• cümə, 26 Aprel, 20:42
  • Baku Bakı 22°C

Rusiya Ermənistanın “nazı” ilə oynamaqdan yorulub

26.07.18 19:49 677
Rusiya Ermənistanın “nazı” ilə oynamaqdan yorulub
Ermənistanda Rusiya əleyhinə aparılan kampaniya heç də sakitliklə qarşılanmadı. Artıq Rusiyanın hökuməti və ona yaxın hesab olunan siyasətçilər, media qurumları rəsmi İrəvanı hədəfə almağa başlayıblar. Belə ki, bu günlərdə Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski yerli televiziyalardan birinə Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib ki, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi. Təbii ki, bu açıqlama Rusiyanın öz forpostu barədə mövcud düşüncələrini ortaya qoymuş olur.
Həmçinin, Rusiyanın Ermənistana verdiyi təbii qazın qiymətinə yenidən baxacağı ilə bağlı informasiyalar da mediada yer alıb. Bütün bunlar onu göstərir ki, Rusiya rəsmi İrəvanın "nazı” ilə oynamaqdan yorulub və öz təzyiq rıçaqlarını işə salmağa başlayıb. Bəs görəsən Ermənistan bu durumdan çıxa biləcəkmi?
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Ermənistanın yeni baş naziri hələlik çabalayır: "O, NATO sammitində iştirak etdi, bu təşkilata üzv olan ölkələrin başçıları ilə görüşdü. Paşinyan eyni zamanda başa düşür ki, regionda ona dəstək verən yalnız Rusiyadır. Rusiya olmadan Ermənistanın iqtisadi inkişafı ola bilməz, eləcə də hərbi sahədə tənəzzülə uğrayar. Bu mənada Jirinovski müəyyən qədər haqlıdır ki, Rusiya olmasa, Ermənistan özü-özlüyündə heç nədir. Çünki bir tərəfdə Türkiyə, digər tərəfdə isə Azərbaycan var. Özü də Ermənistanın hər iki ölkəyə ərazi iddiaları uzun illərdir davam edir.
Eyni zamanda Ermənistana verilən qazın qiymətinin qaldırılması və digər məsələlərin gündəmə gətirilməsi o deməkdir ki, bununla Rusiya rəsmi Yerevanı tərbiyə etmək qərarına gəlib. Görünür, artıq tərbiyə vasitələri işə salınıb. Bu addımı atan rəsmi Moskva başa düşür ki, Ermənistan özü gec-tez Rusiyaya yalvarmağa başlayacaq. Belə vəziyyətə gəlib çatması üçün ermənilər mütləq Rusiyanın sərt üzünü görməlidirlər. Bundan sonra ermənilər anlayar ki, Ermənistan öz siyasi addımlarını bu istiqamətə yönəltməlidir”.
F.Sadıxov Putin-Paşinyan görüşünə toxunaraq qeyd etdi ki, burada bütün məsələlər müzakirə ediləcək: "Putin yəqin şərt qoyacaq ki, ya müttəfiqimizsən, ya da öz bildiyin kimi hərəkət edəcəksənsə, onda Rusiya nə edəcəyini bilsin. Görünür, Rusiya prezidenti bu dəfə Paşinyana daha ciddi şəkildə irad bildirəcək”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Paşinyanın NATO sammiti çərçivəsində Brüsselə səfəri və Ermənistanda son zamanlar aparılan kadr dəyişikliyi Rusiyanı qıcıqlandırmaya bilməzdi: "Eyni zamanda, bu gün Ermənistan daxilində Rusiya yönümlü siyasətçilərin, vətəndaş cəmiyyəti institutlarının və ümumiyyətlə bu ölkəyə simpatiyası olan hər bir kəsin təqib edilməsinə başlanılıb. Bütün bunlar barədə Rusiyanın məlumatı var. Onu da qeyd edim ki, Rusiyanın siyasi elitasında da oturuşmuş ermənipərəst qüvvələr mövcuddur. Lakin ümumi götürdükdə Ermənistanda baş verənlər artıq Rusiyada qabardılmağa başlayıb. Bu ölkənin mediası Paşinyanın Brüssel səfəri ilə bağlı məqalələr dərc etmişdi və burada baş nazir porno ulduz Kardaşyanla müqayisə olunurdu. Bildirilirdi ki, Paşinyan dünya liderləri ilə "əl sıxmaq” üçün bir qapıdan digərinə qaçırdı və onlarla şəkil çəkdirmək istəyir, sonradan da bunu hansısa görüşlərin keçirilməsi kimi qələmə verirmiş.
Jirinovskinin də dedikləri kifayət qədər ciddi məsələlərdir. Ümumiyyətlə, erməni xalqı anlayır ki, Rusiya hərbi bazalarının Ermənistanda olması bir növ Azərbaycanı çəkindirən məsələlərdən biridir. Deyərdim ki, Qarabağ məsələsində əsas faktorlardan birini oynayır. Eyni zamanda o da həqiqətdir ki, nə baş versə belə, Rusiya o hərbi bazalardan imtina edən deyil. Çünki geosiyasi cəhətdən Ermənistandakı hərbi baza Rusiya üçün olduqca vacibdir. Son günlər Ermənistan Müdafiə Nazirliyinin verdiyi bəyanat və o cümlədən bu ölkənin mediasında yer alan yazılarda 102 saylı hərbi bazanın saxlanılması ilə bağlı şərtlərə yenidən baxılması və sair məlumatlar artıq Moskvanı qıcıqlandırır. Panik məntəqəsində baş verən hadisə isə heç də təsadüfi deyildi. Bu, bir növ Yerevana təzyiq vasitəsidir”.
Z.Məmmədov vurğuladı ki, Putinlə Paşinyan arasında görüşün keçirilməsi gözlənilir: "Düşünürəm ki, bu görüşdə onların hər ikisi açıq mesajlar verəcəklər. Paşinyan bildirəcək ki, Ermənistan Rusiya ilə müttəfiqliyini davam etdirəcək, lakin Azərbaycana görə Qərblə bəzi görüşlər keçirəcək. O, bu addımını belə qələmə verir ki, Azərbaycan NATO-nun hər hansı proqramlarında çıxış edir, Qərbə inteqrasiya olunur, Ermənistan isə belə addımlar atmasa, bu, gələcəkdə onlar üçün problemlər yaradacaq. Belə deyək ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bunu əsaslandırmağa cəhd edir. Lakin əslində biz bilirik ki, Paşinyanın əsas siyasəti elə Avropaya inteqrasiyadır, Rusiyanın qucağından çıxmaqdır. Fakt ondan ibarətdir ki, Ermənistan hələlik iqtisadi və hərbi cəhətdən kifayət qədər Rusiyadan asılıdır. İndi Ermənistanda baş verənlər vaxtı ilə Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlişini xatırladır. Sadəcə olaraq, Ermənistanda hakimiyyət dəyişikliyi başqa cür baş verdi. Söhbət qərb ideologiyasının qalibiyyətindən, qərbyönümlü siyasətçilərin hakimiyyətə gəlməsindən, erməni gənclərində Rusiyaya qarşı antipatiyanın gücləndirilməsindən gedir. Bəzi ekspertlərin fikirlərinə baxmayaraq, mövcud vəziyyət Azərbaycanın əleyhinə yox, lehinədir. Ermənistanla Rusiya arasında olan gərginlik yaxın aylar ərzində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində bir sıra irəliləyişlərə nail olmasına gətirib çıxara bilər”.

BƏXTİYAR

banner

Oxşar Xəbərlər