• cümə, 26 Aprel, 16:05
  • Baku Bakı 23°C

Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanı gözləyən perspektiv

18.09.18 20:02 344
Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanı gözləyən perspektiv
Cənubi Qafqaz regionu ölkələrinin hər biri müxtəlif xarici siyasət kursu həyata keçirir. Gürcüstan daha çox Qərb istiqamətində, Ermənistan isə daha çox Rusiya yönümlü siyasət yürüdür. Azərbaycan isə heç bir siyasi-hərbi bloka qoşulmadan və heç bir öhdəlik götürmədən digər ölkələrlə bərabər hüquqlu və çoxvektorlu xarici siyasət həyata keçirir.
Bu xarici siyasət kursunda region ölkələri və Qərb dövlətləri yer alsa da, Azərbaycan beynəlxalq əməkdaşlığını genişləndirərək, artıq Mərkəzi Asiya və Şərqin böyük dövlətləri ilə əlaqələrini yeni müstəviyə keçirmək niyyətindədir. Belə ki, bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimov ilə görüşüb. Görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olması, eləcə də ölkəmizin bu təşkilatda dialoq tərəfdaşı statusundan müşahidəçi səviyyəsinə qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.
Müşahidəçi statusunun əldə edilməsi ilə bağlı Azərbaycanın müraciətinin ŞƏT-in Milli Əlaqələndirmə Şurasının cari ilin avqustunda keçirilmiş iclası zamanı müzakirə edildiyi və eyni zamanda bu məsələyə ŞƏT ölkələri xarici işlər nazirləri şurasının iclasında baxılacağı qeyd edilib.
Göründüyü kimi, ölkəmiz öz əlaqələrini genişləndirmək üçün ŞƏT-də müşahidəçi statusu əldə etmək niyyətindədir. Bəs, bu təşkilatda müşahidəçi statusunda təmsil olunmaq Azərbaycana nə verəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, bu təşkilatda Rusiyadan başqa Çin, Pakistan, Hindistan kimi böyük dövlətlər təmsil olunduğu nəzərə alınmalıdır: "Eyni zamanda, bu birliyin içərisində Azərbaycana yaxın olan Qazaxıstan da var. Bizim hazırda kommunikasiyamız, əlaqələrimiz Qərb tərəfə yönəlib. Lakin indiki halda nəzərə almalıyıq ki, Çin və Hindistanın iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, Şərqə doğru da siyasi xətt maraqlıdır. Yəni, biz Şanxay Əməkdaşlıq Təşkilatında iştirak etməklə, siyasi çəkimizi də artırırıq və bu birliyə daxil olan ölkələrlə əlaqələrimizi möhkəmləndiririk. Bir sözlə, itiriləsi heç nəyimiz yoxdur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir dövlət geniş əlaqələri ilə bir o qədər təhlükəsizliyini, siyasi çəkisini artırır. Bu nöqteyi-nəzərdən, Azərbaycanın təşkilatda müşahidəçi qismində təmsil olunması müsbət amildir. Qeyd edim ki, bu təşkilatda hansısa öhdəliklər yoxdur, ancaq burada təmsil olunan dövlət dialoqun iştirakçısına çevrilir. Yəni, bir var kənardan eşidəsən, bir də var ki, içəridə olasan. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün maraqlı formatdır”.
Gələcəkdə Azərbaycanın ŞƏT-ə üzv olması məsələsinə toxunan R.Musabəyov qeyd etdi ki, hələlik ölkəmiz qarşısında belə bir məsələ dayanmır: "İndi Türkiyə də bu təşkilatda müşahidəçi olmaq istəyir. İran müşahidəçidir, üzvlüyə iddiası var, ancaq onu yaxın buraxmırlar. Ona görə də, bildiyim qədər, üzvlük məsələsi Azərbaycanın gündəliyində yoxdur. Çünki indiki məqamda Azərbaycan bu təşkilatın üzvü olmaqla, mövcud problemlərinin heç biri həllini tapmır. Qazaxıstan Şərqdə yerləşir və onun üçün vacibdir ki, Çin, Rusiya burada olsun və onun təhlükəsizliyinə təminat verilsin. Amma hələlik bu qurum Azərbaycana təhlükəsizlik təminatçısı kimi heç nə vermir. Biz daha çox Türkiyə ilə müttəfiqliyimizin, Rusiya ilə münasibətlərimizin möhkəmlənməsində təhlükəsizlik məsələmizin həllini axtarırıq. Ancaq Şanxay Əməkdaşlıq Təşkilatında yer almaq, müşahidə etmək və dialoqda iştirakçı olmaq Azərbaycan üçün faydalıdır və hələlik ölkəmiz bu addımı atır”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatında çox böyük dövlətlər yer alıb və Azərbaycanın strateji müttəfiqi Türkiyə də bu təşkilata maraq göstərir: "Şanxay Əməkdaşlıq Təşkilatında olmaq Azərbaycan üçün faydalıdır. Misal üçün, Bakı-Tbilisi-Qars dəmir yolu hazırda fəaliyyətdədir. Azərbaycan çox arzulayır ki, Çin, Mərkəzi Asiya ölkələri bu dəmir yolundan istifadə etsin. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində biz bu məsələni gündəmə gətirə bilərik, Çinin iştirakını arzulayarıq. Bu baxımdan da təşkilatda təmsilçilik Azərbaycan üçün faydalıdır. Eyni zamanda, siyasi proseslər, təhlükəsizlik məsələləri rakursundan baxdıqda, təşkilat çərçivəsində Çin, Rusiya, Türkiyə ilə müzakirə aparmağımız xeyrimizədir. Bu nöqteyi-nəzərdən, Azərbaycanın təşkilatda müşahidəçi statusunu qazanmaq məsələsində heç bir problem görmürəm. Təbii ki, gələcəkdə üzvlük məsələsi gündəmə gətirilə bilər”.
E.Şahinoğlu vurğuladı ki, Azərbaycan gələcəkdə hesab etsə ki, üzvlük daha çox fayda verə bilər, o zaman bu məsələni gündəmə gətirə bilərik: "Onu da diqqətə çatdırım ki, nə qədər çox ölkə ilə təmas qursaq, bu, Qarabağ məsələsinin həllinə kömək olacaq. Biz nəyə görə vaxtı ilə Qoşulmama Hərəkatının üzvü olduq? Əlbəttə ki, əsas məsələ Dağlıq Qarabağ idi. Məhz bu təşkilat çərçivəsində bir çox ölkələrin dəstəyini aldıq. Düzdür, bu dəstək o demək deyil ki, birbaşa münaqişənin həllinə kömək etdi. Amma hər halda, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə imza atılır. Deməli, Azərbaycanın haqlı mövqeyini bilirlər və bu da bizim xeyrimizədir. Ona görə də düşünürəm ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olsa, dövlətimizin ərazi bütövlüyü vurğulanarsa, yenə də bizim müvəffəqiyyətimiz olacaq. Həmçinin bu təşkilatda ərazi bütövlüyü məsələsində həssas olan ölkələr var. Amma qeyd etdiyim kimi, ölkəmizin beynəlxalq layihələri var və orada Şərq ölkələrinin iştirakını arzu edirik ki, həm Azərbaycanın gəlirləri artırsın, həm də bölgədəki mövqeyimiz güclənsin”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər