AZE | RUS | ENG |

Sadə vətəndaşlar arasında təxribatçıları dəstəkləyən olmadı

Sadə vətəndaşlar arasında təxribatçıları dəstəkləyən olmadı
Musa Quliyev: “Bir daha sübut olundu ki, Azərbaycan əhalisi müstəqil dövlətimizi qorumağın nə dərəcədə zəruri olduğunun fərqindədir”

Gəncədə baş verən hadisələr ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Biz də bu hadisələrin baş vermə səbəbləri, təxribatçı qrupların fəaliyyəti, dövlətin və cəmiyyətin məsələ ilə bağlı atdığı addımlar və digər məsələlər barədə Milli Məclisin deputatı Musa Quliyevə müraciət etdik. 
 
- Musa müəllim, iyulun 10-da Gəncədə baş verənləri din libasına bürünmüş siyasi terror adlandırmaq olarmı?
 
- Bəli, Gəncədə baş verənlər siyasi terrordur və dini radikalizmin eybəcər şəkildə təzahürüdür. Həm ayın 10-da olan hadisə, həm də ayın 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd eyni zəncirin halqalarıdır. Məqsəd isə Azərbaycanda iğtişaşlar yaratmaq, sabitliyi pozmaq və dövlətçiliyi sarsıtmaqdan ibarət idi. Amma onlar öz niyyətlərinə çata bilmədilər və bu hərəkətlərinin qarşısı Azərbaycan xalqı, hüquq-mühafizə orqanları tərəfindən alındı. Bir daha belə insanlara və onların havadarlarına aydın oldu ki, Azərbaycanda hüquqi dövlət var və bu dövlətin dayaqlarını heç nə ilə sarsıtmaq olmaz.
 
- Sizcə, niyə məhz Gəncə seçildi?
 
- Təəssüf ki, dini radikalizm xeyli vaxtdır Azərbaycanda vaxtdır özünə yuva axtarırdı. Bilirsiniz ki, onlar Nardaranda bir müddət əvvələ qədər  sabitliyi pozmaq, tələblərini irəli sürmək, dövlətin qanunlarına riayət etməmək və müxtəlif dövrlərdə ictimai asayişi pozmaq cəhdləri etdilər. Amma Nardaranla bağlı Azərbaycan dövləti lazımi addımları atdı, ciddi hüquqi, iqtisadi, sosial tədbirlər görüldü və cinayətin təşkilatçıları həbs edildi, cəzalarını aldı. Bununla da onların Nardarandakı yuvası dağıdıldı. Onların bu dəfə Gəncəni seçməsi ilə bağlı düşünürəm ki, burada İmamzadənin yerləşməsi, Gəncə əhalisinin tarixən öz milli-mənəvi dəyərlərinə sadiqliyi və dini inanclarının güclü olması rol oynadı. Bu da radikallara ümid verdi ki, bəlkə ictimai asayişi pozmağa yönəlik hərəkətlər edə bilərlər. Onlar həm də İmamzadənin adından istifadə etməyi düşünürdülər. Ötən Aşura mərasimində də Gəncədə belə iğtişaş cəhdi olmuşdu. O zaman Gəncənin siyasi rəhbərliyi, hüquq-mühafizə orqanları olduqca çevik tərpəndilər və qarşıdurmanın yaranmasına imkan vermədilər. Həmin vaxt onlar istəklərinə nail ola bilmədilər. Əslində Gəncə şəhər İcra Hakimiyyəti başçısına sui-qəsd də bundan irəli gəlir. Ehtimal var ki, bu məsələdə xarici ölkələrdəki müxtəlif dini-ideoloji və Azərbaycan əleyhinə fəaliyyət göstərən siyasi mərkəzlərin də rolu olub. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir və qərb zonasının mərkəzidir. Yəqin, bu mənada həmin mərkəzlər bunu nəzərə alıblar.
 
- Bu təxribatla bağlı radikal müxalifət düşərgəsi və Avropadakı "siyasi mühacirlər” tərəfindən edilən çağırışlar, informasiya bumu məqsədyönlü idimi?
 
- Təbii ki, bu məqsədyönlü idi. Bunun bir tərəfində ölkə daxilindəki Əli Kərimlinin qrupu, radikal müxalifət dayanırdı. Digərləri isə xaricdə illərdir eyni məqsədi güdən, vaxtı ilə Azərbaycanda müxtəlif cinayət törətmiş, yaxud da xarici dövlətlərin agentura şəbəkəsinə satılaraq getmiş insanlardı. Onlar bugünkü informasiya kommunikasiya texnologiyalarından, xüsusən sosial şəbəkələrin imkanlarından istifadə edərək, təxribatçı çağırışları etdilər. Hətta ayın 3-dən sonra "whatsapp”  vasitəsilə müxtəlif insanların telefonlarına mesajlar göndərilib. Təxribatçı qruplar müxtəlif məzmunlu şəkilləri, şüarları paylaşaraq əhalini Gəncədə itaətsizliyə və müqavimətə çağırdılar. Bunların bir və bir neçə mərkəzdən idarə olunmasını demək çətindir. Yəqin ki, hüquq-mühafizə orqanları bu işi araşdırarkən mənbələri tapacaqlar. Amma məqsəd eyni idi - Azərbaycanda sabitliyi pozmaq, iğtişaşlar törətmək. Digər tərəfdən həm də Gəncəni bir sınaq meydanı etmək istəyirdilər ki, əgər burada niyyətləri baş tutardısa, başqa rayonlarda da eyni hərəkətləri davam etdirsinlər. Onu da qeyd edim ki, 25 il öncə iyul ayının 4-də o vaxtkı AXCP-Müsavat hakimiyyətinə qarşı Sürət Hüseynovun qiyamı baş vermişdi. O qiyam nəticəsində Xalq Cəbhəsi hökuməti istefaya getmişdi. Bəlkə də onlar düşündülər ki, Gəncədə indi baş verənlər mistik şəkildə "uğurlu” alındı. Amma tam yanıldılar və bütövlükdə Gəncə əhalisi dövlətin yanında olduğunu bəyan etdi, əyani şəkildə nümayiş etdirdi. Şəhid olan polis zabitlərinin yas mərasiminə də on min insanın toplaşması, şəhidlərin yaxınlarına başsağlığı verməsi həmrəyliyin nümayişi oldu.        
 
- Bu məsələdə anti-Azərbaycan mərkəzlərin rolu varmı?
 
- Düşünürəm ki, bu hadisələrin baş verməsində əsas hərəkətverici qüvvə məhz anti-Azərbaycan mərkəzləri oldu. Belə mərkəzlərin görünən hissəsi, yəni sosial şəbəkələrdə aktiv olan, çağırışlar edən, müxtəlif video görüntülər paylaşan, yaxud da müsahibələr verən adamlar var. Bir də ki, arxada, gözə görünmədən bu mərkəzlərin ideoloji işlərini aparan, kimlikləri məlum olmayan adamlar və ya qruplar. Ayın 10-da bir qrup şəxsin orada görünməsində hesab edirəm ki, bu çağırışların təsiri oldu. Amma bir məsələ qəti aydın oldu ki, onların çağırışlarının gücü yalnız 150-200 nəfər fanatikə çata bilər, bundan artığı mümkün deyil.   
 
- Belə terrorçu qruplar hansı məqsədlə din adından, şüarlarından istifadə edirlər?
 
- Bu məsələdə subyektim fikrimi bildirə bilərəm. Yəni, uzun müddətdir Azərbaycanda müxtəlif qüvvələr, dövlətlər, siyasi mərkəzlər öz təsirlərini artırmaqla iqtidara, dövlət başçısına diktə etmək imkanları əldə etmək üçün ayrı-ayrı vasitələrdən istifadə ediblər. Bir müddət radikal siyasi müxalifətdən istifadə etməyə çalışdılar. Sonra hərbiçilər və digər sosial qruplarla bağlı müxtəlif mitinqlər, aksiyalar təşkil etdilər. Gördülər ki, müxalifətin Azərbaycanda bir o qədər gücü, nüfuzu yoxdur və öz niyyətlərinə çata bilməyəcəklər. Sonra qeyri-hökumət təşkilatlarına üz tutdular. Soros  və "Human Rights” kim təşkilatların maliyyə və siyasi dəstəyi ilə Azərbaycan pasportlu, amma mənəvi düşüncəsi ilə dövlətimizə yad olan insanları, misal üçün, Leyla Yunus kimilərini öz ətraflarına topladılar. Onların vasitəsilə Azərbaycanda dövlət, hökumət əleyhinə çağırışlar etməyə başladılar. Bu da bir nəticə vermədi. Çünki biz öz qabaqlayıcı addımlarımızı atdıq, qanunvericilikdə bu məsələni tənzimlənmə yollarını dəqiq şəkildə müəyyənləşdirdik. Eyni zamanda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və Azərbaycan vətəndaş cəmiyyəti institutlarını özü maliyyələşdirməyə başladı. Sağlam yönümlü layihələr həyata keçirildikcə, bunlar gördülər ki, bu niyyətlərindən də nəticə hasil olmadı. Ardınca din amilini düşündülər və Nardaranda Taleh Bağırzadənin dəstəsi təxribat törətməyə çalışdı. Onun da qarşısı qətiyyətlə alındı. Başqa yol kimi inanclı insanların çox olduğu Gəncəni düşündülər. Amma burada da müvəffəqiyyət qazana bilmədilər.             
 
- Gəncə hadisələrinə dövlətin və cəmiyyətin reaksiyası necə oldu?
 
- Bir daha sübut olundu ki, Azərbaycan əhalisi müstəqilliyin nə olduğunu qəlbən anlayır və müstəqil dövlətimizi qorumağın nə dərəcədə zəruri olduğunun fərqindədir. Mən dövlətin, siyasilərin mövqeyindən daha çox, xalqın məsələyə münasibətini söyləmək istəyirəm. Neçə gündür Gəncədəyik və xalqın arasında olur, söhbətlər edirik. Əhali arasında təxribatçıları dəstəkləyən olmadı. İndikindən fərqli olaraq 1993-cü ildə əhalinin böyük əksəriyyəti qiyamçıların tərəfində idi. Çünki hakimiyyət tərəfindən arzuladıqları işlərin reallaşmasını görə bilmirdilər. Amma bu gün dövlətin belə müdafiə olunması xalqın iqtidarı və prezident İlham Əliyevin siyasətini dəstəklənməsi deməkdir.
Bu məsələdə dövlətin apardığı siyasət tamamilə doğrudur. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Gəncə hadisələri ilə bağlı açıqlamaları xalqı düzgün şəkildə istiqamətləndirdi. Bu da dövlətin məsələyə ilk mövqeyi kimi dəyərləndirilməlidir. Bundan sonra istər Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, istər bitərəf, istərsə də müxalif cəbhədə olan Milli Məclis üzvləri də məsələyə tamamilə dövlətçilik mövqeyindən yanaşdılar. Hesab edirəm ki, Gəncə ictimaiyyəti və şəhər rəhbərliyi də adekvat qabaqlayıcı tədbirlər həyata keçirdilər.      
 
- Bundan sonra hansı addımlar atılmalıdır?
 
- Düşünürəm ki, biz daim ayıq-sayıq olmalıyıq, maarifləndirmə işi aparmalıyıq. Dinlə xurafatı heç vaxt qarışdırmaq olmaz. Azərbaycan hüquqi dövlətdir və vətəndaşlar öz inanclarında sərbəstdirlər. Dövlətin siyasətinə qarşı qeyri-qanuni yollara əl atmaq isə təbii ki, yolverilməzdir. Hansısa dini mövhumatçılığa söykənərək dövlət məmuruna sui-qəsd edənlər artıq kriminal elementlərdir. Belə radikal insanların dini inancı sağlam olsaydı, anlayardılar ki, İslam dini bütövlükdə zora və terrora qarşıdır. Bu mənada çox istərdim ki, din xadimlərinin sertifikasiyası aparılsın və onların dini savadları öyrənilsin. Çünki insanların dini savadlanmasında onlar rol oynayır. Eyni zamanda, orta məktəblərdə yeniyetmələri sağlam mövqeyə yönəltmək üçün tərbiyəvi işlər aparılmalıdır. Heç şübhəsiz ki, nəzarət və tənzimləmə funksiyası olmalıdır. Hüquq-mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və sair qurumlar daim nəzarət funksiyalarını həyata keçirməlidirlər. Həmçinin qeyri-hökumət təşkilatları öz layihələrini bu istiqamətdə qurmalıdırlar. Bizim xaricdəki səfirliklərin də üzərinə müəyyən vəzifələr düşür. Onlar da xaricdəki güc mərkəzlərinin Azərbaycana qarşı hərəkətlərini müəyyənləşdirməklə bağlı işlər görə bilərlər. Sosial şəbəkələrlə bağlı məsələ də çox ciddidir. Çünki burada təkcə dövlətə qarşı çağırışlar deyil, eyni zamanda uşaq hüquqlarının pozulması, əxlaqsızlığın yayılması ilə bağlı fəaliyyətlər var. Bu baxımdan, sosial şəbəkələrə və internet resurslarına daimi nəzarət olunması məsələsi gündəmdədir.
Dövlətimizin hərtərəfli qorunması, belə təxribatçı hərəkətlərin başqa bölgələrdə təkrar olunmaması üçün hər birimiz ayıq-sayıq olmalıyıq, ən əsası, prezident İlham Əliyevin siyasəti ətrafında sıx birləşib dövlətimizi qorumalıyıq. Bu dövlət hamımızındır.
 
Bəxtiyar MƏMMƏDLİ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000