AZE | RUS | ENG |

Sevinc Osmanqızı Əli Kərimlinin vəkili qiyafəsində - Fotolar

Sevinc Osmanqızı Əli Kərimlinin vəkili qiyafəsində - Fotolar
Hətta müxalifət düşərgəsində təmsil olunanlar da ona ancaq bu cür yanaşırlar

Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan, özlərini "demokrat”, "müxalifətçi”, "siyasi mühacir”, "jurnalist” adlandıraraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlar ermənipərəst dairələrin, bəlli güc mərkəzlərinin siyasi sifarişini yerinə yetirirlər. Bu, birmənalıdır. Çünki, heç də hər kəsə Amerikada, yaxud Avropa ölkələrində rahatlıqla "oturum izni” verilmir. Üstəlik bu adamlara hər ay bəlli məbləğlər, internet üzərindən rahatlıqla yayım etmələri, Azərbaycan əleyhinə təbliğat aparmaları üçün bahalı avadanlıqlar verilir. Əgər belə olmasaydı, həmin şəxslər haradasa işləməli, bahalı Avropada yaşamaq, həmin cəmiyyətlərə inteqrasiya olunmaq üçün gecəsini-gündüzə qataraq çalışmalı idilər. Amma biz onlarda bunları görmürük. Adamlar gün ərzində saatlarla internet üzərindən canlı yayıma çıxır, iftira dolu videolar hazırlayır, müxtəlif xarici ölkələrdən müzakirəyə ayrı-ayrı şəxsləri cəlb etməklə debatlar keçirirlər. Amerikada yaşayan "jurnalist” Sevinc Osmanqızının "Osmanqızı TV” adı ilə "Youtube” kanalı üzərindən yayımladığı videolar, canlı bağlantılar, apardığı müzakirələr, səsləndirdiyi qərəzli fikirlər də bu qəbildəndir.  
 


Özünü tərəfsiz,  "xalq fədaisi” kimi Azərbaycan cəmiyyətinə sırımaq istəyən bu qadının Amerikaya hansı yolla, necə gedib çıxmasına dair internet resurslarında yüzlərlə faktlar var. Hansı ki, S.Osmanqızı o faktların, iddiaların heç birinə tutarlı arqument gətirməməklə, obyektiv münasibət bildirməməklə deyilənlərin heç də təsadüfi olmadığını nümayiş etdirib. Son vaxtlar isə S.Osmanqızı "jurnalistliyi” bir kənara atıb radikal çağırışları ilə ad çıxaran AXCP-yə, daha dəqiq desək, həmin partiyanın sədri Əli Kərimliyə mətbuat katibliyi etməklə məşğuldur. Bunu onun son dövrlər efirə hazırladığı videolardan, təşkil etdiyi müsahibə və müzakirələrdən aydın sezmək olur. AXCP sədri Ə.Kərimli, onun iradəsi altında fəaliyyət göstərən Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəyli "Osmanqızı TV”nin "parlayan ulduzlarına” çevriliblər. 
 


S.Osmanqızı adıçəkilən şəxslərə efir verməklə, onların fikirlərini ictimai rəyə sırımaqla yanaşı, AXCP sədrini açıq-aşkar himayə də edir. "Bitərəf jurnalist” AXCP sədrinə, yaxud da Milli Şura funksionerlərinə haqlı sual ünvanlamaq üçün efirə qoşulan, obyektiv münasibət bildirmək istəyən tamaşaçıların səsini dərhal azaldır, guya bağlantıda problem var bəhanəsi ilə onların səsini kəsir, fikir bildirməsinə mane olur. Bu kimi addımlarla bir növ AXCP-nin mətbuat katibi funksiyasını yerinə yetirən S.Osmanqızının davranışları "müxalifətçi” adı altında xaricə sığınanların, eləcə də Azərbaycan daxilindəki müxalif düşərgənin diqqətindən yayınmayıb. ReAl Partiyasının sədri İlqar Məmmədov "Facebook”dakı şəxsi profilində status yazaraq, S.Osmanqızını xəbərçilikdə, Natiq Cəfərli, Erkin Qədirli, Azər Qasımlı kimi ReAl-çılar barədə zaman-zaman saxta və boş ittihamlar irəli sürdüyünü diqqətə çatdıraraq, onun "bir partiyanın mətbuat katibi” olduğunu müəyyən etdiyini vurğulayıb. O, ad çəkməsə də bu partiyanın AXCP olduğu heç kimə sirr deyil. İ.Məmmədovun yazdığına görə, bu yəqinini dəqiqləşdirdikdən sonra S.Osmanqızı ilə əməkdaşlığını tamamilə kəsib və düşünüb ki, əgər bir partiya sədrinə deməyə sözü olarsa, bunu birbaşa özünə deyər, mətbuat xidmətinə yox.
 
 

Xatırladaq ki, S.Osmanqızının qeyri-obyektiv, qərəzli, konkret şəxsin və ya şəxslərin xeyrinə təbliğat aparmasına dair iddialar yalnız İ.Məmmədovun yazdıqları ilə bitmir. Hazırda Avropada yaşayan və "Oyan” Hərəkatı İdarə Heyətinin üzvü olan Nahid Cəfərov da yazdığı statusda AXCP sədri Ə.Kərimlinin ruporuna çevrilmiş S.Osmanqızını ifşa edib. Bildirib ki, S.Osmanqızı milləti yalanlar tirajlamaqla barmağına doladığını düşünür. Onun fikrincə, xalqın üzünə yalan danışmağı bacaran bir "jurnalist” heç zaman xalqın dərdinə yanmaz. N.Cəfərov Ə.Kərimli və S.Osmanqızını xatakar "disliker” bütpərəstlər kimi qələmə verib. N.Cəfərov daha sonra yazıb ki, S.Osmanqızı birbaşa canlı yayım zamanı Ə.Kərimli bütünü tənqid edən vətəndaşların səsini kəsir, guya xətdə problem var bəhanəsi ilə dərhal onun efirə qoşulmasına mane olur. N.Cəfərov digər bir statusunda S.Osmanqızı ilə yanaşı, Qənimət Zahidin, Natiq Adilovun fotolarını paylaşaraq qeyd edib ki, məhz jurnalistikaya, liberal dəyərlərə və söz azadlığına ləkə olan bu "jurnalistlər” tərəfindən AXCP sədri "siyasi lider” kimi təqdim olunur. Onun qənaətincə, bu "jurnalistlər” xalqı düşünmür, həqiqətlə maraqlanmır, dəyərləri müdafiə etmirlər.
 
 

Amerikada yaşayan bloqqer, "Youtube” kanalı üzərindən canlı yayımlar təşkil edərək müxtəlif mövzularda müzakirələr aparan İsmayıl Cəlilov da S.Osmanqızının qərəzli fəaliyyətinə, AXCP-nin təbliğatçısı funksiyası yerinə yetirməsinə dair status yazıb. O, S.Osmanqızı və Q.Zahidi özünə rəqib bildiyini, onların peşəkarlığına şübhə ilə yanaşdığını bəyan edib. O, hər iki "jurnalist”in özlərini saldığı duruma təəssüf etdiyini vurğulayıb: "Onların özlərini saldıqları duruma heyfsilənirəm, inanın ki, sevinmirəm. Sevinəcək bir şey yoxdur. Hərəmiz fərqli auditoriya ilə işləyirik. Mən, öz kanalıma tənqidi düşünən insanları çağırıram. Partiya mənsubiyyəti rol oynamır... Amma Sevinc özünü çıxılmaz vəziyyətə salır, öz əli ilə. Öz ətrafında yalnız bir partiya üzvlərini toplayır, başqalarını uzaqlaşdırır. Özü bilə-bilə özünü partiya media alətinə çevirir, öz tamaşaçı bazasını qısaldır. Niyə? Hər bir media öz tamaşaçı bazasını genişləndirməyə çalışanda, xanım niyə belə edir? Cavabı bəllidir. Hamıya gün işığı kimi bəllidir”.
 


Bütün bunlardan bir daha aydın olur ki, S.Osmanqızı və onun kimi xaricə sığınan, oradan Azərbaycan əleyhinə təbliğat aparanların məqsədi, məramı heç də xalqın halına yanmaq, ona yol göstərmək deyil. Belələrini Azərbaycan vətəndaşının halı qətiyyən maraqlandırmır. Onlar şəxsi maraq müqabilində, maddi gəlir qarşılığında ayrı-ayrı şəxslərin, bəzən isə bəlli güc mərkəzlərinin ruporuna çevrilir, həmin dairələrin "mətbuat katibliyi” funksiyasını yerinə yetirirlər. Bunun adı isə qətiyyən vətənpərvərlik, jurnalist fəaliyyəti deyil.
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982