Sevinc Osmanqızının çürük məntiqi
Hər hansı bir səbəbdən
xarici ölkədə daimi yaşayan, oranı özünə ikinci Vətən hesab edən istənilən
azərbaycanlı üçün Azərbaycan həqiqətlərinin, o cümlədən Dağlıq Qarabağ
probleminin mahiyyətinin beynəlxalq aləmə çatdırılması, ölkəmizin daha da
tanıdılması, milli maraqlarımızın müdafiə edilməsi başlıca vəzifə olmalıdır.
Hansı vəzifəni icra etməsindən, cəmiyyətdəki sosial statusundan asılı
olmayaraq, istənilən azərbaycanlı üçün xalqımızın, dövlətimizin mənafeyi daim
üstün tutulmalıdır. Vətənpərvərlik hissinə sahib olan istənilən soydaşımız
Ermənistanın işğalçılıq siyasətini, bu siyasət səbəbi ilə Azərbaycan xalqının
başına gətirilən müsibətləri unutmamalıdır. Hələ soydaşlarımızdan kimsə
jurnalist peşəsini daşıyırsa, xarici ölkənin hansısa media qurumunda çalışırsa,
o cəmiyyətdə ictimai rəy yaratmağı bacarırsa, Azərbaycanın tanınmış şairi Əhməd
Cavadın təbirincə desək, xalqımızın haqq bağıran səsi olmalı, milli-dövlətçiliyimizin
tərənnümçüsü və keşikçisi olmalıdır.
Təəssüflər olsun ki,
Azərbaycandan xaricdə yaşayan heç də bütün soydaşlarımız ölkəmizin, xalqımızın,
dövlətimizin tərənnümçüsü ola bilmirlər. Bir sıra hallarda bəzi soydaşlarımız
xarici dairələrin təsiri altına düşür, təmsil olunduqları cəmiyyətlərdə
Azərbaycan əleyhinə kampaniya aparır, ölkəmizin beynəlxalq nüfuzuna xələl
gətirməyə çalışırlar. Belələrinə nümunə kimi, tural sadıqlıları, orduxan
teymurxanları, məhəmməd mirzəliləri, arif məmmədovları, emin milliləri, qurban
məmmədovları və başqalarını misal göstərmək olar. Müxtəlif bəhanələrlə
Azərbaycanı tərk edib Avropaya sığınan, sonradan özlərini "demokrat”, "hüquq
müdafiəçisi”, "blogger”, "siyasi mühacir” adlandıran bu antimilli ünsürlər ermənipərəst
dairələrin, eləcə də erməni diaspor təşkilatlarının təsiri altında olan
beynəlxalq təşkilatların sifarişi ilə əllərinə keçən hər fürsətdə ölkəmizə
çamur atmağa çalışırlar. Onlar xüsusən sosial şəbəkələr üzərindən Azərbaycan
üzərinə "səlib yürüşünə” çıxır, dezinformasiyaları həqiqət kimi ictimai rəyə
sırımağa cəhdlər edirlər.
ABŞ-da məskunlaşan Sevinc
Osmanqızı da belələrinin sırasında yer alır. O, tanınmış jurnalist, yazıçı və
publisist Osman Mirzəyevin qızıdır. O.Mirzəyev 20 noyabr 1991-ci ildə Xocavənd
rayonu yaxınlığında ermənilər tərəfindən vurulan Mi-8 vertolyotunda şəhid olan
22 nəfərdən biridir. Yəni, rəhmətlik O.Mirzəyev məhz Ermənistanın işğalçılıq
siyasətinin, erməni separatizminin qurbanı olub. Normal məntiqlə atası
ermənilər tərəfindən şəhid edilən istənilən azərbaycanlıda düşmənə nifrət
olmalı, bu qisasın alınması hissi ilə yaşamalıdır.
Amma S.Osmanqızı fərqli
düşünür, Azərbaycanın 20 faiz ərazisini işğal edən, 1 milyondan artıq
azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, xalqımıza Xocalı, Qarakənd,
Qaradağlı və sair bu kimi faciələri yaşadan Ermənistana nifrət bəsləmir, hətta
atasının qatillərinin ermənilər olmadığı barədə fikirlər də səsləndirir. Bu
azmış kimi o, Ermənistanı mədh etməkdən, işğalçı ölkədə baş verənləri
Azərbaycana və azərbaycanlılara nümunə gətirməkdən də çəkinmir.
Deyilənlərə şübhə ilə
yanaşanlar buyurub S.Osmanqızının "Facebook” səhifəsində ötən ilin mart-aprel
aylarında paylaşdıqları statusları gözdən keçirə bilərlər. Misal üçün,
S.Osmanqızı 2018-ci ilin aprel ayında Ermənistanda baş verən proseslərlə bağlı
davamlı videolar paylaşıb, "başımıza gəlsin” kimi təqdimatlarla düşmən ölkəni
Azərbaycana nümunə gətirib, azərbaycanlıları da öz ölkəsində inqilaba,
qarşıdurmaya, sabitliyi, əmin-amanlığı pozmağa səsləyib. Atası ermənilər
tərəfindən şəhid edilən S.Osmanqızı 24 aprel 2018-ci il tarixində paylaşdığı
statusda isə izləyicilərinə erməni jurnalist Emil Sanamyanla müsahibəsini
təqdim edib. Erməni jurnalistin - "Ermənistanda heç kəsin Azərbaycanla müharibə
aparıb, ölmək istəyi yoxdur”, - fikrini önə çıxaran S.Osmanqızı bütün dünyaya dolayısı
ilə mesaj verib ki, işğalçı Ermənistan deyil, təcavüzə, işğala, soyqırımına
məruz qalan Azərbaycan regionda müharibə tərəfdarıdır. Özü də S.Osmanqızı bunu
ermənilərin uydurma "soyqırımı günü”ndə edir, bir növ düşmənlərimizə mənəvi
dəstək olur.
Sual yaranır: S.Osmanqızı
gün ərzində paylaşdığı 5-10 status və ya paylaşımdan heç olmasa birini Dağlıq
Qarabağ probleminə, Ermənistanın işğalçılıq siyasətinə həsr etsə, dünya
dağılarmı? Onun səhifəsində Xocalı soyqırımına, bu faciənin əsas
günahkarlarından sayılan Serj Sarkisyan və qeyrilərinin ifşasına, tənqidinə
yönəlik sanballı statuslar yoxdur.
Əgər bu xanım doğrudan da vətənpərvərdirsə,
hansısa azərbaycanlının təzyiq və ya işgəncəyə məruz qalması onu qəlbən narahat
edirsə, heç olmasa 2014-cü ildən indiyə qədər Ermənistanda girov saxlanılan Dilqəm
Əsgərov və Şahbaz Quliyevin dərdinə şərik çıxmalı idi. Əfsuslar olsun ki,
S.Osmanqızının səhifəsində hər iki şəxsin hüquqlarının müdafiəsinə reaksiya
yoxdur. Ola bilsin sifariş aldığı dairələr ya ona bu yöndə fəaliyyəti qadağan
ediblər, ya da o özü atasını şəhid edən ermənilərin xətrinə dəymək istəmir.
S.Osmanqızının
vətənpərvərlik hissindən məhrum olması ilə yanaşı, onun bəzi hadisələrə
qeyri-peşəkar, lağ-lağı ilə yanaşması da diqqət çəkir. Diqqətli oxucular yəqin
xatırlayarlar ki, o, ötən il paylaşdığı statuslarda Azərbaycanı Şimali Koreyaya
çevrilməkdə suçlayırdı. Əsas arqument kimi isə o, hər iki ölkə arasında
münasibətlərin yaranmasını, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Honun "Qoşulmama
hərəkatı”nın toplantısında iştirak etmək üçün aprelin 5-6-da Bakıya səfərə
gəlməsini, həmçinin Azərbaycanın iqamətgahı Pekin şəhərində olmaqla Koreya Xalq
Demokratik Respublikasında səfirlik açmasını göstərirdi. İddia edirdi ki,
Şimali Koreya kimi avtoritar rejimlə münasibətlərin qurulması, hər hansı
təcrübə mübadiləsinin aparılması yolverilməzdir. S.Osmanqızının səhifəsini
ziyarət edən həmfikirləri, tərəfdarları, eləcə də onun xidmət etdiyi
şəbəkələrin troll dəstələri onun bu kimi statuslarının altında öz səviyyələrinə
uyğun şəkildə mövqe nümayiş etdirirdilər.
Amma bundan qısa bir müddət
sonra, daha dəqiq desək, 2018-ci il iyun ayının 12-də Sinqapurda ABŞ Prezidenti
Donald Tramp ilə KXDR lideri Kim Çen In arasında bir saat yarımlıq tarixi görüş
oldu. Şimali Koreya lideri ilə görüşməkdən qürur duyduğunu, onun böyük
şəxsiyyət, ağıllı lider, şən insan olduğunu müxtəlif müsahibə və bəyanatlarında
dilə gətirən D.Tramp yaxın vaxtlarda yenidən K.Ç.Inla görüşəcəyini bəyan edib.
Nədənsə S.Osmanqızı nə bu görüşlərdən əvvəl və sonra, nə də hazırda gözlənilən
növbəti görüş barədə bircə kəlmə də olsa fikir bildirmir, hadisəyə status həsr
edib, onu tənqid etmir. Heç ABŞ-ı koreyalaşmaqda da ittiham etməyə əsas görmür.
ABŞ edəndə yaxşı olur, Azərbaycan edəndə pis.
Yaxud, D.Trampın ABŞ Prezidenti
kimi ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi, kral Salman bin Əbdüləziz
əl Səud tərəfindən ordenlə təltif edilməsi, dəyəri yüz milyardlarla ölçülən
silah-sursat alqı-satqı müqaviləsinin bağlanması, münasibətlərin
yaxşılaşdırılması istiqamətində atılan digər addımlar da nədənsə S.Osmanqızının
diqqətini çəkmir.
Amma ötən il noyabrın 4-də Səudiyyə Ərəbistanın daxili işlər
nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etməsi, rəsmi
səviyyədə qəbul edilməsi, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi üçün
hansısa tədbirin görülməsi dərhal onun tənqid obyektinə çevrilir. Bu zaman haqlı
sual yaranır, əgər doğrudan da Şimali Koreyada avtoritar rejim hökm sürürsə, bu
ölkə ilə münasibətlərin qurulması gerilikdirsə, Səudiyyə dövləti ilə
münasibətlərin inkişaf etdirilməsi qəbahətdirsə, nə üçün ABŞ Prezidenti D.Tramp
K.Ç.Inla, Kral Salmanla görüşür? Oxşar situasiyaya görə Azərbaycanı əsassız
tənqid edən, ünvanına absurd fikirlər səsləndirən S.Osmanqızı və əqidədaşları eyni
yanaşmanı "demokratiyanın beşiyi” adlandırılan ABŞ-a, onun prezidenti D.Trampa göstərmək
üçün özlərində cəsarət tapa bilmirlərmi?
Rufik
İSMAYILOV