AZE | RUS | ENG |

Rusiya mediası Ermənistanı hədəfə aldı

Rusiya mediası Ermənistanı hədəfə aldı
İzvestiya: “Əgər real dəyişikliklər baş verməzsə, ölkədə narazılıq artacaq”

Rusiyanın aparıcı xəbər saytları, qəzetləri nəşrləri Ermənistanda "məxməri inqilab”ın növbəti ildönümü ərəfəsində silsilə tənqidi yazılarla çıxış ediblər. "Qazeta.ru”, "İzvestiya.ru”, "Rosbalt.ru” və s. nəşrlər keçən müddət ərzində Ermənistanda pozitiv hər hansı bir dəyişiklik baş vermədiyi qənaətinə gəliblər. Məsələn, "Qazeta ru” xəbər portalı məqaləsində erməni cəmiyyəti üçün "aktual” olan bir məsələdən – transgender məsələsindən bəhs edib. Nəşr yazır ki, Lilit Martirosyanın parlamentdə çıxışı ölkədə sözün əsl mənasında çaxnaşma yaradıb. "Ermənistan barədə xəbərləri oxuyursan və belə bir qənaətə gəlirsən ki, bu ölkə Avropa İttifaqının bir üzvü və yaxud ABŞ-ın 51-ci ştatıdır”, - deyə müəllif yazır. Daha sonra ölkənin probleminin heç də tolerantlıq yox, həyat şəraitinin günbəgün pisləşməsi olduğunu yazır: "Əhali yarıaclıq vəziyyətində yaşayır. Ölkənin büdcəsi müzakirəyə çıxarılarkən hakimiyyət vergiləri azaldacağını, maaşları artıracağını vəd edirdi. Lakin bunlar baş vermədi. Siyasi müxalifət artıq bəyan edir ki, baş nazirin yalnız çıxışları "inqilabi” səslənir, "nəticələr” yox. Və rəsmi statistika da bunu təsdiq edir”. İlk növbədə bu hal əmək miqrantları sahəsində hiss olunur. Miqrasiya məsələsi ölkədə ən çox müzakirə olunan məsələlər sırasındadır: "Ermənilər bütün dünyaya dağılıb və bir çoxları da həmişəlik Rusiyaya gediblər. Rusiya statistika idarəsi belə bir məlumat yayıb ki, 2017-ci ildə Ermənistandan Rusiyaya çörək pulu qazanmaq üçün gedənlərin sayı 14,4 min nəfər olub. Bir il əvvəl isə bu rəqəm 14 min idi”. Və bu, rəsmi rəqəmdir, qeyri-rəsmi gedənlərin sayı on minlərlədir. Rusiya nəşri, əhalisinin sayı 3 milyon olan bir ölkə üçün bu rəqəmi kifayət qədər yüksək sayır. İndi ölkə, əmək miqrantlarının sayına görə, Tacikistan, Qazaxıstan və Ukraynadan sonra dördüncü yerdə qərarlaşıb. Nəşr yazır ki, belə baxanda Ermənistan iqtisadiyyatı tempini saxlayır. Lakin qiymət artımı günbəgün artır. İnflyasiya bu il artacaq və proqnozlara görə, 4,4 faiz təşkil edəcək. Ölkədə əmək haqqı, pensiya aşağıdır, əhalini xilas edən ailələrin böyük olması, xaricdəki əmək miqrantlarıdır. Rəsmi məlumatlara görə, belə əhalinin üçdə biri yoxsulluqdan aşağı həddə yaşayır. Ölkə daha çox arzu və ümidlərlə yaşayır və iqtisadi sıçrayış ona asan başa gəlməyəcək. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 1,7 ötən il isə 2 milyarda yüksəlib. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olsa da, quruma üzvlükdən digər üzvlər kimi mənfəət əldə edə bilməyib.
Müəllif daha sonra lağla yazır ki, Ermənistanda vətəndaşlar üçün şərait ağır olsa da, darıxmaq olmur. Məsələn, parlamentin tribunasından transgender çıxış edir. Buna qarşı etiraz aksiyalar, nümayişlər, sosial şəbəkələrdə müzakirələr aparılır. Sonda isə yazır ki, bütün bunlar əhalinin yaşayış vəziyyətinə kömək etmir.
"İzvestiya” qəzeti isə "inqilab”ın bir illiyinə həsr olunan məqalə dərc edib. Qəzet bir il bundan əvvəl baş verən hadisələrdən sonra ölkədə nələrin baş verdiyini analiz edib: " Paşinyan dövlət başçısı seçildikdən sonra sakitləşmədi və keçmiş hakimiyyət orqanlarına qarşı təzyiqləri davam etdirdi. Müqavimət hərəkatının mərkəzi isə parlament oldu. Burada Respublika Partiyası çoxluğu əlində saxlamışdı”. Bununla belə, vurğulanır ki, əgər siyasi mübarizə məsələsində inqilabçılar uğur əldə etdilərsə də, digər sahələrə buna aid etmək olmaz. Ən ciddi uğursuzluqlar sosial-iqtisadi sahədədir. İnqilaba gətirib çıxaran yoxsulluq, işsizlik, aşağı əmək haqqı yenə də prioritet təşkil edir. Bu məsələləri həll etmək mümkün olmayıb, nəzərəçarpacaq dəyişikliklər baş verməyib. İqtisadi problemlərin dərinləşdiyini rəqəmlər də sübut edir. Ermənistanda işsizliyin səviyyəsi yüksək olaraq qalır. Ölkədə bu rəqəm 21 faizə çatıb. Qonşu Gürcüstanda bu rəqəm 12,7, Azərbaycanda isə 5 faizdir. Ermənistan yoxsulluğun həddinə görə də regionda liderdir  - 30 faiz. Gürcüstanda bu göstərici 21, Azərbaycanda isə 5 faizdir. Ötən il Ermənistana yatırılan xarici investisiyaların həcmi 254 milyon, Gürcüstana 1,2 milyard, Azərbaycana isə 2,8 milyard dollar təşkil edib. Xarici borcların həcmi də artır. 2019-cu ilin proqnozlarına görə, bu il Ermənistan 490 milyon dollar kredit götürməyi planlayır və ümumi borc da bununla 7 milyard dollara çatacaq. Ölkədən fiziki şəxslər tərəfindən kapital çıxarışı rekord həddə yüksəlib. Kadr siyasəti də ciddi problemdir. Müşahidəçilər yeni hakimiyyəti qeyri-müəyyənlikdə ittiham edir. Bir qisim öz postundan əvvəlki hakimiyyətdə təmsil olunmaları səbəbindən çıxarılıb, digərləri isə ona görə öz vəzifələrində qalıblar ki, hakimiyyətə idarəedicilər gərəkdir.
Paşinyan tərəfdarlarını özündən çıxaran həm də Yerevan polisi vəzifəsinə Valeri Osipyanın təyin olunması olub. Bu şəxs əvvəlki hakimiyyətdə şəhər polisi rəisinin müavini olub. Bəzi məmurların ümumiyyətlə, təcrübələri yoxdur. Məsələn, hökumət aparatının rəhbəri dicey Eduard Aqacanyan olub. Nəqliyyat naziri isə keçmiş müstəntiq Aşot Akopyan təyin edilib. Bir çox sakinlər bildirirlər ki, inqilabı ümumiyyətlə, hiss etməyiblər. Müəllif sonda yazır ki, bütün bunların fonunda Paşinyanın reytinqi durmadan düşür. Erməni politoloq Ayk Xalatyan da bundan çıxış edərək vurğulayır ki, əgər real dəyişikliklər baş verməzsə, ölkədə narazılıq artacaq.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779