• cümə, 29 Mart, 05:25
  • Baku Bakı 7°C

Rusiya hökumətinin istefasını reallaşdıran səbəblər

16.01.20 19:17 1816
Rusiya hökumətinin istefasını reallaşdıran səbəblər
"Kommersant” nəşrinin iddiasına görə, Putin "Vahid Rusiya” Partiyasına rəhbərlik edəcək

Rusiya prezidenti Vladimir Putin sensasion qərarı ilə yenə də hamını təəccübləndirməyə, diqqəti özünə yönləndirməyə müvəffəq oldu. Federal Məclisə illik sayca 16-cı müraciətində ölkədaxili, əhalinin artımı ilə bağlı problemlərə, sosial və iqtisadi sahədə görülən işlərə və qarşıdakı planlara toxunsa da, sözsüz ki, əsas səs-küy doğuran məqam Konstitusiyaya dəyişikliklər təklifidir. Dövlət Duması və Federasiya Şurasının səlahiyyətlərinin artırılmasına çağırış edən prezidentin təklif etdiyi dəyişikliyə əsasən, baş nazir və onun müavinlərini, bütün nazirləri Dövlət Duması təsdiq edəcək, güc strukturlarının rəhbərləri isə Federasiya Şurasının razılığı əsasında təsdiqlənəcək və prezident təklif edilən namizədləri təsdiqləməlidir. O, Konstitusiyaya dəyişikliklərlə bağlı aşağıdakı təklifləri səsləndirib: Konstitusiyanın Rusiya hüquq məkanında beynəlxalq hüquq üzərində prioritetliyini möhkəmləndirmək, yüksək vəzifəli məmurlara xarici vətəndaşlığı və ya xarici ölkələrdə yaşamaq icazəsi olan sənədə sahib olmağı qadağan etmək, Dövlət Şurasının status və rolunu möhkəmləndirmək, bir şəxsin prezident postundan iki müddətdən artıq olmasını məhdudlaşdırmaq. Dəyişikliyə əsasən, Rusiya prezidentliyinə namizəd olan şəxs, Rusiya ərazisində azı 25 il yaşamalıdır və heç vaxt xarici vətəndaşlığı və ya xarici ölkədə yaşayış üçün icazəsi olmamalıdır. Putin, təklif olunan Konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq səsverməsinin keçirilməsini təklif edib. Rusiya prezidenti əlavə edib ki, baş verən dəyişikliklərin radikallığı nəzərə alınaraq, onların ümumxalq səsverməsinə - referenduma verilməsi zəruridir. Lakin referendumun keçirilməsi üçün dəqiq tarix deməyib.
Şərhçilər bildirirlər ki, bu, Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasını təmin edəcək planının ilk addımıdır. Rusiya Konstitusiyası bir nəfərin dalbadal yalnız iki müddətdə prezident olmasına imkan verir. Putinin prezident kimi səlahiyyət müddəti 2024-cü ildə başa çatır.
"Kommersant” edilən dəyişikliklərin təfərrüatlarını bölüşüb. Qəzet yazıb ki, 2024-cü ildə Putinin "Vahid Rusiya” Partiyasının sədrliyinə keçməsi gözlənilir. Qəzet xəbər verir ki, dövlət quruluşunun formatının dəyişdirilməsində bu, əsas qərar olacaq. Putinin 2024-cü ildə hakim partiyaya rəhbərlik edəcəyi barədə informasiya, prezident administrasiyasına yaxın mənbədən sızdırılıb. "Partiya hökumət üzərində ciddi nəzarətə malik olacaq, gələcək prezident isə bu reallıqla hesablaşmalı olacaq” - deyə adı açıqlanmayan mənbə bildirib. Paralel olaraq, hakimiyyət dəyişikliyinin digər formaları – Dövlət Şurası, yaxud Təhlükəsizlik Şurasına keçid də istisna olunmur.
"Hər şey prezidentin qeyd etdiyi səlahiyyətləri hansı formada dəyişdirəcəyindən gedir”- deyə politoloq Yevgeni Minçenko söyləyib. "Rusiya hökumətinin istefası Vladimir Putinin piar gedişi idi”. Bunu isə rusiyalı politoloq Mamuka Areşidze deyib. O, Putinin, hökuməti sosial gərginliyi azaltmaq və konkret şəxsləri Rusiyanın olduğu iqtisadi və sosial bəlalarda ittiham etmək üçün istefaya göndərmək qərarını verdiyini bildirib: "Rusiya hökumətinin istefası proqnozlaşdırılan idi. Rusiyanın siyasi və hərbi aktivliyi sadə insanları düşünməyə məcbur edir ki, bu qədər resursu olan ölkə genişmiqyaslı hərbi fəaliyyət aparmaq imkanına sahib deyil. Belə ki, Rusiyanın ciddi sosial problemləri və iqtisadiyyatın həddən aşağı artım templəri var. Bu fonda Rusiya iqtisadiyyatının dayanaqlılığı həddən artıq ağırdır. Xüsusilə, pensiya yaşının artırılması və pensiyaların ixtisarından sonra sosial narazılıq səviyyəsi yüksəlir və bütün bunlar ona səbəb olur ki, Prezidenti, sosial narazılığı kəsmək üçün hökuməti istefaya göndərmək qərarı qəbul etməyə məcbur edir”. Müxalifət lideri və Kremlin aparıcı tənqidçisi Aleksey Navalnı konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək hər hansı bir referendumun "saxta ləkə” olacağına inandığını söyləyib. O deyib ki, Putinin məqsədi "ömür boyu yeganə lider" olmaqdır.
"Rusiya prezidenti Vladimir Putin milli layihələrin icrasından dolayı Dmitri Medvedyevin başçılıq etdiyi hökumətdən narazı idi”. Bu barədə "Forbes” jurnalı məlumat yayıb. İddiaya görə, ötən ilin sonlarında Medvedyev və Putin bu məsələni müzakirə edib və dövlət başçısı milli layihələrin milli hədəfə çatmağa yardım etməyəcəyi barədə məlumatlandırılıb. "Bu, Putində olduqca emosional reaksiyaya səbəb olub”, - deyə məqalədə bildirilib. Bundan əlavə, adı açıqlanmayan rusiyalı məmurun bildirdiyinə görə, Putin Medvedyev hökumətinin istefası ilə bağlı şəxsən qərar qəbul edib. "The Nyu York Tayms” yazır ki, Medvedyevi istefaya göndərməklə, Putinhökumətdə özünə sadiq fiqurların yerləşdirilməsinə yol açır. Rusiya dövlət televiziyası bildirir ki, Medvedyev Təhlükəsizlik Şurası sədrinin müavini təyin ediləcək. Bu qurumda sədr Putindir.
Yeni baş nazirliyə namizəd də əsl sürpriz olub. Rusiya hökumət mənbələri BBC-yə bildiriblər ki, nazirlərə, hökumətin istefası barədə məlumat verilməyib. "Bu, tamamilə sürpriz oldu”, - bir mənbə bildirib. Dmitri Medvedyevi baş nazir vəzifəsində əvəzləyəcək vergi xidmətinin rəhbəri Mixail Mişustinin 53 yaşı var. Hökumət orqanlarında 1998-ci ildən çalışır və 2010-cu ildən Federal Vergi Xidmətinin rəhbəridir. O, özündən əvvəlki üç vergi nazirinin müavini vəzifəsində işləyib. 2014-cü ilin nəticələrinə görə, xanımı "Forbes”jurnalının ən zəngin məmur arvadlarının siyahısına daxildir və sərvəti 160 milyon rubl (2, 6 milyon dollar) civarında təxmin edilir, Mişustinin rəhbər işlədiyi Beynəlxalq Kompüter Klubunun həmtəsisçisidir. "İzvestiya” qəzeti isə yazır ki, Mişustin "Gecə xokkey liqasında” oynayır və Rusiyanın Mərkəzi Ordu İdman Klubunun hamiləri şurasının üzvüdür. Ona qarşı tənqidlər də yetərli qədər olub. Belə ki, o, biznesmenlərə qarşı sərt davranışlarda və çoxlu sayda vergi yoxlamaları aparmaqda ittiham edilib. Bu iddiaların hər biri Federal Vergi Xidməti tərəfindən təkzib edilib. Mişustin adını Rusiya tarixinə həmçinin böyük yüksək texnologiya şirkətlərini vergi ödəməyə məcbur edən şəxs kimi yazdırıb. Belə ki, o, hətta Rusiya nümayəndəliyi olan nəhəng şirkətlərin vergi ödəməsini tələb edib. Doğrudur, şirkətlər buna qarşı çıxsalar da, vergini ödəməyə məcbur olublar. Rusiyanın hakim dairələrində Mişustin daha çox sərt rəhbər kimi tanınır. Bununla bərabər, onun yaxşı nitqinin olduğu və fokuslandığı auditoriyanı rahatlıqla ələ ala bildiyi də xüsusi olaraq vurğulanır. Mişustin həmçinin fokuslandığı məsələlərin sürətli həllini tələb edən şəxs kimi də tanınır.
Dünən Dövlət Duması Rusiya Prezidenti Vladimir Putinə Mixail Mişustinin Rusiya Federasiyası Hökumətinin sədri təyin edilməsinə razılıq verib.
Mişustinin namizədliyini plenar iclas zamanı prezidentin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Qarri Minx təqdim edib.
Mişustinin hökumət başçısı təyin edilməsini Dövlət Dumasının üç fraksiyasının – "Vahid Rusiya”, "Liberal Demokrat Partiyası” və "Ədalətli Rusiya” nümayəndələri dəstəkləyib. 383 deputat onun lehinə səs verib. 41 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.
Kommunist Partiyası fraksiyasının deputatları səsvermədə iştirak etməyiblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər