AZE | RUS | ENG |

Rusiyanın “Birinci kanalı” Müslüm Maqomayev haqqında film çəkir - Fotolar

Rusiyanın “Birinci kanalı” Müslüm Maqomayev haqqında film çəkir - Fotolar
Çəkilişləri Bakıda aparılan filmdə azərbaycanlı aktyorlar da rol alıb

Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev haqqında  "Maqomayev” adlı səkkiz seriyalı bədii filmi çəkilir. Filmi Rusiyanın "Birinci kanal”ı çəkir. Bununla bağlı TASS agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, filmin çəkilişləri  "Korporativ”, "Qapalı məktəb” filmləri ilə tanınan rejissor Oleq Əsədullinə həvalə olunub. Rejissor və serialın komanda heyəti Azərbaycan paytaxtına bir həftə əvvəl gəlib. Bu zaman çərçivəsində çəkiliş meydançası, həmçinin ikinci, üçüncü plan aktyorları tapılıb və onlarla filmin məşq prosesi aparılıb. 

"Maqomayev” filminin hazırlanmasında Azərbaycanın xalq artisti Emin Ağalarovun misilsiz xidmətləri olduğu deyilirdi. E.Ağalarov özü açıqlamasında bildirib ki, oktyabrın əvvəlində Bakıda çəkilişləri başlayan filmin hazırlanması prosesindən xəbərdardır: "Bu, Rusiyanın "Birinci kanal”ının layihəsidir. Biz layihəni maliyyələşdirmirik, ancaq kömək etmək üçün əlimizdən gələni edirik. Filmdə Müslüm Maqomayevi canlandıracaq aktyor seçilib və o, mərhum müğənniyə çox bənzəyir. Ssenari artıq hazırdır. Əvvəl filmlə bağlı bir neçə versiya var idi. Daha sonra Tamara Sinyavskaya ssenaridə yazarların bilmədiyi bir neçə nüansı dəqiqləşdirdi. T.Sinyavskayanı canlandıracaq obraz isə hələlik dəqiqləşməyib”.
 
 
 
Filmdə əfsanəvi müğənnini canlandıracaq aktyor azərbaycanlı deyil. Belə ki, baş rolu "Eleon oteli”, "Duxlees2” filmlərindən tamaşaçılara tanış olan serb və rus teatr-kino aktyoru 30 yaşlı  Miloş Bikoviç oynayacaq. Çəkiliş prosesindən sosial şəbəkələrdə yayılan şəkillərə diqqət yetirdikdə, qrim və geyim vasitəsi ilə Müslüm Maqomayevin gənclik illərinin tam bənzərinin yaradıldığını görə bilirik. 
 
Filmdə serb və rus aktyorlarla yanaşı, azərbaycanlı aktyorlar da rol alıblar. Filmdə Müslüm Maqomayevin əmisi oğlu Kamalı canlandıran əməkdar artist Elman Rəfiyev bizimlə söhbətində bunu bir daha təsdiqlədi. Qeyd etdi ki, serialda rol alan azərbaycanlı aktyor tək o deyil: "Doğrudur, Müslüm Maqomayev haqqında çəkilən filmdə mən də varam. Oynayacağım obraz o qədər də böyük deyil. Ancaq həmin komanda ilə işləmək böyük bir zövqdür. Burada hər kəs öz işi ilə məşğuldur. Müslüm Maqomayevin həyatından film çəkən komanda çox operativ işləyir. Çəkilişdən həzz alıram. Mən orda Kamal obrazını canlandırıram. Kamal Müslüm Maqomayevin Parisdə yaşayan əmisi oğludur”.

Çəkilişlərin Parisdə nə zaman davam edəcəyini xəbər aldıqda isə, E.Rəfiyev hadisələri məhz Bakıda lentə aldıqlarını bildirdi: "Bakıda Paris pavilyonu yaradılıb. Bakının küçələri Parisə bənzədiyi üçün həmin kadrlar burada lentə alınır. Belə ki, Parisdə Müslüm Maqomayevin konserti gözlənilir və o, çox  həyəcanlıdır. Kamal Müslümü sakitləşdirir, bildirir ki, çalışıb fransız tamaşaçıları qarşısında fransız mahnıları ifa etsin. Çünki fransızlar həzin mahnıları sevirlər”.
 
 

Aktyor deyir ki, çəkilişlərə oktyabrın 1-dən başlayıblar: "Oktyabrın 21-nə kimi çəkilişlər Bakıda davam edəcək. Növbəti çəkilişlər isə Moskvada baş tutacaq. Rusiyanın "Birinci kanal”ı bura çox böyük bir komanda ilə gəlib. Filmdə canlandıracağımız obrazların kostyumları seçilib və Moskvadan gətirilib. Komandanın kostyumerləri belə işlərinin peşəkarıdırlar. Bir gün çəkilişim oldu və mən onların iş mexanizmindən xüsusi zövq aldım. Onların iş metodikası tamamilə fərqlidir. Hər şey hazır olduqdan sonra aktyoru çəkiliş meydançasına çağırırlar. Çəkiliş meydançasında onun oynayacağı obrazı izah edib bir-iki dəfə məşq edirlər və 4-5 dubla çəkirlər. Serialın bizim kanallarda göstərilib-göstərilməyəcəyi barədə heç bir xəbərim yoxdur”.
 


Çəkilişlərin rus dilində aparıldığını deyən E.Rəfiyev rus bölməsində təhsil almadığı üçün bəzi məqamlarda çətinlik çəkdiyini deyir: "Çətinliklər olsa da, onun öhdəsindən gələ bilirəm. Elə sözlər var ki, mənim leksikonumda yoxdur. Müslüm Maqomayevin obrazını canlandıran aktyor bir çox filmlərdə və seriallarda rol alıb. Onunla işləmək maraqlıdır. Seçim düzgün edilib”. 
 
 

Aktyor deyir ki, filmdə rol almaq üçün öncədən kastinqlərdə iştirak ediblər. Bir müddətdən sonra iştirakçılara filmdəki obrazları barədə məlumat verilib: "Filmdəki obrazım haqqında mənə məlumat veriləndə çox sevindim. Bizim dahi sənətkarımızın həyatından bəhs edən filmdə kiçik rolun olması da mənim üçün sevindirici haldır. Əslində bu mənim çoxdankı arzum idi ki, Rusiya seriallarından birində rol alım. İnsan bir şeyi çox arzulayanda, öz arzusuna çatır. Uzun müddətdir ki, bu ssenari işlənilir. Hər xırda detala xüsusi diqqət yetirirlər. Ssenaridən heç bir xəbərim yoxdur. Ancaq çox maraqlı iş prosesi gedir”. 
 
Azərbaycanlı aktyorlar üzrə kastinq direktoru Səbinə xanımla da əlaqə qurduq. O, müqaviləyə əsasən, serial haqqında heç bir məlumat vermək hüquqlarının olmadığını bildirdi: "Bununla bağlı hər hansı bir məlumat verməyə icazəmiz yoxdur. Çox ciddi iş qrafikimiz var. Öncədən bütün proqram tərtib olunub. Biz Rusiyanın "Birinci kanal”ı ilə müqavilə imzalamışıq. Bunlardan başqa heç bir informasiya verə bilmərik. Zamanı gəldiyində sizi məlumatlandırarıq”. 
 
Xəyalə Rəis
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000