• şənbə, 27 Aprel, 08:43
  • Baku Bakı 12°C

Rusiya mediası Azərbaycandakı prezident seçkilərindən yazır

21.02.18 10:00 527
Rusiya mediası Azərbaycandakı prezident seçkilərindən yazır
Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinə postsovet məkanında diqqət və maraq artmaqdadır. Qərb və Rusiya mediasında dərc olunan məqalələrdə seçkilərin vaxtını dəyişdirilməsinə ən müxtəlif prizmadan şərh və analiz edilməklə yanaşı, bu seçkilərdən gözləntilərin də olduğu vurğulanır. Məsələn, Rusiyanın nüfuzlu "Vestnik Kafkaza” nəşrində dərc olunan məqalədə qeyd edilir ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Məqalədə bildirilir ki, əvvəlcə seçkilərin oktyabr ayında keçirilməsi nəzərdə tutulsa da, sonradan bu tarixi altı ay tezləşdirmək qərara alındı. "Belə bir qərarın bir neçə səbəbi var idi. Birincisi, bu, sosial-iqtisadi və siyasi islahatların aparılması istiqamətində əlavə imkanlara yol açır. İkincisi, dünya praktikasında seçkiləri ilin əvvəlinə yaxın keçirilməsinə daha çox can atılır. Ən çox da bunu iqtisadi səbəblərlə əlaqələndirirlər. Belə ki, bununla prezident səlahiyyətlərinin maliyyə ilinin əvvəlindən icrası təmin edilir. Üçüncüsü, may-dekabr aylarında Azərbaycanda irimiqyaslı tədbirlərin, o cümlədən beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır. Bu sırada Azərbaycan və Rusiyanın himayəsi altında keçiriləcək beynəlxalq humanitar forum, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi ilə bağlı təntənəli mərasim və bayram tədbirləri, "Bakı prosesi”nin 10 illiyi, Formula-1 yarışlarının növbəti mərhələsi, eləcə də, cüdo və idman kapoeyrosu üzrə dünya çempionatı və s. tədbirləri göstərmək olar”.
Məqalədə daha sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirlərindən sitat gətirilib. "Əli Həsənov bildirib ki, hakimiyyət ölkədə beynəlxalq normalara, eləcə də, milli qanunvericiliyə uyğun azad, şəffaf və ədalətli seçkilərin keçiriləcəyini gözləyir. Seçkilərdə iştirak etmək istəyənlər Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçə və özlərinin seçki kampaniyasına başlaya bilərlər. Bununla yanaşı, Bakıda etiraf edirlər ki, müxalifət partiyalarından heç biri hazırkı prezidentlə rəqabət aparmaq iqtidarında deyil. Səbəb də odur ki, xalqın indiki prezidentə inam və etibarı ən yüksək həddədir. Avropalı sosioloqların apardıqları araşdırmaların nəticələrinə görə, indiki hökumətin fəaliyyətini ölkə vətəndaşlarının 81 faizi dəstəkləyir. Şəxsən prezident İlham Əliyevin reytinqi isə 85,2 faizdir. Bunu aprelin 11-də keçiriləcək seçkilərdən sonra ATƏT, AŞPA, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi də öz gözləri ilə görəcək”, - deyə məqalədə vurğulanıb.
Ardınca da vurğulanır ki, hələ ki, rəsmi Bakının bir sıra beynəlxalq təşkilatlarla və strukturlarla münasibətlərini ideal adlandırmaq olmaz. Belə ki, bu qurumların bəziləri Azərbaycanda söz azadlığı sahəsində problemlərin olduğunu iddia edir, hətta jurnalistlərə fiziki təzyiq göstərildiyi barədə bəyanatlar səsləndirirlər. Rəsmi Bakı isə bu kimi bəyanatları ikili standartların nəticəsi kimi qarşılayır və dözümlülük nümayiş etdirir. Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib, cəmiyyətdə kütləvi informasiya vasitələrinin rolu və vəziyyəti sahəsində qanunvericilik bazası təkmilləşdirilib. Yüzlərlə qəzet dərc olunur, onlarla telekanal, informasiya agentliyi fəaliyyət göstərir. İnternet istifadəçilərinin sayı isə 80 faizi keçib. Lakin istənilən ölkədə hər hansı bir şəxs jurnalist adı altında qanunazidd fəaliyyət göstərib qanunları pozursa, buna görə məsuliyyət daşıyır. Ə.Həsənovun sözlərinə görə, bu gün rəsmi Bakının əsas problemi 25 ildən artıqdır ki, Dağlıq Qarabağ və ona bitişik rayonların işğalçı Ermənistan tərəfindən işğal altında olmasıdır. Bu əraziləri işğal edən işğalçı hərbi xunta rejimi Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğal altından azad olunması və Azərbaycanın ayrılmaz hissəsi olması barədə ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatının, eləcə də, BMT Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələri yerinə yetirmir. Bu illər ərzində isə münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu hələ ki, hər hansı bir pozitiv nəticə əldə edə bilməyib. O cümlədən Rusiya da Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həm Minsk qrupu çərçivəsində, həm də təkbaşına səy göstərsə də, hər hansı bir uğur əldə olunmayıb. Bununla belə, Bakı Moskva ilə münasibətləri xarici siyasətinin prioritet istiqaməti adlandırır, daim bəyan edir ki, ölkələr arasında mehriban dostluq münasibətləri formalaşıb. Bu, qarşılıqlı etimadın yüksək səviyyəsi, eləcə də, strateji münasibətlər kimi xarakterizə edilir. Bu gün artıq Azərbaycan, Türkiyə və Rusiyanın əməkdaşlığının üçtərəfli mexanizmini formalaşdıra bilmələrindən söhbət gedir. Bu mexanizm iqtisadi və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi baxımından perspektiv hal kimi nəzərdən keçirilir. Azərbaycanın indiki rəhbərliyi tərəfindən dəstək alan və yaxud onun təşəbbüsü ilə ortaya atılan bu mexanizmlər nə qədər tez işə salınsa, bir o qədər yaxşı olar.
Azər
banner

Oxşar Xəbərlər