Səkinə Kərimzadə: Azərbaycanlı tələbələrin çox zəki olduğunu deyirlər

Səkinə Kərimzadə: Azərbaycanlı tələbələrin çox zəki olduğunu deyirlər

Müsahibə
29 İyun 2019, 15:09 1494
Türkiyədə eyni vaxtda iki ixtisas üzrə ali təhsil alan azərbaycanlı tələbə Səkinə Kərimzadəninin "Report"un Türkiyə bürosuna müsahibəsi.

- Əvvəlcə bir az keçmişə qayıdaq. Türkiyədə ali təhsil almağa necə qərar verdiniz?
- Mən 1999-cu ildə Bakıda anadan olmuşam. Yasamal rayonu, Mirələkbər İbrahimov adına 153 nömrəli tam orta məktəbi bitirmişən. Ailədə iki uşağıq və məndən başqa bir qardaşım da var. Əslində, Türkiyəyə gəliş hekayəm çox qəribə oldu. Çünki Bakı Dövlət Universitetinə hazırlaşırdım və qəbul imtahanlarına da üç ay qalmışdı. Ancaq birdən-birə fikrimi dəyişdim və anamın da istəyi ilə Türkiyədə təhsilimi davam etdirməyi qərara aldım. Nəticə etibarilə imtahanlara hazırlaşmaq üçün çox az vaxtım vardı. Anamla birlikdə İstanbul təhsil mərkəzinə getdik və müəllimlərdən biri ilə həmsöhbət olduq. O, mənə dedi ki, "üç aya tələbə yetişməz, bəlkə pomidor yetişə bilər. Ona görə də sən bu istəyindən vaz keç". Lakin bu söz anamla mənə çox pis təsir etdi. Bəlkə də elə bu söz mənə təkan verdi ki, ona necə yetişə biləcəyimi sübuta yetirim. Nəhayət, 2016-ci ildə müəllimlərim sayəsində üç ay hazırlıqdan sonra İstanbul Universiteti və Süleyman Dəmirəl Universitetini qazandım. Həmin vaxt İstanbulda vəziyyət bir qədər gərgin idi, dövlət çevrilişinə cəhd baş vermişdi. Bu səbəbdən anam İspartanı seçməyimi məsləhət gördü. Xalam da İspartada yaşadığından Süleyman Dəmirəl Universitetini seçdim.

- Bəs Türkiyəyə ilk gəldiyin günləri necə xatırlayırsınız?
- Əvvəllər İspartada çox sıxılırdım, ona görə də kaş İstanbulu seçəydim deyirdim. Bəlkə də İstanbulda imkanlar daha yaxşı olardı deyə düşünürdüm. Əlbəttə, mühitə alışanadək çox çətinlik çəkdim. Çünki Türkiyə türkcəsini bilmirdim və terminləri başa düşmürdüm. Hüquq dərsləri məni çox yorurdu. Gah "Google translate", gah da kitabla gəzirdim. Bir xatirəmi sizinlə bölüşmək istəyirəm. İlk dəfə universitetə gedəndə azərbaycanlı tələbələrdən biri məni yeməkxanaya apardı. Gəl köftə yeyək dedi. Mən də nədir deyə sual etdim. Sadəcə, bizim kotletdir dedi. Onda kotlet yeyək dedim. Ancaq bir hissəsini ağzıma qoyanda kotlet olmaığını deyib ağlamağa başladım. Həmin vaxt Azərbaycandan çox uzaqda olduğumu anlamağa başladım.
Digər tərəfdən, Türkiyəyə yeni gələndə Azərbaycan üçün çox darıxırdım. Bəzən Bakıya qaçaraq gedə biləcəyimi hesab edirdim. İndi də Bakıya uçarkən təyyarə Xəzərin üstündə dövrə vuranda gözlərim dolur. Hər dəfə hava limanında pasportların qeydiyyatını aparanların hal-əhvalını soruşuram və onlar üçün çox darıxdığımı söyləyirəm. Onlar da tanış olduğumu hesab edirlər və gülərək biz də sizin üçün çox darıxmışıq deyirlər.

- Bu günlərdə məzun oldun. Çiyinlərində Azərbaycan bayrağı ilə kürsüyə çıxarkən hansı hissləri keçirdiniz?
Bəli. Mənə əvvəlcədən çıxışımın olacağını demişdilər. Ancaq son anda bunu ləğv etmişdilər. Buna kimin mane olduğunu bilmirəm, lakin Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın dəstəyi ilə məsələ öz həllini tapdı. Yenə də ölkəm və dövlətim mənim uğurumda yanımda olduğunu nümayiş etdirdi və bu da məni daha da güclü etdi. Ancaq çıxışımı qısaltdılar. Bununla belə, hər şeyi Azərbaycan bayrağını çiynimə asaraq kürsüdən söylədim. Təbii ki, çox həyəcanlı idim. Ailəm də məni izləyirdi. Ümummilli lider Heydər Əliyevin "Mən sizə, bütün gəncliyə Azərbaycanın gələcəyi ilə bağlı olaraq baxıram” sitatını nümunə çəkdim. Sonra məni yetişdirən ölkəmə, Azərbaycana təşəkkür etdim. Doğrudan da çox kövrəlmişdim, indi isə gülərək danışıram. Amma kürsüdən azərbaycanlı olduğumu hayqırmaq qürurverici idi. İsparta qarnizon komandiri Albay Bilgin Çətinbağ məzuniyyət hədiyyəmi təqdim etdi. O, Türkiyə və Azərbaycan əlaqələrini inkişaf etdirmək üçün var gücü ilə çalışan Azərbaycan gəncliyinə təşəkkür etdi.

Məzuniyyət tədbirindən sonra fakültənin dekanı Mustafa Öztürk ailəmi və məni otağına çağırdı, xatirə şəkli çəkdirdi. Valideynlərimə mənim universitetdə qalmağım, magistr təhsili aldıqdan sonra burada fəaliyyətimə davam etmək üçün bütün dəstəyi verməyə hazır olduğunu dedi. Müəllimlərim də ali təhsil müəssisəsində qalmağımı çox istəyirlər. İsparta şəhər bələdiyyəsinin sədri Şükrü Başdəyirman də mənim qalıb fəaliyyətimi davam etdirməyimi istəyir. Çünki aktiv olduğumdan Azərbaycanla bağlı tədbirlərin təşkilində öncüllük edirəm və bələdiyyə sədri hər zaman bizə dəstək olub. O da İspartada qalmağım üçün zəruri dəstəyi verməyə hazır olduğunu bildirdi. Ancaq mən Azərbaycana dönəcəyəm. Qaldığın, yaşadığın ölkə nə qədər gözəl olsa da, Vətən başqadır. Mən Azərbaycanı çox sevirəm. Burada öyrəndiklərimi ölkəmdə tətbiq etmək istəyirəm.

Mən hələ də bu uğurları qazandığıma inana bilmirəm. Mənə anam və xalam çox dəstək oldu. Xalam burada yaşadığından bütün işlərimdə mənə dəstək verdi. Səhərlər Biznesin təşkili və idarə olunması, axşamlar isə Sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alırdım. Bu il qərara gəldim ki, digər ixtisası bir il müddətində donduraraq Biznesin təşkili və idarə olunması ixtisasını üç ilə bitirim və belə də oldu. Digər ixtisas üzrə hazırda ikinci kursdayam və növbəti il bitirməyi planlayıram.

- Bu gün Türkiyədə ali təhsil almaq arzusunda olanlara nə kimi məsləhət verərdiniz?
- Mən Türkiyəyə gəldikdən sonra Azərbaycanda orta məktəblərin verdiyi təhsilin çox güclü olduğunu gördüm. Ona görə də burada təhsil alan azərbaycanlı tələbələr yerlilərdən çox fərqlənirlər. Bunu müəllimlərimizdə etiraf edilər. Azərbaycanlı tələbələrin çox zəki olduğunu deyirlər. Birinci kursda riyaziyyat imtahanında 100 faizlik nəticə göstərmişdim. Sualların, demək olar, hamısı orta məktəbdə öyrəndiyimiz riyazi hesablamalar idi. Ancaq tələbələrdən çoxu kəsilmişdi. Daha sonra həmin tələbə yoldaşlarımdan əksəriyyətini hazırlaşdırdım və onlar imtahanda müvəfəqiyyət qazandılar. Türkiyədə uğur qazanmaq daha asandır. Çünki burada səni kəşf etməyə çalışırlar. Sən uğurlu olsan, bütün qapıları açacaq və dəstək olacaqlar. Mən bunu şəxsi təcrübəmdən görürəm. Bu gün təhsil aldığım univeristet məni burada saxlamaq üçün hər şeyi etməyə hazırdır. Azərbaycanlılara qorxmamağı tövsiyə edirəm. Uğur qazanmaq öz əllərindədir. Bu gün ən böyük arzum illərdir xəyalını qurduğum şirkəti - "Kərimzadə” geyim markasını yaratmaqdır. İnşallah, bir gün bunu edəcəyəm. Bundan başqa, aztəminatlı ailələrin uşaqlarının xarici ölkələrdə təhsil alması üçün dəstək proqramları təkşil etmək istəyirəm. Onlar nə qədər yaxşı oxusalar da, təkbaşına irəli getmək çox çətindir. Mən özüm bu yollardan keçdim. Ailəmin nə qədər çətinliklərə qatlaşaraq mənə dəstək olduğunu gördüm. İnşallah, bu layihəmi reallaşdırıb IX sinifdən etibarən aztəminatlı ailələrin uşaqlarına dəstək proqramı yaradacağam və onlara təhsili üçün əlimdən gələni edəcəyəm.