• cümə, 26 Aprel, 22:38
  • Baku Bakı 22°C

“Radikallar milli maraqlarımızı müdafiə edənləri bu mübarizədən çəkindirməyə çalışırlar”

30.07.19 18:19 4932
“Radikallar milli maraqlarımızı müdafiə edənləri bu mübarizədən çəkindirməyə çalışırlar”
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov "Facebook” səhifəsində status yazaraq, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində...” məqaləsində radikal müxalifətin tənqid olunmasının səbəblərinə toxunub. O, əvvəlcə Prezidentin köməkçisi Əli Həsənovun yaxın günlərdə gündəmin aktual mövzuları ilə bağlı əhatəli bir yazı qələmə aldığını, ictimai maraq doğuran bəzi məsələlərə aydınlıq gətirdiyini diqqətə çatdırıb.
Radikal müxalifət növbəti dəfə ifşa olunub
B.Həsənov bildirib ki, sözügedən məqalədə müəllif tərəfindən yaxın tariximizə ekskursiya olunub, dövlət quruculuğumuzun inkişaf mərhələləri əsaslı şəkildə təhlil edilib, əldə edilən uğur və nailiyyətləri hər vəchlə qaralamağa çalışan radikal müxalifət cəbhəsi təkzibedilməz faktlarla növbəti dəfə ifşa olunub: "Əslində burda qeyri-adi heç nə yoxdur. Əli Həsənov dövlətin ideoloji kursu ilə məşğul olan, informasiya siyasətini həyata keçirən şöbənin rəhbəridir və eyni sahə üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin köməkçisidir. Buna görə də respublikanın ictimai-siyasi həyatından birbaşa məsul olan dövlət rəsmisi kimi Əli Həsənovun zaman-zaman bu cür analitik və konseptual yazılarla çıxış etməsi tamamilə normaldır, hətta vacibdir. Belə aydın olur ki, məqalədə ifşa olunan radikal antimilli ünsürlər və dövlətimiz üçün ağır nəticələnən hərc-mərclik dövrünün tör-töküntülərinə məlum yazı sarsıdıcı zərbə olub. Çünki Prezidentin köməkçisi həmin məqaləsində yaxın tariximizə bir daha işıq tutaraq, AXCP sədrinə çox da öyünüləsi olmayan siyasi keçmişini xatırladıb, onun eşitmək istəmədiyi faktları sadalayıb və layiq olduğu yeri göstərib”.
Ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləri
Professor Əli Həsənovun Kərimlinin timsalında radikal müxalifət qanadına hücum etməsini müxtəlif yerlərə yozanlara səslənən B.Həsənov tövsiyə edib ki, onlar "Keşikçidağ” məsələsində AXCP sədrinin antimilli, provakativ və qərəzli mövqeyinə nəzər yetirsinlər: "Əli Kərimli var gücü ilə ictimai rəyi manipulyasiya edib hakimiyyəti təzyiq altına salmağa və ölkəmizi yeni toqquşmaya sürükləməyə çalışırdı. Ehtimal etmək çətin deyil ki, "Keşikçidağ” məsələsi Əli Kərimlinin rəhbər vəzifədə təmsil olunduğu AXC-Müsavat cütlüyünün fərsiz hakimiyyəti dövründə baş versəydi, Azərbaycan yeni bir böhrana yuvarlanacaqdı. Beləliklə, Əli Həsənovun radikal müxalifəti tənqid etməsinin səbəbi onların hakimiyyətə qarşı destruktiv və qərəzli mövqe tutmaları, ümumilli məsələlərdə dövlət maraqlarına zidd mövqe sərgiləmələri, ölkəni xaosa və qarşıdurmaya sürükləmək cəhdləridir. Təəssüf ki, Əli Kərimli və onun tərəfdaşları tənqiddən nəticə çıxarmaq, bir hissəsində yer aldıqları məqaləni dərindən öyrənib, tezisləşdirib, siyasi dünyagörüşlərində köklü islahatlar aparmaq yerinə, şər-böhtan maşınını işə salmağa üstünlük veriblər. Adətən aciz insanların məğlub olduqları zaman əl atdıqları yeganə vasitə budur”.
Administrasiya rəsmisi sonda vurğulayıb ki, Əli Həsənovun öz məqaləsinin bir neçə abzasını Əli Kərimliyə həsr etməsi onu həyəcanlandırıb və xoşbəxtlik bəxş edib: "Yazıda özü haqqında sərt ifadələrin yer almasına baxmayaraq, AXCP sədri Prezidentin köməkçisi tərəfindən adının çəkilməsinin eyforiyasına qapılır, özünü bəxtəvər hiss edir və bundan piar kimi istifadə etməyə təşəbbüs göstərir. Bu da təbiidir. Hansı ki, illərdir dəridən-qabıqdan çıxanlar bu uğura nail ola bilmirlər”.
Əsl hədəf Azərbaycan dövləti və dövlətçiliyidir
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, milli maraqları qorumaq hər bir vətəndaşın borcudur. Onun sözlərinə görə, professor Ə.Həsənovun radikal müxalifəti tənqid etməsi həm onun vətəndaşlıq borcundan, həm də tutduğu rəsmi vəzifənin şərtləndirdiyi amillərdən irəli gəlir: "Bu, belə də olmalıdır. İndiki mərhələdə radikal müxalifət adlandırılan qruplaşmalar o qədər marginallaşıblar ki, onlar Azərbaycanın siyasi dəyərlərini, mədəniyyətini, əxlaqını hədəfə almaqla ölkəmizdə bir dəyərsizləşdirmə yaratmağa çalışırlar. Dəyərsizləşdirmənin ikinci ayağı lidersizləşdirməkdir. Lidersizləşdirmənin sonuncu mərhələsi dövlətsizləşdirməkdir. Radikal müxalifət adlandırılan marginal qruplar anti-Azərbaycan mərkəzlərin direktivləri ilə ölkəmizə qarşı bu üç mərhələli dağıdıcı siyasəti həyata keçirirlər. İlk növbədə Azərbaycanın siyasi münasibətlər sisteminə qeyri-etik ifadələri, söyüş və təhqirləri normal hal kimi təqdim etməklə ölkəmizin siyasi dəyərlərini, etikasını gözdən salırlar. Bunun ardınca liderləri, ondan sonra da dövləti hədəfə alırlar. Son mərhələdə əsl hədəf Azərbaycan dövləti və dövlətçiliyidir”.
H.Babaoğlu deyib ki, radikal müxalifət dövləti və milli maraqlarımızı ciddi və əsaslandırılmış arqumentlərlə maarifləndirici kontekstdə müdafiə edən şəxsləri gözdən salmağa, həmçinin Azərbaycandakı siyasi hakimiyyətin vahidliyini pozmağa cəhd göstərir: "Çünki dövləti müdafiə edən, vəzifə səlahiyyətini yerinə yetirən, Azərbaycanın milli maraqlarını qoruyan birini sıradan çıxardıqdan sonra hədəf ikinci, üçüncü və sair olacaq. Beləliklə də indiki tarixi mərhələdə milli maraqlarımızı qoruyan Prezident komandasının hər bir üzvü ayrılıqda tənqid və təhqir hədəfinə çevrilməklə, onun mübarizəsinin önü alınacaqdır. Ona görə də bu baş verənləri yolverilməz hesab edirəm”.
Hakimiyyətlə deyil, dövlətlə müxalifətçilik edən radikallar
H.Babaoğlu vurğulayıb ki, hazırkı mürəkkəb tarixi mərhələdə Azərbaycanın milli-dövlətçilik maraqlarını qoruyacaq resurslar məhz Prezident İlham Əliyevin ətrafında birləşiblər: "Azərbaycanın, dövlətimizin, milli maraqlarımızın əleyhinə mövqe ortaya qoyan, siyasi hakimiyyətlə deyil, dövlətlə müxalifətçilik edən radikallar, marginal qruplar haqlı olaraq tənqid və qınaq obyektinə çevrilməlidirlər. Özünü vətənpərvər hesab edən, Azərbaycanın, onun dövlətçiliyinin inkişaf etməsini arzulayan hər bir şəxs radikal müxalifətin belə antimilli baxışlarını tənqid etməlidir. Prezidentin köməkçisi Əli Həsənovun bir neçə gün bundan öncə mediada yayılan məqaləsində radikal müxalifəti haqlı tənqid etməsinin mahiyyətində də məhz bu amil dayanır. Bu haqlı mövqenin altında başqa məqamlar axtaranlar professor Əli Həsənovu, eləcə də dövlətimizi, dövlətçiliyimizi, milli maraqlarımızı müdafiə edən digər rəsmiləri, ümumilikdə hər kəsi bu mübarizədən çəkindirməyə çalışırlar”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər