• şənbə, 27 Aprel, 04:25
  • Baku Bakı 14°C

Satqınlığın və xəyanətin başqa adı yoxdur

24.05.18 18:13 1285
Satqınlığın və xəyanətin başqa adı yoxdur
Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya və Fuad İbrahiumbəyov olan "Qafqaz üçlüyü” filmi Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanmaqdadır. Çünki ssenarist R.İbrahimbəyov bu filmdə Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, erməniləri isə ailicənab, sülhsevər, "vəhşi türkün qurbanı” kimi təqdim edib. Sözügedən filmdə sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıların yaramaz obrazı formalaşdırılıb. Hətta müəllif ciddi cəhdlə göstərməyə çalışıb ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə məhz ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Bu film R.İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür. Ona görə də ictimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media təmsilçiləri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən R.İbrahimbəyovu və ətrafını sərt tənqid edir, onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Əflatun Amaşov "Qafqaz triosu”nun ssenari müəllifinin azərbaycanlı R.İbrahimbəyov olmasının üzücü bir fakt olduğunu dilə gətirib. Eyni üzüntünü yazıçı Əkrəm Əylisinin "Daş yuxular” romanı ilə bağlı da keçirdiyini diqqətə çatdıran deputat vurğulayıb ki, R.İbrahimbəyovu və Ə.Əylislini birləşdirən cəhətlər oxşardır. Onun fikrincə, bu cəhətlər yaradıcılıq müstəvisində qiymətləndirilə bilməz: "Yaradıcılıq mahiyyət etibarilə pozitiv təbiətlidir. Şəxsin yaradıcı bacarıq və istedadını göstərmək üçün tətbiq etdiyi metodlar hətta ifrat da ola bilər. Yaradıcılıqdakı ifrat konkret hadisə və prosesə münasibətin qeyri-adekvat və müəyyən mənada amansız forması kimi seçilsə də, onda obyektiv həqiqətlərin üzə çıxarılması məramı var və elə buna görə də keçərlidir. Ancaq istər Əkrəm Əylislinin, istərsə də onun "yuxusunu görən” Rüstəm İbrahimbəyovun yaradıcılığı pozitivlikdən uzaqdır. Bəli, onların hər ikisi üstündür. İstedadı şəxsi iddianın, təkəbbürün, qərəzçiliyin nümayişi üçün bazara çıxararaq satmaqda tayı-bərabərləri yoxdur. Rüstəm İbrahimbəyov "Qafqaz triosu”su ilə daha irəli gedə bilmək "potensialını” ortaya qoyur”.

Millət vəkili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinə də diqqət çəkib. Bildirib ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin yaradılmasının üzərindən 100 il keçdikdən sonra cümhuriyyət dövrü xadimləri kimi xalqın ziyalısı olmaq potensialına malik Rüstəm İbrahimbəyov bu filmi ilə istedadını xalqını mədəniyyətsiz, barbar, qorxaq kimi təqdim etməyə çalışıb: "Bu mədəniyyətsizlik və barbarlıq ermənilər üzərində həyata keçirilir. O ermənilər üzərində ki, istər yaxın, istərsə də uzaq tariximizin müxtəlif mərhələlərində bizə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Görəsən, cənab İbrahimbəyovun bəşəriliyin uğursuz imitasiyasına söykənmiş təxəyyülündən filmə sıçratdığı qorxmaz, mərd erməni obrazı öz erməniliyindən imtina edərmi?! O obraz Xocalıdakı dəhşətlərə, ümumən türklərə qarşı ən ağlagəlməz cinayətlərə görə fəxarət duyub özü ilə heçmi öyünməyib?! Bəlkə o erməni xəcalət təri töküb?! Hesab etmirəm ki, Rüstəm İbrahimbəyov bunları bilmir. Çox gözəl bilir, ancaq hikkəsi və iddiası ona kim olduğunu unutdurur”.

Millət vəkili Ə.Amaşov qeyd edib ki, yaradıcı şəxs, istedad sahibi üçün saf niyyətlərə söykənmiş müxalif ruhluluq keçərlidir, hətta etalondur da. Ancaq R.İbarimbəyov "Qafqaz triosu” ilə 11 aprel prezident seçkisi öncəsi Avropadan söyüş yağdıran bəsit təfəkkür sahiblərinin maraqlarından da bəsit maraqların əsiri kimi çıxış edir: "Bu, müxaliflik deyil. Onun insan haqları, mərhəmət kimi bəşəri dəyərlərin tapdalanmasının guya əksinə çıxan beynəlmiləlçiliyinin incə siyasi gedişlərə hesablandığı aydın görünür. Hər kəs İbrahimbəyovun soyuq "şimal küləyi”nin təsiri səbəbindən xəstələnməsinin fərqindədir. "Qafqaz triosu” bu xəstəliyin artıq şizofreniya mərhələsidir. Bəli, satqınlığın və xəyanətin başqa adı yoxdur. Əslində bununla bağlı fikir bildirmək çox ağırdır. O mənada ki, satqın özümüzdən biridir. Üstəlik bizdən olan, yenə də deyim, istedadlı və bacarıqlı biri. Ancaq tariximizdə Oruc bəy Bayat kimi doğulmuş, sonradan iranlı Don Juana çevrilmiş biri də olub. Taleyə baxın, adam küçə davasında ayaq altında qalaraq canını tapşırıb. Rüstəm İbrahimbəyov da "Qafqaz triosu” ilə acı sonluğa doğru daha sürətlə irəliləyir. Görünən budur ki, siyasətin onun cüssəsindən dəfələrlə böyük çarxları altında qalmağa üstünlük verir. Bu durumda bizə "Don Juan Bakinski”mizə görə yalnız təəssüflənmək qalır”.

Akademik Kamal Abdulla da qəzetimizə açıqlamasında bildirib ki, R.İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu”na münasibətdə ikinci mövqe ola bilməz. Onun sözlərinə görə, bu, biabırçılıqdır: "Elə hesab edirəm ki, bu, nəyinsə intiqamını bütün xalqdan almaq arzusudur, cəhdidir. Heç bir millətin nümayəndəsi bunu özünə rəva görməzdi. Bilmirəm ki, müəllif bu işə gedərkən nəyi düşünüb, nəyi düşünməyib. Amma hər halda nəyi qazanıb-qazanmayacağını əvvəlcədən müəyyənləşdirib. Lakin bir şeyi müəyyənləşdirə bilməyib ki, o, öz əməli ilə Azərbaycan xalqının böyük nifrətini qazandı. Görünür Rüstəm İbrahimbəyov Azərbaycan dilindəki "ayıb” sözünü unudub. Bu sözü onun yadına salmaq gərəkdir”.

"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz isə bildirib ki, R.İbrahimbəyov sovet imperiyasının yetişdirdiyi Bakı kosmopolitidir və belə biri üçün insan, vətən yoxdur. Baş redaktorun fikrincə, onun üçün imperiya Moskva və ora xidmət var. Y.Oğuz deyib ki, bu kontekstdə sözügedən şəxsə ermənilərə xidmət tapşırılıb. 2013-cü ilin prezident seçkilərində R.İbrahimbəyovu prezidentliyə vahid namizəd etmək istəyən şəxslərə də təəssüfünü bildirən baş redaktor söyləyib ki, "Qafqaz üçlüyü” filmi onun türk xalqına olan münasibətinin ilk göstəricisi deyil: "Əslində həmin şəxsin "Səhranın bəyaz günəşi” filmində də türk qadınları ələ salınıb, lağa qoyulub. Bu da təbii ki, İbrahimbəyovun dövlətinə, millətinə, öz doğulduğu yerə olan münasibətindən irəli gəlir. Kinorejissor şəxsi maraqlara xidmət edir. Şəxsi maraqlarını kim ödəyirsə, İbrahimbəyov onlara xidmət edir. Bu insan üçün Vətən, dövlət anlayışı yoxdur. Kim ona pul verirsə, o da bu şəxsin qardaşıdır. Filmin Milli Şuranın bəzi üzvləri tərəfindən ermənilərdən alınan maliyyə əsasında çəkilməsini istisna etmirəm”.

"Qafqaz üçlüyü” filmində kinorejissorun yaxınlarında başqa heç kimin yer almadığına toxunan baş redaktor söyləyib ki, normal azərbaycanlı aktyoru heç zaman həmin filmdə rol almaz: "Çünki istənilən aktyor ssenari ilə tanış olduqda onun Azərbaycana qarşı yönələn layihə olduğunu anlayacaqdır. Hətta Moskvada yaşayan, orada gedən azərbaycanlı aktyorlar belə bundan imtina edərdilər. Çox güman ki, rejissor özünə yaxın insanlara müraciət edib. Lakin görünür heç kim həmin filmdə iştirak etmək istəməyib. Rüstəm İbrahimbəyov öz aləmində bu addımlarla Azərbaycanı biabır etdiyini sanıb. Lakin Azərbaycan bütün dünyada yüksək səviyyədə təmsil olunan ölkədir və düşünmürəm ki, bu cür cılız fəaliyyət ölkəmizə hər hansı təsirini göstərsin. Əksinə, bu zərbə İbrəhimbəyovun özünə odəyəcək. Çünki bu addımdan sonra Azərbaycanın qapıları həmin şəxsin üzünə tamamilə bağlandı”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər