• çərşənbə, 08 May, 04:57
  • Baku Bakı 13°C

Rusiyanın münaqişənin tənzimlənməsinə yeni yanaşması?

03.10.19 20:52 1051
Rusiyanın münaqişənin tənzimlənməsinə yeni yanaşması?
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya zaman-zaman müəyyən təşəbbüslərlə çıxış edib, Azərbaycan və Ermənistan rəhbərlərini bir araya gətirib.
Lakin Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna sahiblənən Nikol Paşinyan verdiyi sərsəm bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə maneə yaratmağa başlayıb. Hətta bir neçə ay əvvəl qondarma rejimə səfəri zamanı müharibənin başlanmasına rəvac verəcək "Qarabağ Ermənistandır” ifadəsini səsləndirib. Həmsədrlər Paşinyanın bu fikrinə ilk olaraq neytral münasibət göstərsələr də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə "Valday” diskussiya klubunun iclasında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət barədə danışarkən konkret mövqe sərgiləyib. Belə ki, Lavrov Nikol Paşinyanın avqustun 5-də Xankəndində səsləndirdiyi " Qarabağ Ermənistandır, nöqtə” bəyanatının danışıqlar prosesini əngəllədiyini təsdiqləyib və Paşinyanın dediklərini Albaniyanın baş nazirinin Kosovoya dair bəyanatları ilə müqayisə edib: "Siyasi proses tormozlanıb və hələlik bu tormozu götürmək mümkün olmur. Tərəflər kifayət qədər ciddi bəyanatlar verirlər. O cümlədən də "Qarabağ Ermənistandır”. Necə ki, Albaniyanın baş naziri Tiranadan bəyan edirdi - Kosovo Albaniyadır. Bu, əlbəttə, siyasi prosesin bərpası üçün atmosferin yaradılmasına kömək etmir”.
Həmçinin Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini görmür: "Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm. Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək. Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil”.
Rusiya xarici işlər nazirinin Paşinyanın fikirləri və Dağlıq Qarabağda müharibə riski ilə bağlı dedikləri suallar doğurur. Lavrovun bu fikirlərinin arxasında nə dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Moskva ilk dəfə rəsmi səviyyədə Paşinyanın "Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı: "Doğrudur, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ünvan göstərmədən danışıqlar formatının dəyişdirilməsinin əleyhinə olduğunu vurğulamışdı. Ancaq onun şefi, xarici işlər naziri Sergey Lavrov "Valday” klubunun Yaxın Şərqə həsr olunan sessiyasında ünvanı gizlətmədi: "Qarabağ Ermənistandır” ifadəsi "Kosovo Albaniyadır” ifadəsinə bənzəyir və bu, danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”.
Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosovo məntiqindən yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml sadəcə, Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur.
Putinin İrəvanda həbs olunan eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşü, həmçinin Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil. Ancaq bizim də bu gedişatdan çıxış edərək "Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız doğru olmaz. Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa "yan” ola bilər”.
E.Şahinoğlu qeyd etdi ki, Rusiyanın Cənubi Qafqaz regionunda müharibə istəmədiyi hər kəsə bəllidir: "Çünki Azərbaycanla Ermənistan arasında müharibə başlayarsa, bölgədə müəyyən risklər yarana bilər. O cümlədən bu risklər Şimali Qafqaza da öz təsirini göstərəcək ki, bunun da nəticəsində müəyyən problemlərin olacağı istisna edilmir. Məhz Rusiya bundan ehtiyat edir və bütövlükdə Qafqaz regionunda müharibə istəmir. Amma çox təəssüflər olsun ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini də sürətləndirmir. Lavrovun müharibə ilə bağlı sözləri də iki tərəfə mesaj əhəmiyyəti daşıyır ki, atəşkəsə riayət edin, lokal toqquşmalara getməyin. Onu da qeyd edək ki, Lavrov bəzən özü öz fikirlərinin ziddinə gedir. Çünki o bir tərəfdən deyir ki, Paşinyan "Qarabağ Ermənistandır” deməklə müsbət atmosferin yaradılmasına xidmət etmir, digər tərəfdən isə deyir ki, müharibə etməyin, lokal toqquşmalara getməyin. Axı sən özün Paşinyanı tənqid edirsən? Deyirsən ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində müsbət atmosfer yaratmır. Belə bir adamla Azərbaycan danışıqlarda hansı nəticəni əldə edə bilər? Ona görə də biz məcbur qalıb güc vasitəsindən istifadə edərik ki, bunu da bizə heç kim qadağan edə bilməz.
Politoloq Nəzakət Məmmədova bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov həm Paşinyanın "Qarabağ Ermənistandır” sözlərinə etiraz etməklə, həm də "hər şey edəcəyik ki, müharibə olmasın” fikirləri ilə qeyd etmək istəyir ki, Cənubi Qafqaz regionundakı status-kvo Rusiyanın razılığı olmadan dəyişdirilə bilməz: "Nə Ermənistan özbaşına Dağlıq Qarabağın müstəqilliyini tanıya, yaxud onu özünə birləşdirə bilər, nə də Azərbaycan müharibəyə başlayıb torpaqlarını güc yolu ilə işğaldan azad edə bilər. Proseslərə yön verə biləcək bur qüvvə varsa, o da Rusiyadır”.
N.Məmmədova vurğuladı ki, Azərbaycan və Ermənistan hətta digər beynəlxalq güc mərkəzləri, xarici ölkələrlə sövdələşməyə və ya ittifaqa girməklə belə, Rusiyanın Qarabağ siyasətinə təsir göstərə, ona qarşı balans yarada bilməz: "Lavrovun bu fikirləri mövcud durumun onun icazəsi olmadan dəyişdirilə bilməyəcəyinə dair hər iki ölkəyə xəbərdarlıqdır. Xüsusilə, bu açıqlamanın Avrasiya İqtisadi Birliyinin Ermənistandakı sammiti ilə eyni vaxtda səsləndirilməsi heç də təsadüfi deyil”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər