• cümə, 26 Aprel, 04:55
  • Baku Bakı 16°C

Rusiyanın Mərkəzi Asiyada möhkəmlənmək planı

07.02.19 18:55 610
Rusiyanın Mərkəzi Asiyada möhkəmlənmək planı
Mərkəzi Asiya regionunda nüfuzunu saxlamağa çalışan Rusiya bölgəyə kənar dövlətlərin daxil olmasına yol vermək istəmir. Elə xarici işlər naziri Sergey Lavrovun regiona səfəri də buna xidmət edir. Bu səfər, həm də prezident Vladimir Putinin gələn ay bölgəyə səfərinə hazırlıq kimi qəbul edilir. Belə ki, əvvəlcə Qırğızıstanda olan Lavrov burada Rusiyanın hərbi bazasının qurulması barədə razılıq əldə edib. Yekun sənəd gələn ay imzalanacaq. S.Lavrov Bişkekdən sonra Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşüb. Danışıqların yekununda bildirilib ki, Aşqabad qaz məsələsində irimiqyaslı razılaşmalara çıxmağa köklənib. Ekspertlər hesab edirlər ki, Kreml Aşqabada loyallıq müqabilində, təhlükəsizlik təminatı təklif edə bilər. Görüş ərəfəsində Rusiya XİN rəhbəri bildirib ki, Xəzəryanı region, bölgədə baş verənlərə görə dənizkənarı dövlətlərin məsuliyyət daşıdıqları region olmalıdır. Nazir deyib ki, söhbət 2018-ci il 12 avqustda Xəzərin statusu ilə bağlı Aktauda imzalanan Konvensiyadan sonra Xəzəryanı dövlətlər arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsindən gedir. Rusiya mediası yazır ki, bu mesaj daha çox Türkmənistan prezidentinə ünvanlanıb. Rusiya Xəzəryanı regionda son vaxtlar NATO-Avropa İttifaqı istiqamətində əməkdaşlığın güclənməsindən narahatdır. Qərblə əməkdaşlığın təşəbbüskarı isə rəsmi Aşqabad olub. Avropada qaz ixrac edən ölkələrin Fondunun (GECF) proqnozlarına görə, Cənub Qaz Dəhlizi ilə qazın nəqlinin 2020-ci ilə kimi 278 milyard kub metrdən 350 milyarda qədər artması gözlənilir. 2040-cı ilə qədər isə bu rəqəmin 440 milyard təşkil edəcəyi proqnoz edilir. Bu planın reallaşdırılması üçün isə Azərbaycan qazına türkmən qazının əlavə edilməsi, yəni Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması gərəkdir. Bunu isə yalnız Transxəzər qaz kəmərini inşa etməklə reallaşdırmaq mümkündür. Bu layihəni isə böyük ehtimalla, Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirəcək. Ötən ayın sonuncu günü bankın Mərkəzi Asiya üzrə direktoru Bruno Balvanera Aşqabadda səfərdə olub. Ondan bir gün qabaq isə Aİ-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Peter Burian Türkmənistanda olub və danışıqlarda Aşqabad və Brüssel arasında münasibətlərin yüksək dinamikası vurğulanıb. Bu istiqamətdə artıq onlarla reallaşan və artıq həyata keçirilən proqramlardan bəhs edilib. Məlumat verilib ki, Aİ Aşqabadda öz nümayəndəliyini də açacaq. Aİ nümayəndəsi həmçinin rəsmi Aşqabadla nəqliyyat əməkdaşlığı, əsas etibarilə Türkmənistan və Rumıniyanın təşəbbüskarı olduqları Xəzər dənizi-Qara dəniz nəqliyyat-tranzit dəhlizi müzakirə mövzusu olub. İkinci nəqliyyat xətti Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyədən keçməklə Əfqanıstan-Türkmənistan "Lapis Lazuli” dəhlizi olub. Bu marşrutla Əfqanıstana və geriyə yüklərin daşınması nəzərdə tutulub.
Türkmən eksperti Sərdar Aytakov hesab edir ki, Qərbdən Xəzər vasitəsilə Əfqanıstana hərbi və s. yüklərin daşınması da zəruridir. Lakin məsələ ondadır ki, Xəzərin hüquqi statusu üzrə konvensiya dəniz vasitəsilə hərbi yüklərin daşınmasını qadağan edir.
Postsovet məkanı üzrə ekspert Arkadi Dubnov hesab edir ki, Lavrov Rumıniyanın aktiv şəkildə müdafiə etdiyi Avrasiya nəqliyyat-tranzit dəhlizinə Aşqabadın cəlb edilməsi planlarını dəqiqləşdirmək istəyir. Buxarest 2019-cu ildən Aİ-yə sədrliyi həyata keçirir. "Yada salaq ki, Rumıniya Aİ-də qeyri-formal olaraq yaradılan "Türkmənistanın dostları qrupu”na rəhbərlik edir. Məhz Rumıniya universitetlərindən biri Avropa ictimaiyyətinin təəccübünə səbəb olacaq bir addım atıb - Berdıməhəmmədova "ilin adamı” titulunu verib. Avrasiya dəhlizinin marşrutu Xəzərdən Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya yüklərin daşınmasını nəzərdə tutur. Bu layihədə Rusiyanın iştirakı nəzərdə tutulmayıb. Çətin ki, bu təşəbbüslər indiki vəziyyətdə Moskvaya xoş gəlsin”, - deyə Arkadi Dubnov bildirib.
Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski hesab edir ki, türkmən rəhbərliyi onilliklərdir ki, aydın bir oyun aparır: "Hakimiyyət sərt və eqoistik vəziyyətdə bütün maraqlı şəxslərlə eyni oyunu oynayır. Bu maraqlı şəxslər dedikdə ABŞ, Avropa, Çin nəzərdə tutulur. Bu zaman ən az iş Rusiya ilə əlaqələrin saxlanılması istiqamətində atılır. Bu faktdır. Bundan da çıxış edərək Türkmənistanın keçmiş, indiki və gələcək siyasətini nəzərdən keçirmək gərəkdir”. Ekspertin qənaətincə, Azərbaycan və Gürcüstan yeganə aydın olan tranzit marşrutudur: "İndiyə qədər Transxəzər qaz kəmərinin inşasına Aşqabadla mürəkkəb münasibətləri olan Bakı laqeyd yanaşırdı. Lakin indi artıq Azərbaycan da bu məsələdə maraqlıdır. Belə ki, onun limanı ilə yüklərin Mərkəzi Asiya, Əfqanıstan, oradan isə Pakistana daşınması nəzərdə tutulur. Analoji liman artıq Türkmənistanda da inşa edilib. Belə olan halda, Rusiya, Ukrayna təcrübəsini nəzərə alıb hansı addımı atmalıdır? ABŞ Avropa bazarını təkcə, sıxılmış qaz kontekstində nəzərdən keçirmir - Rusiya qaz kəmərinə orada yer yoxdur. Bu planın reallaşdırılması məqsədilə ABŞ Dövlət Departamenti hər şeyə gedir. Aşqabada AYİB, Aİ nümayəndələrinin səfəri, Türkmənistanda siyasi məhbuslar məsələsinin gündəmdən çıxması faktdır – bütün bunlar Qərbin iqtisadi maraqlarını hər şeydən üstün tutması deməkdir. Xəzəryanı dövlətlərin dənizdə regiondan kənar oyunçuların olmasını nəzərdə tutan Konvensiyası isə Qərbi heç narahat da etmir. Tək Qərbi yox. İstənilən halda Transxəzər boru xəttinin reallaşmasına maraqlı olanlar konvensiyanı arxa plana keçirir. Böyük məmnuniyyətlə Amerika bazası və hərbçilərini, texnikanı qəbul edərlər. Təki Rusiya yaxın belə düşməsin. Rusiyanın hansı halda buna reaksiya verəcəyi isə açıq qalır”.
Beləliklə, bölgədə hər vəchlə təsir imkanlarını qoruyub saxlamağa çalışan Kreml heç bir halda kənar oyunçuların müdaxiləsinə yol verməməkdə israrlıdır. Lakin məsələ ondadır ki, artıq region dövlətləri də əvvəlki tək yaşamaq istəmirlər. Məsələn, Qazaxıstan artıq çoxdan bu siyahıdan çıxıb. Özbəkistan isə israrla bu istiqamətdə hərəkət edir. Qalır Türkmənistan ki, Moskva də hər vəchlə onun qərbyönümlü layihələr həyata keçirməsinə imkan vermək istəmir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər