• şənbə, 27 Aprel, 08:12
  • Baku Bakı 12°C

Qız qızıla dönəcək... Araşdırma

11.02.14 10:43 6166
Qız qızıla dönəcək... Araşdırma
“Azərbaycanda oğlan uşaqlarının sayı artıb. Çox yox, 20 ildən sonra oğlanlar evlənməyə qız tapmayacaq. Çünki indi hər doğulan oğlan uşağına düşən qızların sayında fərq müşahidə olunur. Normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu norma pozulub”. Ötən həftə açıqlanan bu statistika uşaq doğumunda balansın pozulması ilə bağlı yaranan həyəcanı yenidən gündəmə gətirib. Belə ki, 2012-ci ildə 174000-dən çox uşaq doğulub ki, onlardan da 53 faizi oğlan, 47 faizi isə qızdır. 2013-cü ildə isə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarının payına düşüb. Yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur.
Ekspertlər qız uşaqlarının sayının azalmasını əsasən uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması ilə əlaqələndirirlər. Qız uşaqlarının arzuolunmaz hesab edilməsi əsas amillərdən sayılır. Bu gün Azərbaycanda hər 12 oğlana 5 qız düşür. Halbuki, beynəlxalq standartlara əsasən, hər qıza 3 oğlan düşməlidir.
Oğlanların artımı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova mətbuata açıqlamasında artıq komitənin valideynlər arasında qız uşaqlarına qarşı olan bir sıra mənfi halların qarşısının alınması üçün müəyyən işlər həyata keçirdiyini bildirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, “Reproduktiv sağlamlığın qorunması haqqında” qanuna əlavə edilən müddəa ciddi göstəriş olmadığı halda, ultrasəs müayinəsi aparılmasını qadağa edir. Problemin qarşısını almaq üçün dölün cinsi haqda məlumatın valideynlərə verilməsinə qadağa qoyulsa da buna əməl olunmur: “Ümumiyyətlə, özünə hörmət edən millətlərdə uşağın cinsinə görə ultrasəs müayinəsi aparılmır. Bu, birinci mənəviyyata, ikinci isə tibbə zidd haldır. Müayinədən sonra bətndəki dölün cinsinə görə abort etdirilməsi qeyri-etik haldır. Bu əməliyyatlar kütləvi şəkildə həyata keçirildikdə, demoqrafik problemlər ortaya çıxır. Oğlanların sayının qız uşaqlarına nisbətən artması sonradan ailə-nikah münasibətlərinə də mənfi təsir edir”.
Demoqrafiya üzrə mütəxəssis Lətifə Həsənova da “Kaspi”yə açıqlamasında doğulan uşaqlar arasında gender disbalansı yaranmasının ciddi demoqrafik problemə gətirib çıxaracağını qeyd edib: “Ümumiyyətlə, yeni doğulan oğlan uşaqlarının sayı həmişə qızlara nisbətdə çox olub. Amma arada böyük fərq olmayıb. Çünki dünyada olduğu kimi, Azərbaycanda da 5 yaşına çatan uşaqlar arasında immuniteti zəif olduğuna görə daha çox oğlan uşaqları dünyasını dəyişir. Qadınların zəif məxluq olduğunu desək də, onlar çox şeyə dözümlüdürlər”. L.Həsənova doğuş zamanı oğlanlarla qızlar arasındakı fərqin əvvəlki illərə nisbətdə iki dəfədən də çox artmasının problem kimi dəyərləndirib: “Çünki bu uşaqlar yetkinlik yaşına çatanda qızlarla oğlanlar arasında saylar uyğun gəlməyəcək. Bu zaman demoqrafik partlayış ola bilər. Evlənmək yaşına çatan oğlanlar ailə qurmaq üçün azərbaycanlı tapmayanda əcnəbi qızlarla izdivac edəcəklər. Mən oğlanlarımızın başqa millətlərdən olan qızlarla evlənməsinin əleyhinə deyiləm. Düzdür, oğlanlarımızın, ya da qızlarımızın əcnəbilərlə ailə qurması heç bir dövrdə alqışlanmayıb və alqışlanmayacaq da. Amma problem ondadır ki, gələcəkdə bu, məcburi xarakter daşıyacaq. Oğlanlar istəməsələr belə, ailə qurmaq üçün xaricə üz tutub əcnəbi qızlarla evlənəcəklər. Əcnəbilərlə ailə quranların sayının çoxalması ölkəmiz üçün ciddi problemlər yaradacaq, etnik tərkibdə ciddi dəyişikliklər olacaq. Digər tərəfdən, əcnəbi qadınların böyütdüyü uşaqlar nə adət-ənənələrimizi, nə də dilimizi-dinimizi bilməyəcək”.
Bəzi mütəxəssislərin “müharibələr oğlanların sayını tənzimləyəcək” fikrinə münasibət bildirən ekspert hesab edir ki, məsələnin üzərinə vaxtında düşmək lazımdır: “Düzdür, biz Qarabağ müharibəsi zamanı bunun şahidi olmuşuq. Minlərlə insan itirmişik ki, bunların da böyük əksəriyyəti nəsilartırma qabiliyyətinə malik kişilər olub. Bu da problem yaratdı, minlərlə qadın ailə həyatı qura bilmədi, ailəsi olan qadınlarımız başsız qaldı. Amma yenə müharibənin olacağını və bu zaman qadınlarla kişilər arasında say fərqinin tənzimlənəcəyini deyə bilmərik. Elə bir dövrdə yaşayırıq ki, problemləri masa arxasında, iqtisadi güclərlə həll etməyə üstünlük veririlir. Buna görə də məsələnin üzərinə vaxtında düşmək lazımdır. Dövlət orqanları bunu nəzarətdə saxlamalıdırlar, demoqrafik siyasətdə bu, nəzərə alınmalıdır”.
Gender Bərabərliyi İctimai Birliyinin əməkdaşı Bağdagül Quliyeva bizimlə söhbətində qızların sayının azalmasının cəmiyyətdə kəskin sosial problemlər yarada biləcəyini qeyd etdi: «Dünyaya uşaq gətirən anaların sayı azalacaq. Gələcəkdə oğlanlar ailə qurmaq istərkən çətinliklə üzləşəcəklər. «Əgər qızdırsa, onun dünyaya gəlməsini istəmirik» fikrindən insanları çəkindirmək lazımdır”. İB əməkdaşının fikrincə, ilk növbədə ultrasəs müayinəsi aparatlarında çalışan həkimlərin uşaq dölü haqqında qabaqcadan məlumat vermələri qadağan olunmalıdır: “Düzdür, həkimlər pula görə indi də bunu edirlər. Amma buna ciddi nəzarət olmalıdır. Məhz bunun üzündən hazırda da abort edən qadınlar kifayət qədərdir. Ailədə də çox vaxt qızın doğulmasını problem kimi qarşılayırlar. Kişilər: «İki qızım var, üçüncünü nə edirəm?» - deyə vaxtında ondan xilas olmağa çalışırlar. Hətta bir neçə dəfə dünyaya qız övladı gətirən qadına tənələr olunur, bəzən isə ailədə boşanma halları da baş verir. Bu cür qadınlara oğlan anasına nisbətən daha az hörmət edilməsi də faktdır. Sözsüz ki, vəziyyətin belə hal almasının səbəblərindən biri də elmi inkişafdır. Problemi aradan qaldırmaq üçün ailələrə başa salınmalıdır ki, qız və ya oğlan uşağını seçmək düzgün deyil. Bunun üçünsə, ilk növbədə maarifləndirmə işi aparılmalıdır”.
Aborta qadağa lazımdırmı?

Bəzi ekspertlər hesab edirlər ki, abortun qadağan olunması qız uşaqlarının azalması prosesinin qarşısını ala bilər. Bu baxımdan, heç bir sosial göstəriş olmadan hamiləliyin süni şəkildə pozulması hallarına görə həkimlər məsuliyyətə cəlb olunmalıdır.
Yenə statistikaya nəzər salaq: Əgər 2000-ci ildə abortların sayı 17 min 529 olubsa, 2010-cu ildə 26 min 801, 2011-ci ildə isə 27 min 790 olub. On bir il ərzində abortların sayının 10 min artması, elə sözügedən dövrdən başlayaraq yeni doğulan uşaqlar arasında oğlanların da qızlara nisbətdə 10 min nəfər çox doğulması təsadüfi deyil. Mütəxəssislər hesab edirlər ki, 27 min 790 abortun təxminən 25 mini məhz qız uşağı olduğuna görə ana bətnindəcə məhv edilən döllərdir. Bu, Dövlət Statistika Komitəsinin qeydə aldığı rəqəmdir. Ara həkimlərinin də abortla məşğul olduğunu nəzərə alsaq, rəqəmin bəlkə də 30 mini aşdığını ehtimal etmək olar. Və nəzər alsaq ki ana bətnində məhv edilən döllər əsasən qız uşaqlarına aiddir, onda problemin ağırlığını başa düşmək o qədər də çətin deyil.
Bəzi mütəxəssislər hesab edirlər ki, Azərbaycan dünyada selektiv abortlar vasitəsilə qız uşaqlarının məhv edilməsi sayına görə ikinci ölkə sayılır. Avropa Şurası (AŞ) da Azərbaycanı bu baxımdan problemli dövlətlər sırasına daxil edib. AŞ-nın siyahısında Avropa üzrə Azərbaycan, Ermənistan, Gürcüstan sözügedən problemlə ən çox üzləşən ölkələrdir.
Qeyd edək ki, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çin, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort qadağan olunmaqla daxili orqanlara qarşı cinayət sayılır. Belə ki, yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədəcəyi təqdirdə, aborta icazə var. Bəzi Avropa ölkələrində abort etdirmək üçün qadının istəyinin olması kifayət etdiyi halda, İngiltərə, Macarıstan, İslandiya, Lüksemburq və Finlandiyada aborta yalnız sosial və tibbi göstərişlər əsasında icazə verilir. Azərbaycanda isə qanunvericilik abortları qadağan eləmir. “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası qanunu”nun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Amma Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır. “Əhalinin sağlamlığının qorunması haqqında qanun”a görə hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Hamiləliyin 12-ci həftəsindən 22-ci həftəsinə qədər pozulma üçün sosial əsaslar göstərilməlidir. 22-ci həftədən sonra hamiləliyin dayandırılması ciddi tibbi göstərişilər olduğu halda qanunvericilikdə nəzərdə tutulur.
Millət vəkili M.Quliyev mətbuata açıqlamasında Azərbaycanda abortun, ümumiyyətlə, qadağan olunmasından söhbət getmədiyini bildirib: “Buna nə cəmiyyət hazırdır, nə də sosial göstəriş var. O ölkələr abortu qadağan edir ki, orada demoqrafik proseslər mənfiyə doğru gedir. Digər tərəfdən bəzi ölkələrdə din buna icazə vermədiyindən qadağa qoyur. Azərbaycan demokratik, hüquqi dövlətdir”.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da problemin həlli üçün abortların insan orqanizminə ziyanı barədə maarifləndirmə işinin aparılmasına, həmçinin ultrasəs müayinəsi ilə uşağın cinsinin deyilməsinin qadağan edilməsinə tərəfdardır.
Bəzi ekspertlər isə ümumiyyətlə, qadağaların tərəfdarı deyillər. Onların fikrincə, əgər cəmiyyətdə bu problem varsa, demək, qadına qarşı münasibətdən doğur. Belə ki, qadın da bu cəmiyyətin kişi kimi bərabərhüquqlu üzvü olaraq qəbul olunduqdan, iqtisadi baxımdan o da ailəyə töhfə verdikdən, bir sözlə, qadınların səlahiyyətlənməsindən sonra problem həllini tapacaq. Buna görə də onlar maarifləndirmə aparmaqla problemin həll oluna biləcəyini düşünürlər. Amma maariflənmə yolu ilə səlahiyyətlənmənin əldə edilə biləcəyinə şübhələr də var. Görünür, artıq dərin olan problemin dərin həllinə də ehtiyac var...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər