• cümə, 26 Aprel, 12:59
  • Baku Bakı 23°C

Rus əsgəri Ermənistanda ağalıq edir

19.07.18 18:00 741
Rus əsgəri Ermənistanda ağalıq edir
NATO-nun Brüssel sammitindən dönər-dönməz, baş nazir Nikol Paşinyan Rusiyadan növbəti xəbərdarlıq siqnalı alıb. Bu dəfə Ermənistan ərazisində yerləşən rus hərbi bazasının əsgərləri erməni kəndinin sakinlərini əməllicə stressə salıblar. Kənd ərazisində avtomat silahlardan fasiləsiz atəşlər açmaqla gərginliyə səbəb olublar. Bu insident isə sosial şəbəkələrdə, erməni mediasında, ictimai-siyasi dairələrində geniş müzakirələrə gətirib.
"1in.am” saytı yazır ki, insident baş nazir Nikol Paşinyanın nəzarəti altındadır. Kənddə baş vermiş insidentə Paşinyanın mətbuat katibi Arman Yeqoyan şərh verib. O bildirib ki, bu hadisəyə dair aparılan təhqiqat barədə baş nazirə məruzə edilir. Saytda dərc olunan məqalədə vurğulanır ki, "əvvəlki hakimiyyətə yaxın müəyyən dairələr, eləcə də onlara bağlı Rusiyadakı qruplar hər vəchlə Kremli Ermənistanın yeni rəhbərliyinə qarşı qoymaq istiqamətində səy göstərir”. Digər tərəfdən sayt yazır ki, "Ermənistanda dislokasiya edilmiş Rusiya hərbi bazası erməni-rus münasibətlərində ciddi problemə çevrilir. Hərbi baza təhlükəsizlik mənbəyindən çox, gözlənilməz və qarşısıalınmaz təhlükələrin mənbəyi qismində çıxış etməyə başlayır”. Müəllif yazır ki, hərbi bazanın mövcudluğu Rusiya işğalının simvoluna çevrilir. Bu bazanın getdikcə Ermənistanda sabitsizliyin mənbəyinə çevrildiyi, erməni dövlətçiliyi, geosiyasi və regional təhlükə kimi görüldüyü qeyd olunur.
Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın bu ölkədəki müvəqqəti işlər müvəkkili Andrey İvanovu, Rusiyanın Ermənistandakı hərbi-hava attaşesi Yevgeni Bulavintsevi və Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı polkovnik Vladimir Yelkanovu qəbul edib. Onlar iyulun 17-də Şirak vilayətinin Panik kəndi yaxınlığında baş vermiş insidenti müzakirə ediblər."Azatutyun” saytı yazır ki, bu barədə özünün Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan məlumat verib. Sözçü yazır: "Rusiya 102-ci bazasının komandanı sözügedən tədbirin xarakteri, onun planlaşdırılması və icrası üçün aparılmış işlər barədə məlumat verib. Bu da qeyd olunmalıdır ki, polkovnik Yelkanovun dediyinə görə, bu tədbir 102-ci bazanın 2018-ci il üçün döyüş hazırlığı planına əvvəlcədən erməni tərəfi ilə razılaşdırılmış şəkildə daxil edilib”. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyi bildirir ki, təlimlərin keçirilməsi zamanı yerin seçilməsi və yerlilərin xəbərdar edilməsi sahəsində heç də bütün tədbirlər görülməyib. Öz növbəsində David Tonoyan belə məsələlərdə Rusiyanın Müdafiə Nazirliyi ilə daha sıx koordinasiya və məlumatlandırmaya ehtiyac olduğunu bildirib. O, Ermənistandakı Rusiya hərbçilərini "mülki əhali ilə xoş qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə” çağırıb.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiya hərbçilərini keçirdiyi hərbi təlimlər yerli sakinlər arasında panika yaradıb. Kənddə həqiqi hərbi əməliyyatların getdiyini düşünən sakinlər vahiməyə düşüblər. Sonradan güllə və mərmilərin döyüş yox, təlim təyinatlı olduğu bəlli olub. Lakin bu xəbər sakinləri sakitləşdirə bilməyib. Onlar hərbi hissənin rus komandirindən təlimlərin heç bir xəbərdarlıq edilmədən keçirilməsinin səbəbini soruşublar. Panik kəndinin yerli hakimiyyət başçısı Vardan Makeyan baş vermiş insident barədə ölkənin Milli Təhlükəsizlik Xidmətini və polisi məlumatlandırdığını deyib. Yerli əhali hüquq-mühafizə orqanlarının gəlişindən əvvəl rusiyalı hərbçilərin təlim yerini tərk etməsinə imkan verməyib. Makeyan deyib ki, güllə və mərmi partlayışları səslərindən bəzi uşaqlar hətta huşlarını itiriblər. Bu səslər qonşu kəndlərdə də eşidilib. 3000 nəfərin yaşadığı Panik kəndinin icra başçısı deyib ki, rusiyalı hərbçilər təlim əmrini göstərən sənədi təqdim etməkdənsə, sadəcə "üzr istəyərək” çıxıb getməyə çalışıblar. Makeyanın sözlərinə görə, onlar heç bir rəsmi sənəd göstərməyə borclu olmadıqlarını deyiblər. Lakin kənd sakinləri insidenti videoya çəkiblər və internetdə yayıblar.
"Azatutyun” xəbər verir ki, iyulun 18-də baş vermiş insidentlə bağlı 102-ci bazanın komandanlığından şərh almağa çalışıb. Baza komandirinin müavini Aleksey Palyuxoviç deyib: "Mən hazırda danışmağa hazır deyiləm, çünki təhqiqat davam edir. Biz sizə lazım olan informasiyanı mətbuat xidmətimiz vasitəsilə verəcəyik. Bu təlimlər bazanın hərbi döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilib. Amma nəyin düzgün edilməməsinə gəlincə, sizə dediyim qaydada məlumat veriləcək”. "Azatutyun” xəbər verir ki, Palyuxoviçi Şirak vilayətinin qubernatoru Karen Saruxanyan qəbul edib. Onun sözlərinə görə, rusiyalı zabit baş vermiş insidentə görə üzr istəyib və belə hallara bir daha yol verilməyəciyini vəd edib.
102-ci Rusiya hərbi bazasına dair Ermənistan-Rusiya müqaviləsinin şərtlərinə görə, baza qoşunların hər hansı yerdəyişməsi barədə əvvəlcədən yerli hakimiyyət orqanlarını, polisi, milli təhlükəsizlik xidmətini xəbərdar etməlidir. Bu müqaviləyə görə, baza nəzərdə tutulmuş poliqonlardan başqa heç bir yerdə hərbi təlim keçirə bilməz. Qubernator deyib ki, sözügedən dövlətlərarası müqavilənin pozulub-pozulmaması barədə suala təhqiqat cavab verəcək. Panik kəndinin sakinləri isə bir neçə il əvvəl baş vermiş hadisəni xatırlayırlar. O vaxt Rusiya bazasının Vaqramaberd poliqonunda minaya düşən iki uşaq həlak olmuşdu. "Azatutyun” yazır ki, kənd sakinlərinin fikrincə, "rusiyalı hərbçilər istədiklərini edirlər”.
Bu münasibətlə Panik sakini Ovannes Zndoyan hökumətə müraciət edib: "Bu gün qurban olmayıb. Lakin bu insident permanent xarakter daşıya bilər. Ona görə də mən hökumətdən bu özbaşınalığa son qoyulmasını tələb edirəm. Yeni Ermənistanda belə hallara yol verilə bilməz”. Panik sakinləri habelə Rusiya bazasının bölgəyə vurduğu ziyandan narazıdırlar. Onlar deyirlər ki, ağır texnika yolları yararsız hala salır, lakin Rusiya tərəfi bu ziyanın aradan qaldırılması üçün heç nə etmir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər