• cümə, 26 Aprel, 09:34
  • Baku Bakı 12°C

RNT tərkibli virusların əmələ gəlib sonradan tamamilə yox olması reallıq deyil

07.07.21 18:30 609
RNT tərkibli virusların əmələ gəlib sonradan tamamilə yox olması reallıq deyil
Son vaxtlar yeni növ koronavirusun (COVID-19) mutasiyaya uğramış növü olan "delta” və "delta+” ştamları sürətlə yayılmaqdadır. "Delta” ştamı qonşu Rusiya, İran, Gürcüstan və Türkiyənin üç vilayətində də qeydə alınıb.
Kaspi.azxəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru, professor Rəşad Mahmudov "delta”, - "delta+” ştamları və onların COVID-un mutasiyaya uğramış digər ştamlarından fərqi barədə danışarkən deyib: "Koronavirus RNT virusu olduğuna görə davamlı şəkildə mutasiyaya məruz qalmaq xüsusiyyəti daşıyır. Virusun öz ailəsinə aid, lakin fərqli xüsusiyyətlər daşıyan yeni ştamlarla qarşılaşmaq ehtimalı var. Bu gün "delta” və "delta+” ştamının əslində koronavirusun digər ştamlarından fərqli olub-olmadığının tibbi baxımdan konkret cavabı məlum deyil. Hindistandan başlanılan bu vəziyyət qonşu Rusiyada, xüsusilə son günlər Moskvada yaranan vəziyyət, sutkalıq yoluxma və həyatını itirənlərin sayı dünya səhiyyəsində çox ciddi narahatlıq yaratmağa başlayıb. Son ilyarımda koronavirus pandemiyası başlayandan Rusiya səhiyyəsinin xəstəlik qarşısında üç dəfə büdrədiyi müşahidə edildi. "Delta ştamının qeydə alındığı ölkələr Azərbaycanın yaxın ətrafında və qonşuluqda yerləşdiyindən risk təhlükəsi var. Bəzən bir-iki nəfərin yoluxmasının heç bir qorxusu olmayacağını düşünənlər olur. Lakin unutmaq olmaz ki, Çində bir virusun ortaya çıxması ilə qısa müddət ərzində bütün qitələrə yayıldı və bəşəriyyəti böyük problemlə üz-üzə qoydu. "Delta” ştamı barədə daha sürətlə yoluxma, yayılma, ağırlaşmalarının çoxluğu və müalicəyə tabe olmaması kimi ehtimallar var.
- Həkim, onda "delta” ştamından qorxmalıyıqmı?
- Bütün dünyada pandemiya ləğv olunmayana qədər qorxmaq yox, ehtiyatlı hərəkət etmək məcburiyyətindəyik, çünki dünyada həllini tapmayan fəlakətlə üz-üzəyik. Bu, qeyri-müəyyənlik nəticəsində dünya iqtisadiyyatına, hər bir insanın həyatına sosial və mənəvi cəhətdən böyük bir zərbə vurmuş hadisədir. Ona görə pandemiya ləğv olunana qədər ehtiyatlı olmaq və hər bir fəlakət qarşısında tədbir görmək məsuliyyəti daşımalıyıq.
- "Delta” ştamı bir addımlıqdadır. Ola bilərmi ki, Azərbaycana gəlib çıxmasın?
- Epidemioloji vəziyyətə və müasir dünyanın reallığına nəzər salsaq, gəlib çıxmamaq ehtimalı demək olar ki, yoxdur. Təbii ki, hamımız onun gəlib çıxmamasını arzu edirik. Lakin arzu başqa, reallıq isə tamam başqadır. Gediş-gəlişin, xüsusən yay aylarında çox olduğu bir vaxtda onun gəlməsi ehtimalı çox yüksəkdir. Yeni ştamlar və onun yaratdığı təşvişdən insanlar da yorulub. Keçən il Britaniya ştamı barədə söhbət gedəndə daha çox təlaş keçirirdik. Lakin baş verə biləcək yeni dalğalar qarşısında həyəcan keçirməyə dəyməz. Çünki bu sahədə nikbin olmaq üçün kifayət qədər səbəb var. İlk növbədə, artıq virusa qarşı peyvənd var. İkincisi, ötən illə müqayisədə peyvənd vurduranlarla yanaşı, son bir il, ilyarım ərzində xəstəliyə yoluxmuş və immun sistemi buna cavabdeh olanların sayı çoxdur. Üçüncüsü, xəstəliyin müalicəsi sahəsində səhiyyənin öyrəndiyi xeyli məsələlər var. Əvvəllər çarəsiz kimi görünən ağırlaşma hallarında bu gün tam olmasa da, əvvəlki dövrlə müqayisədə müalicə aparmaq və həmin müalicədən əldə edilən səmərəli nəticələr var. Bütün bunlarla yanaşı, pandemiyanın ilk dövrlərində qeyri-müəyyənlik nəticəsində yaranan həyəcan və təlaşdan fərqli olaraq, insanlar arasında bunu normal qəbul etmək, onunla yanaşı yaşamaq vərdişi də var və əvvəlki qorxu hissi yoxdur. Lakin biz yenə də yeni dalğalar qarşısında ölkənin iqtisadi zərərlə üzləşməməsi, hər bir insanın həyatına və ailəsinə təsir edəcəyi mənfi tendensiya ilə rastlaşmaması, məhdudiyyətlərin yumşaldıldığı, sosial-mədəni həyatda yeni ümidlərin yarandığı bir vaxtda vəziyyətə uyğun addımlar atmaq məcburiyyətindəyik.
- Payız aylarında karantin rejiminin sətləşdiriləcəyi barədə bəzi fikirlər var...
- Belə ehtimallar qarşısında konkret fikir söyləmək qeyri-mümkündür. Keçən il dünyanın bir çox aparıcı ölkələrində, eləcə də Azərbaycanda tətbiq edilən məhdudiyyətlərin əsas səbəbi qeyri-müəyyənlik idi. Ümumiyyətlə hər kəs sosial şəbəkələrdə müəyyən fikirlər yürüdə bilər, amma fikir yürütmək başqa, yazdığının məsuliyyətini daşımaq isə tamam başqadır. Yəni, həmin dövrdə bütün dövlətlər ehtimal olunan təhlükənin qarşısını almaq üçün sərt tədbirlər görməyə məcbur idi. Hesab edirəm ki, əvvəlki ilə müqayisədə hansısa qeyri-adi vəziyyət yaranmadıqca dünya ölkələrinin səhiyyə sistemlərinin qazandığı təcrübə sayəsində sərt karantin rejiminə ehtiyac olmayacaq. Yəni, keçən il məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olan COVID-19-a yoluxma sayı növbəti mərhələlərdə sərt karantinin tətbiqinə səbəb ola bilməz. Hadisəyə xronoloji olaraq yanaşsaq, görərik ki, ötən ilin mart-aprel aylarında sutka ərzində 200-300 nəfərlik yoluxma ölkənin bütün sistemlərinin iflic vəziyyətinə səbəb olmuşdu. Lakin bundan üç ay sonra sutkalıq yoluxma sayı 600-700-ə qalxanda səhiyyə sistemi koronavirusla mübarizəni büdrəmədən davam etdirirdi. Odur ki, növbəti aylarda yoluxma sayı hətta sutkada 10-15 minə qalxsa da, Azərbaycan səhiyyəsinin virusla mübarizədə kifayət qədər təcrübəsi, təsdiqlənmiş planları var. Bütün bunları nəzərə alaraq deyirəm ki, yalnız istisna hallarda sərt qapanmalar tətbiq edilə bilər.
- Həkim, daha neçə il COVID-19-a qarşı mübarizə aparmağa məcbur olacağıq?
- Koronavirus daim mutasiyaya uğrayır və biz onun yeni ştamlarına daim hazır olmalıyıq. Vətəndaşlar bu fikirləri eşitməkdən yorulublar, çünki hər kəsin xoş xəbərlərə ehtiyacı olduğu dövrdə yaşayırıq. Lakin bir həqiqəti qəbul etmək məcburiyyətindəyik. Yəni, RNT tərkibli viruslarının əmələ gəlib sonradan tamamilə yox olması reallıq deyil. Bu, tibbi epidemioloji tarixin məlum həqiqətlərindəndir. Lakin əlbəttə ki, dünya həmişə koronavirusdan bugünkü qədər çəkinməyəcək. Necə ki, yüz il əvvəl 50 milyon insanın həyatını itirməsinə səbəb olan viruslar zaman keçdikcə yaddan çıxdı və heç bir qorxuya səbəb olmadı. İllər keçdikcə COVID-19 da daha az ziyan verərək mövsümü qriplər kimi bizimlə birgə olacaq. Həmin vəziyyətin nə vaxta qədər belə davam edəcəyinin isə dünyanın heç bir ölkəsində, heç bir səhiyyə ekspertində, eləcə də Ümumdünya Səhiyyə Təşkilatında hələ ki cavabı yoxdur.
- İstifadə edilən peyvəndlər yeni ştamlara qarşı nə dərəcədə effektivdir?
- İstifadə edilən peyvəndlərin koronavirusun bütün ştamları qarşısında səmərəli olması ilə bağlı məsələ təkcə vətəndaşların deyil, eləcə də dünya səhiyyə ekspertləri və bu sahə üzrə işləyən institutlar, virusoloq və infeksionistlər üçün müəyyən qədər müəmmalıdır. Lakin qazanılmış təcrübəyə əsasən, eyni ailədən olan mutasiyalar içərisində çox zaman əvvəlki peyvəndlər daha sonra yaranan mutantlara qarşı tam olmasa da, müəyyən qədər effektivliyini saxlayır. Bu mənada COVID-19-la əlaqədar dəqiq söz demək qeyri-mümkündür. Fikrimcə, bir mutanta qarşı 80 faiz effektiv olan peyvənd daha sonra yaranan ştam əleyhinə 70 faiz və yaxud da 90 faiz effektiv ola bilər. Dövlətlər yeni yarana biləcək təhlükələrin qarşısını almaq üçün tədbir həyata keçirmək ehtiyacı hiss edir. Əlimizdə fərqli peyvəndlər yoxdur, eyni zamanda yeni mutantlara qarşı hansı peyvəndlərin daha effektli ola biləcəyi haqda konkret sübuta yetirilmiş məlumata da sahib deyilik. Belə olan halda, əlimizin çatdığı, məntiqin qəbul etdiyi və bizə tövsiyə olunan vaksinləri vurdurmaqla riskləri azalda bilərik. Vaksinasiya sayəsində sağlamlığımızı qorumaqla yanaşı, ölkə səhiyyəsinin gələcəkdə yarana biləcək təhlükəli dalğalardan qorunmasına da töhfə verərik. Çünki peyvənd olunanların olunmayanlarla müqayisədə dəfələrlə az simptomlarla xəstəxanaya düşmək ehtimalı var. Peyvənd olunanlar xəstəxanada yatarkən onların çox az qisminin reanimasiyaya ehtiyacı olur. Üstəlik, onların ölüm riski digərləri ilə müqayisədə 80 faiz daha aşağıdır. Beləliklə, dünya səhiyyə işçiləri pandemiyadan qurtarmaq üçün peyvənddən başqa alternativ yol görmürlər.
- Azərbaycanda "Pfizer” peyvəndini vurdurmaq üçün xeyli növbə var. Bu, həmin peyvəndin ölkəmizdə az olması ilə əlaqəlidir, yoxsa?
- "Pfizer” kimi yeni növ vaksinlərin soyuq zəncirləmə sistemində təhlükəsizliyi mütləq yüksək səviyyədə təmin edilməlidir. Həmin peyvənd -76 dərəcəli soyuq zəncir içərisində saxlanılmalıdır. "Pfizer” hazırda ölkə üzrə cəmi iki mərkəzdə tətbiq olunsa da, gələcəkdə həmin mərkəzlərin sayının artırılması nəzərdə tutulur. Məlumdur ki, vətəndaşlar ölkədə istifadə edilən dörd peyvənd çeşidindən istədiyini seçə bilərlər. Sutka ərzində təxminən 70 min doza vaksin vurulması vətəndaşların peyvəndlənməyə qarşı müsbət münasibətinin və dövlətin bu işə ayırdığı diqqətin nəticəsidir. Ümid etməyə dəyər ki, yoluxanların təbii şəkildə immunitet qazanması və peyvəndləmə nəticəsində gələcəyə daha qorxusuz və inamla addımlamaq olar.
- Hazırda vətəndaşların üzərinə düşən vəzifələr nədən ibarətdir?
- Birmənalı olaraq tövsiyə edirəm ki, qorxma, çəkinməyə heç bir ehtiyac yoxdur. Bu gün koronavirus təhlükəli virus kimi qarşıya çıxsa da, nəzərə almaq lazımdır ki, dünya səhiyyəsi dəfələrlə ağır xəstəliklərlə mübarizədə uğur qazanıb. Dünyada koronavirusdan daha təhlükəli xəstəliklər var. Məsələn, Azərbaycanda bir il ərzində təzyiqin yüksəlməsi nəticəsində həyatını itirənlər koronavirusdan ölənlərin sayından, bəlkə də, 5-10 dəfə çoxdur. Çəkinmədən, ehtiyat etmədən, lazımsız məlumatları bir kənara atıb dövlətin və aidiyyəti qurumların, inanılmış səhiyyə ekspertlərinin verdiyi tövsiyələrinə uyğun addımlar atmaqla daha sağlam və təhlükəsiz yaşaya bilərik.
banner

Oxşar Xəbərlər