• cümə, 26 Aprel, 08:01
  • Baku Bakı 12°C

Saakaşvili tərəfdarlarının həbsi başladı

19.12.18 17:39 545
Saakaşvili tərəfdarlarının həbsi başladı
Bidzina İvanişvili hakimiyyəti gürcü müxalifətinə qarşı total hücuma start verib. Hakim "Gürcü Arzusu” müxalifətin ən aktiv liderlərini və üzvlərini zərərsizləşdirməyə başlayıb. Gürcü saytlarının yaydıqları xəbərə görə, birləşmiş müxalifətin liderlərindən biri hesab olunan David Kirkitadze xuliqanlıq maddəsi üzrə həbs olunub. Onu polis əməkdaşını döyməkdə ittiham ediblər. "Apsny.ge” gürcü saytının yaydığı xəbərə görə, gürcü müxalifətçisi insidenti bazar günü Telavidə, prezidentin inauqurasiya mərasimi zamanı törədib. Kirkitadzeyə qarşı irəli sürülən ittiham təsdiqini taparsa, altı il müddətinə azadlıqdan məhrum edilə bilər. Hazırda həbsxanada olan müxalifət lideri aclıq aksiyasına başlayıb. Özü də, birləşmiş gürcü müxalifəti növbədənkənar parlament seçkilərinin keçirilməsi və müddətsiz etiraz aksiyası keçirəcəyini anons etdikdən dərhal sonra cinayət işinə start verilib. David Kirkitadze Mixail Saakaşvilinin rəhbərlik etdiyi "Vahid Milli Hərəkat”ın sıravi üzvlərindən deyil. Saakaşvilinin prezidentliyi dövründə mürəkkəb ərazi hesab edilən və əsasən də soydaşlarımızın yaşadığı Kvemo-Kartli quberniyasının qubernatoru vəzifəsində çalışıb. Ərazidə ağır sosial durum yaşanırdı və məhz onun idarəçiliyi dövründə problemlərin həlli istiqamətində ciddi addımlar atılıb. Saakaşvili də onun fəaliyyətindən razı idi. Cəmiyyət onu qubernatorluq fəaliyyəti ilə yanaşı, siyasi karyerasında da ciddi uğurlara imza atan biri kimi tanıyır. 2003-cü il "qızılgül inqilabı” və parlament seçkilərindəki qələbədən sonra deputat kimi fəaliyyət göstərib. Lakin maraqlıdır ki, o, həmin vaxt da polislə münaqişə yaşaması ilə gündəmə gəlmişdi. Belə ki, ona, maşınını düzgün saxlamadığı barədə irad tutduğu üçün polisi vurmuşdu. İnsidentə Saakaşvili şəxsən qarışmış, nəticədə deputat üzr istəmişdi.
İndi isə Kirkitadzenin Saakaşvili kimi müdafiəçisi yoxdur və onun hazırkı durumu həsəd aparılası deyil. Eks-qubernatorun aqressiv hərəkəti və polisə qarşı münasibətini əks etdirən videogörüntülər də var. Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya tabeliyində olan insanlara qarşı hər hansı bir xırda qanun pozuntusuna qarşı güzəşt olmayacağını bəyan edib. Müxalifət isə öz növbəsində bəyan edir ki, Kirkitadzeni özündən çıxaran hal, hakimiyyətin hərəkətləri olub. Onlar hakimiyyəti insanların etiraz etmək hüquqlarını pozmaqda ittiham ediblər. Prezidentliyə namizəd olmuş Qriqol Vaşadze bildirib ki, tərəfdarı olan şəxs elə bir cinayət törətməyib ki, onu həbs etsinlər. Onun partiya üzrə həmkarları da hesab edirlər ki, hakimiyyət siyasi opponentlərə qarşı repressiyanı gücləndirmək üçün istənilən xırda bir insidentdən yararlanmağa çalışacaq. Onlar Tbilisi-Telavi trasında yaşanan qarşıdurma zamanı baş verən müxtəlif təxribatları da təhqiq etməyi tələb ediblər. Xüsusən də, aksiya zamanı naməlum bir gəncin müxalifətçilərin olduğu maşınlara hücum edib, qaz balonundan istifadə etməsinə diqqət çəkməyə çağırıblar. Və bunu əks etdirən videoçarxlar var. Kirkitadzenin həbsi ona gətirib çıxarıb ki, müxalifət siyasi tələbləri sırasına daha birini əlavə edib – siyasi məhbusların azad edilməsi. Konkret fəaliyyətinə gəldikdə isə müxalifətin, hələ ki, parlament qarşısında çadır düşərgələri yaratmaqdan başqa hansısa addımları atacağı məlum deyil. Müxalifət liderləri etirazların genişlənəcəyini bəyan etsələr də, bu çağırışlara qoşulanlar azdır. Hətta vaxtilə "Vahid Milli Hərəkat”dan ayrılsa da, son seçkilərdə onunla siyasi ittifaq bağlayan "Avropa Gürcüstanı” da yalnız siyasi bəyanatlar verməklə kifayətlənir. Ekspert dairələrində, baş verənlərlə bağlı müxtəlif qiymətləndirmələr var. Lakin bütövlükdə, şərhçilər bir fikirdə qətidirlər ki, müxalifətə qarşı hücum mənasızdır. Arqument də budur ki, müxalifətin irimiqyaslı aksiyalar üçün resursu yoxdur. Cəmiyyətin qayğısı isə tamam başqadır. Eləcə də, Saakaşvilinin xaricdən çağırışları əhalini daha çox qıcıqlandırır. Elə Tbilisi-Telavi trasında müxalifətin aksiyasının da cəmiyyətdə neqativ reaksiya doğurduğu vurğulanır.
Son məlumatlara görə, Tbilisi Apelyasiya Məhkəməsi "Vahid Milli Hərəkat”ın, noyabrın 28-də keçirilən seçkilərin nəticələrinin ləğv edilməsi barədə iddiasını rədd edib. "Apsny.ge” xəbər verir ki, partiyanın liderlərindən olan Tinatin Bokuçava nəticələrin ləğvi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərinin bildirib.
Xatırladaq ki, ötən bazar yeni prezident Salome Zurabişvilinin andiçmə mərasimi keçirilib.Mərasim zamanı ciddi qarşıdurmalar yaşansa da, bu etirazlar inauqurasiyanı poza bilməyib. Ardınca da gürcü müxalifəti müddətsiz aksiyalara başlayıb.
Son məlumatlara görə, hakimiyyət David Kirkitadzedən sonra həbs tədbirlərini genişləndirib. Bu dəfə daha üç nəfər həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həbs edilən şəxslər Kirkitadze ilə birlikdə avtobusda olan polisə hücum etməkdə ittiham olunurlar. Onlara qarşı da "müqavimət”, "ictimai nəzarəti qoruyan şəxsə zorakılıq və yaxud hədə” maddəsi üzrə ittiham irəli sürülüb. Bu bəndlər üzrə onları cərimə və yaxud 6 aydan 2 ilə qədər ev dustağı, eləcə də, 2 ildən 5 ilədək həbs cəzası gözləyə bilər. Bundan əlavə, daha iki nəfər müxalifət tərəfdarını, kimisə döyməkdə ittiham edərək həbs edilər. Müxalifət tərəfdarlarına ciddi bədən xəsarəti yetirilib. Müxaliflər bəyan ediblər ki, hücum edənlər hakimiyyətin sifarişini həyata keçiriblər. DİN-in məlumatına görə, Telavidə insident zamanı 10 polis əməkdaşı zərər çəkib, polis maşınına hücum olub. Nazir Georgi Qazaxriya bildirib ki, hər iki tərəfə edilən hücumlar araşdırılacaq.

Azər

banner

Oxşar Xəbərlər