• çərşənbə axşamı, 19 mart, 06:21
  • Baku Bakı 8°C

Seçkilərə qatılan jurnalistlər hansı təbliğat vasitələrindən istifadə edəcək?

13.01.20 18:33 3090
Seçkilərə qatılan jurnalistlər hansı təbliğat vasitələrindən istifadə edəcək?
Kimisi televiziya haqqında fikirləşir, kimisi sosial şəbəkələri hədəfləyir, kimisi də birbaşa seçicinin ayağına getməyi planlayır

Fevralın 9-da Milli Məclisə növbəti seçkilər keçiriləcək və bu məqsədlə artıq cəmiyyətin müxtəlif kateqoriyalarında olan insanlar namizədliklərini irəli sürüblər. Təbii ki, bu təşəbbüsə qoşulan və namizədlikləri təsdiqlənən insanlar içərisində jurnalistlər də var. Ötən parlament seçkilərindən fərqli olaraq bu dəfəki seçkidə onların sayı daha çoxdur. Parlament seçkilərində namizəd olan jurnalistlərin kampaniya müddətində hansı təbliğat vasitələrindən istifadə edəcəkləri maraq doğurur. Bu baxımdan da parlament seçkilərinə qatılan Azərbaycan mediasının bir sıra nümayəndələri öz fikirlərini "Kaspi” qəzeti ilə bölüşüb.
Mövzu ilə bağlı açıqlamasında 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun seçki qərargahının rəhbəri Çingiz Özgür bildirdi ki, təşviqat dövründə ənənəvi təbliğat vasitələrindən istifadə edəcəklər: "Bura qəzet, xəbər saytları da daxildir. O cümlədən imkanımız olacağı halda televiziyadan da istifadə etməyi düşünürük. Təbii ki, yeni dönəmin trendlərindən olan sosial mediadan da çox ciddi şəkildə istifadə edəcəyik. Belə ki, sosial mediada mövcud olan qruplarda, səhifələrdə paylaşımlarımız olacaq. Həmçinin müxtəlif şəxsi profillərdən də istifadə etməyi düşünürük”.
Ç.Özgür qeyd etdi ki, kampaniya dövründə əsasən birə-bir görüşlərə üstünlük veriləcək: "Bu məqsədlə seçki dairəsini əhatə edən binalarda, məhəllələrdə görüşlər keçiriləcək. Bu görüşlərdə hər bir seçici tərəfimizdən dinləniləcək. Bundan başqa, qərargah üzvləri həmin insanları bir yerə toplayacaq və namizədimizlə görüşləri təşkil olunacaq. O cümlədən namizədimizin platformasının yer aldığı çap materialları seçicilərə qapı-qapı paylanacaq. Eyni zamanda, sürpriz ola biləcək və açıqlamaq istəmədiyimiz digər təbliğat vasitələrindən istifadə edəcəyik. Yaxşı olacaq, hər şey dəyişəcək”.
48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan "Olaylar”İA-nin əməkdaşı Süleyman İsmayılbəyli bildirdi ki, artıq bir neçə gündən sonra növbədənkənar parlament seçkilərinin daha bir mühüm dövrü, təbliğat-təşviqat mərhələsi başlayır: "Təbliğat-təşviqat mərhələsi ilə əlaqədar seçki qərargahımızın müntəzəm olaraq toplantısı keçirilir və müəyyən tədbirlər planı hazırlanıb. İlkin mərhələdə reklam materialları, təbliğat fotolarının çap edilməsi ilə bağlı işlərə start verilib və yaxın günlərdə reklam materiallarımızı müvafiq nəşriyyatdan götürəcəyik. Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq təbliğat mərhələsinə start verildiyi gündən fotoları, platformamızı seçki məntəqələrinin önündəki xüsusi lövhələrdə yerləşdirəcəyik.
O ki, qaldı təbliğatın digər forma və vasitələri, xüsusilə pullu efir vaxtı, Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçmiş KİV-lərdə reklam yerləşdirməyə, həm maddi durum, həm də digər subyektiv səbəblərdən dolayı bu təbliğat vasitəsindən istifadə etməyəcəyik. Əgər dostlarımız, həmkarlarımız maddi qarşılıq olmadan dəstək verər və rəhbərlik etdikləri KİV-lərdə bizə təmənnasız şərait yaradarlarsa, təbii ki, bundan da imtina etmərik. Təklif olmasa belə, bu, bizi qətiyyən narahat etməz”.
S.İsmayılbəyli vurğuladı ki, biz seçicilərlə canlı təmasda olmağa, onların qapısına gedib dərdini dinləməyə, istəyini öyrənməyə, millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işləri bir-bir çatdırmağa üstünlük verəcəyik: "Eyni zamanda, seçicilərimizi əmin etməyə çalışacağıq ki, etimad göstərəcəkləri təqdirdə, onların səsinin çata, asanlıqla arayıb tapa biləcəyi bir millət vəkili olacağıq. Düşünürük ki, bu, ən doğru vasitədir. Həmçinin planımızda deputatlığa namizədlərin təbliğat-təşviqat mərhələsi üçün 48 saylı Yevlax Seçki Dairəsinin ərazisində ayrılmış yerlərdə də seçicilərimizlə görüşlər keçirmək var”.
28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyi qeydə alınan müstəqil jurnalist Aygün Muradxanlı bildirdi ki, əsasən təbliğatı internet üzərindən quracaq: "Yəni, interneti əsas təbliğat vasitəsi seçmişəm. Çünki televiziyalarda efir vaxtları çox bahadır. Konkret olaraq, İctimai TV-nin açıqladığı qiymətlər orta statistik azərbaycanlının - namizədin cibinə uyğun deyil. Onu da qeyd edim ki, televiziyadan baxımlı "Yuotube” kanalları var. Eyni zamanda öz "facebook” səhifəm, digər sosial şəbəkələrdə imkanlar var. Bu baxımdan çalışacağam ki, əsasən təbliğatı sosial şəbəkələr üzərindən qurum”.
A.Muradxanlı əlavə etdi ki, yanvarın 17-də təbliğata rəsmən icazə veriləndən sonra daha çox qapı-qapı siyasətini tətbiq etmək istəyir: "Yəni, seçicilərimlə daha çox canlı təmaslar quracağam, görüşlər təşkil edəcəyəm. Bu görüşlər də həm toplu halında, həm də tək-tək keçiriləcək. Çünki hesab edirəm ki, seçici ilə canlı təmasın təsiri başqadır. Ən azından görüş zamanı sual-cavab ortamı yarana bilər, mənim məsələlərə baxışlarımla bağlı bəzi dəqiqləşdirmələri ola bilər. Təbii ki, hamı namizədini tanımır və ona görə də suallar verib, cavab ala bilər və o təmaslar nəticəsində bizim münasibətlərimiz daha yaxşı məcraya yönələr. Hətta bu gün qəbul etməyən və təbii ki, "orada namizəd güclüdür, siz niyə özünüzü boş yerə yorursunuz” deyənlər də var. Amma bütün hallarda hesab edirəm ki, seçicilərlə canlı təmaslar vacibdir. Ona görə də ən yaxşı "qapı-qapı” siyasətidir və dairəmdə tanıdığım-tanımadığım qapıları döyəcəm. 28 saylı Sabunçu üçüncü seçki dairəsində 58 min seçici var və Azərbaycanda ən böyük dairələrindən biridir. Bu baxımdan da daha çox seçicilərlə görüşüb, ölkədəki dəyişiklikləri həm təbliğ edəcəyik, həm də onları seçkiyə çağıracağıq”.
96 saylı Goranboy-Nafatalan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan "Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov bildirdi ki, seçkidə ilk növbədə ənənəvi olaraq təbliğat materiallarından, o cümlədən plakatlardan istifadə olunacaq: "Həmçinin bir namizəd kimi tərcümeyi-halımın və fəaliyyətimin əks olunduğu flayerlərdən istifadə edəcəyəm. Namizədliyimi irəli sürdüyüm dairədə 45 seçki məntəqəsi var. Hər bir məntəqə ərazisində plakatların vurulması üçün müvafiq guşə - yer ayrılıb. Həmin guşələrdə əvvəlcədən çap edilən plakatlar yapışdırılacaq”.
R.İsmayılov təbliğat vasitəsi kimi çap etdirdiyi flayerləri isə tək-tək dairədəki seçicilərinə təqdim edəcəyini diqqətə çatdırıb: "Bunun üçün də 45 məntəqənin yerləşdiyi bütün kəndləri bir-bir gəzib camaatla söhbətləşəcək, insanları dinləyəcək, onları qayğılandıran problemləri qeyd edəcəyəmm ki, seçicilər etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə qarşımda konkret fəaliyyət planı olsun, o problemlərin həlli üçün müvafiq addımlar ata bilim. Bir sözlə, seçicilərimin ayağına gedəcəm, özümü onlara təqdim edərək dəstəklərini qazanmağa çalışacam. Vətəndaşımızın, seçicimin qarşısına çıxmaqdan, onunla ünsiyyətdə olmaqdan əsla çəkinmirəm. Çünki, mən də onlardan biriyəm”.
45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan müstəqil jurnalist Ceyhun Musaoğlu bildirdi ki, deputatlığa namizəd kimi çalışacaq ki, bütün gərəkli piar vasitələrindən istifadə etsin: "Amma bütün bunlar hamısı qanun çərçivəsində olmalıdır. Çalışacağam ki, təbliğat və təşviqat üçün sosial şəbəkələrdən çox da geniş istifadə etməyim. Daha çox mətbuatdakı dostlarımız köməkliyi ilə xəbər saytlarının imkanlarından istifadə edəcəyəm”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər