• şənbə, 27 Aprel, 03:36
  • Baku Bakı 14°C

«Reneqat»ın «El»i əldən getdi

06.09.13 08:15 1339
«Reneqat»ın «El»i əldən getdi
Rüstəm İbrahimbəyovun yağlı vədlərinə inanıb Milli Şurada toplanan qüvvələr arasındakı münasibətlər seçki yaxınlaşdıqca bir qədər də gərginləşir. Əslində bu proseslər əvvəldən də proqnozlaşdırılırdı. Çünki daim bir-birinin ünvanına təhqir dolu hədyanlar yağdıranların birdən-birə dosta, müttəfiqə çevrilmələri inandırıcı gəlmirdi. Milli Şuraya nəzarətin daha çox Müsavat və AXCP-nin əlinə keçməsindən sonra gərginləşmə prosesi daha da dərinləşdi. Qurumda yığışanların köhnə düşmənçilikəri yenidən alovlandı. Məlum olduğu kimi, AXCP KXCP və ALP ilə elə əvvəlcədən soyuq münasibətləri ilə seçilirdi. Bundan başqa Müsavatla da ACP-nin və digərlərinin münasibətləri xoş deyildi.
Lakin əvvəlcə müəyyən məqsədlər intriqaları qısa müddətə də olsa kənara qoymağa məcbur etmişdi. Çünki Milli Şuraya yığışanlar R.İbrahimbəyovun Rusiyadan olan bəzi qüvvələrin dəstəyi ilə hakimiyyətə gələ biləcəyi nağılına inanırdılar. Bu mənada hətta AXCP və Müsavat da öz iddialarını boğaraq, necə deyərlər, R.İbrahimbəyovun xatirinə onun Milli Şuraya gətirdiyi qüvvələrə dəyib dolaşmırdılar. Bunun nəticəsi idi ki, AXCP və Müsavat «El» hərəkatının sədri Eldar Namazovun hətta Milli Şurada aparıcı mövqeyə, aparat rəhbəri vəzifəsinə seçilməsinə razılıq vermişdi. Baxmayaraq ki, AXCP və Müsavat liderləri həmin şəxsin heç də bu vəzifəyə gətirilməsini arzulamırdılar.
Lakin vəziyyətin dəyişməsi, yəni R.İbrahimbəyovun vahid namizəd ola bilməməsi AXCP və Müsavatın prosesləri nəzarətə götürməsinə imkan verdi. Beləliklə də digər partiyalar, o cümlədən Şura aparatının rəhbəri E.Namazovun «El» hərəkatı küncə sıxışdırıldı. Elə çoxdan AXCP və Müsavat bu məqamı gözləyirdi. Hətta iş o yerə gəlib çatdı ki, vahid namizəd üçün imza toplama kampaniyasında da «El» hərəkatının iştirakına imkan verilmədi. AXCP Ali məclisinin sədri Həsən Kərimov bəyanat verərək bu işin məsuliyyətli və ciddi iş olduğunu qeyd edərək AXCP və Müsavatdan başqa digər qurumların, o cümlədən «El» hərəkatının bu işin öhdəsindən gələ bilməyəcəklərini bildirdi.
Bundan başqa, «El» hərəkatında baş verən parçalanmanın da AXCP və Müsavatın bu qurum və onun rəhbərilə münasibətlərin kəskinləşməsində rolu az olmadı.
Əflan İbrahimovun E.Namazovun iğtişaşlar yaratmaq niyyətində olmasını bəyan etməsi Milli Şuranın imicinə təsirsiz ötüşmədi. Bu mənada AXCP və Müsavat partiyası «El» hərəkatının müxalif düşərgənin adına ləkə gətirdiyi qənaətindədir. «El» hərəkatı ilə AXCP və Müsavat partiyası arasındakı gərginlik hərəkatın Milli Şuranın iclaslarına qatılmaması həddinə də gəlib çatdı.
Hətta gərgin münasibətləri müzakirə etmək üçün E.Namazovun Müsavatın qərargahına gələrək partiya rəhbərliyilə görüş keçirməsi də effekt vermədi. Hər iki tərəf açıqlamasında müəyyən narazılıqların olduğunu açıq dillə mətbuata da bildiriblər.
Hazırda «El» hərəkatı ilə Müsavat partiyasının arasındakı gərginlik hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyevin APA TV-yə açıqlamasında «Yeni Müsavat» qəzetini «El» hərəkatı və Milli Şura haqqında qərəzli yazılar yazmaqda günahlandırması və qəzetin son günlər həddini keçdiyi və müxalifət düşüncəsindən daha artıq, iqtidar qəzetlərinin stili ilə məqalələr yazdığını deməsilə bir qədər də dərinləşib.
AzVision.az isə xəbər verir ki, Müsavat funksioneri, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu buna cavab olaraq «El» hərəkatını və Eldəniz Quliyevi Azərbaycan siyasətinin faciəsi adlandırıb. Baş redaktor bildirib ki, hərəkat gündəmə gəldiyi gündən Azərbaycan müxalifəti iflic vəziyyətdədir: «El hərəkatı kimin olduğu bəlli olmayan qaranlıq bir layihədir. Hərəkatın üzvləri öz aralarında didişirlər, çəkişirlər. Liderləri ilə artıq qopmuş vəziyyətdədirlər. Onlar siyasətə gələn gündən Azərbaycan müxalifətində bir iflic tənəzzül prosesi başlayıb. Bu gün Milli Şuranın da, müxalifətin birliyinin də ayağından çəkən El hərəkatı , Eldəniz Quliyev və onların bəyanatlarıdır»,-deyə R.Arifoğlu qeyd edib.
Bundan başqa R.Arifoğlu musavat.com saytında yer alan «Ermənilər Azərbaycan müxalifətinə hansı şansı verdi?» yazısında da «El» hərəkatının bostanına daş atıb. O bildirib ki, Milli Şura «El» hərəkatını tezliklə sıralarından xaric etməlidir: «İçəridə ilk gündən konflikt yaradan EL hərəkatı kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır. Əks halda, Milli Şura dedi-qoduların içində batıb gedəcək».
Göründüyü kimi, həm müxalifət daxilində, həm də Milli Şurada «El» hərəkatının sıxışdırılmasına start verilib.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər