• cümə, 26 Aprel, 20:03
  • Baku Bakı 22°C

“Şah İsmayıl obrazı mənə çox doğmadır” - Fotolar

23.05.17 09:30 4616
“Şah İsmayıl obrazı mənə çox doğmadır” - Fotolar
Sevindirici haldır ki, bu gün gənc muğam ifaçılarımızın səsi beynəlxalq arenalardan eşidilir. Dünənin gənc xanəndəsi bu gün pedaqoji fəaliyyətlə məşğul olub, yetişməkdə olan gənc nəslə öz töhfələrini verir. Belə xanəndələrimizdən biri də istedadlı xanəndə Təyyar Bayramovdur. Müsahibimiz əldə etdiyi nailiyyətlərə görə, Prezident mükafatına da layiq görülüb. 2005-ci ildə Televiziya Muğam Müsabiqəsində birinci yerin sahibi, 2009-cu ildə isə Beynəlxalq Muğam Müsabiqəsində "Qran Pri” mükafatına layiq görülən müsahibimiz, bizimlə söhbətində bir çox məsələlərə aydınlıq gətirdi.Opera və Balet Teatrında öncə "Leyli və Məcnun” tamaşasında İbn Sənan obrazını canlandıran Təyyar Bayramov səhnə fəaliyyətinə məhz həmin tamaşa ilə başlayıb. Daha sonra gənc xanəndəyə 2006-cı ildə Müslüm Maqomayevin"Şah İsmayıl” operasında baş rol - Şah İsmayıl həvalə edilir. Bu tamaşalarla bərabər, "O olmasın, bu olsun”, "Natəvan” operalarında xanəndə rolunu ifa edir. Sənətkar çox gənc yaşlarında əməkdar artist adına layiq görülür.
- Təyyar bəy, ilk olaraq sizi Prezident mükafatına layiq görüldüyünüz üçün təbrik edirik. Sizə yaradıcılıq nailiyyətləri arzu edirik.
- Çox sağ olun. Biz sənətkarları diqqət mərkəzində saxladığınız üçün sizə təşəkkürümüzü bildirirəm. Bu mükafata layiq görülən digər sənət dostlarımı da ürəkdən təbrik edirəm. Bizə bu diqqəti və qayğını göstərdiyi üçün cənab prezidentimiz İlham Əliyev cənablarına təşəkkürümü çatdırıram.
- Yəqin ki, belə bir mükafata layiq görüldükdən sonra yaradıcılıq məsuliyyətiniz daha da artar.
- Dövlətimiz tərəfindən bizə verilən titullar, mükafatlar sənət nümayəndələrinin çalışma həvəsini birə beş artırır. Bu da bizim öz üzərimizdə daha çox işləməyimizdə stimul rolunu oynayır. Dövlət başçısı tərəfindən diqqət görmək həqiqətən də sevindirici haldır.
- Belə bir mükafata layiq görüləcəyinizi gözləyirdinizmi?
- Əslində belə bir gözləntim yox idi. Ancaq insan hər zaman ümidlə yaşayır. Mən həmişə başımı aşağı salıb, işimlə məşğul olmuşam. Təbii ki, hər bir ifaçı istəyər ki, onun işi qiymətləndirilsin və o, dövlət tərəfindən mükafatlara layiq görülsün. Belə bir mükafata layiq görüldüyüm üçün həqiqətən çox sevindim.
- Siz xanəndəliklə bərabər, eyni zamanda, pedaqoji fəaliyyətlə də məşğulsunuz. Bugünkü muğam ifaçılarından razısınızmı? Muğamın gələcəyini etibarlı əllərdə hesab etmək mümkündürmü?
- Əlbəttə, bunu mən deyil, qocaman sənətkarlarımız, ustadlarımız da təsdiqləyir. Azərbaycan xalqı çox istedadlı xalqdır. Gənclərimizin muğama böyük həvəsi var. Muğama dövlət səviyyəsində kifayət qədər qayğı göstərilir. Hər şey göz önündədir. Çox sevindirici haldır ki, bu gün ölkəmizdə muğam müsabiqələri keçirilir və özünə güvənən istedadlı muğam ifaçılarımız bu müsabiqələrdə iştirak edirlər. Gələcəyinə böyük ümid bəslədiyimiz istedadlı gənclər çoxdur. "VI Muğam Müsabiqəsi” hazırda davam edir. Gördüyünüz kimi, istedadlı gənclərimiz kifayət qədərdir. Ustadlarımız da qeyd edirlər ki, həqiqətən də bu günün gənclərinin muğama böyük marağı var. Orta və yaşlı nəslin nümayəndələri ilə bərabər, bu gün gənc nəslin nümayəndələri də muğama böyük həvəs göstərirlər. Bu, çox sevindirici haldır.
- Bu müsabiqədə sizin tələbələriniz də iştirak edir. Onların ifası sizi qane edirmi?
- Təbii ki, bir müəllim olaraq, mən də tələbələrimdən razıyam. Düzdür, onlar səhnədən çox, məşqlərdə daha yaxşı performans göstərirlər. Ancaq baxmayın, canlı efirdir, muğam sənətində sözünü demiş ustadların qarşısında çıxış edirlər. Həyəcanlanmaları çox normaldır. Ancaq mən tələbələrimdən razıyam. Onlar uğurlu çıxışları ilə müsabiqədə yollarına davam edirlər.
- Siz özünüz də muğam müsabiqəsində iştirak etmisiniz və hətta bu müsabiqənin ilk qaliblərindənsiniz. O vaxtkı iştirakçılarla indikilər arasında nə kimi fərqlər var?
- Artıq o müsabiqədən 10 il keçib. Bu, 6-cı müsabiqədir, hər müsabiqədə 20-yə yaxın iştirakçı çıxış edir. O 20 nəfərin içərisindən 4-5 ifaçı yetişir. Hər müsabiqədə Azərbaycan muğam sənəti 4-5 xanəndə qazana bilirsə, bu, bizim muğam sənəti üçün böyük göstəricidir. Təbii ki, birinci müsabiqədə də çox istedadlı uşaqlar var idi. İllər ötdükcə oradan çıxan ifaçılar xalqımızın sevimlisinə çevrilir. Bu müsabiqədə də xalqın sevimlisinə çevriləcək ifaçılar var. Hər bir dövrün öz iştirakçıları var. Onlar öz ifalarına və dəst-xətlərinə görə seçilirlər. Ona görə də, əvvəlkilərlə indikiləri müqayisə etmək bir qədər çətindir.
- Siz eyni zamanda, Opera və Balet Teatrında aktyor kimi fəaliyyət göstərirsiniz. Ən çox hansı obrazınız sizə doğmadır?
- Neçə illərdir ki, Opera və Balet teatrının səhnəsində Şah İsmayıl rolunu canlandırıram. Bilirsiniz ki, ondan başqa iki rolum da var. Bütün obrazlarım mənə əzizdir. Ancaq Şah İsmayılın yeri mənim üçün başqadır. Bu obraz mənə çox doğmadır.
- Opera və Balet Teatrının səhnəsi digər səhnələrdən tamamilə fərqlidir. Yəqin ki, bu səhnənin özəlliyi sizin üçün başqadır.
- Təbii, Opera və Balet Teatrının səhnəsi digər səhnələrdən fərqlidir. Orda mikrofonlardan istifadə olunmur. Hətta deyərdim ki, bu teatrının səhnəsi mikrofondan istifadə edilməyən yeganə səhnədir. Canlı orkestrin başı üzərindən tamaşaçıya məhz performans ötürürsən. Opera teatrının solisti olmaq böyük bir şərəfdir. Onu da qeyd edim ki, artıq Opera və Balet Teatrında bir çox baş rolların ifaçıları birinci muğam müsabiqəsində yetişib. Onlardan Elnur Zeynalovu, Arzu Əliyevanı, Aytən Məhərrəmovanı, Güllü Muradovanı, Nigar Şabanovanı, Vüsalə Musayevanı misal gətirə bilərəm. Muğam müsabiqəsinin 10-a yaxın iştirakçısı bu gün teatrda nümayiş olunan tamaşalarda baş rolları canlandırır. Görün bu müsabiqələr Azərbaycan muğam sənətinə nə qədər xanəndələr gətirib.
- Sevindirici haldır ki, biz sizi beynəlxalq festival və müsabiqələrdə də görə bilirik. Sonuncu dəfə hansı beynəlxalq müsabiqədə iştirak etmisiniz?
- Sonuncu dəfə Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən "Zov Urala” adlı xalq musiqi orkestr və ansambllarının beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görüldük. Müsabiqədə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Tatarıstan, Belarus, Rusiya Federasiyasının vilayətləri və digər ölkələrdən ümumilikdə 500 nəfər iştirak edirdi. Bizim ifamız daha çox bəyənildi və mükafata layiq görüldü. Orada mənimlə bərabər tarzən Rəşad İbrahimov, kamança ustası Təbriz Yusifov da iştirak edirdi.
- Hazırda yeni mahnılar üzərində çalışırsınızmı?
- Əlbəttə, hazırda yeni bir albomu üzərində işləyirik. Bu mənim sayca altıncı albomum olacaq. Əməkdar artistimiz Azad Şükürovla birlikdə muğamla şeirin qarşılıqlı ifaları yer alacaq. İndi bütün gücümüzü muğam müsabiqəsinə xərcləyirik. Ondan sonra albomu tamaşaçılara təqdim edəcəyik. Hansı ölkəyə gedirəmsə, məndən albom istəyirlər. Yeni mahnıya gəlincə isə bilirsiniz ki, repertuarımda vətənpərvərlik ruhunda mahnılar daha çox yer alır. Yenə də vətənpərvərlik mövzusuna müraciət etmişik. Belə ki, Tahir Əkbərdən vətənpərvərlik mövzusunda yeni bir mahnı almışam.
- Hazırda ölkəmizdə IV İslam Həmrəylik Oyunları gedir. Bu oyunları izləyirsinizmi?
- Əlbəttə, bir Azərbaycan vətəndaşı olaraq mən də bu oyunları izləyirəm. Bilirsiniz ki, onunla paralel olaraq, muğam müsabiqəsi də davam edir. Burda işlərimiz hər nə qədər də gərgin olsa da, oyunları izləyirəm. Bu, bizim üçün bir bayramdır. IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə, ölkəmiz beynəlxalq arenada daha çox tanınır. Beynəlxalq yarışların Azərbaycanda keçirilməsi ilə bütün dünyaya necə tolerant bir xalq olduğumuzu göstərmiş oluruq. Bu bayramı xalqımıza, millətimizə yaşatdığı üçün dövlət rəhbərimizə təşəkkürümü bildirirəm.
- Bəs siz özünüz hansı idman növü ilə məşğul olursunuz?
- Əvvəllər güləşlə məşğul olurdum. Məhz bu səbəbdən də, güləş idman növünü daha çox sevirəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər