Selcanın səhnəsi... - Fotolar
Aprelin 5-də Azərbaycan
Dövlət Kukla Teatrında (ADKT) Dünya Autizm Məlumatlandırma Günü münasibətilə
tədbir keçirilmişdi. Həmin gün tədbirin iştirakçılarından biri də biz idik. Dövlət
Kukla Teatrı və Müasir Psixologiya Mərkəzinin birgə layihəsi çərçivəsində
reallaşan tədbir "Əlimdən tut” adlı sözsüz tamaşanın nümayişi ilə başladı.
Tamaşada ADKT-nin nəzdində "Oyuq” teatr studiyasının balaca aktyorları və
autizm sindromlu uşaqlar da iştirak edirdilər. Müəyyən inkişaf məşğələləri
keçən bu autizm sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını
hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışırdılar.
İdeyası ssenarist-rejissor
Səidə Haqverdiyevaya məxsus səhnə işinin quruluşçu rejissoru Cəmilə
Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev idi. Bu tamaşa zalda əyləşən hər
bir izləyicinin qəlbini sızlatdı. Qeyd edim ki, sözügedən tədbirin təşkilində
məqsəd autizm sindromlu uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara
daha da yaxınlaşdırılması idi.
Bu yazı isə sözügedən tədbirdə
diqqətimizi çəkən, tamaşanın əsas obrazlarından birini canlandıran Selcan Müseyibova
haqqındadır. O, bu tamaşada autizm
xəstəliyinə düçar olmuş uşaq rolunu canlandırırdı. Heydər Əliyev adına
liseyin 3-cü sinif şagirdi, 9 yaşlı Selcan Müseyibova səhnədə sözün əsil
mənasında öz yaşına görə peşəkar bir performans sərgilədi. Onun yaratdığı obraz
bizi özünə valeh etdi. Əslində Selcanın səhnə performansını görəndə düşündüm
ki, bu balaca qızcığaz gələcəyin peşəkar aktrisası olacaq. Bəlkə də artıq olubdur.
Biz də balaca aktrisamızı redaksiyamıza dəvət edib, onunla söhbət etdik. Onunla
danışanda bu obrazın Selcanın peşəkar səhnədə ilk obrazının olmadığından da
xəbərdar idik. Belə ki, müsahibimin 9 yaşı olmasına baxmayaraq, bu günə qədər
teatrın səhnəsində və kiçik səhnədə bir-birindən maraqlı obrazlar yaradıb.
Balaca Selcan "Oyuq” teatr
studiyasının tərkibində hazırlanan tamaşalarda Maşa, Qala, Şahzadə Ella, Göyçək
Fatimə kimi obrazların müəllifidir. Onu da qeyd edim ki, Selcan 5 yaşından
beynəlxalq səhnələrdə ifaçı kimi çıxışlar edib. Özünü bir də aktrisalıq
sahəsində sınamaq istəyib və bu onda gözəl alınıb. Bu işdə anası Aynurə xanım
da qızına böyük dəstək olub. Aynurə xanım övladının sənətə olan sevgisini
görüb, bir çox valideynlər kimi övladının arzularının üzərindən xətt çəkməyib.
Əksinə, qızı Selcanın arzularının ardınca addım-addım gedib və bu gün də
getməkdə davam edir.
Biz də Selcanımızla səmimi
söhbət etdik. Yaşının az olmasına baxmayaraq, suallarımızı təmkinlə və dolğun
cavablandırdı.
- İlk olaraq, səni bu obrazına görə təbrik edirəm. İstərdik tamaşa barədə
təəssüratlarını bizimlə bölüşəsən.
- Təşəkkür edirəm. Çox sağ
olun. Ancaq bu tək mənim uğurum deyil. Bu tamaşada əziyyəti keçən insanlar var
ki, mən buradan onlara təşəkkürümü bildirmək istəyirəm. Uşaq "Oyuq” teatr studiyasının
rəhbəri Səidə xanıma təşəkkürümü bildirirəm ki, bizə belə bir tamaşa hazırlamaq
və autizm xəstəliyinə düçar olan uşaqlarla görüşmək üçün şərait yaratdı. "Əlimdən
tut” tamaşasını 3 günə hazırladıq. Bu 3 gündə əlimdən gələni etməyə çalışdım.
-
Xəstə uşağı canlandırmaq çətin deyildimi?
- Teatrı o qədər çox sevirəm
ki, istənilən obrazı sevə-sevə oynayaram. Yetər ki, səhnədə olum. Mən səhnəni
çox sevirəm. Buna görə də bütün obrazların öhdəsindən gəlməyə hazıram.
- Sən uşaq vaxtından beynəlxalq festivallarda ölkəmizi təmsil edirsən.
Xatırlayırsanmı, o festivalları?
- Əlbəttə. İştirak etdiyim beynəlxalq
festivallar mənim həyatıma xüsusi bir rəng qatıb və qatmaqda da davam edir. İndiyə
qədər bir sıra festivallarda iştirak etmişəm. İlk dəfə 5 yaşımda Bolqarıstanda
keçirilən "Golden Sparkles” festivalında iştirak etdim və orada iki
nominasiyada qalib oldum. Daha sonra Azərbaycanı ilk dəfə Makedoniyanın Struqa
şəhərində keçirilən "Lake Pearls” (Ezerskie Biseri) musiqi festivalında
təmsil etdim. Bu festivalda "Ən yaxşı səs” nominasiyasında birinciliyə layiq
görüldüm. "Oyuq” teatr studiyasına gəldikdən sonra isə demək olar ki, mənim üçün
bambaşqa bir pəncərə açıldı.
-
Maraqlıdır, bu necə bir pəncərədir?
- Burada istedadlı uşaqlarla birlikdə olduq.
Maraqlı tamaşalar hazırladıq.
Hazırladığımız tamaşalarla beynəlxalq festivallarda iştirak etdik. Bu
işdə uşaq "Oyuq” teatr studiyasının rəhbəri, ssenarist Səidə Haqverdiyevanın
bizə çox böyük dəstəyi oldu. Onun sayəsində beynəlxalq festivallarda iştirak
edirik. Biz burda bir ailə olduq. Uşaqlarla birlikdə əylənirik. Tədbirlərdə
iştirak edirik. Tamaşalar hazırlayırıq. Səhnədə davranış qaydalarını öyrənirik.
Bu işdə bizə Cəmilə xanım böyük kömək edir. O bizə səhnədə özümüzü necə idarə
etməliyik kimi məsləhətlər verir. Bu studiyada toplaşan dostlarımın hamısı
istedadlı uşaqlardır. Onlar incəsənətin müxtəlif sahələri üzrə öz biliklərini
artırırlar. Misal üçün, studiyada bir qızımız gözəl rəqs edir, biri skripkada
yaxşı ifa edir, biri gözəl şeir deyir.
-
Bəs qrupda ən çox kimi istəyirsən?
- Bütün dostlarım mənə
əzizdir. Onları bir-birindən ayırmıram. Ancaq birinin adını çəksəm, o biri
dostlarım məndən inciyər. Onların hamısı mənə əzizdir.
-
"Oyuq” teatr studiyasında hazırlanan tamaşalarla səni beynəlxalq festivallarda
tez-tez görürdük. Hətta bir dəfə ölkəmizə 3 mükafatla geri dönmşüdünüz.
- Bəli. Bu studiyanın
yaradıcı heyəti ilə indiyə kimi Makedoniya, Bolqarıstan, Türkiyə, Rusiya, İran
və bir çox başqa ölkələrdə olmuşuq. Əksəriyyətində də qalibiyyət əldə etmişik.
Sonuncu dəfə dostum AylinNəcəfliilə Sankt-Peterburqdauşaqvəyeniyetmələrin"Cazkaruseli”adlımusiqivəcazfestivalına
qatılmışdıq. Səidə müəlliməm həmişə deyirdi ki, Rusiyanın çoxgüclüteatrənənəsivəteatrməktəbivar.
Bu festivalda mükafat qazanmaq heç də asan məsələ deyil. Ancaq biz o
festivaldan 3 mükafatla geri döndük.
-
Selcan, 5 yaşından mahnı oxuyursan, indi necə?
- İndi də hərdən oxuyuram.
Ötən il oktyabrın 19-da teatr studiyamızdakı uşaqlarla bərabər hərbi-vətənpərvərlik
mövzusunda "Ordumuzun igidləri” adlı mahnı oxuduq. Hətta bu mahnıya klip də
çəkildi. Mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Gövhər Həsənzadəyə
aid idi. Çox gözəl mahnı idi.
- Bu arada, sənin filmlərdəki və seriallardakı obrazların da
diqqətimizdən yayınmır. Filmdə çəkilməyi çoxmu sevirsən?
- Həm də necə... Mənim üçün
filmin ayrı, teatrın isə ayrı yeri var.
-
Ən çox hansını sevirsən?
- Teatrı daha çox sevirəm.
Çünki teatr mənim üçün bir ailə deməkdir.
-
İndiyə qədər hansı filmlərə çəkilmisən?
- İndiyə qədər bir neçə
filmdə rol almışam. Onlardan "Bir ovuc sonsuzluq”, "Ər quyusu”nu misal gətirə
bilərəm. Daha sonra "28 İyun” serialında da rol almışam.
- "Ər quyusu” filmində əsas obrazların birini canlandırırdın. Çəkiliş
prosesləri maraqlı idimi?
- "Ər quyusu” filmini çox
sevirəm. Çünki biz bu filmi çəkmək üçün müəlliməmlə müxtəlif bölgələrə getdik.
Biz orda heç bir çətinlik çəkmədik. Gündəlik həyatda dostlarımla necə oynayıb,
vaxt keçirirdiksə, filmdə də elə. Bir də onu qeyd eləmək istəyirdim ki, bu
filmdə sevdiyim insanlarla bir yerdə idik. O insanlar mənə doğma idi. Ona görə
mənə onlarla işləmək çox xoş oldu.
-
Elə filmin qala gecəsində də çox gözəl görünürdün.
- Çox sağ olun, təşəkkür
edirəm. İlk dəfə idi bir qala gecəsinə iştirakçı kimi gedirdim. Qala gecəsini
çox sevdim. Yenə də olmasını istəyirəm. Biz Bakıda qala gecəsindən sonra Mingəçevirə
və Gəncəyə getdik. Orda da bizi çox gözəl qarşıladılar.
-
Bəs, dərslərini necə oxuyursan?
- Dərslərimi əla
qiymətlərlə oxuyuram. "Oyuq” teatr studiyasında qalmaq və burada tamaşalarda
iştirak etmək üçün ilk növbədə dərslərimizdən əla qiymətlər almalıyıq. Kim
dərslərini yaxşı oxumasa, Səidə müəllimə onu studiyadan çıxarır. Deyir ki, get,
dərslərini oxu. Əla qiymətlər alana qədər o uşaqları qrupa buraxmır.
-
Selcan, gələcəkdə kim olmaq istəyirsən? Aktrisalıq sənətini davam etdirmək
istəyirsən, yoxsa bu sənətə hobbi olaraq davam etmək niyyətindəsən?
- Aktrisalıq sənətini çox
sevirəm. Bu sənəti heç vaxt atmayacağam. Aktrisalıq hər zaman mənim ikinci
sənətim olacaq. Dərslərimi yaxşı oxuyuram. Amma kim olacağımı hələ ki
dəqiqləşdirməmişəm.
-
Səhnədə olarkən nə düşünürsən?
- Hər dəfə səhnəyə çıxanda
həyəcan keçirirəm. Ancaq səhnədə olmaq gözəl hissdir. Öz yaşıdlarımla
ünsiyyətdə olmaq, onlara oynadığın tamaşalarla nəyisə ötürə bilmək isə
bambaşqa...
-
Səhnədə asanlıqla ağlaya və gülə bilirsən. Çətin deyil ki?
- Heç də. Mən bu işi
sevirəm. İnsan sevdiyi işlə məşğul olanda, heç nə ona çətin görünmür.
Xəyalə Rəis