• cümə, 26 Aprel, 12:03
  • Baku Bakı 23°C

Region turizminin də inkişafına təkan verəcək addım

24.04.18 11:00 1381
Region turizminin də inkişafına təkan verəcək addım
Son dövrlər ölkəmizdə inkişaf edən qeyr-neft sahələrindən biri də turizmdir. Hətta turizm özünün ən yüksək dövrünü yaşayır desək, yanılmarıq. Turizmin inkişafı ölkə iqtisadiyyatı üçün də böyük əhəmiyyət kəsb edir. Turistlər arasında keçirilən sorğular nəticəsində aydın olur ki, ölkəmizdə turizm xidmətinin təşkili kifayət qədər qaneedicidir. Turizmin hazırda belə bir inkişaf səviyyəsinə çatmasında dövlətin göstərdiyi qayğı və dəstəyin müstəsna rolu var. Ölkə başçısının bu sahədə imzaladığı sərəncamları xüsusi qeyd etmək lazımdır. Belə ki, bir neçə gün öncə Prezident İlham Əliyev mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılsın. Nazirlər Kabinetinə tapşırılır ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin maliyyələşməsini təmin etsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatla balı məsələləri həll etsin.
İmzalanan sərəncamın növbəti mərhələdə turizmin inkişafına necə təsir edəcəyinə ekspertlərin münasibətini öyrəndik.
Turizm üzrə ekspert Eldar Aslanov yaradılacaq agentliyin ölkəmizdə turizmin inkişafına təkan verəcəyini deyir: "Təbii ki, bu,ölkə rəhbərinin növbəti 7 il ərzində həyata keçirəcəyi kursa uyğun apardığı islahatlardan biridir. Mədəniyyət və Turizm Nazirliyi bu günə qədər bu sahənin inkişafı ilə bağlı kifayət qədər əhəmiyyətli işlər görüb.Hazırda turizm ölkə iqtisadiyyatının aparıcı bölmələrindən biridir. Cənab prezident ölkəmizdə turizmin, xüsusilə də otel sənayesinin inkişaf etdirilməsini bir məqsəd kimi qarşıya qoyub. Bnunla bağlı keçən il Strateji Yol Xəritəsi qəbul olunub. Yəni turizm yalnız bir sahənin-mədəniyyətin yox, həm də idmanın, ətraf mühitin, səhiyyənin aparıcı bir hissəsi olaraq düşünülür və ayrıca bir agentlik formasında təşkilatlandırılır. Mənə elə gəlir ki, bu agentlik bütün dövlət orqanları ilə işi günün tələbinə uyğun quraraq, ölkəmizdə turizmin inkişafında yeni səhifələr açacaq. Həm regionlarda, həm paytaxtda turizmin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Ölkəyə gələn turistlərin sayını və onların məmnunluğunu artırmaq üçün bu kimi addımların atılması gözləniləndir. İnanıram ki, agentlik yol xəritəsində qeyd olunan bütün işləri yerinə yetirərək, bu sahənin inkişafına töhfə verəcək, həmçinin turizm haqqında qanunun qəbulunu sürətləndirəcəkdir. Hazırda turizm sahəsi dünyada intensiv şəkildə dəyişib, inkişaf edir və biz də bacardığımız qədər buna uyğunlaşmalıyıq. Məncə, bu agentlik ölkəmizdə turizmin inkişafına şərait yaradacaqdır”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir ki, agentlik öz işinə başladıqdan sonra onun fəaliyyəti haqqında dəqiq fikir bildirmək olar: "Amma ümumilikdə deyə bilərəm ki, cənab prezidentin sərəncamı ölkəmizdə turizmin inkişafına geniş yer verildiyinin bariz nümunəsidir. Həm Bakıda, həm də regionlarda turizmin inkişafı üçün yeni otellər istifadəyə verilməlidir. Bu, tikinti sahəsində də irəliləyişlərə səbəb ola bilər. Həmçinin bu agentliyin bölgələrdə də nümayəndəlikləri olarsa, region turizmi də yavaş-yavaş inkişaf edə bilər. Amma bir şeyi qeyd etmək istərdim ki, bu agentliyin işində turizm sahəsinə yaxından bələd olan insanların əməyindən istifadə olunarsa, daha yaxşı nəticələr əldə etmək olar. Çünki bu gün bəzi sahələrin inkişafdan qalmasının səbəbi həmin işdə kadr seçiminin yanlış olmasıdır. Əgər bu sahəni inkişaf etdirmək istəyiriksə, bu zaman işi mütəxəssislərinə həvalə etməliyik”.
Günel Azadə
banner

Oxşar Xəbərlər