AZE | RUS | ENG |

Radiolarla bağlı monitorinqlər başa çatdı

Radiolarla bağlı monitorinqlər başa çatdı
Verilişə zəng edən dinləyicilərin ələ salınması halları aşkarlanıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) radiolarla bağlı apardığı monitorinqlərdə bütün radio yayımçılarını əhatə etməyə çalışıb.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşovun sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən radioların efirində ciddi pozuntu hallarına rast gəlinməyib: "Həmçinin bu radioların proqram səbəti tamamilə balanslaşdırılmış və əsasən maarifçilik xarakterli verilişlərdən ibarətdir. Dövlət büdcəsindən maliyyələşən radiolardan yalnız Avto FM-in efirində müəyyən problemlər diqqəti cəlb edir. Lakin əvvəlki dövrlərlə müqayisədə bir sıra müsbət yeniliklər də müşahidə edilir".

T.Dadaşov vurğulayıb ki, monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib: "Özəl radiokanalların proqram yayımında əsasən əyləncəli verilişlərə, musiqiyə və hər saatın tamamında xəbərlər buraxılışına yer verilir. Bəzi radioların efirində 1-2 veriliş olur, efirin böyük bir hissəsini, bəzən 80%-dən çoxunu sadəcə musiqi axını təşkil edir. Yerli radioların musiqi səbətində də müəyyən çatışmazlıqlar hiss olunur. Belə ki, bəzi radiolar demək olar ki, yerli musiqilərə ya heç yer vermir, ya da çox az yer verirlər".

Şöbə müdiri qeyd edib ki, monitorinqlər zamanı radioların efirində "Televiziya və radio yayımı haqqında" və "Reklam haqqında" qanunların reklam və sponsorluqla bağlı tələblərinin pozulması halları da aşkarlanıb: "Monitorinqlər zamanı radioların efirində milli-mənəvi dəyərlərə zidd mövzuların müzakirəyə çıxarılması ilə bağlı da bir sıra faktlar müşahidə edilib. Xüsusilə "Media FM"-in efirində "Manpası" verilişində bu cür hallara tez-tez rast gəlinir. Bundan başqa, monitorinqlərdə bir sıra aparıcıların efir mədəniyyətinə, mənəvi dəyərlərə zidd açıq və sətiraltı ifadələrdən istifadə etməsi, verilişlərdə milli-mənəvi dəyərlərə zidd mövzularda müzakirələr təşkil olunması, verilişə zəng edən dinləyicilərin ələ salınması kimi hallar da aşkar edilib. Bütün qeyd olunan məsələlərlə bağlı konkret faktların əksini tapdığı geniş arayış hazırlanaraq Şura rəhbərliyinə təqdim edilib. Radiomonitorinqlərin televiziya monitorinqləri kimi, davamlılığının təmin edilməsi nəzərdə tutulur".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176