• cümə, 26 Aprel, 20:38
  • Baku Bakı 22°C

“Şəxsi maraqlar olan yerdə, milli maraqlar arxa plana keçir”

06.03.14 09:24 1586
“Şəxsi maraqlar olan yerdə, milli maraqlar arxa plana keçir”
İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və başqalarının təşəbbüsü ilə martın 4-də KŞ-nın dönəm sədri, Müsavat başqanı İsa Qəmbər qurumun iclasını çağırıb. Toplantının keçirilmə yeri, günü və vaxtının əvvəlcədən müəyyən edilməsinə baxmayaraq, İP ətrafında yaranmış vəziyyətlə bağlı müzakirələrə KŞ-nın 17 üzvündən 7-i bilavasitə, Aqil Səmədbəyli, Mehriban Vəzir, Leyla Əliyeva isə telefonla iştirak ediblər. İclas iştirakçıları bir sıra İP üzvlərinin KİV- lərdə dərc edilmiş mövqelərini, KŞ üzvlərinə bildirdikləri rəyləri, İP-in uzun müddətdən bəri fəaliyyətini de-fakto dayandırdığını, İP-in fəaliyyətinə xitam verilməsi barədə təklifə heç bir İP KŞ üzvü tərəfindən etiraz daxil olmadığını nəzərə alaraq, qurumun fəaliyyətinə xitam vermək qərarına gəliblər.
Bu hadisə ilə bağlı “Kaspi”yə açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə özlərini demokratik düşərgə üzvləri kimi göstərən bəzi adamların fəaliyyətinin sıfıra bərabər olduğunu söyləyib. O, İP-nı, Milli Şuranı əvvəldən ölü doğulmuş uşağa bənzətdiyini diqqətə çatdıraraq, ölünün ayaq açıb yeriməsini qeyri-mümkün sayıb: “İctimai Palata, ardınca da Milli Şura yaradılanda mən demişdim ki, bu qurumlar ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşaq isə heç bir zaman ayaq açıb yerimir. İctimai Palata o zaman nüfuza, cəmiyyətdə hər hansı mövqeyə malik olur ki, həmin vaxt bu qurum iqtidarla əməkdaşlıq etmiş olsun. Bizdə isə əksinə idi. 2010-cu il parlament seçkilərində seçicilərinin səsini qazana bilməyən, parlamentə seçilməyən insanlar bir yerə cəmləşib İctimai Palata elan etmişdilər. Ona görə də bu qurumun heç bir əhəmiyyəti, cəmiyyətdə hər hansı rolu olmadı. Ümumiyyətlə, Xalq Cəbhəsindən çıxmış qüvvələrin haradasa birləşməsi, onların ciddi birliyi qeyri-realdır. Heç bir məqsədə uyğun deyil. Çünki bunların hamısı şəxsi ambisiyalarına görə AXC-dən ayrılıblar. Bu gün də onların şəxsi ambisiyaları reallaşmayıb. Şəxsi ambisiyalar təmin edilmədiyi təqdirdə sabiq AXC təmsilçiləri heç vaxt bir yerə gələ bilməyəcəklər. Hazırkı dövrümüzün radikal müxalifətçilərinə çevrilən bu adamlar indi də gündəmdə qalmaq üçün müxtəlif birliklər yaradırlar. Yaxın keçmişə fikir versək, müxalifət liderləri İctimai Palataya qədər də bir neçə dəfə belə birliklər - altılıq, dördlük, üçlük yaradıblar və heç bir əhəmiyyəti olmadığından dağılıblar. İndi də ortada qalıblar. Özlərini demokratik düşərgə üzvləri kimi göstərən bu adamların fəaliyyəti sıfıra bərabərdir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İP-nın ilk vaxtlar milli maraqlara uyğun yaradıldığını bildirib. Onun sözlərinə görə, sonradan proseslər böyük sürətlə İP-nı təsirə salmaq uğrunda mübarizəyə çevrilib: “Məlumdur ki, İctimai Palatada AXCP və Müsavat partiyası arasında mübarizə önə çıxmışdı, tərəflər sosial şəbəkələrdə bir-birilərinə qarşı hücumlar təşkil edirdilər. Eyni zamanda Koordinasiya Şurasına qəbulla bağlı çox böyük konfliktlər meydana çıxırdı. Bütün bunlar onu göstərir ki, İctimai Palatada qrup maraqları uğrunda dava gedirdi. Təbii ki, qrup və şəxsi maraqlar olan yerdə, milli maraqlar arxa plana keçir. Buna görə də hansı məqsədlə yaradılmasından asılı olmayaraq, müəyyən bir dövrdən sonra İctimai Palata qrup maraqları uğrunda mübarizə önə çıxdığına görə dağıldı. Məsələ burasındadır ki, hazırda demokratik cəbhədə olan müxalif qüvvələrin özləri də demokratik dəyərlərdən uzaqlaşıblar və birliklərin, siyasi blokların bu şəkildə qısamüddətli olması, dağılması bununla əlaqədardır. Azərbaycanda bloklar yaranandan sonra, bura daxil olan partiyalar həmin blokları öz təsirində saxlamaq, hegemonluq etmək niyyəti güdür. Bloka daxil olan partiyalardan biri digərlərini öz təsiri altına almağa və həmin qurumda üstünlük əldə etməyə çalışır. Həmin qurumlarda maraqları sıxışdırılan partiyalar məcbur olurlar ki, həmin blokların əleyhinə iş aparsınlar və kənarda da yeni birliklərin yaranmasına cəhd etsinlər. İctimai Palata olduğu halda, Milli Şuranın yaranmasının da əsas səbəbi bu idi. İctimai Palata artıq heç kimə lazım deyildi və ona görə də bu qurum buraxıldı. Əgər irəli sürülən yeni təşəbbüs də hər hansı partiyanın maraqlarına xidmət edəcəksə, onun da taleyi digər birliklərin taleyi kimi olacaq. Uzunmüddətli birliklər yalnız milli və dövlət maraqlarına xidmət etdiyi və oradakı tərəflərin şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmadığı halda yarana bilər”.
Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli isə İP-nın buraxılmasını müxalifətin öz məğlubiyyətini daha iri həcmdə etiraf etməsi kimi qiymətləndirib. O, İP-nın bir neçə mərhələlərdən keçdiyini, hər dəfə də qarşısına qoyduğu məqsədi dəyişdiyini vurğulayıb: “İctimai Palata 2010-cu il parlament seçkilərindən sonra seçkidən narazı qalan deputatlığa namizədlərin təşkilatı kimi yaradılmışdı. Qarşıya qoyulan əsas məqsəd də guya, demokratik seçkiyə nail olmaq və sair idi. Eyni zamanda bu qurum sadəcə seçkidə uduzmuşların təşkilatı deyildi. Oraya bitərəf, hətta iqtidardan deputatlığa namizəd olmuş şəxsləri də cəlb etməyə çalışırdılar. O zamanlar ərəb dünyasında baş verən inqilablar bunları çox ruhlandırmışdı. Ona görə də İctimai Palatanı get-gedə dəyişib sırf müxalifət təşkilatı etdilər. Həmin qurumun əsas aparıcı gücləri sayılan AXCP, Müsavat, eləcə də digər radikal təşkilatlar arzu edirdilər ki, Azərbaycanda da “ərəb baharı” yaşansın. Sonrakı dövrlərdə onlar İctimai Palatanı buna hesablamışdılar. Müxalifət liderləri dəfələrlə mətbuatda çıxış edərək ərəb dövlətlərindəki inqilabları, o cümlədən Misirdə, Liviyada, Suriyadakı hadisələri təqdir edirdilər. Onda İctimai Palatanın hansı məqsədlə yarandığı, qarşısına hansı məqsəd qoyduğu tamamilə yaddan çıxmışdı. Hətta Suriya qarşıdurmasının Azərbaycanda təkrarlanmasını istəyir, xalqı suriyalılardan ibrət götürməyə səsləyirdilər. Lakin adıçəkilən ölkələrdə qarşıdurmanı, qan tökülməsini görən müxalifət, nədənsə bu gün həmin çıxışlarını yada salmırlar. Son dövrlər müxalifət düşərgəsində Milli Şuranın yaradılması isə İctimai Palatanı əhəmiyyətsiz bir quruma çevirdi. Hakimiyyət uğrunda mübarizəni mərkəz olaraq Milli Şura aparmağa başladı. Bu da zaman-zaman deqradasiyaya uğrayan İctimai Palatanın sonunu yaxınlaşdırdı. Ancaq sonrakı proseslərdə Müsavat Partiyasının Milli Şuradan ayrılması bu qurumun dirçəlməsi barədə fikirlərin səslənməsinə səbəb oldu. Qeyd olunurdu ki, AXCP-dən incik düşən Müsavat ölkənin ana müxalifət partiyası olmaq üçün digər partiyaları İctimai Palata ətrafına toplayacaq. Amma bu da bir nəticə vermədi. İsa Qəmbərin bir çox partiyalarla apardığı danışıqlar gözləntiləri doğrultmadı. Martın 4-də isə Koordinasiya Şurasının cəmi 17 nəfərdən ibarət üzvü İctimai Palatanın fəaliyyətinə xitam vermək barədə qərar qəbul etdi. Bununla İctimai Palatanın gücü ancaq özünə çatmış oldu. Onlar məğlub olduqlarını etiraf etdilər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər