Səhər yeməyini yedi, zarafatlaşdı və bütöv bir epoxa bitdi - Fotolar

Səhər yeməyini yedi, zarafatlaşdı və bütöv bir epoxa bitdi - Fotolar

Mədəniyyət
05 Oktyabr 2019, 12:00 11233
Mark Zaxarov – sovet və Rusiya teatr və kino rejissoru, aktyor, ssenarist və ədəbiyyatçı. Onun adı ilə bütöv bir teatr epoxası bağlıdır. Onun tamaşaları dillərdə dastan olub, kinolentləri isə sitatlara bölünürdü. Amma karyerasının başlanğıcı heç də belə uğur vəd etmirdi. 

Çətin, yarı ac, ümidsiz bir həyat...

Mark Anatolyeviç Zaxarov 1933-cü ildə Moskvada anadan olub. İnqilab vaxtı Markın atası Voronej Kadet korpusunda oxuyurdu. O, qırmızıların tərəfdarı idi, ordu sıralarına daxil olduqdan sonra Voronejdən Varşavaya kimi uzun yol getmişdi. Müharibədən sonra hərbi idman sahəsində işləyib. Gələcək rejissorun anası aktrisa olmaq arzusunda idi. Qadın, aktrisalıq sənətini Yuri Zavadskidən öyrənirdi. 

1934-cü ildə Markın atası əksinqilabi fəaliyyətinə görə həbs edilir və 3 il sürgünə göndərilir. Anası teatr karyerası xəyallarını tərk edərək həyat yoldaşı ilə sürgünə yola düşür. Sonralar atasının Moskvaya girişinə qadağa qoyulur. Anası isə çox çalışır. Mark anası haqqında nənəsi Sofiya Nikolayevna ilə tez-tez söhbətləşərdi. O vaxt qadın, uşaq evinin müdirəsi vəzifəsində çalışırdı. 
 
 

1943-cü ildə nənəsinin vəfatından sonra ailə Moskvaya qayıdır. Kommunal bir mənzildə çətinliklə 2 otaq alırlar. Mark Zaxarovun özünün yazdığı kimi: «Çətin, yarı ac, ümidsiz bir həyat başladı». Markın atası Moskva qarnizonunun təhlükəsizlik bölmələrində işə düzəlir. Eyni maddəyə – 58-ci maddəyə görə, o, yenidən Moskvadan deportasiya olunur. Anası dram dərnəklərində uşaqlara dərs deyir və oğlunu da bu məşğələlərə cəlb edə bilir.  

Aktyorluqdan rejissorluğa

Sergey Obrazsov adına Kukla Teatrının markası gənc Zaxarovu cəlb edirdi. Yeniyetmə ikən anasının rəhbərlik etdiyi bir dram klubuna qatılır və Andrey Tarkovski ilə birlikdə Pionerlər evinin teatr kollektivində məşğul olmağa başlayır. Məktəbdən sonra Markın sənətlə bağlı dəqiq bir hədəfi yox idi. Gənc oğlan memarlıq institutuna müsabiqədən keçmədi, Hərbi Mühəndislik Akademiyası isə atasının tərcümeyi-halına görə onu qəbul etmədi. Bu vaxt anası müdaxilə etməli oldu: qadın oğlunun gələcəyi ilə bağlı yuxu gördü. Ana taleyini teatrla əlaqələndirən Marka dəstək olurdu.
 
 

Xoşbəxt abituriyent Moskva İncəsənət Teatrına ilkin dinləmələrə gəlir. O, Robert Bernsin «Süpürgə kolundan bal» şeirini Marşakın tərcüməsində ucadan oxumağa başlayır və müvəffəqiyyətsizliyə uğrayır. 

Sonra anası Marka imtahanda «Tacir Kalaşnikov mahnısı» ilə iştirak etməyi təklif edir. Qadın oğluna proqramı öyrənməkdə kömək edir. Mark sənədlərini Teatr İnstitutuna təqdim edir və qəbul olunur. 

Zaxarovun yaradıcılıq tərcümeyi-halı teatrda başlayır. Artıq ikinci kursda ikən epizodik rollarla səhnəyə çıxır. İnstitutu bitirdikdən sonra isə Perm Regional Dram Teatrına daxil olur. 

Permdə keçirdiyi 3 il yaradıcılıq baxımından məhsuldar olur. Mark Anatolyeviç çox yazır, rəsmlər çəkir. Karikatura təsvirləri yerli mətbuata yol açır. Eyni zamanda radioda da çalışır. Məmnuniyyətlə tamaşaların təşkilində də iştirak edir.  

Permdə Çekmaryovla birlikdə Zaxarov üçün ilk tamaşa səhnələşdirilir. Mark aktyorlarla işləmək üçün güclü, iradəli keyfiyyətlərə sahib olduğunu hiss edir. Zaxarovun ideyalarını həvəslə dinləyirdilər. 1959-cu ildə Mark Anatolyeviç həyat yoldaşı, aktrisa Nina Lapşinova ilə  yenidən Moskvaya gəlir və Qoqol adına teatrda işə düzəlir. Bu anlar onu, yazı masası arxasına keçmək arzusu da tərk etmirdi. Zaxarov əvəzolunmaz əbədi ustalığa yiyələnir.
 
 

Mark Anatolyeviçin insan mahiyyətini yumoristik bir hekayə ilə ifadə etmək bacarığı ona «Müəmma», «Vəhşi və kafir» teatr əsərlərini səhnələşdirməyə kömək etdi. 1964-cü ildə Zaxarov bir mərhələnin başa çatdığını anladı. Artıq o, aktyor olmaq istəmirdi. Bütün enerjisi və istəyi rejissorluq uğurlarına yönəlmişdi. 

Moskva Dövlət Universitetinin Tələbə Teatrının səhnəsindəki debütü «Əjdaha» pyesi ilə olur. Sonralar Mark Anatolyeviç bu materiala «Əjdahanı öldür» filmində çalışan Yevgeni Şvarsa görə qayıdacaqdı. MDU Tələbə Teatrı rejissorluq fəaliyyətində başlanğıc nöqtəsi oldu. Zaxarov orada bir çox tamaşalar hazırladı: Vladimir Voinoviçin «Dürüst olmaq istəyirəm», Bertolt Brextin «Arturo Uinin karyerası» və s. əsərlər artıq onu rejissor kimi tanıtdı. 

M.Zaxarov 1965-ci ildə Moskva Satira Teatrının peşəkar səhnəsində çalışır. Zaxarovun səhnələşdirdiyi Aleksandr Ostrovskinin «Gəlirli yer» tamaşası 40 dəfə oynanılır və  böyük uğurla qarşılanır. Sonra tamaşanı göstərməyi qadağan edirlər. Bu, növbəti «Ziyafət» komediyası ilə də baş verir. Lakin Zaxarovun tamaşaları həmişə populyar idi. 1973-cü ildə Mark Anatolyeviç Moskva «Lenkom» teatrına rəhbərlik edir. Bir il sonra İnna Çurikova, Nikolay Karaçentsov, Yelena Şaninanın qatıldığı Qriqori Qorinin «Til» pyesinin tamaşası əlamətdar oldu. Ardınca Boris Vasilyevin «Siyahıda qeyd olunmayıb» əsəri səhnələşdirildi. 1976-cı ildə rejissor və teatr sənətçiləri tamaşaçılara yeni bir şedevr - « Joaquin Murietanın – Ulduz və ölüm» tamaşasını təqdim etdilər. 

1981-ci ildə «Lenkom»da tamaşaya qoyulmuş «Yunona və Avos» tamaşası Moskvada bomba kimi partladı. Tamaşalara bilet almaq mümkün olmur və tamaşaçılar hər dəfə gözüyaşlı «Eşq duası» final xorunu oxuyurdu.

1983-cü ildə teatr Parisə qastrol səfərinə çıxır. Buranın mədəniyyət mərkəzində Pierre Kardinin çıxışları olurdu. Məşhur rok operası «Yunona və Avos» yaxşı qarşılanır. ABŞ-ın, Almaniyanın və Hollandiyanın tamaşaçıları də tamaşa ilə tanış olurlar. Rejissor dəfələrlə tamaşaların televiziya versiyalarını alqışlamadığını, müasir texnologiyaların çox şey edə biləcəyini, ancaq səhnədəki sənətçilərdən gələn xüsusi atmosferi və enerjini çatdıra bilməyəcəyini qeyd edib. Bu, bəzən teatrın bütün «duzunu» təşkil edir. Ancaq yenə də əfsanəvi istehsalın televiziya versiyası iki dəfə – 1983 və 2002-ci illərdə ortaya çıxdı. 
 
 

Daha sonra Mark Zaxarovun əsərlərinin sayı Lyudmila Petruşevskayanın «Mavi rəngdə geyinmiş üç qız», Anton Çexovun «Çayka», Pierre-Augustin Beaumarchaisin "Dəli gün və ya Fiqaro ilə evlənmə”, Nikolay Qoqolun "Evlənmə”, Henri İbsenin "Per Günt” tamaşaları ilə tamamlandı.

"12 stul”dan başlayan yol

1976-cı ildə M.Zaxarov özünü kinoda sınayır. Nəticədə tamaşaçıların sevdikləri bir film – Andrey Mironov ilə birgə «12 stul» yaranır.

Tezliklə ekranlara "Adi möcüzə» filmi çıxır. Aleksandr Abdulov, Yevgeni Simonova, Oleq Yankovski və Yevgeni Leonovun səsləndirdiyi təsirli məhəbbət məsələsi aktual və təzədir. Mark Zaxarovun hər filmi diqqət çəkir və klassikaya çevrilir. Bir il sonra, Qriqori Qorinin ssenarisi və Aleksey Rubnikovun musiqisi əsasında «Həmin Münhauzen» tragikomediyasının premyerası olur. Baş rolları Oleq Yankovski, Yelena Koreneva, İnna Çurikova, İqor Kvaşa ifa edir. Rejissorun filmoqrafiyasındakı növbəti şedevr, Sankt-Peterburqda qastrol zamanı Smolensk torpaqlarında gizlənmək məcburiyyətində qalan qraf Kaliostro haqqındakı «Sevgi formulu» adlı film olur. Baş rollarda Nodar Mqalobşvili, Yelena Valyuşkina, Semyon Farada, Tatyana Peltzer və başqalarının rol aldığı film uzun illər izləyicilərin sevgisini qazanır. Mark Zaxarovun sonuncu filmi 1988-ci ildə ekranlara çıxan «Əjdahanı öldurmək» antitopiyası idi.  

Zaxarovun son əsərləri 2015 və 2016-cı illərdə teatrın repertuarında görünən «Cadugərlərin gecəsi” və «Zalımın günü»dür. 

Sətəlcəmin qurbanı

Son illərdə professor Mark Anatolyeviç Teatr İnstitutunda dərs deyirdi. O, 1983-cü ildə müəllimlik karyerasına başlamışdı. Maestro son günlərə qədər doğma teatr truppasının bədii rəhbəri olaraq qaldı. 

13 oktyabr 2018-ci ildə teatrsevərlər, televiziya tamaşaçıları və Mark Zaxarovun həmkarları təntənəli tarixə – ustadın 85 illik yubileyinə yığışdılar. Telekanallar bayram proqramlarını təqdim etdilər. Mark Anatolyeviçin şəxsi həyatı xoşbəxt idi. Nəzakətli, sadiq Nina Tixonovna Lapşinova ilə evlənib. Gəncliyində aktrisa idi, Mark ilə paralel kursda oxuyurdu. Onların tanışlığı divar qəzetlərinin birgə çapı zamanı baş vermişdi. Maraqlıdır ki, Nina gələcək həyat yoldaşını «Zaxarov-Prizaxarov» adlandırıb və bu ifadə təsadüfən Markın ürəyinə yatıb. 

Evlilik təklifini uzatmadı və Lapşinova dərhal razılaşdı. Əvvəlcə Nina Markdan peşəkar olaraq daha uğurlu idi, ancaq həyat yoldaşı rejissorun istedadını aşkarlamağı bacardı. Ailə fotolarında cütlük həmişə xoşbəxt görünürdü. 

Toydan 6 il sonra ailə tamamlandı – Aleksandr Zaxarovun qızı Saşa dünyaya gəldi. Daha sonra Saşa anasının izi ilə getdi. Atasının rejissorluq etdiyi tamaşalarda uğurla çıxış etdi. Teatrda işlədiyi müddətdə  «Lenkom»un şahzadəsi” ləqəbini qazandı. 

2014-cü ildə, həyatının 83-cü ilində Nina Tixonovna onkoloji xəstəlikdən vəfat etdi. Bu zaman Mark Zaxarov ayağının zədələnməsi səbəbindən Almaniyada müalicə olunurdu. Bu, ata və qızı üçün ağır itki idi. 

2019-cu ilin avqust ayının sonunda Mark Anatolyeviç sətəlcəmə tutulduğuna görə, xəstəxanaya yerləşdirildi. Pərəstişkarları rejissorun səhhətinin yaxşılaşması ilə bağlı hər xəbərə sevinirdilər. 

28 sentyabrda Mark Zaxarov 86 yaşında vəfat etdi. Rus mədəniyyətinin parlaq xadiminin zəifləmiş bədəni sətəlcəmə qalib gələ bilmədi.

Mark Zaxarov həmişə  xəstələnəndə, heç kəsi incitməmək üçün dua edirmiş. Belə də olub. Xəstəxanada səhər yuxudan oyanıb. Səhər yeməyini yeyib. Həkimlər və tibb bacıları ilə zarafatlaşıb və gözlərini əbədi yumub...
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova