AZE | RUS | ENG |

“Şahsənəm”i yazan alman əsilli sovet bəstəkarı - Fotolar

“Şahsənəm”i yazan alman əsilli sovet bəstəkarı - Fotolar
Onun üzünə xalq şeriyyəti xəzinəsinin qapısını Cabbar Qaryağdıoğlu ilə Qurban Primov açıb

"Xeyirxah ürəkli və poetik qəlbli insan”. Müasirləri Reynhold Moritseviç Qlieri belə adlandırırdılar. O, bütün ömrünü musiqi sənətinin inkişafına həsr edib. "Görkəmli maestro sevgi və gözəlliyin bir gün dünyanı xilas edəcəyinə inanırdı. O, ürəklərə sirayət edən musiqi bəstələyirdi. Bəstəkar öz əsərləri haqqında danışmağı xoşlamırdı. Ancaq onun bütün həyatının etirafları yaradıcılığında əks olunmuşdu” deyə müasirləri yazırdı.   

Onun adı həmçinin Azərbaycanın Muğam Ensiklopediyasında yer alıb. Rus musiqisinin görkəmli bəstəkarı olsa da, SSRİ Xalq artisti fəxri adını qazansa da,  musiqi mədəniyyətimizin zənginləşməsində xidmətinə görə, Azərbaycanın Xalq artisti (1934) adına da layiq görülüb. 
 
Reynhold Qlier 1874-cü ildə Kiyev şəhərində anadan olub. Uşaqlıq illəri Ukraynada keçən bəstəkar, bir neçə il ərzində Rusiyanın ayrı-ayrı şəhərlərində, sonra isə sovet respublikalarında yaşamalı olub. 1900-cü ildə Moskva Konservatoriyasını bitirən bəstəkar, eyni zamanda 1906-1908-ci illərdə Almaniyada Oskar Friddən dirijorluq dərslərini alıb. 1900-cu ilin əvvəllərindən Belyayev dərnəyinin üzvü kimi bir çox bəstəkarlarla - A.K.Qlazunov, S.V.Raxmaninov, N.A.Rimski-Korsakovla sıx münasibətdə olan bəstəkarın yaradıcılığı formalaşıb və mükəmməlləşib. 1913-1920-ci illərdən Kiyev Konservatoriyasının professoru, 1914-1920-ci illərdən isə Konservatoriyanın direktoru kimi çalışıb, eyni zamanda da bəstəkarlıq ixtisasından dərs deyib. Yaradıcılıq laboratoriyası zəngin olan bəstəkar, musiqinin müxtəlif janrlarında əsərlər yazıb. Çoxsaylı operalar, uvertüralar, orkestr üçün konsertlər, baletlər, simfoniyalar... onun yaradıcılığının təkcə rəngarəngliyindən deyil, həmçinin peşəkarlığından xəbər verir.  Bəstəkarın yaradıcılığında yer alan "Şahsənəm”, "Leyli və Məcnun”, "Gulsarə”, "Torpaq və səma”, "Raşel” operaları, "Xrizis”, "Krasnıy mak”, "Komediantı”, "Mednıy vsadnik”, "Taras Bulba”, "Kleopatra” baletləri, 3 simfoniya, "İlya Muromest”, "Təntənəli uvertüra”, "Sirenı”, "Pobeda” uvertüraları, slavyan mövzularında uvertüra, arfa, violonçel, skripka, valtorna və orkestr üçün konsertlər, kvartetlər, oktet, sekstetlər onun adını dünyaya tanıdıb. Sovet hakimiyyətinin ilk illərindən Qlier bütün qüvvəsini gənc sovet musiqi mədəniyyətinin inkişafına sərf edir. O, sovet musiqisinin inkişafında böyük rol oynayıb və folklor materialı əsasında bir sıra əsərlərin yaranması məhz onun adı ilə bağlıdır. Özbəkistanın incəsənət işləri üzrə idarəsi tərəfindən, Moskvada keçirilən Özbəkistan incəsənəti və ədəbiyyatı dekadasına hazırlıq üzrə konsultant kimi dəvət edilən bəstəkar, tezliklə xalq melodiyaları əsasında sonradan milli opera incəsənətinin əsl nümunəsi olan "Gülsara” operasını bəstələyir.
 
 
 
"Şahsənəm”
 
Rus musiqi klassikası ənənələrinin layiqli davamçısı olan bəstəkarın yaradıcılıq fəaliyyətində opera janrı  xüsusi yer tutur. Bəstəkarın tərcümeyi-halının bu səhifəsi onu çoxmillətli sovet musiqisinin görkəmli təbliğatçısı kimi, milli mədəniyyətlərin təşəkkülü dövründə respublikalara böyük kömək göstərən yaradıcı xadim kimi xarakterizə edir. Müxtəlif şərq respublikalarında yaşadığı illər, xalq melodiyaları ilə yaxından tanışlıq onun yaradıcılığına təsir edir. "Əgər Avropa texniki vasitələri ilə Şərq milli musiqisini zənginləşdirmək olarsa, bu musiqi ümumilikdə dünya musiqi mədəniyyətində hədsiz rol oynaya bilər”-deyə bəstəkar yazırdı.

R. M. Qlieri Azərbaycan xalq musiqisi ilə rektor olduğu Kiyev Konservatoriyasında (1915-1921) vokal sinfi üzrə təhsil alan məşhur müğənni Ş.Məmmədova tanış edir. Bəstəkar Şövkət xanımın dilindən müğənninin konsert repertuarına daxil olan bütün melodiyaları qələmə alır, işləyir və harmonizasiya edir. Onlardan bir çoxları sonradan "Şahsənəm" operasının əsasını təşkil edir. Azərbaycan musiqi materialı üzərində böyük musiqi lövhəsi - opera yaratmaq arzusu yalnız 1924-cü ildə həyata keçirilir. Ş. Məmmədovanın təşəbbüsü ilə Qlieri respublikaya - Azərbaycan folkloru materialı əsasında opera yazmağa dəvət edirlər.

R.M.Qlierin Azərbaycan musiqi folkloru və "Aşıq Qərib” dastanı əsasında yazdığı "Şahsənəm” operası onun adını musiqi tariximizə əbədi yazır.
 
 

1920-30-cu illərdə görkəmli tarzən Qurban Primov xanəndə Cabbar Qaryağdı oğlu ilə birlikdə Reynqold Qlierə "Şahsənəm” operası üzərində iş prosesində yaxından kömək edərək Azərbaycan xalq mahnı və təsniflərindən bəzi nümunələri bəstəkara öyrədib, onların nota salınmasında iştirak ediblər. Eyni zamanda, Azərbaycan musiqisinin zəngin xəzinəsi haqqında bəstəkarı məlumatlandırıblar. Bəstəkar diqqətəlayiq melodiyalar, xalq rəqslərini qeydə alaraq və öyrənərək Azərbaycan musiqi mədəniyyətini dərindən tədqiq edir. R.M.Qlier "Şahsənəm” operasının necə bəstələndiyi haqda yazdığı məqaləsində bunları qeyd edib: ”Xalq şeriyyətinin tükənməz mənbəyini və zəngin xəzinəsinin qapısını qarşımda taybatay açan mənim müəllimlərim: qocaman xalq müğənnisi Cabbar Qaryağdıoğlu ilə tarçı Qurban Primov olmuşlar”. Operanı yaradarkən Qlier dinləyicilərin tələbatını  yaxından dərk edərək Azərbaycan xalq musiqi mədəniyyətinin inkişaf perspektivlərini və öz qarşısında qoyulan vəzifəni gözəl anlayıb.
 
”Şahsənəm” operasının musiqi mətnində R.M.Qlier 28 xalq melodiyasından istifadə edib. Görkəmli opera müğənnisi Şövkət Məmmədovanın iki türk xalq mahnısını, operanın libretto müəllifi, böyük dramaturq Cəfər Cabbarlının – iki türk xalq mahnısını, həmçinin konservatoriyanın professoru B.Karaqiçevin bir Azərbaycan xalq mahnısını bəstəkara verdiyi məlumdur. Digər xalq mahnı, instrumental rəng və rəqs melodiyaları Cabbar Qaryağdıoğlu və Qurban Primov tərəfindən ifa edilib. Onlardan "Naxçıvanda”, "Qadan alım, ay alagöz”, "Bəli, bəli can”, "Onu demə zalım yar” xalq mahnıları və təsniflərlə yanaşı, "Hüseyni” rəngini, "Qarabağ şikəstəsi” instrumental melodiyasını, "Çahargah” muğamının melodiyası, "Arazbarı” zərbi-muğamının mövzusu, "Ənzəli” Azərbaycan xalq rəqsi, "Dərin bahar” fars xalq mahnısı, aşıqların yarışmasının əsasını təşkil edən "Kərəmi” havası da qeyd olunmalıdır. R.M.Qlier Azərbaycan musiqisinə həsr etdiyi məqaləsində muğamlarımızın əsas xüsusiyyətlərini belə səciyyələndirib: "Azərbaycan muğamları xalq dastanının əzəmətini, vüsətini ifadə edərək, cilalanmış, püxtələşmiş forması və müdrik bitkinliyi ilə bizi heyran qoyur”.
 
 

Yalnız 1926 ildə opera teatrında operanın variantı

(I akt) səhnəyə qoyulur, 1927-ci ildə isə opera tam olaraq səhnələşdirilir. Lakin o dövrdə Azərbaycan musiqi teatrında olan ifaçılıq imkanları nəzərə alınmaqla səhnələşdirilən opera, müəllifin ideyasına tam olaraq cavab vermirdi. Yalnız 1934-cü ildə nəhayət, məşhur dramaturq C. Cabbarlının iştirakı ilə Azərbaycan dilində, müəllifin ideyası tam olaraq realizə olunur. "Şahsənəm” operası bir daha Qlierin xalq musiqisinə diqqətli münasibətini, onun Avropa musiqi vasitələri ilə üzvi işlənməsini, ən əsası isə - milli mədəniyyətin inkişaf problemlərinin dərindən dərk etdiyinin təsdiqinə çevrildi.

Dahi Üzeyir Hacıbəyov həmin əsəri, Azərbaycan musiqisinin simfonizmə yaxınlaşmasında xalq yaradıcılığı əsasında mürəkkəb formaların yaranmasında mühüm nailiyyətlərdən biri adlandırır: "Qlier tərəfindən məharətlə bəstələnmiş əsər yeni Azərbaycan opera mədəniyyətinin təməlini qoymuşdur”.  

Qlier təkcə istedadlı bəstəkar olmayıb, həmçinin görkəmli pedaqoq olub. Onun bir çox görkəmli musiqiçilərin yetişməsində xidməti olub. Bəstəkarın ilk tələbələri arasında olan Sergey Prokofyev və Nikolay Mayakovskinin adı dünyada məşhur idi. 

Bəstəkarın Kiyev Konservatoriyasında dərs dediyi illər inqilabi dəyişikliklər dövrünə təsadüf edirdi. Həmin dövrdə şəhərdə hakimiyyət dəfələrlə dəyişirdi. Onu düşmən rejimlə əməkdaşlıqda suçlayaraq dəfələrlə həbs edir, güllələnmə ilə hədələyirdilər. Bəstəkarın günahı hakimiyyət dəyişikliyinə baxmayaraq,  tələbələrin konsertini təşkil etməsi idi.  Ancaq tələbələri səylə  müəllimlərinin müdafiəçisinə çevrilir və onu xilas edə bilirlər. Ö, özü də tələbələrinə qarşı eyni cür davranırdı. Stalin repressiyaları illərində SSRİ Bəstəkarlar İttifaqının rəhbəri kimi, nüfuzundan istifadə edərək  bir neçə tələbəsini sürgündən xilas etmişdi. 

R.Qlierin şəxsi həyatında bəxti gətirir. Ö, həyat yolunda 50 il birlikdə yaşadığı qadınla rastlaşır. Bəstəkar həyat yoldaşına pərəstiş edir və hər səhər onu əzizləyərək əlini öpürdü. "Qlier çox məsuliyyətli adam idi. İşdə və ailədə o eyni məsuliyyətlə yanaşırdı. Xəstələnəndə, temperaturu yüksək olanda belə, o, səhnəyə çıxır, konsertini təxirə salmırdı. O işləyən zaman heç bir qüvvə onu işdə ayıra bilməzdi. Müharibə vaxtı bombardmançı təyyarələr uçanda bütün insanlar sığınacaq üçün yer axtarırdısa, o, otaqda oturub əsərini yazırdı”- deyə həyat yoldaşı böyük bəstəkar haqqında danışırdı. 

1956-cı ildə vəfat edən görkəmli bəstəkar Moskvada Novodevnçiy qəbiristanlığında həyat yoldaşı ilə yanaşı dəfn olunub. Kiyevdə Musiqi İnstitutu, həmçinin Moskvada, Alma-Atada, Daşkənddə, Kalininqradda və alman şəhəri Marknoykirhendə musiqi məktəbləri  onun adını daşıyır. Donetsk və Maqnitoqorsk şəhərində böyük bəstəkarına adına küçələr də var. 

Təranə Məhərrəmova
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9143
GEL 1 1 Gürcüstan larisi 0.609
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1553
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1797
CHF 1 1 İsveçrə frankı 1.716
KWD 1 1 Küveyt dinarı 5.598
TRY 1 1 Türkiyə lirəsi 0.294