AZE | RUS | ENG |


Sən Müşfiqin yanında qal...

Sən Müşfiqin yanında qal...
Şairin abidəsi ilə bağlı baş verənlər hamıya görk olmalıdır

Təxminən 10 il əvvəl məşhur xanəndə Cabbar Qaryağdının qızı Şəhla Qaryağdı ilə görüşüb atası haqqında yazı hazırlayırdım. Şəhla xanım ata ocaqlarının iş adamları tərəfindən amansızlıqla sökülməsindən, yaşadıqları ərazinin biznesmenlərə satılmasından, söküntü zamanı evlərinin üzərinə vurulan xatirə lövhəsinin, eləcə də qonşuları Əli Nəzminin evinin divarına vurulan lövhənin ayaqlar altında qalmasından ağlayaraq danışmışdı. Yaddaşımda həmişə qalan o söhbəti Mikayıl Müşfiqin heykəli söküləndə yenidən xatırladım. Söküntülərdə məqsəd fərqli olsa da, əslində mahiyyət eynidir. Hər iki halda sökülüb-dağıdılan, uçurulan dəyərdir. Milli-mənəvi dəyər. Hadisə həm də yadıma keçən il Moskvada "Mosfilm” studiyasının qarşısındakı Yevgeni Leonovun heykəlinin miqrantlar tərəfindən oğurlanıb satılmasını xatırlatdı. Özüm Moskvada həmin heykəllə yanaşı şəkil çəkdirdiyimdən rusların o abidəyə sonsuz sevgisinin şahidi olmuşam. O zaman ruslar bu oğurluğu terrorizmlə eyniləşdirdilər. Onlar aktyor üçün yeni hazırlanacaq abidənin əvvəlki kimi alınmayacağından da narahat idilər. Məşhur Georgi Danelyanın "Uğur centlmenləri” filminin obrazı əsasında hazırlanan abidə oğurlanandan sonra rejissor da "Bu quldur abidəsi deyil”- deyə az qala üsyan etdi. 

Hazırda Mikayıl Müşfiqin abidəsini yol çəkilməsi ilə əlaqələndirib sökənlər də eyni iradlarla qınanır. Həm də daha kəskin formada. Hadisəyə "vəhşilik”, "vandallıq” kimi möhürlər vurulur. İctimai qınağın böyüyüb daha geniş dairələri əhatə etməsinə səbəb həm də abidənin sökülməsi ilə bağlı əlaqədar qurumlar tərəfindən doğru-düzgün informasiyanın vaxtında verilməməsi oldu. Gah "ərazidə təmir işləri aparılır, abidəni bərpa edib yerinə qoyacağıq” dedilər, gah "Sovetski”də salınacaq yeni parkın mərkəzində Müşfiqin abidəsi ucaldılacaq” söylədilər. Sonda da "Azəravtoyol”un üç əməkdaşının rəhbərlikdən xəbərsiz halda abidəni sökdüyü və onların cəzalanması, birinin isə işdən çıxarılması” ilə bağlı xəbərlər çıxdı meydana. Bir-birini təkzib edən, biri-biri ilə uzlaşmayan informasiyalar isə böyük şairin abidəsinə olan anlamsız münasibəti ortaya qoydu. Abidənin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadan söküldüyü üzə çıxdı. Mədəniyyət və Turizm Nazirliyi, Abidələrin Mühafizəsi İdarəsi öz növbəsində abidənin sökülməsindən xəbərsiz olduqlarını açıqladılar. Ölkə başçısı da məsləyə laqeyd qalmadı: "Hadisə arasdırılmalı, abidəni sökənlər layiqli cəzalandırılmalıdır”- dedi.

Elə qeyri-maddi nəsnələr var ki, onlar maddi şeylərdən çox dəyərlidir. Bu dəyərlər milli özünüdərki formalaşdırır. Bunu yalnız milli mədəniyyətin nə qədər önəmli olduğunu anlayan təhsilli və mədəni insanlar başa düşə bilər. Cahil adam bu dəyərin qiymətini anlamırsa, bunu ona söyləməyin heç bir mənası yoxdur. Ancaq bu, heç də onlarla qanunların dili ilə danışmamaq anlamına gəlmir. Çox təəssüf ki, bəzi çinli məmurlar mədəni abidələrin nə demək olduğunu, onun itkisinin dövlət üçün nə qədər ağır başa gəldiyini dərk eləmirlər. Dərk eləsəydilər, nə tarixi abidələrə, nə kitabxanalara, nə də digər mədəni obyektlərə əl uzadardılar. Mənəvi dəyərlərin nə demək olduğunu bilənlər isə onları məsələn, Leninqrad blokadası zamanı xilas etməyə çalışanlar - "Ermitaj”ın eksponatlarını bombardmandan qorumaq üçün zirzəmiyə daşıyanlar, Tretyakov qalereyasının portretlərini, Təsviri İncəsənət Muzeyinin, Şərq Mədəniyyəti Muzeyinin, Yeni Qərb İncəsənəti Muzeyinin eksponatlarının evakuasiyasını və demontajını həyata keçirib müharibənin bombardmanından xilas etmək üçün eşalonlarla Novosibirskə yola salanlardır. Bu cür faktlar minlərlədir. Mikayıl Müşfiqin büstü söküləndən sonra gəldiyim qənaət həm də budur: şairin büstünə əl qaldıranlar onun şeirinin bircə sətrini də oxumayanlardır. Şairin nakam, faciəli taleyindən xəbərsiz olanlardır. Şeirin, sənətin nə demək olduğunu anlamayanlardır. 

İctimai qınaqlardan və ölkə prezidentinin məsələyə müdaxiləsindən sonra abidənin yerləşdirildiyi yerə baş çəkən əlaqədar qurumların nümayəndələrinin uzun-uzadı müzakirəsi "Mikayıl Müşfiqin büstünün həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı” ilə bağlı qərarı ortaya çıxardı. Xoşagələn məqam isə budur ki, "Sən Müşfiqin yanında qal...”- deyə yazan şairə sevgi insanları onun başına cəm etdi. Bu, mədəni irsimizə, tariximizə, milli-mənəvi dəyərlərə, poeziyaya sevgi idi.  

Baş verən hadisə heç bir halda "oldu, keçdi” deyə yaddan çıxmamalıdır. Abidənin sökülməsi ilə bağlı qınaqlar və cəzalar görk olmalıdır ki, milli dəyərlərə uzanan əllər birdəfəlik kəsilsin... 
 
Təranə Məhərrəmova
Əməkdar jurnalist


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN