• cümə, 26 Aprel, 05:23
  • Baku Bakı 16°C

Rüstəm İbrahimbəyov və Əkrəm Əylisli paralelliyi

23.08.13 08:11 1670
Rüstəm İbrahimbəyov və Əkrəm Əylisli paralelliyi
Milli Şuranın son toplantısında böhranlı vəziyyətdən çıxmaq istiqamətində görülən səylər nəticəsiz qalmaqda davam edir. Lakin bu arada onsuz da gərginlik içində çabalayan Şuranın daxilində növbəti rüsvayçı anlar yaşanıb. Belə ki, ehtiyat namizədin müəyyənləşdirilə bilinməməsi nəticədə Rüstəm İbrahimbəyovun ilginc və heç də təsadüfi görünməyən təklifi ilə yadda qalıb. Beləliklə, İbrahimbəyov heç kimin ağlına gəlməyən bir adamın –xalqımızın milli-mənəvi dəyərlərini xəyanətkar “Daş yuxular” adlı qondarma əsəri ilə aşağılayan Əkrəm Əylislinin adını ehtiyat namizədlər sırasına daxil edilməsini təklif edib.
Yuxarıda qeyd etdiyimiz kimi, əslində Rüstəm İbrahimbəyovun Əkrəm Əylislinin adını çəkməsi təəccüb doğurmamalıdır. Xatırladaq ki, onun «Daş yuxular»ın müəllifinə böyük rəğbəti anti-Azərbaycan hisslərindən irəli gəlir. Məsələ ondadır ki, «Daş yuxular» həngaməsi başlayanda bütöv bir cəmiyyət bu alçaldıcı romana qarşı etiraz etsə də Rüstəm Əkrəmin müdafiəsinə qalxmış, onu öz ağuşuna alaraq ittihamlardan qorumağa cəhd etmişdi. Sözügedən faktlar daha sonradan bir daha öz təsdiqini tapdı. İbrahimbəyovun Azərbaycan tarixini, Azərbaycan reallıqlarını aşırı dərəcədə təhrif edən “kitabın” ruhuna uyğun bəyanatlar verməsi deyilənlərdə öz əksini tapmış oldu. Eyni zamanda burada həm Rüstəmin, həm də Əkrəmin “qardaşlıq tellərini” sıx bağlayan bir çox bənzər paralellər də mövcuddur.
Məsələn, yaxın keçmişdə Rüstəm İbrahimbəyov öz müsahibələrinin birində Qarabağı münaqişəli ərazi hesab etmiş, Əkrəm Əylisli isə qədim və ulu Naxçıvan torpağı olan Əylisi erməni leksionuna çevirərək, Aqulis kimi göstərib. İbrahimbəyov Bakının Ermənistandan gələn varvarlar tərəfindən işğal olunduğunu iddia edir. Azərbaycanlıları yerlibazlıq üsulunda “rayonlu-şəhərli”-yə ayırır, Əkrəm də «yeraz»ların timsalında Azərbaycan xalqını vəhşi xalq kimi göstərir. Rüstəm Bakının erməni-rus elitasının xiffətini çəkdiyini gizlətmir və Bakını ermənilərsiz təsəvvür etmədiyini deyir, Əkrəm də eyni mövqeni paylaşaraq hələ də «drujba narodov» illüziyası ilə yaşadığını bildirir. İbrahimbəyov “Azərbaycan xalqı kütbeyindir” deyir, Əylisli də azərbaycanlıların ermənilər üzərində cinayətləri olduğunu bəyan edir.
Beləliklə, onların hər ikisi Azərbaycan mənəviyyatına və tarixinə nihilist münasibət göstərir, xalqı, milləti başqa xalqlar qarşısında alçaldır və bununla da nə qədər xəyanətkarlıq xislətində olduqlarını nümayiş etdirirlər. Ona görə də bu qəbildən olan çoxsaylı arqumentləri uzatmaq da olar. Çünki onların hər ikisinin “portetlərində” belə cizgilərin, palitraların sayı kifayət qədər çoxdur.
Məhz bu baxımdan, Rüstəm İbrahimbəyovun Milli Şuranın ehtiyat namizədi kimi Əkrəm Əylislinin adını çəkməsi məntiqidir və başadüşüləndir. Onlar eyni məzhəbi (hərgah məzhəbi olan insanda öz xalqına, Vətəninə, torpağına qarşı bu qədər antipatik hisslər olmamalıdır) və dünyagörüşlərini bölüşürlər.
Və məhz Rüstəm İbrahimbəyovun irəli sürdüyü bu kimi şok təklifi onsuz da parçalanmış quruma çevrilən Milli Şuranı daha kökündən dağıtdı, uçuruma yuvarladı. Sözügedən məsələyə daha ətraflı yanaşaq. Belə ki, Milli Şurada daha müvafiq namizədlərin olduğu heç kimə sirr deyil. Düzdür, həmin namizədlərdə də zəngin siyasi bilik olmamasına rəğmən, Milli Şura sədri daha obyektiv və ciddi qərar verməklə qurumu düşdüyü vəziyyətdən az da olsa xilas edə bilərdi. Deyək ki, İbrahimbəyov toplantıya zəng edərkən, Əylislinin adını deyil, Cəmil Həsənlinin, Mehman Əliyevin, Gültəkin Hacıbəylinin, İsa Qəmbərin, Əli Kərimlinin, Mirmahmud Mirəlioğlunun, Lalə Şövkət Hacıyevanın, Rafiq Əliyevin və ən nəhayət siyasi səhnədə “öz uşağı” rolunu oynayan Eldar Namazovun adlarını çəkə bilərdi. Ancaq bunu etmədi və özünü daha pis vəziyyətdə qoydu.
Başqa tərəfdən, əldə etdiyimiz məlumata görə, İbrahimbəyov qurumun toplantısına zəng etməmişdən öncə ehtiyat namizəd məsələsində ciddi və qızğın müzakirələr aparılıb. Razılığı gəlinməsə də Milli Şuranın növbəti toplantısının vaxtı dəqiqləşdirilib. Lakin həmin anlarda gözlənilən zəng olub və həmin zəng nəticəsində vəziyyət yenidən kritikləşib. R.İbrahimbəyov Milli Şura üzvü Mehman Əliyevin namizədliyinə qarşı çıxıb, onu ayrı-ayrı vaxtlarda hakimiyyətlə əməkdaşlıqda ittiham edib. O, yalnız Eldar Namazovun namizədliyini vurğulayıb və Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə loyal yanaşıb. Bundan əlavə, İbrahimbəyov Ziyalılar Forumunu da prosesə cəlb etməyi lazım bilib və ehtiyat namizədlər arasında Əkrəm Əylislinin adını çəkib. R.İbrahimbəyov Əkrəm Əylislinin namizədliyinin ehtiyat variantlardan biri kimi irəli sürülməsinin bir çox dividentlər vəd etdiyini söyləyib. Bu dividentlərin nədən ibarət olmasını isə açıqlamayıb və sadəcə əlavə edib ki, Moskvadan belə məsləhət görürlər.
Göründüyü kimi, Moskvaya yalnız və yalnız Azərbaycana qarşı Rusiya siyasətini yürüdən ehtiyat namizəd lazımdır. Belə tipli namizəd isə adları çəkilənlərin heç birində yetərincə deyil. Düzdür, yerdə qalanalar da xarici siyasi dairələrə işləsələr də bunu Ə.Əylisli qədər ürəkdən, daha canfəşanlıqla etməyiblər. Görünür, bu səbəbdən də İbrahimbəyov düşdüyü ağır situasiyadan çıxmaq üçün Rusiyanın müəyyən dairələri qarşısında onunla “sıx qardaşlıq telləri”ndə həmrəy olan Əkrəmin adını çəkib. Təbii ki, qarşı tərəf də onun adının çəkilməsinə etiraz etməyib.
Sadəcə bütün bu baş verənləri bir daha nəzərimizdən keçirib təhlil etsək belə qənaətə gələ bilərik ki, əslində, Milli Şuradan başqa heç nəyi gözləməyə dəyməzdi. Bir halda ki, onun sədri Rüstəm İbrahimbəyovdur.
Rövşən
banner

Oxşar Xəbərlər