• çərşənbə axşamı, 19 mart, 11:02
  • Baku Bakı 8°C

Rusiya Özbəkistanda atom sahəsində monopolistə çevrilir

17.10.18 17:37 492
Rusiya Özbəkistanda atom sahəsində monopolistə çevrilir
Mərkəzi Asiyanın ən iri dövləti Özbəkistanı öz orbitində saxlamağa çalışan Rusiya, bu istiqamətdə hər cür fəaliyyət göstərməkdədir. Məsələ ondadır ki, Daşkənd bir neçə ildir ki, xarici və daxili siyasətdə inqilabi dəyişikliklərə imza atır. Qapalı ölkə statusundan qurtulan Özbəkistan, daha dəqiq desək, prezident Şavkat Mirziyoyevin sayəsində Mərkəzi Asiyanın lider dövlətinə çevrilir. Prezident bu müddət ərzində Avropa ölkələrinə səfərlər edib, Çin, ABŞ liderləri ilə görüşməyə müvəffəq olub. Qonşu dövlətlərlə çoxillik problemlər də həllini tapıb. Və təbii ki, belə çoxvektorlu siyasət Kremlin diqqətindən kənarda qala bilməzdi. Moskva artıq bir neçə dəfə özbək liderini qəbul edib və sonuncu səfər də apreldə baş tutub. Bu dəfə isə cavab səfəri Rusiya prezidenti Vladimir Putindən olub. Oktyabrın 18-də onun Özbəkistana ikigünlük səfəri başlayır. Apreldə Şavkat Mirziyoyevin Moskvaya baş tutan səfər zamanı tərəflər ümumi dəyəri 15 milyard dollar olan 20-dən artıq sənədə imza atmışdılar. Putinin indi imzalayacağı sənədlər isə həcminə və məbləğinə görə əvvəlkiləri də üstələyəcək. "Nezavisimaya qazeta” yazır ki, imzalanacaq sənədlərin ümumi dəyəri 20 milyard dolları keçəcək. Rusiya Nəvai vilayətində Mərkəzi Asiyada ilk dəfə olaraq ilk AES-i inşa edəcək. Səfər ərəfəsində Rusiya paytaxtında, Özbəkistanın birinci prezidenti olmuş İslam Kərimovun xatirəsinə, onun adını daşıyan meydanda heykəli də ucaldılıb. Nəzərdə tutulub ki, iki ölkənin prezidenti AES-in inşasına başlanılması mərasimində iştirak edəcəklər. Layihənin reallaşması ilə bağlı bütün maliyyə məsələlərini Rusiya öz üzərinə götürüb. Beləliklə də, Rusiya Özbəkistanda atom sahəsində monopolistə çevrilir. Rusiya Elmlər Akademiyası Bazar Problemləri İnstitutunun baş elmi işçisi Nəbi Ziyadullayev hesab edir ki, Şavkat Mirziyoyevin hədəfi Özbəkistanın atom sahəsinin inkişaf etdirilməsidir. Ekspertin sözlərinə görə, sovet dövründə Daşkənddə Nüvə Fizikası İnstitutu ən aparıcı tədqiqat mərkəzlərindən biri idi. Və Moskva da indi onun bərpasına köməklik edəcək. Təsadüfi deyil ki, Rusiya nümayəndə heyətinin tərkibində, bu ölkənin 72 ali məktəbinin rektorları, o cümlədən MDB ali məktəblər assosiasiyasının rəhbəri, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniç daxildir. Özbəkistanda artıq Rusiyanın ali məktəblərinin filialları yaradılıb və tədris də rus dilində aparılır.
Yeri gəlmişkən, atom energetikası sahəsində əməkdaşlıq Rusiyanın Özbəkistana investisiya yatırmaq istədiyi yeganə sənaye sahəsi deyil. Aprel ayından ölkənin Buxara vilayətində Kandımsk (LUKOYL tərəfindən inşa edilir) qaz emalı kompleksi, eləcə də Djizaks neft-emalı müəssisəsinin inşasına başlanılıb. Daşkənd və Qarakalpakstanda iki metallurgiya zavodlarının fəaliyyətə başlaması ilə bağlı layihələr mövcuddur. Özbəkistandan aqrar məhsullarının ixracının artması isə Moskva və Daşkəndin "yaşıl dəhliz” yaradılması ilə bağlı razılaşmasından sonra xeyli yüksəlib. Bu dəhlizin fəaliyyətə başlaması ilə Rusiyaya meyvə və tərəvəzin ixracı bir neçə dəfə artıb. Bu ilin altı ayı ərzində ixrac, ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz artıb. O ki qaldı özbək konservləşdirilmiş məhsullarına – Nəbi Ziyadullayev bildirib ki, daşınma göstəricilərinə görə, Özbəkistan Qırğızıstan və Ermənistandan geri qalır. Bu ölkələr Avrasiya İqtisadi İttifaqına daxil olduqlarından, daşınma ilə bağlı hər hansı bir problem üzə çıxmır. İqtisadçının qənaətincə, digər ölkələr üçün yaradılmış şərait, o cümlədən əmək miqrasiyası Özbəkistan üçün də yaradılmalıdır. "Özü də qeyd etmək gərəkdir ki, Moskva Daşkəndi Mərkəzi-Asiya regionunda lider dövlət rolunda görür”, - deyə o bildirib.
Başqa bir ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Analitik Mərkəzinin direktoru Andrey Kazançev bildirib ki, Özbəkistan Mərkəzi Asiyanın sözün əsl mənasında mərkəzi dövlətidir. Əhali sayı 33 milyona çatan bu ölkə, strateji mövqeyinə görə ən iri dövlətdir və Rusiya üçün də bu dövlətlə yaxşı münasibətləri qoruyub saxlamaq çox vacibdir. Özbəkistanın hazırkı prezidenti də Rusiya-Özbəkistan münasibətlərinin yaxşılaşdırılması üçün çox işlər görüb. Lakin münasibətlər hələ ki, iqtisadi sahəni, özü də ən aşağı göstəricilərlə əhatə edir. Siyasi sahədə isə münasibətlərin yüksəlməsində qısa zaman kəsiyində sürətli sıçrayışlar edilib. Ekspert iddia edir ki, digər istiqamətlərdə xeyli problemləri olan Rusiya, Özbəkistanı itirmək istəmir. Bu səbəbdən də özbək rəhbərliyinin xoş məramını yaxşı qarşıladı. Lakin bu o demək deyil ki, Özbəkistan Mərkəzi Asiyada yeganə tərəfdaş olacaq. Onun qənaətincə, Özbəkistanın qısa zaman kəsiyində Avrasiya İqtisadi İttifaqına qoşulacağını, eləcə də, Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına (KTMT) üzv olmaq istiqamətində danışıqları bərpa edəcəyini gözləmək tezdir. "Əməkdaşlıq məsələlərində iqtisadi praqmatizmə əsaslanmaq gərəkdir. Moskva və Daşkənd iqtisadi sahədə münasibətləri genişləndirməkdə maraqlıdırlar və zaman-zaman bu proqramı da reallaşdıracaqlar”, - deyə Kazançev ehtimalını irəli sürüb.
Başqa bir ekspert, Rusiya Elmlər Akademiyası Qafqaz, Mərkəzi Asiya və Volqaboyunun tədqiqi Mərkəzinin baş elmi işçisi Aleksandr Vorobyov hesab edir ki, Rusiya üçün Özbəkistanın əhəmiyyəti son illər xeyli artıb. "Məsələ ondadır ki, Rusiyanın Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanla münasibətləri de-fakto olaraq ona gətirib çıxarıb ki, artıq əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi potensialı tükənib. Belə bir yaxınlığın mənfi tərəfləri də üzə çıxıb. Əksinə, Moskva və Daşkənd arasında münasibətlər bütün sahələr boyu – iqtisadiyyat, təhlükəsizlik, o cümlədən humanitar sahələr üzrə dərinləşir”, - deyə o bildirib.
Beləliklə, Rusiya prezidentinin Mərkəzi Asiyanın ən iri dövlətinə səfərlərinin sayını artırmasını nə ilə əlaqələndirmək olar? Sözsüz ki, Kreml Daşkəndin, dünyanın bir çox ölkəsi ilə ən müxtəlif istiqamətlər üzrə əməkdaşlığı genişləndirməsinə biganə qala bilməzdi. Bu səbəbdən də hər vəchlə bu strateji ölkəni öz orbitində saxlamaq üçün çoxmilyardlıq layihələrə start vermək qərarına gəlib. Qeyd edildiyi kimi, belə getsə, Özbəkistan İslam Kərimovun dövründə yeridilən neytral ölkə statusundan imtina edə, hətta Aİİ və KTMT-yə üzv də ola bilər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər