• cümə, 26 Aprel, 05:14
  • Baku Bakı 16°C

Saakaşvili Ukraynadakı əsas məqsədini açıqladı

11.03.17 09:30 684
Saakaşvili Ukraynadakı əsas məqsədini açıqladı
Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili bundan əvvəl ölkəsində prezidentliyi dövründə uğurlu siyasətçi, yeni dövlətin qurucusu, Putinin şəxsi düşməni kimi ad çıxarmışdı. O, Gürcüstanda ağır çəkili siyasətçi olsa da, Ukraynada bu adı qazanması üçün hələ çox var. 2015-ci ildə Ukraynada peyda olan və Odessada oliqarx İqor Kolomoyskaya yaxın İqor Paliçi əvəz edərək qubernator kürsüsünə əyləşən Saakaşvili qısa müddət ərzində heyəti tam dəyişərək öz komandasını formalaşdırdı. Ampluasına uyğun olaraq populist bəyanatlar səsləndirərək, dərhal da iri ranqlı məmurları tənqid etməyə başladı. Bu sırada ilk yerdə baş nazir Arseni Yetsenyuk və erməni əsilli daxili işlər naziri Arsen Avakov oldu.
Lakin elə ki, Saakaşvili prezident Petro Poroşenkonun ətrafını budamağa başladı, dərhal münasibətlər pisləşdi. Sonluq da Saakaşvili üçün pis qurtardı və o, qubernatorluqdan getdi. Postunu tərk edərək müxalifətə keçən eks-qubernator bu müddətə kimi Ukrayna siyasi isteblişmentində söymədiyi, tənnqid etmədiyi birini saxlamadı. Belə görünür ki, o, təslim olmaq niyyətində deyil, əksinə, yeni yaratdığı və qeydiyyatdan keçirdiyi siyasi hərəkatı – "Yeni qüvvələrin hərəkatı”nı Ukraynanın xilaskarı etmək niyyətindədir. "LİGA.net” saytına müsahibəsində eks-qubernator yeni hərəkatının məram və məqsədlərini, eləcə də, Poroşenko və Donald Trampın Ukrayna siyasəti barədə danışıb. Onun sözlərinə görə, bugünkü siyasi sistemdə onun partiyasının yeri yoxdur: "Lakin biz onun aparıcı qüvvə olacaq yeni struktur formalaşdırmalıyıq. Biz böyük adlar arasında müttəfiqlər axtarmırıq, ölkə vilayətləri üzrə iri həcmdə yerli qruplar arasında dəstək axtarırıq. Mən hər gün yerli fəallarla, həvəskarlarla görüşürəm. Onların böyük əksəriyyəti hər hansı biri qurumda təmsil olunmayanlardır. Onlar bizə regionlardakı nümayəndə kimi gərəkdirlər. Biz isə onlara siyasi platforma kimi gərəkik. Onlara ümummilli brend gərəkdir və brendlə özlərini tək regional deyil, ümummilli səviyyədə göstərməlidirlər”. Eks-qubernator əsas diqqəti korrupsiyaya qarşı mübarizəyə yönəldəcəklərini bildirib.
O ki qaldı, maliyyələşmə məsələlərinə - Saakaşvili onu dəstəkləyən yerli biznesmenlərə arxayın olduğunu dilə gətirib: "Bundan əlavə, onlar bizə münasibətdə öhdəlik götürüblər. Biz insanları diqqətlə seçir, əvvəlki fəaliyyətlərində korrupsiya elementlərinin olub-olmadığını müəyyənləşdiririk”. M.Saakaşvili daha sonra baş nazir A.Yatsenyukun tənqidinə keçib və onu korrupsiya çirkabına bulaşmaqda ittiham edib. Onun sözlərinə görə, bu şəxs ölkə üçün heç nə etməyib: "Bu şəxs islahatların həyata keşirilməməsində Poroşenkodan də çox günah sahibidir. Onun iqtisadiyyata təsir etmək imkanları var idi. Buna görə də vəziyyəti dəyişə və ölkəni yaxşı istiqamətə çəkə bilərdi. Amma A.Yatsenyuk islahatçı deyil, oliqarxların xidmətçisi rolunu oynamağa üstünlük verdi. Bax, bütün məsələ bundadır”.
"Maraqlıdır ki, Yatsenyukla Poroşenko baş verən qarşıdurmadan mehriban çıxdılar, sizə isə hər ikisi ilə sərt müxalifət vəziyyətinə düşdünüz. Sizdən istifadə etdilər fikri ilə razısınız” sualının cavabında Saakaşvili bildirib ki, "düzdür, Yatsenyuk və Poroşenko ukraynalı milyarder Axmedovla mütəmadi görüşür. Mənə pis gələn odur ki, Qroysman baş nazir oldu və islahatlara başlamaq istəmədi”. Prezidentlə sonuncu dəfə nə vaxt ünsiyyət qurması barədə suala isə M.Saakaşvili belə cavab verib ki, bu görüş istefası ərəfəsində olub. Poroşenko ona Cənubi-Şərqi Asiya ölkələrindən birində, konkret olaraq Tailandda səfir işləməyi təklif edib: "Lakin mən ona bildirdim ki, sona kimi mübarizə aparacağam”. Onun qənaətincə, Ukrayna üçün ən önəmlisi növbədənkənar parlament seçkilərinin keçirilməsidir: "Ukraynada əhali sürətlə azalır. Avropa ittifaqı ilə viza rejimin ləğvi də fəlakət olacaq. Nəticədə ukraynalı gənclər vizasız Avropa ölkələrinə gedəcəklər. Biz 2-3 mln. insan itirəcəyik. Bu gün Ukraynanı hakimiyyət deyil, böhran idarə edir. Hakimiyyət media və korrupsiya axınını idarə edir, ölkəni yox”. M.Saakaşvili deyib ki, özü qədər oliqarxlarla toqquşan ikinci bir ukraynalı siyasətçi tapmaq mümkün deyil: "Mən ilk gündən onları özümə düşmən elan etmişəm”.
"Sizin Ukraynadakı əsas məqsədiniz nədir” sualının cavabında isə eks-qubernator "sistemi dəyişmək istəyirəm” deyib. Gürcüstanın sabiq prezidenti ABŞ prezidenti Donald Trampla bağlı sualı da cavablandırıb. Onun qənaətincə, Tramp heç vaxt Ukrayna ilə alver etməyəcək və heç bir zaman rusiyayönümlü olmayacaq: "O, güclü şəxsiyyətdir və ilk ABŞ prezidentdir ki, "Amerika müharibəni udmağı öyrənməlidir” fikrini səsləndirib”.
Eks-qubernator onu da deyib ki, Ukrayna hökumətində xaricilərin eksperimenti uğurlu nəticə vermədi: "Bütün bunlar fasad dəyişiklikləridir. Məsələn, polyak heç vaxt Ukraynada dəmiryollarının necə dəyişdirilməsini anlaya bilməz. Mənə gəlincə isə bu, başqa şeydir. Mən Ukraynaya cavan olanda gəlmişəm. Burada formalaşıb, təhsil almışam. Mənim adaptasiya olmağıma ehtiyac yoxdur”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər