• çərşənbə axşamı, 19 mart, 07:42
  • Baku Bakı 8°C

Saakyanın ABŞ-a səfəri ikili standartların bariz nümunəsidir

16.03.18 21:12 701
Saakyanın ABŞ-a səfəri ikili standartların bariz nümunəsidir
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinə ədalətsiz yanaşması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Münaqişənin indiyədək dondurulmuş vəziyyətdə qalmasında, nizamlanma istiqamətində ədalətli addımların atılmaması da elə bununla bağlıdır. Bu günlərdə isə belə mövqeyi ABŞ nümayiş etdirməkdədir. Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfərini başqa cür qiymətləndirmək mümkün deyil. Bu fakt ABŞ-ın siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir. Həmsədr kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir. Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı və digər bu kimi qurumların rəhbərlərinə bu cür şərait yaradılmır? Necə olur ki, "Dağlıq Qarabağ” separatçı rəhbəri Ermənistan pasportu və vizası ilə ABŞ-a səfər edir?
Vəziyyət həqiqətən də acınacaqlıdır. Dünyaya ədalət dərsi keçənlər özləri ədalətsizliyin iştirakçısı olurlar. Axı Amerika necə ədalətdən danışa bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir, konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından təltiflər təqdim edir?! Hətta Saakyanın Konqresdə icarə olunmuş otaqda ermənipərəst mərkəzlərdə görüşlər keçirdiyi nəzərə alınsa belə, ona belə bir şərait yaradılması ABŞ-ın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.
Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfərini pisləyib. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, özünü dünyada sülh və demokratiya carçısı adlandıran Amerika Birləşmiş Ştatlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı münasibəti qəbuledilməzdir.
Bu hadisə həm təəccüblüdür, həm də narahatlıq doğurur: "Birləşmiş Ştatların oxşar məsələlərdə başqa ölkələrə də münasibətini görürük. Amma Azərbaycana qarşı bunun tam əksini görürük. Artıq dünyada beynəlxalq hüququn prinsiplərinə söykənən, bu standartlara uyğun siyasət demək olar ki yoxdur".
Milli Məclisin sədr müavini qeyd edib ki, B.Saakyanın ABŞ-a səfəri və Konqresdə görüşlər keçirməsi rəsmi Vaşinqtonun həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü mandata uyğun deyil:
"Düşünmürəm ki, orada kimsə qondarma rejimin tanınmadığını, Azərbaycanın işğal olunmuş ərazisində separatçı rejimin fəaliyyət göstərdiyini bilməsin. Belə bir qanunsuz rejimin "rəhbəri"nin ABŞ-a dəvət olunmasının, müxtəlif tədbirlərdə, qəbullarda iştirakının, açıqlamalar verməsinin ATƏT-in Minsk qrupunun mandatına uyğun olmadığını, beynəlxalq hüquq normalarına zidd olduğunu ABŞ anlamamış deyil. Bununla da onlar ən azından öz mövqelərini Azərbaycanda şübhə altına atır, problemin həlli üçün səy göstərdiklərinə inamı azaldır".
Millət vəkili Rasim Musabəyov təəssüflə bildirdi ki, separatçı rejim rəhbərinin Amerikaya səfəri həm beynəlxalq hüquqa, həm də ABŞ-ın prinsipial mövqeyinə ziddir: "Söhbət ondan getmir ki, Krım, Dnestryanı, Abxaziya, Osetiya kimi separatçı rejimlərin rəhbərləri ABŞ Konqresində hansısa görüşlər keçiriblər. İndi deyə bilərlər ki, konqresmeninin köməkçisi sərbəstdir və otaq sifariş verib, qeyri-rəsmi görüşlər keçirib. Axı bu separatçı rejimin rəhbərinə ABŞ hökuməti, səfirlik viza verir? Dövlət Departamentinin göstərişi olmadan bunu etmək iqtidarında deyillər. Ermənistan pasportu ilə gedib, lakin hamı bilir ki, bu separatçı rejimin qondarma rəhbəridir. Bu dəvətlə ABŞ-ın "biz Dağlıq Qarabağı tanımırıq, Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik” kimi fikirləri üst-üstə düşmür. Təəssüflər olsun ki, ABŞ Dövlət Departamenti etnik lobbi təşkilatlarının təsiri altında beynəlxalq hüquqa və ikitərəfli münasibətlərə xələl gətirən addım atıb. Amerikanın Azərbaycandan istəkləri, müraciəti də var. Lakin bizdən adekvat cavab görəndə təəccüblənməsinlər. Bilsinlər ki, Azərbaycan belə məsələlərə göz yummaq niyyətində deyil”.
R.Musabəyov əlavə etdi ki, ABŞ-ın bu addımı ATƏT-in Minsk qrupundakı fəaliyyətinə də kölgə salır.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Dnestryanı, Osetiya, Abxaziya və Krım separatçı rejimlərinin liderləri ABŞ-a çağırılmadığı halda, erməni separatçılarının rəhbəri tez-tez səfər edir: "Bunun da ikili standartları var. Deməli, ABŞ Abxaziya, Cənubi Osetiya, Donbas, Krım və digərlərinə görə Rusiyanı günahlandırır və bu münaqişə ocaqlarının mövcud olduğu dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Sözdə də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini də bəyan edirlər. Çünki Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ səfirinə nota verdikdən dərhal sonra Vaşinqton tərəfdən belə bir bəyanat yayıldı ki, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyirlər, Dağlıq Qarabağı da Azərbaycanın ərazisi kimi tanıyırlar. Tanıyırsınızsa, niyə tanınmayan, separatçı bölgənin liderini ABŞ-a dəvət edirsiniz? Deyə bilərlər ki, bu, rəsmi dəvət deyil, Konqres Amerika hökumətinin fikirlərini müəyyənləşdirmir, orada ermənipərəst konqresmenlər var. Bunlar hamısı bəhanədir. Adam ABŞ sərhədlərini keçib ora daxil olub. Separatçı rejimin rəhbəri nəinki konqresmenlərlə görüşür, eyni zamanda telemarafon keçirirlər. Daha sonra yığdıqları pulla işğal altındakı torpaqlarda infrastruktur çalışmalarını gücləndirirlər”.
E.Şahinoğlu qeyd etdi ki, əslində Ağ Ev bu prosesə mane ola bilər: "Dövlət Departamenti Konqreslə məsləhətləşmələr aparmaqla, bunun Amerikanın milli və təhlükəsizlik maraqlarına uyğun olmadığını əsas gətirərək prosesin qarşısını almaq imkanına malikdir. Başqa vaxt Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu deyirlər. Mənə elə gəlir ki, biz bu prosesin qarşısını almağı bacarmalıyıq. Səfirliyimiz, diasporumuz fəallaşmalıdır. Biz seyrçi qaldıqca bu səfərlərin sayı artacaq”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər