Qlobal iqlim dəyişikliyi bizi hara aparır?
Ekspertlər deyir ki, ekoloji
tarazlıq bərpa edilməlidir
Ötən
il dünyada meteoroloji müşahidələr içərisində ən isti dövr olub.
AZƏRTACxəbər verir ki, bu məlumatı Avropanın İqlim Dəyişikliyi Xidməti
yayıb. Təşkilat bildirib ki, ümumilikdə, son on ildə temperatur artmağa davam
edir. 2014-2019-cu illər isə ardıcıl olaraq ən isti dövrlər kimi yadda qalıb.
2016-cı ildə "El Nino” təbiət hadisəsi Yer kürəsində orta temperaturun 0.2° C
artmasına səbəb olub. Son ildə isə temperatur sənaye inqilabından əvvəlki
dövrlə müqayisədə 1.2° yüksək olub. 1981-ci illə müqayisədə artım 0.6° təşkil
edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, Azərbaycanda da isti
günlər artmaqla, şaxtalı günlərin sayı azalır. Həmçinin çaylarımızı
qidalandıran qar örtüyünün dağlarda azaldığı da qeydə alınır.
Bəs
görəsən qlobal iqlim dəyişikliyi artan dinamika davam edəcəkmi? Yoxsa təbiət
özü-özünü sağalda biləcək?
Coğrafiya elmləri doktoru Çingiz
İsmayılov deyir ki, qlobal iqlim dəyişikliyinin müxtəlif
səbəbləri var. Amma bu məsələdə təkcə insan fəaliyyətinin təsirini
günahlandırmaq doğru deyil: "Bu barədə konkret proqnoz vermək çətin məsələdir.
Qlobal istiləşmə prosesi artıq bir neçə ildir ki, başlayıb. Bunun əsas səbəbi
də atmosferə atılan tullantıların və karbon qazlarının artması ilə bağlıdır.
Belə bir şəraitdə iqlim dəyişikliyi tamamilə təbii bir prosesdir. Amma bu
prosesin yaxın gələcəkdə necə davam edəcəyi dəqiq bəlli deyil. Hələlik
istiləşmə meylləri artmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə
karbohidrogen ehtiyatlarının istehlakı azaldılmalıdır. Bu zaman atmosfer və
ekologiyanın çirklənməsi nisbətən azalacaq. Ekoloji çirklənmə səbəbləri təbii
və texnogen olmaqla iki qrupa bölünür. Texnogen proseslər insanların fəaliyyəti
nəticəsində baş verir. Təbii proseslər isə tarix boyu müşahidə olunub. Buzlaşma
və istiləşmə zaman-zaman bir-birini növbələyib. Hələ insanların olmadığı dövrdə
təbiətdə buzlaşma dövrü olub. Daha sonra isə bu özünü istiləşmə ilə əvəz edib.
Qlobal iqlim dəyişiklikləri ilə bağlı müxtəlif fərziyyələri nəzərdə saxlamaq lazımdır.
Hər şeyi bir mənalı olaraq insan fəaliyyəti ilə olaraq bağlamaq da düzgün
deyil. Təkcə insan fəaliyyəti nəticəsində qlobal istiləşmə ola bilməz. Hal-hazırda təbii
və texnogen proseslər üst-üstə düşür. Ona görə də ekoloji tarazlıq pozulur.
Düzdür, insan fəaliyyətinin də bu məsələdə rolu böyükdür. Əgər texnogen
proseslər dağıdıcı şəkildə uzun müddət davam etməzsə, təbiət özü-özünü
tənzimləyəcək. Çünki ən yaxşı tənzimləyici təbiət özüdür. Hal-hazırda okeanın
böyük hissəsi plastik kütlələrlə örtülüb. Bu çox təhlükəli bir haldır. Okean
iqlimin formalaşmasında rol oynayan əsas amillərdən biridir. Okeanda gedən
proseslər iqlim proseslərinə birbaşa təsir göstərir. Qeyd etdiyim kimi, əgər
insan fəaliyyəti yaxın gələcəkdə təbiətə dağıdıcı təsir etməsə, iqlim
prosesləri nizama düşəcək”.
Ekoloq Telman Zeynalovbildirdi ki, qlobal iqlim dəyişikliyi ümumbəşəri bir məsələdir və hər kəsi narahat
etməlidir. Buna görə də böyük dövlətlər qabaqlayıcı tədbirlər planı
hazırlamalıdır: "Qlobal iqlim dəyişikliyi təhlükəli xarakter daşımağa başlayıb.
Ekoloji çirklənmənin qarşısı alınmazsa bu proses daha da dərinləşəcək. Hal-hazırda
dünyada gedən siyasi və iqtisadi proseslər ekoloji tarazlığın pozulmasına
gətirib çıxarır. Böyük dövlətlər öz maraqlarını müdafiə edir. Amma bu məsələ
ümumbəşəri bir məsələdir. Təbiət özü-özünü sağalda bilər. Amma insanlar buna
imkan vermir. Kimyəvi silahlar, atom bombaları, nüvə enerjisi təbiətin
korlanmasına gətirib çıxarır. Karbohidrogen qazı təbiətə böyük ziyan vurur. Bunun
nəticəsidir ki, uzun müddətdir ki, istiləşmə prosesi davam edir və buzlaqlar
əriyir. Ən soyuq ölkələrdə belə qar yağmır. Meşə yanğınları artıq adi hala
çevrilib. Bu məsələ ilə bağlı dövlətlər bir razılığa gəlməlidir. Ekoloji
tarazlığın bərpası üçün təbiətə vurulan ziyanın həcmi azaldılmalıdır. İqlim
dəyişikliyi bütün canlılara mənfi təsir edir. Amma insanlar bunun fərqində
deyil. Son illər ərzində iqlim dəyişikliyinin ağır fəsadları müşahidə olunmağa
başlayıb. Bunun nəticəsidir ki, artıq fəsillər öz yerini dəyişib. Şübhəsiz ki,
istilik artdıqca təbiətə dəyən ziyanın miqdarı da artacaq. 50 ildir ki, alimlər
bu haqda elmi tədqiqat işləri aparır. Amma hələlik ciddi nəticə yoxdur.
Müxtəlif qabaqlayıcı tədbirlər planı hazırlansa da nəticə qənaətbəxş deyil. Ona
görə də bu istiqamətdə ciddi iş aparılmalıdır”.
Şəbnəm Mehdizadə