• cümə axşamı, 09 may, 03:08
  • Baku Bakı 15°C

Rusiya ilə Belarus arasındakı “buzlar” əriyir?

05.04.17 10:00 1006
Rusiya ilə Belarus arasındakı “buzlar” əriyir?
Uzun müddətdir ki, müzakirə mövzusu olan Rusiya-Belarus münasibətləri deyəsən, normallaşmağa doğru istiqamət götürüb. Sankt-Peterburqda terror baş verən gün, yəni aprelin 3-də Belarus prezidenti adıçəkilən şəhərdə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Danışıqların yekununda Rusiya prezidenti bəyan edilib ki, iki ölkə arasında hər hansı bir mübahisəli məsələ qalmayıb. Adətən Belarus lideri bu cür görüşlərdən sonra major, yəni qalmaqallı bəyanatlarla çıxış edir, Rusiya tərəfi də ardınca onun dediklərini təkzib etməklə məşğul olurdu. Gərginlik o həddə çatmışdı ki, Belarus lideri Avrasiya İqtisadi İttifaqının iclasına da qatılmamışdı. Ən əsası, Belarus qurumun Gömrük Məcəlləsinə imza atmamışdı. Bununla yanaşı, Moskva Belarusun ona qaza görə 726 milyon dollar borcunun olduğunu bəyan etsə də, Minsk bu iddiaların hamısını rədd edirdi. Lakin bu dəfə Putin özü postfaktum elan edərək bildirib ki, Moskva və Minsk on gün ərzində neft-qaz sahəsində problemləri həll edəcəklər. Bundan əlavə, Rusiya və Belarus təbii qazın qiymətlərinə dair də razılığa gəlib. V. Putin qeyd edib ki, onlar mübahisəli məsələlərin nizama salınmasına dair razılıq əldə ediblər. Öz növbəsində A.Lukaşenko bildirib ki, Rusiya və Belarus İttifaq dövlətinin uğurları çox kövrəkdir: "Belarus və Rusiya xarici siyasət, təhlükəsizlik sferasında qarşılıqlı fəaliyyət göstərirlər. İttifaq dövləti Belarus və Rusiya xalqlarının sosial zəmanətini və hüquq bərabərliyini təmin edir. Lakin buna rəğmən, İttifaq dövlətin əldə etdiyi uğurlar kövrəkdir”. A.Lukaşenko bəyan edib ki, Rusiya bu il Belarusun borc öhdəliklərini həll etmək üçün güzəştlərə edəcək. Yəni ona güzəştli kredit verəcək.
Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç isə jurnalistlərə bildirib ki, bu ay ərzində Belarusa il ərzində 24 mln. ton neftin çatdırılması bərpa oluna bilər. Məhz bu həcmdə də neft Belarusun bir sıra neft emalı zavodlarının işləməsi üçün kifayət edir.
İlk baxışda Sankt-Peterburq görüşü Belarus rəhbərliyinin tam qələbəsi kimi görünə bilər. Lakin məsələ heç də belə deyil. Detallara varanda bu razılaşmanın arxasında hansı məramların durduğu bəlli olur. Məsələn, Rusiya neftinin Belarusa nəqlinin bərpası Rusiyaya olan 726 mln. dollarlıq borc ödəndikdən sonra reallaşacaq. Minsk neft və qazla bağlı düzəliş edilmiş sənədlərin paraflanmasından sonra Rusiyanın "Qazprom” şirkətinə 726 milyon dollar məbləğində borc ödəyəcək. Bu barədə RusiyanınEnergetika Nazirliyinin nümayəndələri məlumat yayıb. Beləliklə, Moskva öz mövqeyində qalır. Sadəcə olaraq Belarus bu borcu ödəmək üçün Rusiyadan kredit alacaq. Lakin bu da hədiyyə deyil. Və nəzərə alaq ki, veriləcək kreditlərin faizlərini də ödəmək lazım olacaq. Ümumilikdə belə nəticəyə gəlmək olar ki, Belarus Rusiyaya olan borcunu qəpiyinə kimi ödəməli olacaq.
Bəs Putinin birdən-birə Lukaşenko ilə yaxınlaşması nə ilə bağlıdır? Qərb nəşrləri yazır ki, bu həm də hər iki ölkədə baş verən etiraz aksiyalarından qaynaqlanır. Kreml istəmir ki, narazılıqlar güclənsin. Yəni Moskva istəmir ki, etirazlar olsun. Həm də belə bir fikir var ki, Minsk sürətlə Qərbə doğru yaxınlaşır. Moskva da bunu istəmir. Rusiyanın Minskdəki səfiri Aleksandr Surikov bildirib ki, Qərbin Belarusu Rusiyadan "qoparma”sı alınmayacaq. "Qərbin Ukrayna, Belarus cinahlarında fəaliyyəti Rusiyanın əleyhinə yönəlib. Və biz başa düşürük ki, növbəti cəhdlər Belarusa yönələcək və bu, artıq baş verib. Siz bura müxtəlif nümayəndə heyətlərinin səfərlərinin intensivləşdiyinin şahidi olursunuz. Biz buna alışırıq, lakin anlayırıq ki, bu gün Qərb Belarusu Rusiyadan qopartmaq iqtidarında deyil”, - deyə o bildirib. Onun sözlərinə görə, Belarus "Qərbin ağuşuna atılmağa” hazır deyil.
Yeri gəlmişkən, Moskva ilə Minsk arasında gərginlik erməni siyasi dairələrində də narazılığa səbəb olub. Erməni mətbuatı dərhal Avrasiya İqtisadi İttifaqına, eləcə də, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına böyük dəstək verən və ona sevgi ilə yanaşan siyasətçiləri topa tutub. Nəşrlər yazır ki, hər iki qurumda böyük nüfuza malik olan Rusiya və Belarus daxilində baş verənlərlə beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb edib. Hər iki ölkənin şəhərlərində irimiqyaslı etiraz aksiyalarında hökumətin istefası tələb edilib. "170 milyonluq nəfərlik bazar təhlükə altına düşüb”, - deyə nəşrlər yazır. Erməni siyasiləri sual edirlər ki, çoxəsrlik strateji müttəfiqlər olan iki dövlət öz aralarında problemləri həll edə bilmirsə, onların təhlükəsizliyini necə həll edəcək.
Azər
banner

Oxşar Xəbərlər