AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəssamları onlayn işə alışdıran karantin

Rəssamları onlayn işə alışdıran karantin

Mədəniyyət
06 May 2020, 20:10 732
Keyfiyyətli olsa, yaxşı qablaşdırılsa və vaxtında çatdırılsa...

Karantin günlərində onlayn şəkildə işləmək həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hətta alış-verişi də onlayn etməyi dəbə saldı karantin. Onlayn alış-veriş xanımları da qane edir. Alış-veriş edərək ruhunu dincəldən xanımlar üçün onlayn satışlar göydəndüşmə kimi bir şeydir. "Virusdan qorunmaq üçün evdən çıxmadan istədiyimiz məhsulu qapımıza qədər gətirtmək imkanımız varkən, niyə əziyyət çəkib evdən çıxaq ki?" deyə  düşünməyə bilmirsən. Bu rejim yaradıclıqla məşğul olan sənətkarları da onlayn şəkildə fəlaiyyət göstərməyə alışdırır.
Hazırladıqları sənət əsərlərini sosial şəbəkə vasitəsi ilə satışa çıxan sənətkarlarımız deyir ki, karantin günləri onlara onlayn şəkildə alış-veriş etmək üçün ideal imkan yaradıb. 
 

Vitraj ustası, rəssam Gülçin Aslanlı bildirir ki, hazırda onlayn alış-veriş etmək hər birimizin günlük həyatını rahatlaşdıracaq əla bir vasitəyə çevrilib: "Müasir dövrün insanları hər işdə rahatlıq axtarışındadırlar. Bu baxımdan onlayn alış-veriş onlar üçün ideal və rahat vasitələrdən biridir. Evimizdən çıxmadan, istədiyimiz hər şey qapımıza gətirdə biliriksə, bundan gözəl nə ola bilər ki?  İstər yeyinti məhsulları olsun, istər məişət avadanlıqları, istərsə də əl işləri - hamısını onlayn şəkildə əldə etmək mümkündür. Sosial şəbəkələrdəki səhifələrimdə əl işlərimi nümayiş etdirirəm və burada onlayn şəkildə satış etmək imkanından faydalanıram. Hazırladığım məhsulları  daha çox "İnstaqram” vasitəsi ilə satışa çıxarıram".
Şüşə üzərində fərqli ornamentlər əks etdirən rəssam bildirir ki, hər işin öz qayda-qanunu olduğu kimi, onlayn satışın da özünəməxsus tələbləri var: "Əgər onlayn alış-veriş etmək qərarına gəlibsinizsə, öncə nə satacağınıza qərar verməlisiniz. Məsələn, mən əl işlərinin satışı ilə planlı şəkildə məşğul oldum. Bu, işdə ən birinci görünüşdür. Əl işinizi satmaq istəyirsinizsə, öncə onun şəkillərinin keyfiyyəti yüksək olmalıdır. Çünki müştəri sizin ona təqdim edəcəyiniz məhsula toxunub, keyfiyyətini görə bilmir və bu səbəbdən çalışdığınız qədər onu hər tərəfdən müştəriyə gözəl təqdim etməlisiniz. Sonra müasir dövrün böyük tələbi olan "İnstaqram” adresi yaratdım. Burada müştərilərin mənimlə əlaqə saxlaması üçün telefon nömrəsi və elektron adres yerləşdirdim. Daha sonra isə hazırladığım məhsulların şəkillərini izləyicilərə təqdim etdim. Hər gün bəlli  saatlarda müntəzəm olaraq paylaşımlar edirəm. Müştərilərdən gələn suallara tez bir zamanda cavab verməyə çalışıram ki, bu da, işimə olan məsuliyyəti göstərir. Bundan əlavə, xarici saytlar var, hansı ki, orada onlayn qaydada satış etmək imkanımız yaranır. Bunun üstünlüyü isə ondadır ki, xarici vətəndaşların əl işlərinə marağı daha böyükdür".
Rəssam uzun müddətdir ki, butikinin olmasına baxmayaraq, daha çox onlayn satışdan qazanc əldə etdiyini bildirir. Deyir ki, koronavirusu onların satışına da təsir edib. Karantin günlərində satışın zəif olduğunu vurğulayan müsahibimiz,  bunun  müvəqqəti olduğunu qeyd edir. O, daimi müştərilərinin olduğunu,  bunun da yalnız işə məsuliyyətlə yanaşıldığı təqdirdə yarandığını bildirir: "Öncə, görülən işin səliqəli olmasına önəm verirəm. Onlayn alış-verişdə vacib nüanslardan biri də məhsulun səliqəli, görkəmli qablaşdırılmasıdır. Bir də, müştəriyə söz verildiyi vaxtda, gecikmə olmadan təhvil verilməsi. Çünki hər bir müştəri razı qaldığı təqdirdə, yenidən sifariş verməklə kifayətlənmir, yaxınlarına da sizi məsləhət görür. Hər müştəriyə xüsusi yanaşıram, onların tələblərinin nələr olduğunu özlüyümdə analiz edib, sonra ona uyğun olaraq seçimində köməklik etməyə çalışıram".
Qiymətlərə gəldikdə isə G.Aslanlı bildirir ki, bu, işin çətinliyinə görə dəyişir: "Bunu tam demək mümkün deyil. Qiymətlər fərdi alış-verişdə və korporativ satışlarda fərqli olur. Hər büdcəyə uyğun əl işləri əldə etmək mümkündür".
 

Mətbuatdan daha yaxşı tanıdığımız, "Yeni Azərbaycan” qəzetinin əməkdaşı, ebru sənətinin ustası Sevinc Əliyeva isə deyir ki, əl işlərinin onlayn şəkildə satışı və nümayişi evdən çıxmaq imkanı olmayan insanlar üçün ən əlverişli vasitədir: "Ebru sənətini onlayn şəkildə öyrənmək istəyənlərin sayı daha çoxdur, nəinki onu almaq istəyənlər. Bu sənəti, ləvazimat boyaları varsa, onlayn şəkildə öyrənmək də mümkündür. Əslində əvəllər onlayn şəkildə tələbələrimə köməklik edirdim.  İndi də karantin günlərində əlimdən gəldiyi qədər köməklik göstərməyə çalışıram. Alış-verişə gəldikdə isə onlayn şəkildə daha çox hədiyyəlik  məhsullar sifariş olunur. Tək ebru deyil, eyni zamanda bəzəkli qablar, ebrulu yaylıqlar istəyən müştərilər çox olur. Ebrulu yaylıqlar, al-əlvan rəngli qablar yaz fəslinə uyğun olduğu üçün  bu ərəfələr insanların marağını daha çox çəkdi. Bununla bərabər, karantin günlərində vitraj boyalarla bəzədilmiş qablar, stəkanlar da izləyicilər tərəfindən böyük maraq doğurdu".
 Sevinc Əliyeva əl işlərini onlayn satanların, elə alanların da sayının artdığını deyir: "Sənət yoldaşlarımla söhbət etdikdə onlar da bildirir ki, onlayn alver edənlərin sayı günü-gündən artır. Baxmayaraq ki, bizim əl işlərimiz daha çox sərgilərdə satılırdı. Əvvəllər mətbuatdakı işimə görə yalnız  işdən sonra evdə və ya həftə sonu sənətimlə məşğul olmağa imkan tapdığm halda, karantin günlərində, demək olar ki, evdə səhərdən axşama qədər yorulmadan sənətimlə məşğul oluram. Bu günlər ərzində özümü daha da inkişaf etdirdim, sənətimlə bağlı yeniliklər etdim, özümü sınadım. Karantin günlərində insanların ebru sənətinə böyük marağının olmasının bir daha şahidi oldum.  Mənə yazaraq müraciət edən bir çox insanlar var ki, onlar karantin günlərinin bitməsini gözləyirlər ki, dərslərə yazılsınlar.  Karantindən sonra dərslərimiz davam edəcək. Bu dəfə ebru sənəti ilə məşğul olmaq istəyənlər arasında kişilər və iş xanımları da var".
 Çatdırılmaya gəldikdə isə ebruzən bildirir ki, karantin günlərində yalnız taksi vasitəsi ilə sifarişləri göndərmək imkanları olub. Belə ki, taksi sifariş edərək  məhsulu göndəriblər və alıcı kredit kartı ilə məhsulun ödnişini edib. Sevinc xanım bildirir ki, onların əsas gəlir mənbəyi isə sərgilərdir: "Digər sənətkarlarla mütəmadi şəkildə əlaqədə oluruq. Onlayn şəkildə ideyalarımızı bölürşür və yeni sərgi ilə bağlı fikir mübadilələri edirik. Bizim əl işlərimizi nümayiş etdirmək, həm də satmaq üçün əsas şans bayramlar və  sərgilərdir".
 

Taxtalar üzərində nağıl dünyasını əks etdirən rəssam Amalya Verdiyevakarantin günlərində insanların onlayn alış-verişə maraqlarının artdığını bildirir: "Hazırladığımız məhsulların onlayn alışı bizi qane edir. Bu günələrdə məhsulları ev şəraitində hazırlayırıq və "İnstaqram” səhifəmizdə paylaşırıq. Sifarişləri isə kuryerlə çatdırırıq. İnsanlar belə günlərdə sevdiklərinə hədiyyə almaq üçün bizə müraciət edirlər. Sifarişi verdikdə hədiyyə göndərəcəkləri insanların ünvanını da yazırlar.  Əvəllər də onlayn sifarişlərimiz az deyildi. Ancaq adi günlərdə mağazaya gəlib məhsullara toxunaraq, onları canlı şəkildə görüb seçim edənlər də az deyildi. İndi bizə onlayn şəkildə müraciət edənlər ilk olaraq "çatdırılma varmı, ünvana çatdırırsınızmı?" sualını verirlər. Ünvana çatdırılma olduğu üçün də onlayn alış-verişə üstünlük verirlər. Amma rəssam bildirir ki, alıcı mağazaya gəldikdə daha çox seçim etmək imkanı olur: "Onlayn sifariş verənlərin əksəriyyəti isə yazır ki, seçim etməkdə çətinliik çəkirik, siz uyğun bir sini qab işləyin".
 
Xəyalə Rəis