• cümə, 26 Aprel, 23:10
  • Baku Bakı 22°C

Qondarma rejimi istefalar bürüdü

06.06.18 17:41 728
Qondarma rejimi istefalar bürüdü
Separatçı bölgədə gərginlik davam edir. Qondarma qurumda istefalar, etiraz aksiyaları adi hal alıb. Dünən Dağlıq Qarabağdakı separatçı hakimiyyətin "polis rəisi Kamo Ağacanyanistefa verib. "Son etiraz dalğası hamıya düşünməyə əsas verdi. Narahatlığıma səbəb təkcə mənim istefamla bağlı tələb deyildi. Məqsədim daxili təhlükəsizliyi təmin etmək, daxili siyasi kəskinləşmədən yayınmaq idi”, – Agacanyanın polisin saytında yerləşdirilmiş müraciətində deyilir. O, istefasıyla bağlı "cəmiyyətdə tələb yarandığından” istefa məruzəsini separatçı rejimin rəhbəriBako Saakyana göndərdiyini qeyd edir. Daha öncə isə qondarma rejimin "dövlət naziri”Araik Arutyunyanistefaya getdiyini açıqlayıb. Qeyd edək ki, A.Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin "baş naziri” olub. O, B.Saakyandan sonra Qarabağ separatçılarının ikinci şəxsi hesab edilib.
Xankəndində dörd gün davam edən etirazların dünən – iyunun 5-də dayandırıldığı bildirilib. Etirazları koordinasiya edən qrup Ermənistanın baş naziri Nikol Paşnyan və Dağlıq Qarabağdakı separatçı hakimiyyətin rəhbəri Bako Saakyanın çağırışlarına cavab verdiklərini deyirdilər. Ancaq koordinasiya qrupunun üzvüDavid Simonyantələbin dəyişmədiyini, Saakyana "Milli Təhlükəsizlik Xidməti”nin rəisini, onun müavinini və polis rəisini işdən çıxarmaq üçün vaxt verdiklərini bildirmişdi. "Nikol Paşinyan deyib ki, topu hökumətə ötürürük və bu top məqsədinə çatmasa, etirazçılara, yəni xalqa qayıdacaq”,– Simonyan deyib. Bu qərardan narazı qalan nümayişçilərin fikrincə, hakimiyyət uzun illər boyu onları aldadıb və bu dəfə də aldadacaq. Bir neçə saatdan sonra narazı sakinlər Xankəndinin mərkəzi meydanına yığışıblar. Buradakı mədəniyyət sarayında hakimiyyət etirazçılara ayrıca zal ayırıb, onlar yaradılmış İctimai Şuraya bütün narazılıqlarını, şikayətlərini bildiriblər. Erməni nəşrləri bir neçə saat ərzində qeydiyyat masasına 400-dək ərizə toplandığını müşahidə ediblər. Ərizələrdə daha çox fərdi məsələlər qaldırılıb. Zalda keçirilən müzakirədə etirazçılar Dağlıq Qarabağa sistem qərarlarının gərəkdiyini vurğulayıblar. Onlar daha çox məhkəmə sistemində islahatlardan danışıblar. Etirazlara iyunun 1-də vətəndaşlarla təhlükəsizlik xidməti zabitlərinin dava-dalaşı səbəb olmuşdu. Polis tərəflərin bir-birinə bədən xəsarəti yetirdiyini bildirmiş, ancaq mübahisəyə nəyin səbəb olduğunu açıqlamamışdı. Bundan sonra etirazçılar Xankəndində mərkəzi küçəni bağlayıblar.
Son məlumatlara görə, Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin "milli təhlükəsizlik xidmətinin” direktoru, general Arşavir Qaramyan da istefa verib. Qaramyanın ötən həftə sonu Xankəndində başlayan və 4 gün davam edən etirazlara görə istefa verdiyi bildirilir.
Öz növbəsində qarabağlı müxalifətçi, "Milli Dirçəliş” Partiyasının liderlərindən biri Tiqran Qriqoryan Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin hərbi çevrilişlə devrilməsinə hazırlıq getdiyini bildirib. Erməni KİV-ləri xəbər verir ki, Qriqoryan bu haqda özünün Facebook səhifəsində müraciət yayıb. Onun bildirdiyinə görə, "vətəndaşlar” hərbi çevrilişə qarşı ayıq-sayıq olmalıdır.Çünki "dövlət naziri” Araik Arutyunyan güc strukturlarının rəhbərlərinin təzyiqləri ilə istefaya gedib. O, Xankəndində ötən həftə sonu başlayan etirazlar zamanı nümayişçilərin tələblərinin yerinə yetirilməsi və güc strukturlarında təmizləmələrin aparılması tərəfdarı kimi çıxış etmişdi. Qriqoryan bildirir ki,qondarma "prezident” B.Saakyan güc strukturlarının təzyiqi altındadır və o, "milli təhlükəsizlik xidmətinin” rəhbəri Arşavir Qaramyanı Araik Arutyunyanın yerinə təyin edəcək. Başqa sözlə, son hadisələrə görə günahkar olanlar nəinki cəzalandırılmayacaq, üstəlik onlar hakimiyyəti ələ keçirəcəklər.
Bütün bunlardan çıxış edərək bu nəticəyə gəlmək olar ki, separatçı qurumda baş verən proseslər bir müddət öncə Ermənistanda cərəyan edən hadisələrin məntiqi davamı olmaqla yanaşı, qanunsuz rejimin və işğalçı hərbi birləşmələrin əhalini daim təzyiq altında saxladığını, ərazini bütövlükdə həbs düşərgəsinə çevirdiklərini göstərir. Aksiya iştirakçılarının müsahibə və açıqlamalarından da bunu sezmək mümkündür. Etiraz aksiyaları isə Ermənistanın bu müstəvidə indiyədək apardığı təbliğatı iflasa uğradır və Azərbaycanın Dağlıq Qarabağdakı ermənilərin işğalçı və separatçı rejimlərin girovu olmaları ilə bağlı arqumentlərinin və təqdim etdiyi faktların nə qədər əsaslı olduğunu göstərir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər