AZE | RUS | ENG |


“Sarı gəlin”lə birinci olan balacalarımız - Fotolar

“Sarı gəlin”lə birinci olan balacalarımız - Fotolar
“Oyuq” teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva: “O qədər həyəcanlıydıq ki, qalib olduğumuzu hiss etməmişdik”

Son illər gənclərimizin beynəlxalq festivallarda iştirakını yaxından izləyir və onların əldə etdikləri nailiyyətlərin şahidinə çevrilirik. Onlar beynəlxalq arenalarda ölkəmizi təbliğ etmək, Azərbaycanı dünyada tanıtmaq missiyası ilə məşğuldurlar. Bir neçə ildir ki, onların sırasında azyaşlı istedadlı uşaqlarımız da yer alır. Məsələn, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq” teatr-studiyasının balaca istedadları qatıldıqları hər bir beynəlxalq festivaldan, müsabiqələrdən əli dolu geri qayıdırlar. 
 
Böyük bir məktəb keçərək öz istedadlarını sərgiləyən studiyanın yetirmələrinin uğurları ildən-ilə artmaqdadır. Onlar nəinki ölkə daxilində keçirilən tədbirlərdə, festivallara iştirak edir, hətta dünyanın dörd bir yanında uşaq yarışmalarına qatılır, öz istedadlarını nümayiş etdirərək ölkəmizin adını tanıtmaq missiyasını yerinə yetirirlər. Bu günlərdə "Oyuq” teatr-studiyasının istedadlı uşaqları daha bir uğura imza atdılar. Kiçik yaşları ilə tarix yazan bu uşaqlar Bolqarıstanın Varna şəhərində keçirilən "Golden Sparkles European Music Festival”ında iştirak ediblər. Ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiyanın istedadlı iştirakçıları qalib olub. Belə ki, İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli festivalın bir və ikinci yerlərini qazanıblar. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı "Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin birincisi seçilib. Azərbaycan və ingilis dillərində təqdim olunan mahnını canlı ifa edən balacalar milli geyimlər (modelyer Könül Vəlibəyli) və atributlarla qurmuş olduqları səhnəciklə Azərbaycanın xalq mahnısını müsabiqədə layiqli şəkildə təqdim etməyə müvəffəq olublar. Bundan başqa, balacalar autizm sindromlu uşaqlara həsr olunmuş "Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikinci yerə layiq görülüblər. 
 
 

6-15 yaş arası uşaqları əhatə edən sənət bayramı barədə təəssüratlarını bizimlə bölüşmək üçün studiyanın uşaq qrupunun rəhbəri, bu uşaqların mənəvi anası hesab edilən Səidə Haqverdiyeva "Kaspi”nin qonağı oldu. O, bizimlə söhbətində milli maraqların önə çəkildiyi bu yarışmada "Sarı gəlin” mahnısına təsadüfən müraciət etmədiklərini və bunun müsabiqə zamanı özünü daha bariz göstərdiyini dedi. Səidə xanımla söhbətimiz zamanı studiyanın uğurlarından və uğurunun sirlərindən danışdıq. 
 
- Səidə xanım, ilk olaraq sizi təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirik.
- Təşəkkür edirəm. Bizi təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm. 
 
 
 
- İstərdik, festivalla bağlı  təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Üçüncü dəfədir ki, biz bu festivalda iştirak edirdik. Birinci dəfə studiyamızın istedadlı iştirakçısı Selcan Müseyibova 5 yaşında olarkən bu müsabiqədə "Oxuyaq nəğmələri” mahnısını ifa etmişdi və orada əsas mükafata layiq görülmüşdü. İkinci dəfə isə 2014-cü ildə Aylin Nəcəfli "İşıqlı dünya” mahnısını ifa etmiş və orada "Ən yaxı ifaçı” seçilmişdi. Bu dəfəki səfərimiz sayca 3-cü idi. Uşaqlarımız orada "Sarı gəlin” və "Əlimdən tut” adlı mahnıları ilə tamaşaçıların və münsiflərin rəğbətini qazandı. İki erməni bəstəkarının mahnısının da yer aldığı sözügedən yarışmada "Sarı gəlin” kimi tarixi əhəmiyyətli mahnımızı oxumaq və bu mahnı ilə birincilik qazanmaq heç də asan məsələ deyildi. Ancaq "Oyuq” teatr-studiyasının uşaqları bunu bacardılar. Səhnədə canlı şəkildə ifa edərək həm də rəqs etdilər.  Onlar səhnəyə mili geyimimizlə çıxmışdılar. Həmin geyimləri Bakı Milli Geyim Evi tikmişdi. 
 
 
 
- İnanırdınızmı ki, festivalın qalibi məhz siz olarsınız?
- İnanmırdıq desək, yalan olar. Əlbəttə, mən uşaqlarımızın istedadına bələd idim və bilirdim ki, bu festivalın qalibi ola bilərik. Düşünürdüm ki, ola bilsin, festivalda hansısa qərəzli münasibət olar. Bilirsiniz ki, Bolqarıstanda kifayət qədər erməni və ermənipərəst insanlar yaşayır. Festivala gedərkən bu yarışmada da ermənilərin az olmadığını bilirdik. Hətta orada digər ölkələrin iştirakçılarının ifa etdiyi mahnıların ikisi erməni bəstəkarına aid idi. Ancaq buna baxmayaraq, mahnı üzrə birinci yeri Bolqarıstan, ikinci yeri Azərbaycan tutdu. Onların mahnıları heç bir nominasiya üzrə qalib olmadı. "Sarı gəlin” mahnısı isə 1-ci yeri qazandı. O qədər həyəcanlı idik ki, qalib olduğumuzu hiss etməmişdik. Belə qarşılanacağımızı da düşünmürdük. Geyimlərimiz, mahnı, səhnəcik münsiflərin və tamaşaçıların rəğbətini qazandı. Festival çərçivəsində onlar özləri uşaqlarımıza yaxınlaşıb şəkil çəkdirir, iştirakçılarımızla söhbət edirdilər. Hətta iştirakçılarımızı o qədər bəyəniblər ki, təşkilatçılar bizi qonaq qismində növbəti festivala dəvət etmək istəyirlər.
 
 
 
- Qeyd etdiniz ki, bu festivalda ermənilərin çoxluq təşkil edəcəyini bilirdiniz. Belə olan halda, nə üçün böyük müzakirələrə səbəb olan  "Sarı gəlin” mahnısını seçdiniz? 
- "Oyuq” teatr-studiyasının uşaqlarının əksəriyyəti bu mahnını çox sevir. Onu da qeyd edim ki, uşaqlarımız sözügedən mahnını gözəl də ifa edirlər. Müsabiqənin şərtlərinə əsasən, orda mütləq şəkildə bir bəstəkar mahnısı olmalı idi. İkinci mahnıda isə seçim sərbəstliyi var idi. Biz bəstəkar mahnısını seçdikdən sonra valideynlərlə də məsləhətləşdim və düşündüm ki, mütləq ikinci mahnı "Sarı gəlin” olmalıdır. Hər dəfə sosial şəbəkələrdə, mətbuatda "Sarı gəlin” mahnısını başqa millətin ağzından eşidəndə, həqiqətən bir Azərbaycan vətəndaşı kimi mənə pis təsir edirdi. Bilirsiniz ki, başqa millətlər də bizim bu mahnımıza sahib çıxıb, bu mahnını öz mahnısı kimi təqdim edirlər. Xüsusilə də ermənilər. Bizə məxsus olan mahnını onlardan eşidəndə mənən əzab çəkirik. Düşündüm ki, böyük bir müsabiqəyə qatılırıq, əgər orada erməni bəstəkarının mahnısı və ermənilər varsa, biz nə üçün "Sarı gəlin” mahnısına müraciət etməyək? Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi, bu xalq mahnımız da mənfur qonşularımızın təcavüzünə məruz qalaraq özününküləşdirilir. Biz də bu mahnıya müraciətimizlə, onu milli rəqslə müşayiətimizlə və səhnədə qurmuş olduğumuz Qarabağ səhnəciyi ilə orada olan insanlara, elə ermənilərin özlərinə də bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etdik. Çünki o tədbirdə də mənfur qonşularımız aktivlik nümayiş etdirirdilər. Təbii ki, biz istər orada verdiyimiz müsahibələrdə, istərsə də ətrafımızdakı insanlarla söhbətlərimizdə bu barədə haqq səsimizi ucaltmağa çalışdıq. Sevinirəm ki, balacalarımız bu məsuliyyətli missiyanı layiqincə icra edərək bu əzəmətli xalq mahnımızı yüksək səviyyədə təmsil etməyə müvəffəq oldular. Sağ olsun təşkilatçılar ki, bizimlə razılaşdılar və bu mahnını orada oxumağa icazə verdilər. Çünki belə festivallarda qalmaqallı mahnıları ifa etməyə icazə verilmir. Əvvəlcədən biz bunun razılığını almışdıq. Mahnını yeni aranjeman etdirdik və canlı şəkildə festivalda ifa etdik. Ümumiyyətlə, bu mahnı çətin mahnıdır. Dinləyən zaman insanlara çox asan görünür. 
 
 
 
- Münsiflər heyəti bizim iştirakçılarımız haqqında hansı fikirləri səsləndirirdilər?
- Məlumatınız olsun ki, festivalın münsiflər heyətində əyləşənlərdən biri də azərbaycanlı idi. Belə ki, "Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə də münsif kürsüsündə əyləşmişdi O, balaca aktrisalarımızla qürur duyduğunu və onların ifaçılıq qabiliyyətinin hər kəsi heyran qoyduğunu qeyd etdi.  Sonda münsiflər ümumi danışdılar. Birinci yerin qalibi Azərbaycan, ikinci yerin qalibi Rusiya, üçüncü yerin qalibi isə Ukrayna seçildi. Münsiflər heyəti ayrı-ayrı iştirakçıların ifalarını dəyərləndirmədi, onlar ümumi danışdılar. Bildirdilər ki, ifalar çox gözəl və maraqlı idi. Ancaq festivalın təşkilatçısı dedi ki, bizim uşaqların geyimi, səhnə performansı, səsləri həqiqətən də birinciliyə layiq idi, festival öz layiqli qaliblərini tapıb. Bizi orada o qədər gözəl qarşıladılar ki... Ermənilərin qısqanc baxışlarını da hiss edirdik. Sevinirik ki, "Sarı gəlin” mahnısını ifa etdik və beynəlxalq əhəmiyyətli festivalda bu mahnı ilə qalib gəldik. Təbii ki, bütün bu proseslər onların gözlərinin qarşısında oldu. 
 
 
 
- Yəqin ki, beynəlxalq  müsabiqələrdəki qalibiyyətlər "Oyuq”çuların özünəinamını da artırıb.
- Əlbəttə. Biz festivala gedərkən iştirakçılarımıza dedim ki, qalib də ola bilərik, məğlub da. Bu, önəmli deyil. Önəmlisi odur ki, müsabiqədə yaxşı çıxış edək. Birinci, özümüzə inanmalıyıq. Əgər özünəinamımız möhkəm olsa, qalib olacağıq. Bizim uşaqlar o qədər sərbəst və peşəkar məktəb keçiblər ki, mən onların qalib olacağına inanırdım. Onlar studiyada pianino, aktrisalıq, səhnə hərəkəti, səhnə danışığı və sair kimi dərslər keçirlər. Ən əsası isə, bütün bunları öz sahəsinin peşəkar insanlarından öyrənirlər. Bununla bərabər, uşaqlarımız psixoloji dəstək alırlar. İştirakçılarımız festivala gedərkən hər şeyə hazır idilər. Onların qalib olması studiyanın digər uşaqlarında da böyük həvəs yaradıb. Festivalda iştirak edən uşaqlarımızın özləri o qədər sevinirdilər ki, hətta Varnada 40 dərəcə isti hava şəraitində belə üzərlərində olan qalın, ağır mili geyimləri çıxarmadılar. 
 
Qeyd: Bu günün uşaqları sabahın qurucularıdır. Əgər təməl istedad və bacarıq üzərində qurularsa, gələcəyimiz işıqlı və uğurlu olar. Hər bir istedadlı uşağın arxasında isə ona dayaq və dəstək olan, doğru yolda addımlamağı öyrədən valideyn və müəllim dayanır. Bu baxımdan, sözügedən studiyanın rəhbərinə və uşaqlarına böyük bir alqış düşür. Uğurlarınız davamlı və daimi olsun, əziz "Oyuq”çular!
 
 Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002