın 3 aylıq sərasər
məşqləri nəticəsində meydana gəlir. "Tamaşa zaydır” deməyə nə var ki? Ona görə
də bəzən çəkilən əməyə hörmət əlaməti olaraq yanlışların üzərindən səthi keçməyə
çalışırsan. Bir aktyorun teatr yazarını həddindən ziyadə günahlandırması ilk
növbədə onun qeyri-peşəkarlığından və həmkarına qarşı hansısa qısqanclığından
qaynaqlanır. Yuxarıda da qeyd etdiyim kimi, bizim sənət cameəsinin
nümayəndələri tənqidə dözümlü deyil. Əgər mətbuatda kiminsə haqqında xırda bir
tənqid yer alıbsa, həmin şəxs dərhal səbəbi özündə deyil, kənarda axtarmağa başlayır.
İlk növbədə düşmənləri yadlarına düşür, "sizi filankəs yönləndirib” deyə sosial
şəbəkələrdə atmacalara başlayırlar.
Yazımın əvvəlində
təşəkkür mədəniyyətindən əbəs yerə söz açmadım. Yaradıcılıqlarını, fəaliyyətlərini
işıqlandıranda, adətən media nümayəndələrinə təşəkkür etməyi unudan aktyorlar, tənqid
olunanda, teatr yazarlarının üzərinə hücum çəkirlər. Halbuki, özləri də
bilirlər ki, zəifdirlər. İndi yalançı təriflərlə gözdən pərdə asılan bir zəmanə
də deyil. Belələri özlərini peşəkar saymaqda çox yanılırlar. Unutmasınlar ki, yanlış
tərifləri və ya susqunluqları ilə onların zirvəyə qalxmasına şərait yaradan
media, bir gün haqlı tənqidlərlə bu sabun köpüklərini dağıda da bilər.
Xəyalə Rəis