• cümə, 26 Aprel, 20:14
  • Baku Bakı 22°C

Rusiya XİN-in ikili standartları - Fotolar - Video

05.06.18 20:40 1874
Rusiya XİN-in ikili standartları - Fotolar - Video
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycana qarşı qərəzli münasibəti göz önündədir. Sanki, bu nazirlik dövlət içində ayrıca dövlətdir. Yaxud, rəsmi Moskvaya tabe olmayan, muxtariyyət statusu daşıyan, ayrıca üsul-idarəsi olan bir qurumdur. Sözügedən nazirliyin sərbəstliyi hətta o yerə çatıb ki, rəsmi şəxslərin fikirlərini də özləri istədikləri kimi redaktə edə, təhrif olunmuş fikirləri rəsmi qurumun saytında ictimailəşdirə, qeyri-obyektiv rəy formalaşdıra bilirlər. Nazirlik rəsmilərinin zaman-zaman bu cür davranışlarını, qurumun saytında çıxarılan "hoqqaları” gözdən keçirən istənilən şəxsdə elə təəssürat yaranır ki, Rusiyanın xarici siyasətinə cavabdeh olan nazirlik öz dövlətinin Azərbaycanla bağlı siyasətinin əleyhinədir.

Misal üçün, ötən il yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada mətbuat konfransı keçirib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. S.Lavrova Lider TV-nin Rusiyadakı müxbiri Anar Həsənov "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək? Buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” – kimi sualla (www.youtube.com/watch?v=4bfr5NeNlOo) müraciət edib. Gözlənilməz sualdan əsəbiləşən, acıqlı şəkildə danışan S.Lavrov "Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, - deyə cavab verib.

Ümumiyyətlə, 2016-cı ilin aprel döyüşlərində işğalçı Ermənistan Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyib geri çəkiləndən sonra, S.Lavrov Dağlıq Qarabağ problemi ilə bağlı mütəmadi olaraq qeyri-obyektiv fikirlər səsləndirməyə başlayıb.

Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da Azərbaycana münasibətdə öz rəhbərinin xoşagəlməz addımlarını təkrarlayıb. Ötən il aprelin 27-də Moskvada keçirdiyi brifinqdə o, Azərbaycan jurnalistlərini təhqir edib. Belə ki, azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma "DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan "diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə aşağılayıcı ifadələr işlədib (www.youtube.com/watch?v=sdFROrER7lc).
Maraqlı burasıdır ki, 3 milyona yaxın kredit kartının nömrələrini oğurlayaraq, ümumilikdəABŞ-a 170 milyon dollar zərər vuran Liberal Demokrat Partiyasının deputatı V.Seleznvoyun oğlu Valeri Seleznyovu, casus Yeroşenkonu can-dildən müdafiə edən Zaxarova həmin brifinqdə digər Rusiya vətəndaşı Dilqəm Əsgərov haqqında heç bir söz demək istəməyib. Hətta əksinə, buna görə Azərbaycan jurnalistlərini təhqir edib. Bununla o, qatı və patoloji erməni sevgisini nümayiş etdirib.

Cari il iyun ayının 1-i Rusiya XİN-də keçirilən növbəti brifinqdə "Trend” İnformasiya Agentliyinin jurnalisti Artyom Sokolov nazirliyin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə aşağıdakı mətndə sual ünvanlayıb: "Əvvəlki müsahibələrinin birində Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bununla bağlı sual yaranır: fikrinizcə, bu cür bəyanatlar nə dərəcədə nizamlanma prosesini mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?”. Bu suala (news.milli.az/politics/656732.html) Rusiya XİN nümayəndəsi aşağıdakı kimi cavab verib: "Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Mən belə deyərdim”.

Lakin Rusiya XİN-in rəsmi saytında brifinqin stenoqramı yerləşdirildikdə A.Kojinin cavabındakı "ümumiyyətlə” sözü naməlum səbəblərdən "sizin” sözü ilə əvəz edilib və nəticədə rusiyalı diplomatın cavabının məğzi tamamilə təhrif olunub. Beləliklə də Rusiya XİN kimi ciddi dövlət qurumunda daha bir xoşagəlməz hadisə yaşanıb, Azərbaycan əleyhinə növbəti addım atılıb. Bununla bağlı dərhal "Trend” İA bəyanatla çıxış edib, etirazını bildirib. Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət HacıyevRusiyadan olan həmkarının hal-hazırda danışıqlar prosesinin əsl mahiyyətinə uyğun peşəkar və diplomatik şifahi cavabının semantik-linqvistik yolla dəyişdirilməsini başa düşə bilmədiyini diqqətə çatdırıb. H.Hacıyev bu addımın ağılasığan və başadüşülən hal olmadığını vurğulayıb.

Millət vəkili, politoloq Rasim Musabəyov bu hadisəni Rusiya kimi böyük dövlətin Xarici İşlər Nazirliyinə yaraşmayan oyunu kimi xarakterizə edib. Bildirib ki, A.Kojinin suala cavabının sonradan təhrif edilməsi ermənilərin könlünü almaq məqsədi daşıyıb: "Onlar ermənilərin kefini pozmaq istəmirlər. Çünki Rusiyanın xarici işlər naziri əslən ermənidir. Rusiya XİN-də erməni təsirləri həddindən artıq çoxdur. Bir çox hallarda, onların davranışları Rusiyanın dövlət maraqlarına cavab vermir. Belə hallar reallıqdır. Ölkəmiz də bu məsələyə öz münasibətini bildirib”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da A.Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsini mənfi hal kimi qiymətləndirib. Deyib ki, bu, bilərəkdən edilib: "Kojinin fikirləri Ermənistan mediasında və siyasi dairələrində birmənalı qarşılanmadı. Hətta bildirilmişdi ki, son 15 ildə Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana yönələn belə sərt münasibət olmayıb. Rusiya bundanmı qorxdu? Yoxsa, Kojinin fikirlərinin dəyişdirilməsi siyasi dairələrdə ermənipərəst kimi qiymətləndirilən Lavrovun tərəfkeşliyinin nəticəsidir? Bəlkə Lavrov danışıqlar prosesini uzatmaq üçün yeni cəhd edir. Hər bir halda bütün bunlar super dövlət iddiasında olan Rusiyanın xarici siyasət fəaliyyətinə nüfuz gətirmir”.

Göründüyü kimi, Rusiya XİN-də Azərbaycan əleyhinə atılan bu addımları ekspertlər S.Lavrovun erməni kimliyi ilə də əlaqələndirirlər. Düzdür, bir çoxları belə ittihamları ciddi qəbul etmirlər. Amma Rusiya XİN təmsilçilərinin atdığı bəzi addımlar, verilən qərarlar onu deməyə əsas verir ki, həqiqətən də S.Lavrov və onun komandasında təmsil olunanlar erməni sevgisi ilə yaşayırlar. Əgər belə olmasaydı, S.Lavrov media mənsubuna cavabında açıq şəkildə antiazərbaycan fikir səsləndirməz, M.Zaxarova azərbaycanlı jurnalistləri təhqir etməzdi. Baş verənlər həm də onu sübut edir ki, media təmsilçilərimiz ünvanladıqları suallarla Rusiya XİN-in ermənipərəst mövqeyini ifşa edirlər. Məhz bu amil də onları qıcıqlandırır, diplomatiyadan kənar, qeyri-etik fikirlər səsləndirmələrinə səbəb olur.

Bütün bu baş verənlər fonunda başqa bir məqama da diqqət çəkmək istərdik. Heç kimə sirr deyil ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı maraqlara söykənən, yüksək səviyyəli dövlətlərarası münasibətlər mövcuddur. Hər iki ölkə rəhbərinin şəxsi münasibətləri də olduqca yaxşıdır. Beynəlxalq aləmdəki proseslərlə bağlı əksər məsələlərə yanaşmada Rusiya və Azərbaycanın mövqeləri üst-üstə düşür. Belə olan halda Rusiya XİN-in mövqeyi ciddi problemlərə yol açır. Ona görə də Rusiya dövləti ermənipərəst nazir və komandasına dur deməli, dövlətlərarası münasibətlərə xələl gəlməsinə imkan verməməlidir.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər