AZE | RUS | ENG |

Rusiya telekanalı Ermənistanı bir-birinə vurub

Rusiya telekanalı Ermənistanı bir-birinə vurub
2008-ci ilin mart hadisələrinə həsr olunan filmdə əsas günahkar kimi Levon Ter-Petrosyan və indiki baş nazir Nikol Paşinyan göstərilib

Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə yaşanan gərginlik, soyuqluq bir qədər səngisə də, hər iki ölkəni təmsil edən siyasətçilər, eləcə də kütləvi informasiya vasitələri və telekanallarda qarşılıqlı ittihamların tonu azalmır. Ən müxtəlif formada aşağılayıcı məqalə və xəbərlər yazılır, hətta sənədli filmlər çəkilir. Məsələn, Rusiyanın "Beşinci kanal”ında ötən ay efirə gedən "1 mart işi” sənədli filmi bunu sübut edir. Üstündən xeyli vaxt keçsə də, hələ də Ermənistanda bununla bağlı müzakirələr gedir. Məsələyə Rusiyanın "Nezavisimaya qazeta” nəşrinin erməni yazarı Aşot Qazazyan da öz bloqunda münasibət bildirib. Müəllif bildirib ki, film sifarişçilərinin məqsədlərinə çatdıqlarını söyləmək çətindir. Filmdə iştirak edən insanların böyük əksəriyyəti bildiriblər ki, problemin təqdimatı tamamilə dəyişdirilib. "Filmdə xoş məramla aparılmayan montaj auditoriyaya balanslaşdırılmış mənzərəni əldə etməyə imkan vermir. Həmin hadisələrin iştirakçıları ilə söhbətlərdən isə yalnız fraqmentlər saxlanılıb. Və bütün bunlardan belə qənaətə gəlinir ki, baş verənlərin yeganə günahkarı o vaxtkı müxalifət olub”, - deyə müəllif yazıb. Qeyd olunur ki, 2008-ci il mart hadisələri ilə bağlı vəd olunan "obyektiv”, "heç bir məqsəd güdülməyən” və yalnız faktların əks olunacağı filmdən isə əsər-əlamət qalmayıb.
Qeyd edək ki, 1 mart hadisələrinə həsr olunan sənədli filmin ssenari müəllifi də ermənidir. "Nezavisimaya qazeta” yazır ki, Roman Babayan və Anton Qrişinin ssenari müəllifi olduğu film 2008-ci il 1 mart hadisələrindən bəhs edir. Baş verən hadisələr zamanı 10 nəfər həlak olub, 200-dən artıq insan isə müxtəlif səpgili bədən xəsarəti alıb. Gülləbarana məruz qalan insanlar 19 fevralda keçirilən seçkilərin nəticələrinə etiraz edirdilər. Mahiyyət etibarilə filmdə baş verənlərə görə əsas məsuliyyət Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın və onun tərəfdarlarının, eləcə də, indiki baş nazir Nikol Paşinyanın üzərinə atılır. "Filmdə bunu təkzib edən fikirlər əks olunmur və bu da təbii ki, həmin hadisələrin iştirakçıları olan insanların, şahidlərin, respondentlərin ciddi narazılığına səbəb olub. Qan tökülməsinin əsas günahkarı kimi o zamankı hakimiyyəti, konkret olaraq Robert Koçaryanı günahkar bilən filmin iştirakçıları istifadə olunduqları qənaətindədirlər. Yəni, hansısa bir şounun, məqsədli planın iştirakçılarına çevriliblər”, - deyə müəllif yazır.
Filmdən ən çox qəzəblənən həmin hadisələr zamanı ölənlərin yaxınları olublar. Onların yaydıqları kollektiv bəyanatda Rusiya telekanalının işi pislənilib, filmin daha çox dələduzluq, faktların təhrif olunması və demaqogiyaya əsaslandığı vurğulanıb. Maraqlıdır ki, erməni müəllifin gəldiyi qənaət budur ki, filmin məqsədi Vladimir Putinin yaxın dostu Robert Koçaryanı təmizə çıxarmaqdır. Filmi ərsəyə gətirənlər nəyin bahasına olursa Koçaryanın həmin hadisələrdə əlinin olmadığını üzə çıxarmağa çalışıblar. "Bizim yaxınların öldürülməsi ilə bağlı hadisə yerində olan və proseslərə rəhbərlik edən heç bir yüksək rütbəli polis əməkdaşı, hərbçi, siyasi xadimdən ətraflı məlumat ala bilməmişik. Onların o zamankı ali baş komandanı isə məsələ ilə bağlı ifadə verməkdən boyun qaçırır. Bizim üçün bu, çox əhəmiyyətlidir və həlledicidir”, - deyə mart hadisələri qurbanlarının yaydıqları bəyanatda bildirilir. Daha sonra bildirilir ki, "1 mart işi” filmi heç kimi heyrətləndirməyib. "Mənim qənaətimcə, əksinə, ölkədəki parçalanmanı daha da gücləndirmiş olub. Film o qədər birtərəflidir ki, hətta qeyri-peşəkara belə aydın olur ki, onu kim və nə məqsədlə ərsəyə gətirib. Orada mən özüm də iştirak etmişəm və onilliklər ərzində çox şeylər görmüşəm. Mənim Roman Babayanla söhbətim ötən ilin sonu olub və təxminən bir saat çəkib. Mən baş verən hadisələrin müxalifətin avantürasının nəticəsi olanlara demək istəyirəm ki, 1 mart hadisələri ilə bağlı insanlar bir şey danışıblar, nəticədə isə tamam başqa şeyin şahidi olublar”, - deyə "NG”nin erməni yazarı bildirib.
Məqalədə daha sonra qeyd edilir ki, "Ermənistan Müşahidə Şurasının etika komissiyası xüsusi bəyanatla çıxış edib. Filmin müəllifləri "qırmızı xətti” keçiblər, onlar insanların etimadından sui-istifadə ediblər”. Filmdə etiraz aksiyalarının iştirakçıları olan Aram Manukyan ("Respublika” Partiyasının lideri) Vladimir Karapetyanın (Ermənistan XİN-in keçmiş mətbuat katibi) fikirlərinə yer verilsə də, onlar da faktların düzgün təqdim edilmədiyi qənaətindədirlər. Hətta bildiriblər ki, söylədikləri fikirlər kontekstdən çıxarılıb. Media ekspertlərinin qiymətləndirmələrinə görə, süjet xətti yalnız o zaman prezident kürsüsündə əyləşmiş Koçaryanın üzərində qurulub. "Filmdən belə çıxır ki, hazırda həbsdə olan Koçaryan həmin hadisələrin əsas şərhçisi qismində çıxış edir. Bütün faktlar və hadisələrin qiymətləndirilməsi, bəyanatlar sırf Koçaryanın və o zaman Yerevan qarnizonunun rəhbəri olmuş və hazırda istintaq altında olan Yeri Xaçaturovun mövqeyindən verilir. Filmin sonunda bildirilir ki, Paşinyan və Petrosyandan da müsahibə götürmək istəyiblər, lakin onlar bundan imtina ediblər”, - deyə erməni müəllif sonda yazıb.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219