• cümə, 26 Aprel, 19:06
  • Baku Bakı 22°C

“Qurultayın yubanması Müsavat daxilində problemlər yaradır”

13.06.14 10:18 1810
“Qurultayın yubanması Müsavat daxilində problemlər yaradır”
Hələ ötən ilin iyununda Milli Şura (MŞ) yaradılanda bu qurumun cəmiyyətin bütün təbəqələri, o cümlədən ziyalılar, siyasətçilər, QHT-lər, sadə vətəndaşlar tərəfindən dəstəklənəcəyi, narazı elektoratın müxalifətin bu qurumu ətrafında birləşəcəyi qeyd olunurdu. Lakin az keçməmiş Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət bu qurumu tərk etdi. Öz liderinin istefasından bir müddət sonra ALP sədri Əvəz Temirxan da MŞ-nı daxili düşmənçiliyə üstünlük verdiyini, nümayəndələrin əsas hədəflərdən yayındığını əsas gətirərək qurumdan çıxdı. Getdikcə daha çox daxili çəkişmələrlə gündəmə gələn MŞ-dan AXCP sədrinin müavini Asəf Quliyev, “EL” Hərəkatı sədrinin ictimai əlaqələr üzrə müavini, sabiq icra başçısı İlham Hüseyn, ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mövsüm Səmədov və başqaları da istefa vermək məcburiyyətində qaldılar. ACP lideri Rəsul Quliyev Milli Şuradan istefa verərkən Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etmədiyini bildirdi və bu uğursuzluğun səbəbinin köhnə düşüncəli insanların hələ də siyasi səhnədə qalması ilə əlaqələndirdi. İstefaların ard-arda gəldiyi, güclü partiya liderlərinin MŞ-dan uzaqlaşdığı bir ərəfədə AXCP və Müsavat sədrlərinin bir-birinə qarşı savaş açması qurumu daha da zəiflədərək, parçalanmanı bir qədər də artırdı. Müsavat başqanının bəyanat verərək qurumu tərk etməsi isə MŞ-nı müxalifətin birliyi deyil, tək partiyanın iradəsi ilə idarə olunan təşkilat səviyyəsinə saldı. Amma bu günlərdə müxalifət daxilində mahiyyətcə yeni bir qurumun yaranması prosesinin getdiyi məlum olub. Qeyd olunub ki, yeni birlikdə siyasi təşkilat və qurum rəhbərləri ilə yanaşı, ölkədə tanınan fərdlərin də iştirakı istiqamətində iş gedir. MŞ-dan istefa, müxalifətin yeni birliyi, partiyanın gələcək seçkilərə hazırlığı, Qurultayın yubanması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Müsavat Partiyasının (MP) Divan üzvü Tural Abbaslı cavablandırır.
- Tural bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir. Bir müddət əvvəl MŞ-dan ayrılan MP bu seçkilərdə hansı səviyyədə iştirak edəcək? Müxalifətin yenidən bir araya gəlib blok şəklində seçkiyə getməsi mümkündürmü?
- Müsavat Partiyası Milli Şuradan ayrılarkən bu qurumun öz funksiyasını itirdiyini, konkret prezident seçkilərinə hesablanan blok olduğunu əsas gətirib və məntiqə uyğun addım atıb. Çünki həmin birlik öz funksionallığını itirmişdi. Milli Şuranı tərk edərkən isə oradakı digər partiya və təşkilatlarla ayrı-ayrılıqda görüşüb gələcəkdə həm birlik, həm də əməkdaşlıq təklifini edib. Bununla Müsavat istənilən təşkilatla, istənilən blokda əməkdaşlığa hazır olduğunu bəyan edib. Qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştiraka gəlincə, hazırda bələdiyyə sisteminə inam çox olmadığı üçün bu seçkilər siyasi qurumlar üçün o qədər də ciddi qəbul olunmur. Dünyanın bir çox ölkələrindəki, o cümlədən Türkiyədəki bələdiyyələrdən fərqli olaraq, bizdə bələdiyyələr “dişsiz” bir qurumdur. Bu “dişsiz” qurum uğrunda enerji sərf etmək, yaxud insanların orada aktivliyini təmin etmək o qədər də asan məsələ deyil. Ona görə də inanmıram ki, bələdiyyə seçkilərində iştirak etmək üçün hansısa blok və ya birliklər yaradılsın. Səhv etmirəmsə bələdiyyə seçkilərində 30 mindən artıq bələdiyyə nümayəndəsi seçilməlidir. Həmin yerə ümumilikdə 200 min nəfərə yaxın namizəd olur. Bu sayda insanın partiya tərəfindən təmin olunması da bəzən problemdir. Adətən belə seçkilərdə müxalifət üzvləri yerlərdə bir-biriləri ilə qeyri-rəsmi razılaşma ilə əməkdaşlıq edir, seçkilərə qatılırlar. Bunun üçün xüsusi bloklar yaradılmır. Müsavat Partiyasına gəlincə, Ali orqan olan Məclisin bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərarı var. Lakin 2015-ci ilin parlament seçkiləri bələdiyyəyə nisbətdə daha ciddi qəbul olunur. 125 dairədən namizədlərin irəli sürüləcəyi bu seçki ilə bağlı hələlik dəqiqləşdirilmələr aparılmayıb. Bilinmir ki, Müsavat bu seçkiyə tək, yoxsa blok şəklində gedəcək. Amma mən hesab edirəm ki, hər bir partiyanın məqsədi hakimiyyətə gəlməkdir və bunun üçün də yeganə yol seçkilərə qatılmaqdır. Müsavat Partiyası da 2015-ci ilin parlament seçkilərinə özü tək getsə daha məqsədəuyğundur. 125 dairə üzrə özümüzün irəli sürdüyümüz namizədlərin təbliğatını aparsaq daha yaxşı olar. Ümumilikdə isə biz bütün seçkilərdə iştirakın tərəfdarıyıq.
- Müxalifət daxilində mahiyyətcə yeni bir qurumun yaranması prosesinin getdiyi bildirilir. Belə birliyin yaradılması barədə Sizdə də məlumat varmı?
- Seçkilərə birlik və ya blok şəklində getmək hər bir siyasi partiyanın gündəmində olan məsələdir. Bu yöndə diskussiya və müzakirələrin aparılması üçün xüsusi səbəbin olmasına ehtiyac duyulmur. Hər bir partiya istər funksionerlər, istərsə də başqanlar səviyyəsində ən müxtəlif vaxtlarda belə müzakirələr aparırlar. Bunun təşəbbüskarının da kim olması önəmli deyil. Dediyiniz yeni birlik formatının yaranması istiqamətində də danışıqlar aparılır. Düzdür, hələlik rəsmiləşdirilməyib, amma danışıqlar gedir.
- MŞ-da yaşanan prosesləri, Müsavatın bu qurumu tərk edərkən ona qarşı aparılan kampaniyanı nəzərə alsaq, partiyanızın yeni qurumda təmsil olunma ehtimalı varmı?
- Siyasi səhnədə çoxlu birliklər, bloklar yaradılıb, sonra isə bu və ya digər səbəblərdən dağılıb. Növbəti seçkidə iştirak etmək üçün yeni bloklar yaradılıb. Bunlar zamanına görə yaradılan blok və birliklərdir. Bu da təbiidir. Çünki siyasətdə daimi dostlar deyil, daimi maraqlar var. Ona görə də adətən siyasi maraqların birləşdiyi zaman bloklar yaradılır. Vaxtilə zamanın tələbi Milli Şuradan ayrılmaq idi. Əgər bugünkü siyasi situasiyanın tələbi digər partiya və təşkilatlarla bir araya gəlmək olsa Müsavat da bu addımı atacaq. Amma Milli Şuradan çıxarkən ünvanımıza söylənilən ittihamları qeyri-peşəkar, siyasətdən kənar hal kimi dəyərləndirirəm. Bu çıxışlar daha çox emosional çıxışlar idi. Zaman özü də göstərdi ki, deyilənlərin heç bir əsası yoxdur. Həmin vaxt bizə qarşı müxtəlif iddialar irəli sürənlərin özü də indi mövqelərindən geri çəkilirlər. Təəssüf ki, bəzən siyasətdə nə dediyini bilməyən, özünə hesabat verməyən insanlar da var.
- MP-nın qurultayının yubanması, ən müxtəlif vaxtlarda təxirə salınması, bununla da Nizamnamənin tələblərinin pozulması müxtəlif fikirlərin yaranmasına səbəb olub. Hətta bunu başqanın öz postundan getmək istəməməsi ilə əlaqələndirənlər də var. Müsavat başqanlığına iddialı şəxslərdən biri kimi siz bu barədə nə düşünürsünüz?
- Müsavat öz Nizamnaməsinə və proqramına sadiq partiyadır. Əgər biz hüquqi dövlət qurmaq uğrunda mübarizə aparırıqsa, bunu partiyanın Nizamnaməsinin tələblərinə riayət etməklə göstərməliyik. Bunun üçün artıq 4 ildir ki, qurultayın keçirilməsi məqsədilə ən müxtəlif vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Təəssüf ki, bu günə kimi Müsavata qurultay üçün münasib yer ayrılmayıb. Qurultayın yubanması partiya daxilində də istər-istəməz bəzi problemlər yaradır. Çünki insanlarda konkretlik olmur, bəlirsizlik yaranır. Qurultayın olub-olmaması, bunun üçün yer verilib-verilməməsi barədə fikirlər yaranır, partiya üzvləri seçkiyə adaptasiya ola bilmirlər. Təbii ki, bu partiyanın işinə maneçilik törədir. Amma bu, partiyanın işini iflic edəcək səviyyədə deyil. Düşünürəm ki, partiyanın Nizamnaməsi çərçivəsində qurultayın keçirilməsi daha yaxşı olardı. Bu da bizdən asılı deyil.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər