• cümə, 26 Aprel, 12:21
  • Baku Bakı 23°C

Rəşid Behbudovun tanınmış vurğunu

13.12.16 14:22 1471
Rəşid Behbudovun tanınmış vurğunu
Musiqi ruhun qidası, canın dərmanıdır, deyirlər. Ancaq hər musiqi yaramıza məlhəm ola bilmir. Qəliz və yüngül janrlara bölünən "ruhun qidası”nın da öz alıcıları, dinləyiciləri var. Ən qəliz janrlardan biri də opera və klassik musiqilərdir. Bu janr hər nə qədər gəlirli sahə hesab olunmasa belə, opera sənətinin inkişafı göz önündədir. Daha çox elitar təbəqənin üstünlük verdiyi bu janr bəlkə də ifaçılıq sənətinin ən çətin qollarındandır. Hər ifaçı da bu üslubda oxumağa ürək etmir.Əlqərəz, bu dəfəki müsahibimiz SSRİ xalq artisti Rəşid Behbudovun mahnılarından ibarət disk buraxaraq, Avropada, eləcə də ölkəmizdə klassik musiqilərimizi tanıdan türkiyəli opera və klassik mahnılar ifaçısı Oya Ergündür. Artıq bir neçə ildir ki, Rəşid Behbudovun mahnılarını oxuyaraq, beynəlxalq konsertlərində sənətkarımızın adını çəkərək, ona olan heyranlığını bildirən ifaçı dekabrın 15-də Alman-Azərbaycan Mədəniyyət Birliyi - "Kapellhaus”da konsert proqramı ilə çıxış edəcək. Konsertinin dahi sənətkarımız R.Behbudovun doğum gününə düşməsi heç də təsadüfi deyil. Deyir ki, bu konsertə uzun müddətdir hazırlaşır.
- Oya xanım, eşitdik ki, yenidən Rəşid Behbudovun repertuarı ilə tamaşaçıların görüşünə gələcəksiniz. İstərdik, konsertdən öncə təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Media qurumu olaraq sizə böyük hörmətim var. Hər zaman mənim yaradıcılığımı işıqlandırmısınız. Bunun üçün sizə minnətdarlığımı bildirirəm. Bu yaxınlarda qeyd etdiyiniz 135 illik yubileyiniz münasibətilə də sizi təbrik edir, bütün "Kaspi”çilərə bu çətin peşədə uğurla irəliləməyi arzulayıram.
Konsertimə gəlincə, dekabrın 15-də "Yeni il konserti” adlı proqramım olacaq. Saat 19:00-da "Kapellhaus”da dinləyicilərimlə görüşəcəyəm. Mənim dünyaca məşhur ifaçınız olan Rəşid Behbudova olan sevgimdən xəbərdarsınız. Bu konserti verməklə, yeni ilə Rəşid Behbudovun mahnıları ilə girmək istəyirəm. O, mənim üçün özəldir. Bu mənim uşaqlığımdan gələn özəl bir sevgidir. Hər kəsə bəllidir ki, onun mahnılarının vurğunuyam.
- Konsertdə hansı repertuarla çıxış edəcəksiniz? Yəqin ki, Rəşid Behbudovun yaradıcılığına müraciət edəcəksiniz?
- Əlbəttə ki, bu konsertimi ona həsr edirəm. Konsert üçün təşkil olunan repertuarda Rəşid Behbudovun mahnıları yer alacaq. Ancaq yalnız onun repertuarı ilə kifayətlənmək fikrində də deyilik. Onlarla bərabər, bir sıra klassik mahnılar da ifa edəcəyəm. Dünya klassik musiqilərinə də yer verməyi düşünürəm.
- Ötən konsertinizdə monitor vasitəsilə Rəşid Behbudovla duetiniz gerçəkləşdi. Bəs bu dəfəki konsertdə necə?
- Çox istəyərdim ki, bu konsertdə də elə bir duet gerçəkləşsin. Əslində mahnı hazırdır. Ancaq bəzi texniki problemlər var. Belə ki, çıxış edəcəyim zalın imkanları az olduğuna görə, indi onu nümayiş etdirmək üçün aparaturaları axtarırıq. Çox istəyirəm ki, bu konsertimdə də onunla duetim olsun.
- Bu dəfəki konsertinizdə hansı yeniliklər olacaq?
- Keçən ilki ansamblımla bu ildə birgə çalışacağıq. Sadəcə olaraq musiqi alətlərinə gitara əlavə olunub. Bu dəfə tamam başqa bir repertuara müraciət etmişik.
- Yeni mahnılar necə, olacaqmı?
- Bir yeni mahnım olacaq. Ancaq adını çəkmək istəmirəm. İstəyirəm ki, sürpriz olsun.
- Bizim hər hansı müğənnilərimizlə duet gözlənilirmi?
- Bəli, bir bariton səsli müğənni ilə duet oxuyacağam. O da özünə aid iki ariya ifa edəcək.
- Oya xanım, bəs konsertə gəlmək istəyən izləyicilər biletləri necə əldə edəcəklər? Yoxsa yenə də biletlər pulsuz olacaq?
- Hər ilki kimi, bu dəfə də biletlər pulsuz olacaq.
- Bəs belə olan halda, sizin qazancınız nədir?
- Mən klassik musiqi ifaçısıyam. Azərbaycanda klassik musiqi ifa edən dostlarım da kifayət qədərdir. Onlar da bu sənətdən pul qazanmağın çətin olduğunu dilə gətirirlər. Gördüyüm qədər, onlar da çox pul qazanmırlar. Ona görə də bu sənətə gəlir mənbəyi kimi baxmıram. İstəyirəm ki, musiqisevərlər gəlsinlər və bu özəl günü mənimlə bərabər musiqidən zövq alaraq keçirsinlər. Buradan da heç bir təmənna güdmürəm. Onun üçün konserti ödənişli etmədim. Çünki bu konsertdə könüllü klassik musiqi dinləmək istəyənləri görmək istəyirəm. Bunun üçün də konsertə hər təbəqənin insanları gələ bilər.
- İndi 2, 3, hətta 4 gün konsert verənləri görürük. Bəs siz necə?
- İldə bir neçə dəfə konsert proqramları ilə çıxışlarım olub. Hətta mən verdiyim konsertlərin sayını da itirmişəm. Dalbadal olaraq konsert proqramı ilə çıxış etməyi zəruri hesab etmirəm. 2017-ci ildə də bir neçə konsert proqramı ilə çıxış etməyi düşünürəm. Hazırda həmin layihələr üzərində çalışıram. Konsertim saatyarım çəkəcək. Güman edirəm ki, saatyarım içərisində tamaşaçılara çatdırmaq istədiyim mesajı ötürəcəyəm.
- Konsertlərdən söhbət düşmüşkən, eşitdiyimizə görə, sevgililər gününə də konsert proqramı hazırlayırsınız.
- Elədir. Fevralın 14-də yeni bir konsertim olacaq. O konserti sevgililərə həsr edəcəyəm. Həmin konsertdə eyni ansamblla çıxış edəcəyəm.
- Həmin konsertdə də repertuar eyni olacaqmı?
- O konsertdə başqa mahnılar ifa edəcəyəm. Sürpriz olaraq qalsın. Zamanı gələndə bu haqda məlumat verəcəyəm.
- Həyat yoldaşınız həkim Hakan Tanrıverdi də öz sahəsində tanınan və peşəkar insanlardandır. İki tanınan sima bir ailədə necə yola gedir?
- Heç çətin deyil. Biz ulduz xəstəliyinə tutulmamışıq. Şükürlər olsun Tanrıya ki, bizim gözəl çevrəmiz var. Sevgi olan yerdə insan hər bir çətinliyin, məsuliyyətin öhdəsindən gələ bilir. Çalışırıq ki, öz işimizi peşəkar şəkildə həyata keçirək. Nə ediriksə, onun ən yaxşısını etməyə səy göstəririk. Bu işdə də bir-birimizə dəstək oluruq.
- Hakan bəy peşəsi ilə əlaqədar olaraq qadınlarla çalışır. Bu sizdə hər hansı bir qısqanclıq hissi yaradırmı?
- Əsla. Nə onda mənə qarşı, nə də məndə ona qarşı qısqanclıq hissi var. Bunun səbəbi də sevgi və güvənə söykənir. Bu iki hiss birlikdə olduqdan sonra heç bir qısqanclığa yer qalmır. Bizim ailəmiz möhkəm təməllər üzərində qurulub. Ona görə belə xırda məsələlər bu təməllərə zərər gətirə bilməz.
- Son olaraq oxuculara sözünüz.
- Bütün musiqisevərləri konsertimə dəvət edirəm. İstəyirəm ki, Yeni ili öz sevənlərimlə birlikdə keçirim. Əgər siz də Rəşid Behbudovun repertuarını və dünyaca məşhur klassik mahnıları mənim ifamda dinləmək istəyirsinizsə, o zaman sizləri də konsertimdə gözləyirəm. Sizi əmin edirəm ki, asudə vaxt keçirmək üçün bu konsertə gəlməyə dəyər. Mən dinləyicilər arasında ayrı-seçkilik etmirəm. Hamınız dəvətlisiniz.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər