• şənbə, 27 Aprel, 04:54
  • Baku Bakı 14°C

Rauf Arifoğlu – Əli Kərimli rinqi

14.01.14 08:59 1901
Rauf Arifoğlu – Əli Kərimli rinqi
Müsavatla AXCP-nin bir-birini yıxıb sürüməsi tam sürətilə davam edir. Biz tərəflərdə bir söz var-görkəzmə. Özlərinə müxalifət deyən bu görkəzmələr hər şeydə “ayrı aləmdirlər”. Bunu son proseslərdə də sübut edirlər. Hakimiyyətə satılmaqda ittiham etmə, həyatda olmayan şəxsin adından danışma, təhqirlər və s. bu didişmə prosesinin ayrılmaz parçalarıdır. Hər biri də əlində faktlarının, şahidlərinin olduğunu iddia edir. Qüvvələrini virtual məkanda bir-birini alçaltmağa səfərbər edənlərin, söz savaşına çıxanların bu yoldan qısa zamanda geri dönəcəkləri inandırıcı görünmür. Qarşılıqlı ittihamların, ağır cavabların cüzi hissəsini oxumayanlara təqdim edirik.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimliyə müraciətlə yazıb ki, sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyi Elçibəyi ona qarşı apardığı öz çirkin kampaniyasına qarışdırmasın. Ondan mötəbərliyi şübhəli olan sitatlar düzəldib, sanki Bəydən ona qarşı ifadə alıblarmış kimi verməsinlər: “Elçibəyin Əli Kərimli haqda Kələkidə və Bakıda mənə dediklərini yaxın günlərdə dərc edəcəm. Dözəmməyəcək, çatlayacaq, əminəm. Onun məni iki dəfə Baş prokurora şikayət etməsinin səbəbini və prokurorluq əhvalatlarının Bəylə bağlılığını da aça bilərdim. Elçibəy ölən günü “Azadlıq” qəzetində onun haqqında çıxan o təhqiramiz, unudulmaz biabırçı məqalə də əlimin altındadır. Lakin bu hörmətli, sevimli lideri bir daha o yazı ilə incitmək istəmirəm. Xatırlayırsanmı, Əli Kərimli, o yazını? Onu kimin yazdığını da bilirsənmi? Bəs, niyə ayıbına kor olub, heç olmasa bu məqamın üstündən keçmirsən? Bu mövzu prinsipcə sənə sərf etmir, axı”.
R.Arifoğlu hələlik Elçibəyin Kələkidə Arzu Səmədbəylinin, Oqtay Qasımovun, Əli Həziquliyevin yanında dediklərindən yalnız birini yada saldığını bildirib. Qeyd edib ki, Elçibəyin o vaxt “Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf. Mənə bir az kömək edin, daha gücüm çatmır” xahişinə əməl etmək üçün bütün imkanlarından istifadə edib. Hətta sözünə şahid kimi Allahı göstərib: “Mən Elçibəyin qurduğu və yönəltdiyi gizli təşkilatın üzvü olmuşam. Prezident olarkən qurulub, Kələki illərində formalaşıb və davam edib. Artıq o təşkilat yoxdur deyə, bunu yazıram; təşkilatın missiyasını indi də söyləməm; lakin bunu bilən iki nəfərin adını şahid kimi çəkirəm - Arzu Səmədbəyli və Arif Rəhimov. Hər ikisi sağdır. Qoy bu adamlar desinlər, mən Bəy üçün kim olmuşam və nələr etmişəm... Bəyin mənə Kələki illərindəki tapşırıqlarından biri də mətbuat vasitəsi ilə AXC və onun Bakıdakı liderlərinin “cızığından kənara çıxmasına imkan verməmək” olub. Xüsusi ilə də Əli Kərimlinin. İndi belə birisi Elçibəydən sitat gətirib, ondan mənə qarşı “ifadə alır”. Bu murdarçılığı edən hər kəsə Bəyin əməyi haram olsun”.
Baş redaktor Ə.Kərimlini məntiqsizlikdə təqsirləndirərək ona qəzetdə işlədiyini, partiya başqanı olmadığını xatırladıb: “İndi də tanımadığım bir Salyan sakinindən ərizə alıblar ki, Rauf Arifoğlunun açıqlamalarına görə Müsavatdan çıxıram, keçirəm AXCP-yə. Sonra bu ərizədən məqalə düzəldib, veriblər "Azadlıq" qəzetinə. Səni şiddətlə qınayıram, Əli Kərimli, mənə qarşı aylardır apardığın bu şantaj kampaniyasına görə! Bəlkə, bir az yavaşıyasan? Bunun sonu sənin üçün yaxşı görünmür; demədi demə”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat xidmətinin rəhbəri Natiq Ədilov öz facebook profilində Müsavat Partiyasının 2003-cü ildən sonra bir neçə dəfə ağır böhranla üzləşdiyini, çətin durumdan çıxması üçün ona AXCP-nin əl uzatdığını yazıb: “İndi əksəriyyət bilir ki, 1998-ci ildə məhz İsa bəy Əbülfəz bəyin namizədliyinə güzəşt etmədiyi üçün müxalifət kifayət qədər güclü vaxtlarında seçkini boykot etmək məcburiyyətində qalmışdı. 2003-cü ildə artıq Əbülfəz Elçibəy rəhmətə getmişdi, AXCP-ni isə hökumətlə Müsavat birlikdə parçalayıb zəiflətmişdi. Belə bir şəraitdə İsa bəy seçkilərdə yaxşı səs almışdı. Güc də var idi. 10 ildən çox vaxt keçib, amma müsavatçılar hələ də 12 oktyabr 2003-cü il mitinqlərini fəxrlə xatırlayırlar”.
Partiya sözçüsü AXCP-nin daha güclü, Müsavatın isə reanimasiya palatasında olduğu bir vaxtda Əli Kərimlinin “Azadlıq” blokunun yaranması üçün danışıqlara başladığını, Müsavatı da bu prosesə cəlb etdiyini və bu halın Müsavatı xeyli dirçəltdiyini vurğulayıb. O, İsa Qəmbəri xalqı meydanda tək qoymaqda da ittiham edib: “2005-2010-cu illər arası dövrdə Müsavat heç real, prinsipial müxalifət də sayılmırdı. Ona görə də İsa bəyin 2010-cu ildəki “Müsavatla AXCP vahid partiyada birləşsin” müraciətinə Əli bəy yenidən müsbət reaksiya verib, üzərində bu qədər ağır ittihamlar olan Müsavatın əvvəlcə AXCP-Müsavat seçki bloku, sonra da İctimai Palata vasitəsilə növbəti dəfə reabilitasiyasına imkan yaradanda xeyli cəbhəçi buna etiraz edirdilər. Onlar iddia edirdilər ki, Müsavat özünə gələndən sonra yenə dönüklük edəcək, bizi 5-6 mandata satacaq”.
N.Ədilov iddia edir ki, Müsavat rəhbərliyinin indiyə qədərki xəyanətlərini elə vaxtında da biliblər, ona görə də onlarla bağlı bir illüziyaları olmayıb: “Partiya rəhbərliyindəki dönükləri yaxşı tanıdığımız halda belə, birlik yaratmağa cəhdlər etmişik. Onlara qarşı xoşgörülü olmuşuq. Təəssüf ki, indi məlum olur ki, səhv etmişik”.
Bu da ayı ilə şirin əlbirliyin sonu. Hələlik sonu. Hələlik ona görə ki, onların sabah yenidən başqa ad altında birləşəcəkləri qeyri-mümkün məsələ deyil. Görəsən, Milli Şuranın səmimi birliyinə uşaqcasına inananlar bu dartışmalardan sonra nə qərara gəlirlər, istiqamət seçə bilirlərmi? Gələn dəfə də bunlar məcburən birləşib eləsələr, yenəmi hər şeyi unudub “birliy”ə inanacaqlar? Bu yerdə rusların məsəli yada düşür: “Sadəlöhvlük oğruluqdan pisdir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər