Rusiya ÜAK-la bağlı hansı qərarı verəcək?
Bir müddət əvvəl Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı
yaranmış vəziyyət Azərbaycanda da birmənalı qarşılanmayıb. Məsələyə yerli
ictimaiyyət nümayəndələri öz etirazlarını bildiriblər. Eyni zamanda, Milli
Məclisdə müzakirə olunan cari məsələlər zamanı millət vəkilləri ÜAK-ın
qarşılaşdığı problemi tənqid edib və Rusiyanın siyasi rəhbərliyinin bununla
bağlı növbəti addımlarının müsbət olacağı ilə bağlı ehtimallarını dilə
gətiriblər.
Bundan sonra Rusiya Ədliyyə Nazirliyi tərəfindən ÜAK-ın qeydiyyatının
ləğvinə dair iddia əsasında Rusiya Ali Məhkəməsi tərəfindən keçirilən iclas təxirə
salınıb. Xəbərə görə, Rusiya Ədliyyə Nazirliyinin nümayəndəsi iclasa gəlmədiyi
üçün proses aprelin 25-nə təyin olunub.
Məhkəmənin təxirə salınmasına Azərbaycanda ÜAK-ın bağlanmasına edilən
etirazlar səbəb oldu, yoxsa bu məsələnin arxasında başqa məqamlar var?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə bildirib ki, ÜAK-la bağlı
hətta Rusiyanın özündə belə keçirilən məhkəmənin perspektivini görmürlər:
"Şübhəsiz ki, Konqresin ləğvi ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin müraciəti
Rusiyada anti-Azərbaycan qüvvələrinin səyinin nəticəsidir. Bu ölkədə minlərlə
qeyri-hökumət təşkilatı var və onların fəaliyyətində hansısa çatışmazlıqlar ola
bilər. Amma bu, hüquqi müstəvidə həll olunur. Birdən-birə belə müraciət,
görünür, müəyyən dairələrdə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə
olmasından doğan narahatlıqla bağlıdır. Bununla yanaşı, həm Azərbaycanda olan
etiraz, həm də Rusiya daxilində məsələyə çox kəskin reaksiya verilməsi
təşəbbüskarları müəyyən qədər düşünməyə vadar etdi. İlk olaraq, Konqresin ləğvi
məsələsi həmin dairələri düşündürür. İstənilən halda təşkilatımızın ləğv
edilməsi Rusiya-Azərbaycan münasibətlərinə çox böyük kölgə salardı. Belə
olarsa, bunun səbəbkarı heç də Azərbaycan olmayacaq”.
Deputat A.Mirzəzadə qeyd edib ki, Rusiya məhkəməsi ÜAK-ın ləğv
olunub-olunmaması ilə bağlı istənilən qərarı verə bilər: "Çünki biz alt qatda
gedən proseslərdən xəbərdarıq. Bu isə üzdə olan məsələdir. Çox istərdim ki,
Rusiya tərəfi bu məsələyə çox ciddi yanaşsın. Azərbaycan etibarlı və
əhəmiyyətli bir müttəfiqdir. Azərbaycanı itirmək Rusiyanın marağında deyil.
Həmçinin ölkəmiz Rusiya ilə bağlı məsələlərdə çox ehtiyatlı hərəkət edib.
Azərbaycan yeganə ölkədir ki, burada rus icmasının heç bir problemi yoxdur.
Ölkəmizdə rus dilində fəaliyyət göstərən orta və ali məktəblər, kütləvi
informasiya vasitələri, eləcə də teatrlar var. Onu qeyd edərdim ki, Rusiya ilə
dostluğu əsas siyasəti hesab edən ölkələrdə belə, rus dilinə və Rusiya ilə münasibətlərə
belə qayğı yoxdur”.
Millət vəkili, hüquqşünas
Çingiz Qənizadə qeyd edib ki, ÜAK-la bağlı yaranmış vəziyyətə
Azərbaycandan çoxsaylı etirazlar bildirilib: "Müsahibələrimizdə, parlamentdəki
çıxışlarımızda da Rusiya rəhbərliyinin bu məsələyə müdaxilə etməyəcəyinə
inanmadığımızı dilə gətirmişdik. Orada nə olmasından asılı olmayaraq, bu
məhkəmənin təxirə salınması ümumi işin xeyrinədir. Çünki aprelin 25-nə qədər
kifayət qədər vaxt var ki, sənədlərdəki nöqsanlar aradan qaldırılsın və
Rusiyanın "İctimai birliklər haqqında” qanununa uyğunluşdırılması üçün müəyyən
addımlar atılsın. Çünki bu Konqres Rusiya-Azərbaycan münasibətlərinin
tənzimlənməsində, Azərbaycan həqiqətlərini, mədəniyyətini fəaliyyət göstərdiyi
ölkəyə çatdırmaqda böyük işlər görür. Belə bir təşkilat həm Rusiya, həm də
Azərbaycan üçün lazımdır. Əgər hər iki dövlət bir-biri ilə çox yaxşı
münasibətlər qurubsa, onda belə məsələlər çox xırda görünür”.
Ç.Qənizadənin fikrincə, kənar qüvvələrə imkan verməməliyik ki,
nöqsanlarımızdan istifadə edib, "bəhrələnə” bilsinlər: "Təşkilatın sənədləşmə
işində müəyyən nöqsanlar ola bilər. Amma məsələnin bu yerə gəlib çıxması bizi
narahat edir. Nə olubsa, hamısını arxada qoyaq və düşmən ovuna da çıxmayaq.
Ümid edirik ki, Rusiya rəhbərliyi yaranmış problemin aradan qaldırılması üçün addımlar
atıb və atacaqdır”.
Bəxtiyar MƏMMƏDLİ